15 Mart 2025

Şənbə, 00:31

SÜLHƏ ÜMİD

Ən təhlükəlisi odur ki, Ermənistanda çoxları üçün müharibə ənənəvi biznesə çevrilib…

Müəllif:

15.07.2009

Bu sətirlərin müəllifi ilə şəxsi söhbətində, "məlumatlı mənbə"lərdən biri  rəsmi diplomatiya fonunda "xalq diplomatiyası"nı desant qüvvələrinin müharibədə oynadığı rolla müqayisə edib: "Diletantlar hesab edirlər ki, desant, xüsusitəyinatlılar və s. köməyi ilə müharibənin bütün problemlərini həll etmək olar. Reallıqda isə bu, belə deyil. Kinoda desantların vəzifəsi qısa diversiya əməliyyatları ilə məhdudlaşır - nəyisə məhv etmək, zərərsizləşdirmək və dərhal da ərazini tərk etmək. Real müharibədə isə meydanı ələ keçirmək və əsas qüvvələrin gəlişinədək mövqeləri qoruyub- saxlamaq tələb olunur. Silah-sursat və əlavə qüvvələr çatdırılmasa, desant uzun müddət dözə bilməz. Bu səbəbdən də desant qüvvələri, əsasən, düşmənin olduğu ərazilərin dərinliklərinə yeridilmir. Çünki bu, real ölüm deməkdir. Lap "xalq diplomatiyası"nda olduğu kimi. Doğrudur, o, rəsmi diplomatiyanı üstələyə, ictimai rəyi hazırlaya bilər. Lakin "xalq diplomatiyası"nın rəsmi diplomatiyadan uzağı 1-2 addım irəli getməsi mümkündür".

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində "xalq diplomatiyası"dan  çoxdan istifadə edilir - indiyədək bu prosesdə beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, jurnalistlər və digər ictimai xadimlər fəal iştirak ediblər. Bəziləri bu addımları dəstəkləyir, digərləri buna kəskin etiraz edir. Lakin iki il əvvəl Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu ilə Armen Smbatyanın ziyalılarla birlikdə Dağlıq Qarabağa ilk səfərləri zamanı bir şey aydın oldu: nizamlanma prosesində hansısa tərpəniş var.

Bu dəfə Xankəndi-Yerevan-Bakı marşrutu ilə daha geniş tərkibli nümayəndə heyəti səfər etdi. Polad Bülbüloğlu və Armen Smbatyanla yanaşı parlamentin deputatı, Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Yerevanın Paradjanov Muzeyinin direktoru Zaven Sarkisyan, məşhur futbolçu, vaxtilə "Neftçi"nin şərəfini qorumuş Eduard Markarov da nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağa baş çəkdi.

Rusiya tərəfdən isə aksiyada ölkə prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy  iştirak edirdi. Cəbhə xəttinin keçilməsi onda unudulmaz təəssürat yaradıb.  "Rossiyskaya qazeta"da dərc olunmuş məqaləsində o yazır: "Doqquz nəfərdən ibarət qrup sərhədi keçməyə hazırdır", - deyə üzərində ATƏT-in işarəsi olan ağ bayraq tutmuş yaşlı çex bildirdi. Özü də o, bu ifadəni ratsiya ilə iki dəfə erməni tərəfdə olan həmkarına təkrarladı.

Amma azərbaycanlı polkovnik ATƏT nümayəndəsinin bu sözlərinə sərt şəkildə cavab verdi: "Bura sərhəd deyil,  tərəflərin təmas xəttidir". Bundan sonra çexiyalı "üzr istəyirəm" deyərək, erməni tərəfinə müraciətinin formasını dəyişdi: "Doqquz nəfərdən ibarət qrup tərəflərin təmas xəttini keçməyə hazırdır".

Bundan sonra Polad Bülbüloğlu, Siyavuş Kərimi, Azərbaycan parlamentinin deputatları və jurnalistlər Azərbaycan və Ermənistan ordusunu bir-birindən ayıran minalı ərazidə bizim qrupun hərəkəti üçün  kənarlarına qırmızı lent çəkilmiş xüsusi dar yolla hərəkətə başladıq. Bizim səfərimizdə yadda qalan detallar az deyil. Lakin azərbaycanlı polkovnikin ATƏT müşahidəçisinin qeyri-dəqiqliyinə ani və ağrılı reaksiyası indiyədək burada uzun illər gedən prosesin göstəricisi idi. O, daimi gərginliyin səviyyəsinin, ənənə halını almış inamsızlığın, digərlərinə münasibətdə şübhə hissinin  təzahürü  idi və bu,  bilərəkdən, ya da şüuraltı formada münaqişə tərəfləri arasında artıq  20 ilə yaxındır ki, davam edir. Bu baxımdan, istənilən ehtiyatsız ifadə zərif sülhməramlı təması zədələyə bilərdi", - deyə Şvıdkoy məqalədə yazır.

Əksər ekspertlərin qeyd etdikləri kimi, ziyalıların bu səfəri görünməmiş diplomatik fəallıqla üst-üstə düşüb. Söhbət heç də yalnız Əliyev-Sarqsyan və ya Məmmədyarov-Nalbandyan xəttindən getmir: Bakıya İsrail prezidenti Şimon Peres, onun rusiyalı həmkarı Dmitri Medvedev, Polşanın dövlət başçısı Lex Kaçinski və nəhayət, Suriya prezidenti Bəşər əl-Əsədin səfərləri baş tutdu, indi isə Latviya prezidentinin gəlməsi gözlənilir… Bununla yanaşı, Qarabağ problemi Moskvada keçirilmiş Obama-Medvedyev görüşündə, həmçinin "Böyük səkkizlik" ölkələrinin Akviledəki sammitində də müzakirə edildi.

"Mən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində yeni reallıqların  mümkünlüyünə inanıram. ABŞ və Rusiya prezidentlərinin Moskva görüşü və onların Qarabağ problemini müzakirə etmələri faktı bu məsələnin nəinki beynəlxalq əhəmiyyətini artırıb, münaqişə tərəflərində inamı da yüksəldib. Rusiya ilə ABŞ arasında belə danışıqlar region üçün yeni imkanlar açır", - deyə baş verənləri şərh edən Cimmi Karter administrasiyasında bir zamanlar milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi işləmiş Zbiqnev Bjezinski bildirib.

Bir sözlə, artıq ictimai rəyi dünənki düşmənlərin daha düşmən olmadıqlarına hazırlamağın tam zamanıdır və QHT nümayəndələrinin yox, nüfuzlu ziyalıların iştirak etdikləri "xalq diplomatiyası" burada son dərəcə yerinə düşür.

Elə həmin günlərdə "Rossiya" telekanalına müsahibə verən Azərbaycan prezidenti praktiki olaraq, danışıqlar prosesində nələrin müzakirə edildiyini açıqladı: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda erməni qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasına başlanması haqda razılıq əldə edilib. Razılaşmaya əsasən, qoşunların çıxarılması ilə yanaşı, hazırda Dağlıq Qarabağda yaşayan əhalinin, Dağlıq Qarabağ da daxil olmaqla, işğaldan azad ediləcək ərazilərə qaytarılacaq azərbaycanlıların təhlükəsizliyinə zəmanət verilməlidir. Bu, beynəlxalq zəmanətdir".

Azərbaycan prezidentinin fikrincə, hazırda hərbi və ya hər hansı sülhməramlı zəmanətlə müqayisədə, siyasi zəmanət daha böyük çəkiyə malikdir: "Söhbət ondan gedir ki, biz Dağlıq Qarabağda yaşayanların narahatlığını anlayırıq: İşğal altındakı 7 rayonun hamısının geri qaytarılmasından sonra Dağlıq Qarabağ coğrafi baxımdan Ermənistanla əlaqəsini yenidən itirə bilər. Axı, Dağlıq Qarabağın Ermənistanla heç zaman əlaqəsi olmayıb. Bu səbəbdən də biz orada yaşayanların narahatlığını başa düşürük və konstruktivlik ruhunda, beynəlxalq normalar əsasında etibarlı, narahatlıq yaratmayacaq yerüstü əlaqə məsələsini diqqətdən keçirməyə hazırıq. Biz qarşı-qarşıya dayanmış tərəflərin narahatlığını anlayırıq. Dağlıq Qarabağın statusuna gəlincə, bu, gələcəyin işidir. Bu gün müzakirə edilən, qəbul olunan və razılaşdırılan prinsiplər arasında status məsələsi yoxdur. Əgər bu mövzu yenidən razılaşdırılmış mövqelərin əvvəlinə qoyularsa, biz heç nəyə nail olmayacağıq. Belə bir anlayış var - həyat göstərəcək. Biz təbii ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi mövcudluğunu mümkün saymırıq və Azərbaycan bununla heç zaman razılaşmayacaq. Düşünürük ki, Ermənistan da bunu anlayır. Eyni zamanda erməni tərəfi də hesab edir ki, Dağlıq Qarabağda mövcud olan özünüidarə səviyyəsi qorunub saxlanmalıdır. Sovet İttifaqı dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud olub və ona rəhbərlik edən vilayət bürosunun üzvlərindən yalnız biri azərbaycanlı, qalanları isə erməni olub. Bu azərbaycanlı isə əhalisinin 90%-nin azərbaycanlılar təşkil edən  Şuşa şəhərinin rəhbəri idi. Və bu gün biz bu ərazinin gələcək fəaliyyətini nəzərdən keçirən zaman çox qabağa qaçmamalıyıq. Bu gün münaqişənin nəticələrinin aradan qaldırılması, işğala son qoyulması, bütün millətlərdən olan əhalinin təhlükəsizliyinin təmini, bundan sonra bütün kommunikasiyaların açılması vacibdir. Bundan sonra isə barışıq əldə edilə bilər. Axı azərbaycanlılarla ermənilər həm Azərbaycanda, həm də Ermənistanda yaşayıblar və heç bir problem olmayıb. Yəni, barışıq əldə edilməlidir".

İlham Əliyev onu da bildirib ki, "hərbi potensialımızı artırmağımıza baxmayaraq, biz daim müharibə vəziyyətində yaşaya bilmərik və müharibə istəmirik".

"Düşünürəm ki, erməni tərəfi siyasi iradə nümayiş etdirsə və istənilən halda atmalı olduğu addımları atsa, biz gələcəkdə təbii ki, status məsələsini müzakirə edəcəyik. Atılmalı olan addımlar isə işğal edilmiş ərazilərin boşaldılması, azərbaycanlıların Şuşa və Dağlıq Qarabağa qayıtmasıdır. Biz bunu anlayırıq. Lakin bir daha deyirəm ki, biz bu məsələni yalnız Azərbaycanın suverenliyi çərçivəsində görürük. Düşünürəm ki, işğal altındakı torpaqların boşaldılmasından sonra danışıqlar prosesinin davamı daha konstruktiv alına bilər", - deyə İ.Əliyev qeyd edib: "Söhbət erməni qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan mərhələli şəkildə çıxardılmasından gedir. Yəni, razılaşmanın imzalanmasından sonrakı ilkin mərhələdə 5 rayon boşaldılır, Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən digər 2 rayon - Kəlbəcər və Laçından isə məhz onların coğrafi vəziyyətləri baxımından erməni qoşunları razılaşmanın imzalanmasından 5 il sonra çıxarılır. Hesab edirik ki, bu, kompromiss müddətdir. Yəqin ki, həmin zonada təhlükəsizlik elə səviyyədə təmin edilməlidir ki, tərəflərin sülhsevərliyinə heç kimin şübhəsi olmasın. Lakin eyni vaxtda 7 rayondan erməni qoşunlarının çıxarılmasının hər hansı digər faktorlarla heç bir əlaqəsi yoxdur və bu, Minsk Qrupunun təkliflərində də dəqiq şəkildə göstərilir. Dağlıq Qarabağın statusuna gəlincə, ilkin mərhələdə müvəqqəti statusun mexanizmləri müəyyənləşdirilə bilər. Yekun statusla bağlı məsələ isə tərəflər razılığa gəldikdən sonra müəyyənləşə bilər".

Beləliklə, danışıqlar prosesinin prezident tərəfindən açıqlanan məğzində Azərbaycan üçün ciddi güzəştlərin nəzərdə tutulduğu görünür, lakin Ermənistan da öz növbəsində bu yolu keçməlidir.

Yerevan Azərbaycan prezidentinin bu açıqlamalarına demək olar ki, reaksiya verməyib - dövlət başçısının fikirləri nə təsdiq, nə də təkzib olunur. Hətta Ermənistanın müxalifət dairələri də susur. Bəlkə də ona görə ki, bu, Ermənistan üçün "siyasi bomba"dır. Xüsusilə də erməni hökumətinin işğal altındakı torpaqların boşaldılmasından söhbət getmədiyinə dair daimi və əsəbi bəyanatları fonunda.

Digər tərəfdən, bu çətin siyasi situasiyada iqtisadiyyatı da kənara qoymaq mümkün deyil. Ermənistanda isə hazırda iqtisadiyyat son dərəcə təhlükəli durumdadır. Əksər ekspertlərin rəyinə görə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan, bu ölkə, sadəcə, yaşaya bilməyəcək. Amma elə bu halda belə, Ermənistanın regiondakı tranzit siyasətinə "qoşulmaq" şanslarıda da getdikcə bahar buzu kimi əriyir. İndiyədək bu ölkə xaricdən transferlər, yəni yerli əhalinin qohumlarının göndərdiyi vəsaitlər hesabına yaşayıb. İndi isə bu "çay" da quruyur. 

Üstəlik Rusiya ilə Gürcüstan arasında yaşanmış müharibədən sonra Ermənistan "böyük patronu" olan Moskva ilə quru əlaqəsindən mərhum olub. Bütün bunların fonunda təmas xəttinin qarşı tərəfində əsl isterika baş qaldırıb. Bir müddət əvvəl sülhməramlı ziyalıların səfər etdiyi Dağlıq Qarabağda, indi "Daşnaksütyun"un təşkilatçılığı ilə Qarabağa dair "ümumerməni konfransı" keçirilir. "Dağlıq Qarabağın Azərbaycana birləşdirilməsinə edilən istənilən cəhd yolverilməzdir. Biz dəfələrlə bəyan etmişik ki, danışıqlar prosesində birbaşa iştirakımız olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Qarabağ xalqı müharibə istəmir, lakin biz əldə etdiyimiz müstəqilliyi qorumağa hər an hazırıq", - deyə qondarma "DQR"in "prezident"i Bako Saakyan bildirib.

"DQR"in "xarici siyasət və təhlükəsizlik üzrə ictimai şurası"nın nümayəndəsi Masis Mailyan isə deyib: "Vasitəçilərin təklif etdikləri həll prinsipləri "DQR" və Ermənistanın başlıca maraqlarına ziddir".

Ermənistan KİV-də "Dağlıq Qarabağın müdafiə ordusu" adlandırılan Ermənistanın ekspedisiya korpusunun komandanı, general-leytenant Movses Akopyan isə jurnalistlərə bildirib ki, onun fkirincə, "DQR" əhalisinin təhlükəsizliyinin təminatı xətti Laçından yox, Kür çayının sahilindən" keçir. Akopyan əmindir ki, regionda sülhü onun "ordusu" təmin edir və hətta Azərbaycanı sülhmə məcbur edir: "Son 10-15 ildə biz Azərbaycan tərəfinin birinci təmas xəttində üstünlüyə malik olmasına imkan verməmişik". 

Bir sözlə, hər şey "masanın çevrilməsi", yəni hərbi əməliyyatların bərpasına cəhdi xatırladır.

Ən təəccüblüsü həm Yerevanda, həm də Xankəndidə məhz "səfirlərin təşəbbüsü"nə kəskin tənqidlə yanaşılmasıdır. "Ermənistan və Azərbaycanın Rusiyadakı səfirləri Armen Smbatyan və Polad Bülbüloğlunun, həmçinin iki ölkə ziyalılarının Stepanakertə səfəri "müdafiə ordusu" və "DQR" xalqı üçün sadəcə təhqirdir. Əgər onlar bir də buraya gəlsələr, dərslərini verəcəyik", - deyə yerli "parlament"in "müdafiə, daxili məsələlər və təhlükəsizlik daimi komissiyası"nın rəhbəri Janna Qalstyan bildirib.

Səfərə tənqid Yerevanda, xüsusilə "Qolos Armenii" qəzetinin səhifələrində də kifayət qədərdir.

Amma nə qədər ki, Smbatyanı Ermənistanın Rusiyadakı səfiri postundan geri çağırmayıblar, demək, sülhməramlı ziyalılar Ermənistanda hansısa səviyyədə siyasi dəstək alırlar. Lakin buna baxmayaraq, sülh prosesinin pozulmasına cəhdlərin olacağı da istisna deyil. Çünki Ermənistanda müharibə çoxları üçün adi biznesə çevrilib. 



MƏSLƏHƏT GÖR:

405