
PXENYANI YOLA GƏTİRMƏK MÜMKÜN OLACAQMI?
Koreya yarımadası beynəlxalq gərginliyin episentrlərindən biri kimi qalmaqdadır
Müəllif: Mehman MİRZƏYEV Bakı
Koreya yarımadasında beynəlxalq gərginlik daha da artıb. BMT Təhlükəsizlik Şurasının qərarına cavab kimi, Pxenyanın 1000 kilometrədək məsafəni vura bilən 3 "Skad" ballistik raketini, həmçinin 500 kilometr məsafəlik 5 raketi və 1300 kilometrlik 2 "Nodon" raketini sınaqdan keçirməsi vəziyyəti daha da qəlizləşdirib.
Sözdə və əməldə hədə - qorxu
Gərginliyin növbəti dalğası mayın sonlarında Şimali Koreyanın nüvə sınaqları seriyası həyata keçirməsindən, həmçinin bir neçə kiçik və orta məsafəli raketlərin sınağından sonra baş qaldırıb. Eyni vaxtda Pxenyan 1953-cü ildə Koreya müharibəsinə son qoymuş müqavilədən çıxdığını da bəyan edib.
Bütün bunlara cavab olaraq, BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya yeni sanksiyalar tətbiq edib və bu sənədlər KXDR-dən silah ixracını da yasaqlayır. Beynəlxalq ictimaiyyət Pxenyanı nüvə proqramını dayandırmağa və danışıqlar masası arxasına qayıtmağa çağırsa da, Şimali Koreya inadkarlıq göstərir, ona qarşı tətbiq edilən sanksiyaları isə Qərb və onun "əlaltısı olan" Cənubi Koreyanın fitnəsi adlandırır.
ABŞ isə Şimali Koreyanın son ballistik raket sınağından dərhal sonra bu ölkəyə qarşı təzyiqləri davam etdirməyə hazır olduğunu bəyan edib. Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden bildirib ki, KXDR son addımları ilə dünya ictimaiyyətinin diqqətini özünə cəlb etməyi düşünür.
Lakin bu cür qiymətləndirmə diplomatik gərginliyin mahiyyətini tam açmır və tərəflər açıq hədə-qorxulara keçirlər.
Öz analizlərinin nəticəsinə və Amerikaya məxsus kəşfiyyat peyklərinin məlumatlarına əsaslanan Yaponiyanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Pxenyan ABŞ-a məxsus Havay adaları istiqamətində daha bir ballistik raket buraxmağa hazırlaşır. Bu isə Şimali Koreyanın bilavasitə ABŞ-a zərər vurmaq imkanlarının artdığını göstərir.
Birləşmiş Ştatların bu təhlükəyə kifayət qədər operativ reaksiyası olub: Pentaqon rəhbəri Robert /Geyts Havay adalarında radiolokasiya və mobil raket sisteminin yaradılmasına qərar verib. Bununla yanaşı, Qeyts bildirib ki, ABŞ-ın hava hücumundan müdafiə vasitələri Pxenyanın Amerika istiqamətində buraxacağı istənilən raketi vurmağa hazırdır. Pentaqon rəhbərinin bəyanatını prezident Barak Obamanın məsələ ilə bağlı açıqlaması daha da gücləndirib: Obama ölkəsinin silahlı qüvvələrinin Şimali Koreyanın buraxacağı istənilən raketi zərərsizləşdirməyə hazır olduğunu bəyan edib və Vaşinqtonun Cənubi Koreyanı da nüvə zərbəsindən müdafiə edəcəklərini söyləyib.
KXDR isə öz növbəsində bu cür bəyanatları "aqressiv açıqlamalar" kimi qiymətləndirib. Ölkənin xalq silahlı qüvvələri nazirinin müavini Pak Tsze Qen bildirib ki, "Koreya Xalq Silahlı Qüvvələrinin Amerika imperializmi ilə müharibə şəraitində olduğu, hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın isə hüquqi əsasını itirdiyi hazırkı situasiyada Koreya Xalq Silahlı Qüvvələri ən kiçicik təxribata görə, önləyici zərbə endirmək hüququnu özündə saxlayır". "Vaşinqtonun Cənubi Koreyanı öz "nüvə çətiri"nə salmaq haqda təklifi KXDR-ə öz nüvə proqramını reallaşdırmaq üçün tam haqq verir", - deyə Şimali Koreyanın "Nodon sinmun" qəzetində dərc olunmuş məqalədə bildirilir. Qeyd edək ki, bu qəzet Koreya Əmək Partiyasının (KƏP) əsas nəşridir.
Vaşinqtonla Seulun nüvə müdafiəsinə dair razılaşmasını "ağa ilə nökərin iyrənc öpüşü" adlandıran qəzet yazır ki, Cənubi Koreyanın ABŞ-ın təşəbbüsünə qoşulması Pxenyanın nüvə dövlətinə çevrilmək cəhdlərinə tam haqq qazandırır və "əgər nəsə baş versə, bizim nüvə yağışımız Cənubi Koreyanı batıracaq".
Pxenyanın söz demarşı konkret hərbi planların reallaşdırılması ilə də müşayiət olunur. Bu il iyunun 25-dən iyulun 10-dək Yapon dənizində keçirilmiş hərbi təlimlər buna misaldır. Bununla əlaqədar olaraq, Pxenyan Vonsan liman rayonunda sahil zonasını bağlı elan edib.. Amerika strateqləri ehtimal edirlər ki, Şimali Koreya Yapon dənizinin özünə aid hissəsini bağlamaqla, hərbi təlimlər adı altında yeni raket sınaqları həyata keçirməyi düşünür. Xatırladaq ki, Pxenyan mayın ortalarında da analoji qərar vermiş və bundan bir qədər sonra Yapon dənizi hövzəsində yaxın məsafəli raketi sınaqdan keçirmişdi.
Bütün bunlarla yanaşı, bir tərəfdə Pxenyan, digər yanda isə müttəfiqləri ilə birlikdə ABŞ-ın olduğu geosiyasi mübarizənin son dərəcə qızışdığı bu şəraitdə hərbi hədələr yeganə təzyiq vasitəsi deyil. Amerika dövlətinin başçısı Barak Obama öz səlahiyyətindən istifadə edərək, Şimali Koreyaya qarşı bir sıra ticarət sanksiyalarının müddətinin uzadılmasına qərar verib. Xatırladaq ki, ötən il Birləşmiş Ştatların o vaxtkı prezidenti Corc Buş KXDR-i terrorizmə dəstək verən ölkələrin siyahısından çıxarmış və ona tətbiq edilmiş iqtisadi sanksiyaları ləğv etmişdi. Amma həmin sanksiyaların müddəti iyunun 26-da başa çatsa da, Ağ evin hazırkı rəhbəri onların daha 1 il uzadılması ilə bağlı qərar qəbul edib.
KXDR-ə qarşı sanksiya siyasətini Yaponiya da dəstəkləyir. Bu ölkə ilk olaraq Pxenyana 2006-cı ildə keçirilmiş nüvə sınağından sonra sanksiya tətbiq etmişdi. Həmin sanksiyalar KXDR-dən ixraca, bu ölkə gəmilərinin Yaponiya limanlarına çıxmasına, həmçinin Şimali Koreyaya pul köçürmələrinə məhdudiyyəti nəzərdə tuturdu.
İndi isə Yaponiya hökuməti Şimali Koreya ilə xarici ticarət əlaqələrinin tam kəsilməsini nəzərdə tutan yeni sanksiyalar tətbiq edib. Sanksiyalar KXDR ilə ticarət və maliyyə qaydalarına əməl etməyən xarici vətəndaşların Yaponiya ərazisinə daxil olmasına, həmçinin Yaponiyada daimi yaşayan, lakin Şimali Koreyaya baş çəkmiş əcnəbilərin geri qayıtmasına qadağanı da nəzərdə tutur.
Aclıq atoma mane olmur
Şimali Koreyaya qarşı həm birtərəfli, həm də beynəlxalq səviyyədə tətbiq edilmiş sanksiyalar bu ölkədəki sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Məlum olduğu kimi, KXDR-də artıq çoxdan ərzaq satışında kart sistemi tətbiq edilir. 10 il əvvəl bu ölkədə başlamış kütləvi aclığın bir neçə yüz mindən bir neçə milyonadək insanın ölümünə səbəb olduğu ehtimal edilir. 2009-cu ildən başlayaraq Şimali Koreya hökuməti ərzaq satışında kart sisteminin möhkəmlənməsi üçün bir sıra əlavə tədbirlər görüb, xüsusilə bazarların fəaliyyətinə daha sərt mədudiyyətlər tətbiq edilib. BMT ekspertlərinin bildirdiyinə görə, 2008-ci ilin noyabrından 2009-cu ilin oktyabrınadək olan dövrdə KXDR-də kənd təsərrüfatı məhsullarının ümumi baza həcmi 4,21 milyon ton, buğda defisiti isə 800 min ton olacaq.
Bununla yanaşı, vəsait çatışmazlığı üzündən BMT-nin Ümumdünya ərzaq proqramı (WFP) bu kanalla yardım alan Şimali Koreya sakinlərinin sayını da kəskin azaltmaq məcburiyyətindədir: onların sayının 6 milyondan 2 milyona endiriləcəyi bildirilir. Səbəb isə odur ki, ötən ilin oktyabrından proqram tələb olunan 500 milyon dolların cəmi 15%-ni toplaya bilib. 2008-ci ilin dekabrında WFP donor ölkələri Pxenyana fövqəladə ərzaq yardımlarının həcmini artırmağa çağırıb və bunu 2009-cu ildə KXDR-də 5,6 milyon insanın yardıma ehtiyacı olacağı ilə əsaslandırıb. Bu isə Şimali Koreya əhalisinin təxminən dörddə biri deməkdir.
Lakin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, KXDR əhalisinin təxminən üçdə, biri - 8,7 milyon nəfər fövqəladə ərzaq yardımına ehtiyac duyur. Söhbət ilk növbədə uşaqlardan, körpəsi olan analardan və yaşlı insanlardan gedir. Ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi isə Pxenyanın WFP proqramı üzrə aldığı ərzaq yardımının həcminin ayda 4,5 min tona düşməsinə səbəb olub (indiyədək o, ayda 50 min ton təşkil edirdi). Bununla əlaqədar olaraq, WFP yenidən proqramın bütün donor ölkələrinə müraciət edərək, onları Şimali Koreya ilə əməkdaşlığı tam həcmdə davam etdirməyə çağırıb.
Lakin Şimali Koreya rəhbərliyinin WFP-ə münasibəti bu proqramın KXDR-dəki fəaliyyətini çətinləşdirir. Ölkə rəhbərliyi fəaliyyət göstərmək üçün tələb olunan şərtləri gündən-günə artırır, bu isə təbii ki, ehtiyacı olanlara yardım göstərmək imkanını xeyli məhdudlaşdırır. Məsələn, KXDR rəhbərliyi WFP-yə Koreya dilini bilən şəxsləri işə götürməyi qadağan edir, təşkilat ölkə ərazisində səfərləri əvvəlkitək 24 saat əvvəl yox, ən azı, bir həftə qabaqdan razılaşdırmalıdır və s.
KXDR-də iqtisadi vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq, hökumət bu ilin əvvəlində nüvə və raket sınaqlarına, təxminən, 700 milyon dollar vəsait xərcləyib. Pxenyan var gücü ilə nüvə dövlətləri sırasına qoşulmaq niyyətində olduğunu göstərməyə çalışır və bunun üçün Kim Çen İr rejimi çox şeyi, hətta öz vətəndaşlarını da qurban verməyə hazırdır. Onun fikrincə, ölkəni ABŞ-ın mümkün zərbəsindən yalnız nüvə dövləti statusu qoruya bilər. Özü də, "Amerikanın düşmənləri"ni cəzalandırmaq məqsədi ilə bir neçə müharibəyə əl atmış Corc Buşun rəhbərliyi dövründə ABŞ-ın yeritdiyi siyasət Pxenyandakı bu əminliyi daha da artırıb.
Bununla yanaşı, nüvə silahı əldə etmək cəhdi ilə bağlı "şər dövlətlər" siyahısında Şimali Koreya tək deyil. Onları bu yoldan çəkindirməyə hələ ki Amerikanın beynəlxalq imicini yaxşılaşdırmağa çalışan yeni administrasiyanın sülhsevər ritorikası da kifayət etmir.
Müxtəlif ölkə və beynəlxalq təşkilatların nüvə silahlarının yayılmaması rejiminin pozulmasına dair istənilən addımı pisləyən bəyanatları da situasiyaya ciddi təsir göstərmir. Halbuki KXDR-in təcrübəsindən, göründüyü kimi, bu dövlətlərə dost olan ölkələr də onları vaxtında dayanmağa çağırır. Məsələn, Pxenyanın raket sınaqları silsiləsini Rusiya da diqqətdən kənarda qoymayıb. "BMT-nin üzvü olan dövlətin Təhlükəsizlik Şurasının 1874 saylı Qətnaməsini pozması, içərisində KXDR-lə tarixi xoş münasibətlərə malik dövlətlərin də olduğu beynəlxalq ictimaiyyətin çağırışlarına, birmənalı şəkildə, məhəl qoymaması dərin təəssüf yaratmaya bilməz", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko bildirib. Rusiya bir daha "Şimali Koreyadan olan tərəfdaşlarına" müraciət edərək, Pxenyanı "regionda onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirəcək yeni addımlar atmamağa, danışıqlar masası ətrafına qayıtmağa" çağırıb.
Beynəlxalq ictimaiyyətin baş verənlərlə bağlı ümumi mövqeyi isə BMT Təhlükəsizlik Şurasının yeni bəyanatında əks olunub. Sənəddə Pxenyanın raket sınaqları pislənir və ondan TŞ-nin qətnamələrinə zidd əməllərə son qoyulması tələb olunur.
Şimali Koreyanın nüvə sınağı və raket buraxılışları "Böyük səkkizlik" ölkələrinin İtaliyanın Akvile şəhərində keçirilən sammitində də sərt tənqid edilib.
Lakin bütün bu tənqid və çağırışlar, çətin ki, nəticə versin. Pxenyan, həqiqətən də, coşub və artıq nüvə proqramının reallaşdırılmasının bir addımlığında olan KXDR-i dayandırmaq üçün dünya birliyinə əsl möcüzə nümayiş etdirmək lazım gələcək.
MƏSLƏHƏT GÖR: