
KEÇMİŞDƏN SORAQ
Qədim Türk qəbilələrinin totemləri
Müəllif: Arif HÜSEYNOV Bakı
Türklər bir neçə əsr bundan əqdəm özlərinin Avroasiyanın müxtəlif regionlarında dövlətlərini yaratmışdılar. Bu dövlətlərdən ən güclüsü eramızdan əvvəl 3-cü əsrdə yaradılan və Koreyadan başlamış Qaşqariyaya qədər uzanan Hunn dövləti sayılırdı. Onun əhalisi əsasən türkdilli köçəri qəbilələrdən ibarət idi. Sonralar bu dövlətin bir qolundan Uyğur xaqanlığı yaranmışdı.
6-cı əsrdə Altaydan Krımadək bir ərazini tutan Türk xaqanlığı meydana gəlmişdi. Xaqanlığın güclü ordusu Bizansla və İranla müharibədə qalibiyyət əldə etmişdi. 6-cı əsrin sonunda İran bu Xaqanlığa 40 min qızıl pul xərac verməli olmuşdu.
6-cı əsrin sonlarından etibarən iki yüzillik ərzində həmin xaqanlıq, əslində, iki müstəqil dövlət - Şərqi və Qərbi türk xaqanlığı kimi fəaliyyət göstərmişdi. Birinci türk xaqanlığının xalqları türkitlər, ikinci xaqanlığın adamları isə göy türklər adlanırdılar. Bu dövlətlərin əhalisi köçəri maldarlıqla və ovçuluqla məşğul olurdular. Onların həyatında hərbi iş də xüsusi yer almışdı. Sayan dağlarında çıxarılaran filizdən böyük miqyasda polad istehsalı ordunun güclənməsinə geniş imkanlar açmışdı. Türklər avroasiya xalqı idi. Onların yazısı eramızın başlanğıcına qədər runa adı ilə meydana gəlmişdi. Bu yazı öz adını Qədim German runa yazısına oxşarlığına görə almışdı. Deməli, Avroasiya türk xalqlarının yazı ilə tanışlığının tarixi çox qədimdir. Türklərin həyata baxışları haqqında Orxon-Yenisey yazılı abidələri müəyyən təsəvvür yaradır. Həmin yazılarda deyilir: «Rüsvayçılıq ölümdən bətərdir. Əgər sən, türk xalqı xaqanın və bəylərin ətrafında birləşsən, onlarla bir yerdə öz vətənində yaşasan, xoşbəxt həyat sürərsən, bədbəxtlikdən uzaq olarsan. İgid xalq güclü xalqdır».
Qədim türklərin dünyagörüşündə dövlətçilik ideyası mühüm yer tuturdu. Ona görə ki, türk xalqı yalnız özünün güclü dövləti sayəsində sağlam yaşaya bilərdi. Dövlətin dağılması türk xalqının yer üzündən silinməsi demək idi. Türklər dövləti müqəddəs qurum sayırdılar.
Qədim türklərin dini əqidələrində totem görüşləri mühüm yer tuturdu. Totemizm ən qədim dini forma idi. Totem dedikdə qədim əcdadlarımızın bu və ya digər heyvan yaxud bitkiyə inamı nəzərdə tutulurdu. İbtidai ijma quruluşu dövründə yaşamış qədim insanlar dəhşətli təbiət hadisələrinin təsirindən qorunmaq üçün intuitiv olaraq öz qəbilələri ilə bu və ya digər heyvan arasındakı əlaqəni duyurdu. Totem qəbilənin rəmzi idi. Qədim insan seçdiyi totemin onun özünü və qəbilə üzvlərini qorumaq imkanında olmasına inanırdı. Ona elə gəlirdi ki, totemi seçmək mümkünsüzdür o, müqəddəs qüvvələr tərəfindən verilir. Qədim insanlar özlərinin allah saydıqları müəyyən heyvanlara - totemlərinə sitayiş edirdilər. Ən qədim din forması olan totemizm çoxallahlılığın bir təzahürü idi. Totemi öldürmək və yemək yasaq idi. Qədim türk cəmiyyətinin yuxarı təbəqələri özlərinin mənşələrini totem heyvanların meydana gətirdiyi əfsanəvi sələfləri ilə əlaqələndirirdilər. Hazırda ədəbiyyatda işlənən totem sözü Şimali Amerikanın balıqçılıq və ovçuluq ilə məşğul olan ocibve adlı yarıköçəri hindu qəbiləsinin dilindən götürülmüşdür və mənası «qəbilə» deməkdir.
Sakit okean sahillərindən başlamış Mərkəzi Avropanın macar çöllərinə qədər uzanan çox böyük ərazidə qərar tutmuş və qədim yüksək mədəniyyətlərini yaratmış vahid Altay ailəsi xalqlarının - azərbaycanlıların, altaylıların, başqırdların, bulqarların, qazaxların, qaraqalpakların, qavraçay balkarlarının, qırğızların, tatarların, tuvalıların, türklərin, türkmənlərin, özbəklərin, uyğurların, xakasların, buryatların, kalmıkların, monqolların, majurların, nanayların, eveneklərin, , nivxlərin, yukagirlərin totemlərindən də söz açmaq yerinə düşər. Altay ailəsi qəbilələrinin buğa, şir, humay, qurd, at, pələng, qartal (tərlan), əjdaha, maral kimi totemləri - dini rəmzləri məlumdur.
Sumənşəli sayılan Buğa qüvvət və qüdrət təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə (Qədim şumerlər Altay türklərinin Mesopotamiyada məskunlaşmış nəsilləridir.), Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında və Orta Asiyada tapılmışdır. Ay səcdəgahı sayılan Buğa surəti 15-ci əsr qədim Bakımızın gerbinin mərkəzini bəzəyir. Buğa surətinin Ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində nəzərə çapdırılmışdır. Çinin Xuanxe çayının qədim adı «Yaşıl oğuz» olmuşdur. Onun hərfi mənası «yaşıl buğa»dır. Bu ad qədimdə həmin çayın suyunun yaşıl olması ilə əlaqələndirilmişdir. Amudərya çayını yunanlar Oksus adlandırırdılar. Bu isə «oğuz- öküz», yəni buğa sözü ilə əlaqədar idi.
Şir Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul edilmişdir. Şumerlərin müharibə allahı qanadlı şir şəklində təsvir edilirdi. Şumerin padşahlar dəfn olunmuş məzarlıqlarının birində xizəyə oxşar arabanın tapılması alimləri çaş-baş salmışdı. Ona görə ki, Mesopotamiya kimi bir yerdə heç vaxt nə qar, nə də şaxta olmamışdı. Bəs xizəkli arabanın tapılması nə ilə əlaqədar idi? Bəlkə şumerlər özlərinin ana vətənləri olmuş Sibir, Altay və Sayan dağları ilə əlaqədar xoş xatirələrini belə bir xizəkli araba ilə yada salmaq istəyində bulunmuşdular? Xizək-arabanın yan-yörəsi buğaların və şirlərin qızıl və gümüşdən hazırlanmış kəllələri ilə bəzədilmişdi.
Altay kurqanlarının birində qanadlı şir təsviri verilmişdi. Şirin alın tərəfində aypara şəkli vardı. Belə motivlərə şumer, xett, babil və aşşur sənət nümunələrində də təsadüf edilir. Ötən əsrin əvvəllərində Altay ərazisində qazıntılar zamanı türk mənşəli qılınc tapılmışdı. Qılıncda şikarı üstünə tullanan iki şir təsvir edilmişdi. Bütün bunlar köçəri xalqların da sənət nümunələri yaratmağa qabil olduqlarının bariz sübutudur.
Ay ilahəsi Humay məhəbbət, bərəkət, sağlamlıq, xeyirxahlıq rəmzidir. Vaxtilə Babilistanda, Xaldeydə, Aşurda, Azərbaycanda, Urartuda geniş yayılmış bu kultun Altayda və Sayanda yarandığı güman edilir. Qızıl qanadları olan və göydən yerə enən bu mifoloji Cənnət quşu hansı adamın başına qonurdusa, onu padşah seçirdilər. Bu quş əcinnələri qovur, beləliklə də uşaqlara şəfa verir və insanlara xoşbəxtlik bəxş edirdi. Qadınların himayəçisi kimi tanınırdı. Sibirin şaman qadınları təzə doğulmuş körpəni beşiyə qoymamışdan qabaq ilahə Humaya «od nənə» kimi müraciət edir, ondan körpənin sağlam böyüməsi istəyində bulunurdular. Humayın əsas ləvazimatı kiçik fincan idi. Müqəddəsləşdirilmiş südlə dolu bu fincanda körpələrin ruhlarının yerləşdiyi güman edilirdi. Uşaq xəstələndikdə onu həmin fincandakı süd ilə əmizdirmə mərasimi keçirilirdi. Bu fincan səma mənşəli sayılırdı. Uşaqları göz-nəzərdən qorumaq üçün onların qulaqlarına ilahə Humayın təsviri olan sırğa taxırdılar. Böyük Nizaminin əsərlərində Humay adı dəfələrlə çəkilir. Runa yazılarında göstərildiyi kimi, Humay həm də ayın, günəşin və göy qurşağının yaradıcısı kimi təqdim edilirdi.
Qədim türklərin əsas totemlərindən biri də Canavar (Qurd) idi. Ona Göy Qurd deyirdilər. «Göy» səma mənasında, «Qurd» isə «qurtuluş mənasında anlaşılırdı. İnanclara görə bu güclü vəhşi heyvan zəifləri aclıqdan və ölümdən xilas edirdi. Hazırda qurd qəddarlıq, acgözlülük və tamahkarlıq rəmzi kimi tanınır. Lakin bu heç də həmişə belə olmamışdır. Bu güclü yırtıcı həm də inadcıllıq simvolu kimi anlaşılırdı. Qurd öz ailəsinə sədaqət, habelə güc rəmzidir. Bütün yaşayışını özünün dişi yoldaşına və körpələrinin yaxşı bəslənməsinə həsr edir. Heç bir vaxt zinaya yol vermirdi. Qurd, təəccüblü də olsa, nəcib heyvandır. Qurd qorxmazlıq rəmzidir. Hər hansı bir pəncələşmə zamanı axıracan döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub qaçmır. Qurd heyvanlar aləmində azadlıq, müstəqillik rəmzidir. Qurd bu müsbət keyfiyyətlərinə görə lap qədimlərdən türk xalqlarının toteminə çevrilmişdir. Qurd ac qalsa da cəmdək yemir, ona görə də təmizlik rəmzi sayılır.
Səma (göy) rəngli qurd müqəddəs heyvan hesab edilir. Əfsanələrin birində onun türklərin əcdadı olan Oğuz qəbiləsinin başlanğıcı olduğu bildirilir.
Ağ qurd 10-12-ci əsrlərdə oğuz-qıpçaqların başlıca totemi olub. İndiyədək də mövcud tatar əfsanəsində meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbilədən söz açılır. Bu qəbiləni mühasirədən çıxarıb məhvinə imkan verməyən ağ qurd olub. Həmin qurd böyüklüyünə və gücünə görə əfsanəvi ümumtürk qəhrəmanı nəhəng Alpla müqayisə edilib.
Köçəri türk xalqlarının əfsanələrində Qurd qəbilə totemi kimi qəbul edilmişdi. Onların döyüş bayraqlarında qurd başının şəkli həkk olunurdu. Qəbilə başçıları özlərini qurd adlandıra bilirdilər. Altay dağlarında «Qurd zirvəsi» adlanan çox sayda yüksəklik vardır. Və həmin yüksəkliklərdə dişlərini qıcamış və quyruğunu belinə qaldırmış zolaqlı Qurd təsvirlərinə çox təsadüf edilir.
At köçəri türk oğuz qəbilələrində əsas totemlərdən biri olmuşdur. Türk nəsli olan şumerlər arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşdular. At toteminə sitayiş günəş kultu ilə əlaqədar idi. Ona görə ki, Avropa-Hind dil qrupuna aid olan və Anadolunun şərq hissəsində məskunlaşan xetlər günəş allahının dörd at qoşulmuş arabada səma yolu getdiyini təsvir etmişdilər. Atın hər biri dünyanın cəhətlərindən (şimal,şərq, cənub, qərb) birinə işarə idi. At inşaat qurbanı idi. Qədim yaşayış yerlərində tikilən evlərin özülündə at kəllələrinin tapılması bunun sübutudur. Xakasiyada, Tuvada, hətta oğuz türklərinin məskunlaşmış olduqları Koreyada atın çox sayda mərasim fiqurları tapılmaqdadır. Sibirdən Balkanlara qədər hər yerdə türk xalqlarının Ata sitayiş etməsi faktları məlumdur.
Pələng türk xalqlarının anlamında qüvvə təcəssümçüsü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda, Orta Asiyada, Altayda, Yeniseydə, Sayanlarda pələng qəbilələrin genalogiyasının təşəkkülündə böyük rol oynamışdı və əsas totemlərdən biri idi. Yeniseyin qayalarında pələng təsvirləri aşkar edilmişdir. At fiquru kimi, Pələng fiquru da qədim Altay astronomik təqvimində yer almışdır. Tatarların və bütün Altay qəbilələrinin şaman qavallarının bir qisminə Mənim Qanım (qan qohumum mənasında), yaxud ala bars deyilirdi. Sibirin bəzi xalqlarının təsəvvüründə pələng qadınların dünyaya övlad gətirə bilməsinə yardım göstərən totem idi. Hətta ötən əsrin 50-ci illərində hansısa bir muzeyə gəlmiş qaraqalpaklı qadınlar Pələng müqəvvasının altına girib özlərini sonsuzluqdan qorumaq istəmişdilər.
Qartal (Tərlan) Günəş, işıq mənbəyi totemidir. O, Şüa ilə eyniləşdirilir. Həmin Şüa çox böyük sürətlə yuxarıdan aşağı düşərək səmanı işıqlandırır və qaranlığı yox edir. Sibirin, Altayın, Sayanların, Orta və Kiçik Asiyanın türk xalqlarında Qartalın çox sayda müxtəlif təsvirləri vardır. Qədim Tuva kurqanlarında üstündə qartal şəkli olan qızıl lövhəciklər tapılmışdır. Bürünc əsrindən başlamış bizim günlərə qədər bu cür Qartal təsvirləri Baykal gölü ətrafında yaşayan yerli əhali arasında çox yayılmışdır. Sibir xalqlarında məhz Qartal günəş, od, ildırım və şimşək hökmdarıdır. Yakutların mifologiyasında Qartal həm də günəşin doğması müjdəçisidir.
Şumer incəsənətinin şedevrlərindən biri sayılan və eramızdan əvvəlki üçüncü minilliyə aid edilən gümüş vazada şirbaşlı dörd Qartal təsviri verilmişdir. Mesopotamiyada tapılmış diorit vaza qırıntısında xeyir rəmzi olan Qartalın şər rəmzi olan iki ilanla döyüş səhnəsi təsvir edilmişdir. İkibaşlı qartal lap qədim zamanlardan bir çox türk xalqlarının toteminə çevrilmişdir.
Svastika hələ çox qədim zamanlardan dünyanın bir çox xalqlarında atəşin günəş rəmzi kimi geniş yayılmışdı. Bu nişana təkcə Şumer ərazisində deyil, Hindistanda qədim Misirdə, İranda, Orta Asiyada, Altayda, Sayan dağlarında, Yaponiyada, Çində və digər ərazilərdə təsadüf edilir.
Mesopotamiyada, Govur Təpəsi deyilən yerin iyirminci qatında svastika ilə bəzədilmiş daş həmayillər tapılmışdır. Bu isə həmin nişanın insan sivilizasiyasının ən qədim məkanlarından birinin ilk padşahının meydana gəlməsindən minilliklərlə qabaq mövcudluğu deməkdir.
Almanlarla müharibə zamanı mən evimizdəki xalçalarda svastika nişanı görərkən təşvişə düşmüşdüm. Heç bilmirdim ki, almanların svastikasını nənəm toxuduğu xalçalarda hansı məqsədlərlə əks etdirib. Mənə elə gəlirdi ki, hökumət adamları bundan xəbər tutsalar ailəmizi Sibirə sürgün edəcəklər. Nə biləydim ki, xalçada toxunmuş svastika qədim türk totemlərindən biridir.
Azərbaycan ərazisində tapılan və eramızdan əvvəlki üçüncü minilliyə aid olan qab qapağı qırıntısı üzərində həkk olunan svastika Cənubi Qafqaz ərazisində ən qədim asari-ətiqədir.
Sibir ərazisində də svastikaya bənzəyən və üzərində qrifonların başları həkk edilən bürünc lövhəcik tapılmışdır. Altay kurqanlarının birində də svastika təsviri olan məmulatlar aşkar edilmişdir. Alimlərin fikrinə görə svastikanın fırlanan dörd ayağı günəşin daimi hərəkəti sayəsində baş verən ilin dörd mövsümünün rəmzidir.
Əjdaha totemi Çində, Yaponiyada, İndoneziyada, Vyetnamda, o cümlədən Türkiyədə, Azərbaycanda və Türkmənistanda və Sibir ərazilərində xalqların məişətində və incəsənətində geniş yayılan mifik heyvandır. Altaylıların astroloji təqvimlərində əjdaha yer almışdır.
Əjdaha totemi insanın həyatının uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür.
İkinci Türk xaqanlığının ən görkəmli sərkərdələrindən biri olan Gültəkinin məqbərəsində divarlar əjdahanın yapma təsvirləri ilə bəzədilmişdi. Altaylıların və tuvalıların incəsənətində əcdahanın çoxsaylı təsvirləri mövcuddur.
Şaman mərasimlərində əcdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahaların həqiqətən də mövcud olmasına inanırdılar.
Maral bütün türklərin rəmzi mənası eyni olan ümumi totemi idi.
Qızıl buynuzları olan, bütün Sibir və Avroasiya çölləri üzərindən şərqdən-qərbə tərəf uçub-keçən maral müqəddəs Günəş rəmzi sayılırdı. Maral yüksəliş rəmzi və böyük güc nişanəsi idi. Onun dövri olaraq təzələnən ağacaoxşar buynuzları cavanlaşdırma, daim təzələnmə və zamanın gedişini yeniləşdirmə rəmzi sayılırdı. Maral həm də işıq, xeyirxahlıq, düzgünlük rəmzi idi. Qədim türklər bürüncdən tökülmüş maral totemini onun yuxarıda sadalanan xüsusiyyətlərini özlərində cəmləşdirmək üçün yanlarında gəzdirirdilər. Totem maralın belində sıralanan yeddi buruq buynuzu var idi. O, qabaq və dal ayaqlarını qarnı altına yığmış vəziyyətdə təsvir edilmişdi. Qədim türk ustası tərəfindən qızıldan hazırlanmış maral totemi Rusiyanın Ermitaj muzeyinin sərvətləri arasında saxlanılır.
MƏSLƏHƏT GÖR: