24 Noyabr 2024

Bazar, 20:58

YA BİŞİR, YA YU, YAXUD DA HEÇ YEMƏ

Yayda yararsız ərzaqla zəhərlənmə və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi daha da artır

Müəllif:

01.07.2009

Yayda ərzaq zəhərlənmələrinin sayı kəskin artır, çünki istidə insan orqanizmi yoluxmalara qarşı daha həssas olur. Və bu, təəccüblü deyil - isti dönəmlərdə insanlar dənizdə çimirlər, içkilərdən, həmçinin elə ərzaqlardan istifadə edirlər ki, saxlanma şəraiti və müddəti pozularsa,  onlar həyat üçün əsl təhlükə mənbəyinə çevrilir. 

İlin bu çağında yüksələn temperatur həm ziyansız, həm də patogen mikroorqanizmlərin, başqa sözlə, çirkli əllər, pis yuyulmuş tərəvəz və s. vasitəsilə orqanizmə düşən mikrobların artmasına da səbəb olur. Bu da ağır zəhərlənmələrlə nəticələnir. 

Kəskin bağırsaq infeksiyalarına yoluxmaq əlverişsiz şəraitdə saxlanmış hazır yeməklərlə qidalanma, krandan su içmə vasitəsilə də mümkündür, bütün bunlar dizenteriyaya, hepatit A-ya, diareyaya və başqa xəstəliklərə də səbəb ola bilər. Yararsız ərzaq mallarının mağazalar, supermarketlər və bazarlar vasitəsilə də yayılması müşahidə olunur. 

Məhz buna görə də hazırda ərzaq məhsullarının təhlükəsizliyinin təmini ictimai səhiyyənin əsas vəzifələrindən biridir, çünki istehlak edilən ərzaqların keyfiyyəti bütün əhalinin sağlamlığına təsir göstərir. 

1996-cı ildə Dünya Ərzaq Sammitində qəbul edilmiş Roma Bəyannaməsində dövlətlərin təmsilçiləri təsdiq ediblər ki, hər bir insanın təhlükəsiz ərzaq istehlak etməyə hüququ var. Bununla belə, hər il dünya üzrə 2 milyard adamın ərzaq mənşəli zəhərlənmələrə məruz qalması qeydə alınır. 

Onların xeyli hissəsi ərzaq məhsullarının təhlükəsizliyi standartlarının pozulması ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hətta inkişaf etmiş ölkələrdə belə hər il  əhalinin 30%-ə qədəri diareya kimi ərzaq zəhərlənmələrinin nəticələrinə məruz qalırlar. Bu, yalnız insanların sağlamlığına deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. 

Kliniki Tibbi Mərkəzin bağırsaq infeksiyaları şöbəsindən (BİŞ) "Region plus"a bildiriblər ki, yayda xüsusilə uşaqları  qorumaq lazımdır. Onların təsadüfən yuyulmamış meyvə və ya tərəvəzləri, özü də kirli əllərlə yemələri, sonda bu körpələrdə diareyaya səbəb ola bilər. Meyvə və tərəvəz axar su altında diqqətlə yuyulmalıdır. 

Eyni zamanda, istənilən növ ərzaq məhsulunun alınması elə istehlakçının özünün sərt nəzarəti altında həyata keçirilməlidir. Çünki praktika göstərir ki, bu gün heç kim yararsız ərzaq alınmasından sığortalanmayıb. BİŞ-də həmçinin tövsiyə edirlər ki, bağırsaq infeksiyalarından yaxa qurtarmaq üçün xüsusilə də yeməkdən qabaq tez-tez əlləri yumaq lazımdır. Həmişə antibakterial nəm salfetlərə malik olmaq da işə yarayar, bu, ən əlverişsiz sanitariya şəraitində belə vəziyyətdən çıxmağa imkan verər. 

Mağaza və supermarketlərdə kolbasaların, balıqların, bişirilmiş ətdən hazırlanmış yeməklərin, süd məhsullarının, toyuğun yararlılıq müddətinə diqqət yetirmək vacibdir. Açıq havada satılan ərzaq məhsullarını almaqla həyatı risk altına qoymaq olmaz. Konservləşmiş ərzaq məhsulları da çox təhlükəli ola bilər, mütəxəssislərin fikrincə, fərdi şəxslərdən heç vaxt konservləşmiş məhsullar almaq olmaz. Konservləşmiş ərzaq məhsulları ilə zəhərlənmə ən qorxunc nəticəyə - botulizmə səbəb ola bilər. Torpaqda müəyyən müddət qalan botulizm çöpləri və sporaları əlverişli mühitdə öldürücü zəhər - botulin ifrazına başlayırlar. 

Ərzaq zəhərlənməsinin və bunun nəticəsi olan diareyanın əlamətlərinə gəldikdə isə "Avita" əczaçılıq şirkətinin mütəxəssisi "Region plus"a bildirib ki, bu xəstəlik ürək bulanması, qusmalar, qarın ağrıları və temperaturun artması ilə müşayiət edilir. 

Diareya bağırsaq yolunun normal işləməsinin pozulması, həzm prosesinin sürətlənməsi sonucunda yaranır, ifrazatın durulaşmasına və çöləçıxma sayının çoxalmasına gətirir.  İshalın törədiciləri ən çox "Escherichia coli" və salmonella bakteriyalarıdır, onlar əsasən çirkli qidada və suda olurlar. 

Bakterial infeksiya tərəfindən yaranmış diareya daha çox ekzotik ölkələri gəzən turistlərdə yaranır. 

Diareya həmçinin sadə herpes və hepatit virusları tərəfindən də törədilə bilir. Bundan başqa, onların, bir sıra dərman preparatları, məsələn, antibiotiklər tərəfindən də yaradılması mümkündür. İşlətmə dərmanlarının qəbulu, alkoqol zəhərlənmələri və ya alkoqoldan, acı yeməklərdən ifrat istifadə, həmçinin böyük miqdarda meyvə yeyilməsi diareyanın yayılma səbəblərindəndir. Bəzi hallarda o, orqanizmin stresə reaksiyası da ola bilər. Bu, onunla izah edilir ki, stress halında qana çoxlu adrenalin daxil olur, o da öz növbəsində orqanizmdə bütün prosesləri, o cümlədən həzmetmə proseslərini də gücləndirir. 

Çox vaxt diareyaya səbəb rotaviruslar olur. Qeyri-infeksion diareyanın səbəbləri sırasında disbakterioz, yəni bağırsaq mikroflorasının tarazlığının pozulması, düzgün olmayan qidalanma, həmçinin balanslaşdırılmamış dieta da var. 

Diareyanın iki növü mövcuddur, bunlar kəskin və xroniki diareyalara bölünür. Kəskin diareya 1-2 həftə davam edir. Kəskin və qəflətən yaranmış diareyanın bütün əlamətləri infeksion xəstəlik olduğunu xatırladır: bədən temperaturunun artması, toksikoz müşahidə edilir. 

Mütəxəssis qeyd edir  ki, son illərdə tərkibində laktobakteriumlar və bifidobakteriumlar, yəni probiotiklər olan preparatlardan istifadə etməklə diareyanı uğurla müalicə etmək mümkündür. Hərfi mənası "həyat uğrunda" olan "probiotiklər" termininin özü sonradan "antibiotiklər", yəni  "həyat əleyhinə" termininə alternativ kimi yaradılıb. O, qeyd edir ki, probiotiklərin çağdaş təyinatı 2002-ci ildə ÜST-ün işçi qrupu tərəfindən müəyyən edilib. Probiotiklər canlı mikroorqanizmlərdir, onların adekvat miqdarda istifadəsi insan orqanizminin sağlamlığının yaxşılaşmasına gətirir. 

Probiotiklər bir neçə mexanizm hesabına  yadcinsli  patogen və ya şərti patogen mikrofloraya qarşı müdafiə təsiri göstərir. Onlar qidalı maddələr və adgeziya vərəqləri uğrunda bu cür mikroflora ilə birbaşa rəqabət aparır və onların artımını ləngidən metabolitlər, yəni qısa zəncirli yağ turşuları, süd turşusu, hidrogen peroksidi, piroqlütamat ifraz edirlər. 

Ştammların çoxu bakteriosinlər, yəni başqa mikrobların  artımını yavaşıdan antibakterial substansiyalardır. Bu xüsusiyyət daha çox enterokoklara və laktobakteriyalara məxsusdur. Probiotiklərin çoxu birbaşa antitoksik təsirə malikdir. Onlar virus və bakteriyaların: enteropatogen və enterotoksigen eşerixiumun, klostridiumun, vəbanın, sito və enterotoksinlərini neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. 

Belə ki, bir çox elmi araşdırmalarda kəskin infeksion diareya zamanı probiotiklərin təyin edilməsi fonunda xəstələrin mədəsində natrium və su sekresiyasının azalmasından bəhs edilir. Bu, infeksion diareya zamanı probiotik təyinatı nəticəsində mədənin fizioloji disfunksiyasının sürətlə aradan qalxması ilə izah edilir. 

Probiotiklərin birbaşa antimikrob və antitoksik təsiri onlardan yüngül və ortaağır mədə infeksiyaları zamanı uğurla itstifadə etməyə imkan yaradır. Ekspert bildirir ki, probiotiklər virus diareyalarında (rota, adeno, kalisi, astroviruslarda), enteropatogen eşerixiozlarda və  antibiotik assosiasiyalı diareyalarda xüsusi  təsirə malikdir. 


MƏSLƏHƏT GÖR:

503