15 Mart 2025

Şənbə, 00:42

VERGİLƏR AZALDILIR, NƏZARƏT ARTIR

2010-cu ildən Azərbaycanda vergi məcəlləsinə bir sıra önəmli dəyişikliklər tətbiq ediləcək

Müəllif:

01.07.2009

Vergi Məcəlləsinə düzəlişlər edilməsi Azərbaycan parlamentinin hər il təkrarladığı "ritual"dır. Parlament əvvəllər bu düzəlişi etmədən qış tətilinə gedə bilmirdi, amma artıq iki ildir ki, yay tətili öncəsi də Vergi Məcəlləsində dəyişikliklər edilir. İlk dəfə olaraq bu il vergi qanunvericiliyinə dəyişikliklər dövlət büdcəsindən ayrıca olaraq birinci yarımildə gerçəkləşdirilib. Bu, büdcə proqnozlarına baxılması və təsdiqi prosesini yüngülləşdirmək, həmçinin vergi ödəyicilərinə gözlənən dəyişikliklərlə tanış olmaq üçün yetərincə vaxt verilməsi məqsədilə edilib. 

Bildirmək gərəkdir ki, artıq təcrübəli mühasiblər və sahibkarların özləri 2010-cu ilin 1 yanvar tarixindən başlanan vergi yeniliklərinin öyrənilməsinə başlayıblar. Bununla yanaşı tənqidçilər və analitiklər hələ də yeni düzəlişlər zərfinin bütövlükdə sadə insanlara, xüsusilə də, iş adamlarına təsiri üzərində düşünürlər...

 

Vergi azalır,  maaş artır!

Beləliklə, iyunda Azərbaycan parlamenti Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr layihəsini təsdiq etdi. Bütövükdə 46 yenilik var və onlar bütün məcəllə üzrə 4 istiqamətdə paylanıblar: vergi ödəyicilərinin hüquqlarının artırılması və maraqlarının müdafiəsi, vergi inzibatçılığının, vergi nəzarətinin və redaktə xüsusiyyətli dəyişikliklərin təkmilləşdirilməsi. 

Parlamentin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə deputatlara sənədin layihəsini təqdim edərkən bildirib ki, düzəlişlər vergi ödəyicilərinin vergi yükünün azaldılması məqsədini daşıyır. Doğrudan da, sahibkarları sevindirməyə nəsə var: 2010-cu ilin yanvar ayının 1-dən birbaşa vergilərin bir neçə növü üzrə dərəcələr azaldılır.  

Əlbəttə, Azərbaycan zəhmətkeşləri üçün ən önəmli məsələ fiziki şəxslərdən tutulan gəlir vergisinin səviyəsinin azaldılmasıdır. Axı bu bənd birbaşa hər bir Azərbaycan ailəsinin gəlirlərində özünü göstərəcək, azalan faizlər maaş məbləğində "oturacaqlar", yəni qeyri-ixtiyari onun artırılmasının səbəbkarı olacaqlar. Belə ki, işə götürülənlər üçün gəlir vergisinin maksimum ölçüsü 35%-dən 30%-ə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 35%-dən 20%-ə endirilib. 

Qeyd edək ki, 2008-ci ildən başlayaraq, fiziki şəxslərin iki min manata qədər olan gəlirlərindən 14% dərəcəsi ilə gəlir vergisi tutulur, yuxarı gəlirlər üzrə isə 2000 manat üçün tutulan 280 manatın üzərinə 2000 manatdan artıq olan məbləğ üçün  35%-lik dərəcə ilə tutulan vergi məbləği gəlinir. Özü də 14%-lik dərəcə ilə tutulan illik gəlir həddi 24 min manatdır, 35% -lik vergi dərəcəsi isə 3360 manat üstəgəl illik 24 000 manatlıq gəlirə şamil olunur. 

Əlbəttə, bu yenilik bəndinin müəllifləri  və gerçəkləşdiriciləri onun həyata keçməsində başqalarından az maraqlı deyillər. Çünki özləri də maaş alırlar. Ancaq onları başqa məsələ də narahat edir. İndiki 35%-lik gəlir vergisi üzrə Vergilər Nazirliyinin vergi cinayətlərinin ilkin istintaqı idarəsi mütəmadi olaraq vergidən yayınma halları aşkar edir. Vergilər Nazirliyinin operativ nəzarət üzrə tədbirlərinin yekunlarına görə, yalnız 2009-cu ilin may ayında vergi qanunvericiliyidən yayınma üzrə 2000-dən çox fakta rast gəlinib. 2008-ci il ərzində isə vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa pozuntu faktları üzrə fiziki və hüquqi şəxslərə qarşı 191 cinayət işi açılıb. Buna görə də dərəcələrin bu cür aşağı salınmasında əsas məqsəd gəlirlərin maksimum "ağardılması" və bu vergi növü üzrə büdcə daxilolmalarını artırmaqdır.  

Qeyd etmək lazımdır ki, Avropa və Baltikyanı ölkələrdə gəlir vergisinin dərəcələri daima azaldılır. Məsələn, Estoniyada və Litvada 1 yanvar 2008-ci il tarixdən əhalidən tutulan gəlir vergisinin dərəcəsi azaldılıb. 2011-ci ilə qədər onun hər bir fazinin azaldılması baş verəcək.  Üç il ərzində bu ölkələrdə gəlir vergisinin dərəcəsi hər il 18%-ə qədər azalacaq. İndi vergi yükünün aşağı salınması və iqtisadi artıma əlavə impuls verilməsində maraqlı olan dövlətlərin əksəriyyətində gəlir vergisi üzrə vahid dərəcə tətbiq etməyə can atırlar. Azərbaycan da məhz bu istiqamətə doğru irəliləyir. 

 

Sadələşmiş gəlir 

Ümumiyyətlə, mənfəət vergisi dərəcəsinin 22%-dən 20%-ə qədər endirilməsi də bu məqsədi daşıyır. Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası bu barədə sahibkarlar adından çıxış edərək hökumətə təklif vermişdi və eyni zamanda, bir sıra beynəlxalq qurumlar da bunu tövsiyə edirdilər. Bunun sahibkarlığın inkişafına nə dərəcədə təsir göstərə biləcəyini aşağıdakı misalla da göstərmək olar: 1 yanvar 2006-cı ildən Azərbacanda mənfəət vergisinin dərəcəsi 24%-dən indiki 22%-ə endirilib. 

Bu müddət ərzində hüquqi şəxslərin sayı il ərzində 6% artıb, məhz həmin müddət ərzində ölkədə  yoxsulluq dərəcəsi 9 bənd azalıb və bunların heç biri kiçik göstərici deyil.  Belə ki, 2006-cı ilin yekununa görə, ölkə üzrə yoxsulluq səviyyəsi 29%-dən  20%-ə, 2007-ci ildə 20%-dən 16 %-ə enib. Sahibkarlıq fəaliyyəti ilə  məşğul olan şəxslərin sayı isə 2006-cı il boyunca 6,8% artaraq, 339  147  sahibkara çatıb. 

Sahibkarlığın, xüsusilə də, kiçik və orta biznesin inkişafı üçün, "gizli" vergi ödəyicilərinin "işığa çıxması" baxımından növbəti önəmli addım isə dərəcəsini indiki 4% səviyyəsində saxlamaqla sadələşmiş vergi sistemində dəyişikliklər ola bilər. İndiki vergi qanunvericiliyinə əsasən, sadələşmiş vergi sisteminin ödəyiciləri əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydə alınmayan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən və rüb ərzində vergi tutulan əməliyyatlarının məbləği 22 500 manatı keçməyən şəxslər ola bilər. 

Vergilər nazirinin müavini Natiq Əmirovun sözlərinə görə, 2010-cu ildən sadələşmiş vergi ödəyiciləri  illik dövriyyəsi 150 min manatı keçməyən hüquqi şəxslər və 90 min manatı ötməyən  fiziki şəxslər ola biləcək.  "Limiti keçən zaman hüquqi və fiziki şəxslər on gün ərzində Vergilər Nazirliyindən  ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər",- deyə  N.Əmirov vurğulayıb. 

Yada salaq ki, kiçik və orta sahibkarlar üçün bu vergi növünün xüsusi üstünlüyü var: sadələşmiş vergi ödəyicisi olan hüquqi şəxslər ƏDV, mənfəət vergisi və əmlak vergisindən azaddırlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə gəlir verigisi və ƏDV vermirlər. 

 

Büdcəyə zərər vurmadan 

Göründüyü kimi, bütövlükdə yeni düzəlişlər sahibkarlar üçün yalnız müsbət gözləntilər vəd edir. Vergilərin birbaşa yollandığı dövlət büdcəsi üçün də bunu demək olarmı?  Bu  azalmadan dövlət xəzinəsi zərər görməyəcək ki? Büdcənin gəlir hissəsi barədə iddialı proqnozları yerinə yetirmək mümükün olacaqmı? Xatırladaq ki, bu il Vergilər Nazrliyi dövlət büdcəsinə 5,75 milyard manat daxil olma təmin etməlidir. Bu, 2008-ci ilin proqnozuna baxanda 6,9% çoxdur.

Hökumətdə düşünürlər ki, əlbəttə, itkilər ola bilər. Məsələn, fiziki şəxslərdən tutulan gəlir vergisinin dərəcəsinin azalmasından budcənin itkiləri 50 milyon manat təşkil edə bilər. Amma Vergi Məcəlləsinə başqa düzəlişlər və əlavələr vəziyyəti düzəldəcək.  Bu, məhz vergi nəzarətinin gücləndirilməsi, vergi inzibatçılığı sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi üzrə tədbirlərin hesabına nəzərdə tutulur. Bütün bunlar hamısı, həmçinin bir sıra vergi növləri üzrə cərimələrin ölçüsünün artırılması sonucda vergi yığımı səviyyəsini artıracaq ki, bu da onların dərəcəsinin azaldılmasını kompensasiya edəcək. Bundan başqa, aşağı faiz dərəcələri biznes adamlarını öz bizneslərini genişləndirməyə və ya yeni müəssisələr yaratmağa sövq edəcək ki, bu da son nəticədə yığılan vergilərin həcmində özünü göstərəcək. 

Bildirmək gərəkdir ki, büdcə üçün zərərin ən az həddə olmasından ötrü bu il ƏDV üzrə dərəcələr aşağı salınmayıb, amma iş adamları bunu da xahiş etmişdilər. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, "bu, demək olar ki, heç bir fayda verməzdi". Çünki ƏDV dərəcəsinin bir faiz azalmasından dövlət büdcəsi 140 milyon manat itirir. Uyğun olaraq, ƏDV dərəcəsinin azalmasından büdcə itirərdi, çünki əsasən xarici şirkətlərin maksimum dərəcə ilə ödədiyi mənfəət vergisinə baxanda ƏDV üzrə vergitutma bazası daha genişdir. 

Bununla yanaşı, 2010-cu ildən ödəniş əsasında işləyən məktəbəqədər təhsil müəssislərinin də ƏDV-dən azad edilməsi düşünülür. Vergi inzibatçılığının təkmilləşdirilməsi çərçivəsində yenilik kimi hesab-fakturaların elektron formada təqdimatı da nəzərdə tutulur. Bunun nəticəsində Azərbaycan Şərqi Avropa və MDB üzrə elektron hesab-fakturalar qəbul edən ilk ölkə olacaq. Gələn ildən həmçinin il ərzində yığılmış vergi borcları üçün faiz ödənişlərinin də gerçəkləşdirilməsi nəzərdə tutulur. 

Beləliklə, etiraf etmək lazımdır ki, yeni düzəlişlərin yaxşı tərəfi qaranlıq məqamlardan çoxdur. Ən başlıcası isə, Azərbaycan bir daha ölkədə biznes mühitin yaxşılaşdırılmasının davam etdirilməsinə səy göstərdi ki, bu da, şübhəsiz ki, beynəlxalq institutların reytinq göstəricilərində layiqli əksini tapacaq. Bu da öz növbəsində ölkəyə sərmayələrin və kapitalın axını üçün əsas stimuldur. 


MƏSLƏHƏT GÖR:

573