
SÜKANI BELƏ SAXLA …
Azərbaycan dənizdə yükdaşımaları üzrə iri regional layihələrdə əməkdaşlığa hazırdır
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
42 tankeri, 35 quru-yük və 10 yardımçı gəmisi olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi hazırda Xəzər bölgəsində ən güclü qurumdur. Hövzədə öz rəqabət qabiliyyətini qorumaq üçün XDG daim donanmasını yeniləşdirir, müxtəlif tipli yeni gəmilər sifariş verir. Mərkəzi Asiya dövlətlərindən neft daşımalarını gerçəkləşdirən tanker donanmasının inkişafı isə xüsusi diqqət mərkəzindədir. Ancaq gəmiçiliyin planlarına bir neçə yeni bərə və quru yük gəmisi almaq da daxildir. Qarşıdakı illərdə donanmanın yeniləşdirilməsi bir il qabaq qəbul edilmiş 2008-2012-ci illərdə dəniz nəqliyyatının inkişafı üzrə Dövlət Proqramı əsasında gerçəkləşdiriləcək.
Azərbaycanın Dövlət Dəniz Administrasiyası (ADDA) tərəfindən hazırlanmış Dövlət Proqramı mülki yük-sərnişin donanmasının yeniləşməsini də nəzərdə tutur, həmçinin dəniz nəqliyyatının inkişafı ilə bağlı bir sıra strateji vacib tədbirlərin gerçəkləşdirilməsini tövsiyə edir. Onların sırasında Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının Qaradağ rayonunun Ələt qəsəbəsinə köçürülməsi və Xəzər gəmiqayırma zavodunun tikintisi var. Donanmanın müasirləşdirilməsi planlarına dörd bərənin və yükdaşıma qabiliyyəti 13 min ton və daha çox olan on tankerin alınması daxildir. "Ro-Ro" tipli yeni quru yük gəmilərinin alınması məsələsi də gündəmdədir, sünki gəmiçilik mövcud üzən vasitələrin modernləşdirilməsinin tərəfdarıdır ki, bu da onların istismar müddətini on illərlə artırır.
XDG-nin tanker üstünlüyü
Rəqabət qabiliyyətinin qorunması üçün XDG daim öz tanker potensialını artırır. Son illərdə 13 min tonluq altı tanker alınıb. Xəzər dənizi üçün ən iri olan bu neft daşıyan gəmilər üzrə ilk sifarişi XDG 2002-ci ildə Rusiyanın "Krasnoe Sormovo" zavodunda gerçəkləşdirmişdi. Bu tip yükdaşıma və suyaoturma dərəcəsi olan gəmilər, əlavə təchizat və suyun dibində dərinləşdirmə işləri aparılmadan Xəzərin bütün limanlarına rahatca yan ala bilməsi baxımından ən optimalıdır. 2004-cü ildən bu yana Rusiya zavodunun tərsanəsindən 19619 layihəli altı tanker çıxıb. Bunlar "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləridir. Ötən ilin sonunda istismara yeni "Zəngəzur" tankeri də verildi.
Bu layihənin bütün gəmiləri eyni zamanda müxtəlif növ neft məhsulları daşımaq üçün on iki arakəsmə ilə təchiz ediliblər. Həmçinin ikiqat göyərtə və dibə malikdirlər ki, bu da maye yük aparan zaman tam təhlükəsizliyə zəmanət verir. Bu seriyadan olan "Şuşa" adlı yeddinci tanker isə artıq tərsanədən endirilərək, hərəkət və lövbər sınaqlarından keçirilir. Onun Bakıya gətirilməsi bu ilin iyul ayına planlaşdırılıb.
Yaxın bir neçə il ərzində Xəzər Dəniz Gəmiçiliyi mövcud 42 tankerdən əlavə 19619 seriyalı bir neçə tanker və daha böyük yükdaşıma imkanı olan gəmilər də almağı planlaşdırır. Qlobal iqtisadi böhran bu sifarişlərin verilməsi müddətlərinə müəyyən dəyişikliklər etsə də, onların gerçəkləşməsini şübhə altına ala bilməyib.
Ölkəmiz üçün güclü tanker donanması "Tengiz", "Kaşaqan" və "Karaçaqanak" yataqlarından Qazaxıstanla birgə Xəzərin qərb sahilinə neft daşınması layihəsinin uğurla gerçəkləşdirilməsi üçün lazımdır. Bu layihələr 2013-cü ildən sonraya nəzərdə tutulmuş ilkin mərhələdə Bakı-Tbilisi-Ceyhanla (BTC) 25 mln. ton neft daşımağa, sonrakı illərdə onun həcmini 38 mln. tona qədər artırmağa imkan verəcək. Hələ keçən ilin noyabr ayında Azərbaycan və Qazaxıstan arasında karbohidrogenlərin daşınması üçün Transxəzər sisteminin yaradılması barədə saziş imzalanıb. İlkin qiymətləndirmələrə görə, layihə $3 mlrd.-a qədər sərmayə tələb edir. Transxəzər sistemi Qazaxıstan sahilinin Kurık qəsəbəsində liman və neft terminalının, Azərbaycan sahilinin Səngəçal-Qaradağ məntəqəsində neft-qaz terminalının tikintisini, həmçinin neftin BTC boru kəmərinə daşınması üçün tanker donanmasının genişləndirilməsini nəzərdə tutur.
Təqdirəlayiqdir ki, Mərkəzi Asiyadan "böyük" neftin daşınması planının gerçəkləşdirilməsində Xəzər Dəniz Gəmiçiliyinin elə bir ciddi rəqibi yoxdur. Hazırda Qazaxıstanın cəmi beş tankeri var, daha üç tanker isə Rusiyanın "Krasnoe Sormovo" zavoduna sifariş verilib. Bu tankerlərdən birincisi bu ilin sonuna hazır olacaq. Qazaxıstanda mütəmadi olaraq Xəzər üçün ən iri olan üç ədəd 60 min tonluq tankerin tikintisi barədə planlardan bəhs edilir. Onların dərinsulu Kurık limanından neft daşımaları üçün istifadəsi nəzərdə tutulur. Ancaq nəhəng tankerlərin yaradılması layihəsi texniki çətinliklərlə üzləşə bilər, çünki Xəzərin qərb sahilində dib dərinləşdirmə işlərinin aparılması və liman terminallarının yenidənqurulması lazım gələ bilər.
Türkmənistanda da Xəzər liderindən geri qalmamaq üçün tez-tez neftdaşıma donanmasının yaradılmasından bəhs olunur. Ancaq hələ ki Türkmənistanın dəniz və çay gəmiçiliyi hər biri 7 min ton olan iki tankerin istehsalna sifariş verməklə kifayətlənib. Sazişin ümumi məbləği $31 mln.-dur, gözlənir ki, tankerlər elə bu il həmin "Krasnoe Sormovo" zavodunun tərsanələrində düzəldiləcək.
Rusiyaya gəldikdə isə onun Xəzərdə tanker mövcudluğu dörd ədəd 7 min tonluq dəniz-çay tipli tankerlərlə məhdudlaşır, həmin tankerlər "LUKoyl" neft şirkətinin operatoru olan "Palmali" gəmiçilik şirkətinə məxsusdur. Beləliklə, bu gün məhz Azərbaycan Dövlət XDG-nin güclü tanker donanması Xəzər sərhədlərində xammal və neft məhsulları daşınmasının dörddəüçünü təmin etmək imkanına malikdir. "Keçən il XDG-nin gəmiləri tərəfindən 13 mln. ton yük daşınıb. Özü də onların çoxu neft daşımalarının payına düşüb. Bu il XDG daşımaların həcmini artırmağı düşünür. Tranzit Tengiz neftinin həcmləri hər il artırılaraq, gələcəkdə dörd milyon tona çatdırılacaq", - deyə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov bildirir.
"Ro-Ro" artıq köhnəlib
XDG-nin Xəzər daşımalarında tam fəaliyyət göstərən tanker donanmasından fərqli olaraq, gəmiçiliyin 35 quru-yük gəmisinin böyük hissəsi qonşu dənizlərdə istismar edilir. Bu gün 25-ə yaxın quru - yük gəmisi Qara, Aralıq və qismən də Mərmərə dənizlərində daşımalara cəlb ediliblər. Bu quru-yük gəmilərinin və "Ro-Ro" tipli gəmilərin daimi marşrutları yoxdur. Onları əsasən Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına birdəfəlik yük daşınması üçün kirayə edirlər. Xəzərdə isə əsasən bərələr fəaliyyət göstərir.
XDG-nin quru - yük gəmilərinin məcburi "mühacirəti" onunla bağlıdır ki, bu gün Xəzər limanları arasında quru və konteyner yüklərinin böyük bölümünü Rusiya gəmiləri daşıyır. Qara, Aralıq və Baltik dənizlərindən Xəzər hövzəsinə daşınan yüklərin də böyük qismi onların payına düşür. Yaranan durum Rusiyanın Qara və Baltik dənizlərinə keçid kanalları ilə sərbəst hərəkətə qoyduğu məhdudiyyətlərlə bağlıdır. Öz donanmasının maraqlarını qoruyan Rusiyanın yaxın zamanlarda icazə sistemini ləğv edəcəyinə və öz ərazi sularında xarici gəmilər üçün tətbiq etdiyi yüksək tarifləri azaldacağına inanmaq çətindir.
Bu yaxınlarda isə Rusiya hakimiyyəti öz ərazi sularına istismar müddəti 30 ili keçmiş gəmilərin daxil olmasına qadağa qoyub. Bu, çox ciddi amildir, çünki Azərbaycanın quru yük gəmilərinin 80%-nin istismar müddəti 25-30 il arasında dəyişir. Bütün bu məhdudiyyətlər Qara və Aralıq dənizində fəaliyyət göstərən Azərbaycan quru - yük gəmilərinin Bakı limanına çox nadir hallarda girməsinə səbəb olur, bir qayda olaraq, gəmilər Bakıya yalnız əsaslı təmir zamanı girirlər. XDG gəmilərinin daşıdıqları yükün dörddəüçü xarici reyslərin payına düşür.
Yaranmış durum XDG-nin quru-yük donanmasının genişlənməsi işini uzun müddət əngəlləyib: qurumun aldığı axırıcı quru - yük gəmisi 2002-ci ildə 5885 tonluq "Maestro Niyazi" olub. Ancaq Azərbaycanın quru - yük gəmiləri donanması getdikcə köhnəlir və son zamanlarda XDG onun yeniləşdirilməsi imkanlarına baxır. Ancaq işin məğzində yeni gəmilərin alınması yox, əldə olanların yenidən təhcizatı durur. "Bizdə olan quru - yük gəmilərinin əksəriyyəti 25 ildən çoxdur ki, işlədilir və bu gəmiləri artıq başqa ölkələrin daxili sularına buraxmırlar. Biz bu gəmilərin ən köhnələrini modernləşdirmək istəyirik ki, onların istismar müddətini bir on il də uzadaq", - deyə XDG -nin başçısı Aydın Bəşirov vurğulayır.
Bərələr, ay bərələr...
Bərə daşımaları sahəsində tamamilə fərqli durum müşahidə edilir. Hazırda XDG-nin balansında yeddi bərə var, onun beşi hələ SSRİ vaxtında istehsal edilib və hər biri 28 vaqon götürmək qabiliyyətindədir. İki yeni bərə isə iki il qabaq Xorvatiyanın Pula şəhərində yerləşən tərsanədən alınıb. Yeni bərələrin uzunluğu 154,5 metrdir və hər biri göyərtəsinə 52 vaqon və ya sistern götürə bilir. XDG-nin yaxın illər üzrə planına daha dörd böyük yükgötürmə imkanı olan bərələr almaq daxildir. Ancaq hələ ki gəmiçilik bir neçə gəmiqayırma müəssisəsi ilə bu barədə müzakirələr aparır.
Bərələrin alınması Böyük İpək Yolunun (TRACECA) dəniz hissəsi ilə daşımaları artırmaq məqsədi daşıyır. Bu tipli gəmilər Bakı, Türkmənbaşı və Aktau arasında işləyir və burada bərə daşımaları fəal inkişaf edir. XDG-nin qiymətləndirməsinə görə, bu il bərə daşımalarının iki dəfəyə qədər artması gözlənilir. Əgər 2008-ci ilin ikinci yarısında vaqonlarda yük daşınması orta hesabla vaqonbaşına iki min ton idisə, bu il dörd min ton daşınacağı gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınacağı 2011-ci ildən sonra isə bərə keçidi üzrə yüklər yalnız artacaq. Ən ciddi qiymətləndirmələrə görə, yalnız bizim ölkəmiz yük dövriyyəsini ildə 7-10 mln. ton artıracaq. Avropa və Cənubi-Şərqi Asiya ölkələri arasında tranzit (konteyner) yük axını isə əlavə imkandır. Onun həcmləri artıq ildə 20 mln. tondan çox qiymətləndirilir.
XDG-nin neftdənkənar donanmasının Xəzər dənizi çərçivəsində istifadəsinin daha bir perspektivli istiqaməti Rusiya ilə birgə gerçəkləşdiriləcək layihələr ola bilər. Burada "Ro-Ro" tipli gəmilərin Bakı və Həştərxan limanları arasında işlədilməsindən söhbət gedir. Azərbaycan və Rusiya nəqliyyatçıları çoxdan iki ölkə arasında yük dövriyyəsini dəniz daşımaları hesabına artırmaq yollarını müzakirə edirlər. Bu problem xüsusilə də yaz və yay mövsümləri, bizim ölkədən Şimal qonşumuzun bazarlarına daşınan meyvə və tərəvəzin həcmi artanda gündəmə gəlir.
Bundan başqa, 2007-ci ilin may ayından başlayaraq, Bakı və Həştərxan limanları arasında "Ro-Ro" tipli iki gəminin istifadəsi ilə avtonəqliyyat keçidi gerçəkləşdirilib. Keçiddə Azərbaycan tərəfindən "Bəstəkar Qara Qarayev" gəmisi və Rusiya tərəfdən eyni tipli başqa bir gəmi iştirak edib. XDG - yə məxsus gəmi bir dəfəyə öz göyərtəsinə 60 "KamAZ" markalı yük maşını və 40 avtoyedəkli uzun yük maşını götürmək imkanındadır. Ancaq bu pilot layihəsi müvəqqəti xarakterlidir. Meyvə - tərəvəz məhsullarının dənizlə daşınmasına olan ehtiyaca hesablanmış marşrut üzrə hərəkət, payız-qış mövsümündə dayandırılır və tələbat olan zaman - yaz-yay aylarında bərpa edilir.
Bütövlükdə götürəndə isə ağır böhran dönəmini inamla dəf edən Azərbaycan gəmiçiliyi, yükdaşıma həcmlərini azaltmadan, Xəzəryanı bölgədə öz potensialını getdikcə artırır.
MƏSLƏHƏT GÖR: