
İANƏLƏR HESABINA YAŞAYAN ÖLKƏ
Ermənistandakı rejimin xarici və daxili siyasətindən narazılıq Vaşinqtonun bu ölkəyə maliyyə yardımı ilə bağlı planında da öz əksini tapıb
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə çözümü prosesi həlledici mərhələyə qədəm qoyub. Lakin danışıqlar ləng gedir və ona görə də şübhə doğurmur ki, vasitəçilər - Rusiya, ABŞ, həmçinin Avropa İttifaqını təmsil edən Fransanın yardımı olmadan nəticə əldə etmək çətin ki, mümkün olsun. Bu səbəbdən də artıq yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri deyil, həm də bu dövlətlərin xarici işlər nazirləri və prezidentləri də dialoqun gedişi ilə maraqlanır və onda iştirak edirlər.
Lakin işlər heç də yalnız diplomatik addımlarla məhdudlaşmır - axı siyasi təzyiq alətləri ilə yanaşı, həm də maliyyə rıçaqları da var və xarici siyasi məqsədlərə nail olmaq üçün onlardan da fəal şəkildə istifadə edilir.
İyunun ortalarında Moskva Yerevana hələ ilin əvvəllərində vəd etdiyi 500 milyon dollar həcmində sabitləşdirici krediti, nəhayət, ayırdı. Bundan başqa, Ermənistana Beynəlxalq Valyuta Fondundan (BVF) 822,7 milyon dollar həcmində kreditin verilməsinə də başlanıldı.
2009-2012-ci illərdə isə Dünya Bankının bu ölkəyə 545 milyon dollar kredit ayıracağı gözlənilir.
Bütün bunların fonunda onu da xatırladaq ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə, regionun bərpası üçün 1 milyard avrodan artıq maliyyə vəsaiti ayıracağını dəfələrlə vəd edib.
Əksər xarici siyasət məsələlərində Ermənistanın mövqeyi ABŞ-ı qane etməsə də, Vaşinqton həmişə bu ölkəyə səxavətlə pul ayırıb. Son 15 ildə Ermənistan Vaşinqtonun İsraildən sonra (əhalisinin sayına əsasən) ən çox maliyyə ayırdığı ölkədir.
Lakin bu, həmişə belə davam edə bilməzdi. O baxımdan, "Minilliyin çağırışı" proqramı çərçivəsində Ermənistana maliyyənin dayandırılması haqda hələ Corc Buş administrasiyası dövründə qəbul olunmuş qərarı ənənəvi siyasətdən imtina istiqamətində ilk addım da saymaq olar. Xatırladaq ki, həmin proqram çərçivəsində 5 il ərzində Yerevana suvarma sistemləri və kənd yollarının bərpası, eləcə də müasirləşdirilməsi üçün 235 milyon dollar qrantın ayrılması nəzərdə tutulmuşdu. Vaşinqtonun bundan imtinası Ermənistanda prezident seçkisinin biabırçı şəkildə baş tutması və müxalifətə qarşı repressiyaların həyata keçirilməsi ilə əlaqədardır.
ABŞ Dövlət Departamentinin insan haqları və demokratiyaya dair illik hesabatında Ermənistanla bağlı aşağıdakı fikirlər yer alıb: "2008-ci ilin prezident seçkisində ciddi pozuntulara yol verilməsi ölkədə siyasi böhrana səbəb olub və bu hələ də aradan qaldırılmayıb. 2008-ci il martın 1-də hakimiyyət nümayişçilərin dağıdılması üçün güc tətbiq edib, onlarla insan həbs olunub, 20 gün ərzində fövqəladə vəziyyət tətbiq edilib və bu, KİV-in fəaliyyətini, həmçinin insanların azad toplaşmaq hüququnu məhdudlaşdırıb. Müxalifətlə polis arasında toqquşmalar nəticəsində 10 nəfər həlak olub. Hakimiyyət opponentlərini qorxutmaq və onlardan qisas almaq üçün güc tətbiq edib. Polis həbs edilmiş şəxsləri döyüb, istintaqın müstəqilliyi təmin olunmayıb. Milli təhlükəsizlik xidməti və polis qanunsuzluq edib, özbaşına həbslər həyata keçirib".
Erməni lobbisinin ABŞ-ın yeni demokrat administrasiyasının Ermənistana daha "mərhəmətli" yanaşacağı ilə bağlı gözləntilərinə baxmayaraq, Yerevan Şəhər Şurasına keçirilən seçkilərin beynəlxalq aləm tərəfindən sərt tənqidə tuş gəlməsi, həmçinin ötən ilin martında baş vermiş qanlı hadisələrin obyektiv araşdırılmasına cəhd göstərilməməsi ilə əlaqədar olaraq "Minilliyin çağırışı" korporasiyasının direksiyası bu ölkəyə maliyyə yardımının dayandırılmasına dair əvvəlki qərarı yenidən təsdiqləyib. Bəzi tanınmış müxalifət nümayəndələrinin (sabiq xarici işlər naziri Aleksandr Arzumanyan, həmçinin sabiq DİN başçısının mühafizəsinin keçmiş rəhbəri Suren Sirunyan, parlamentin deputatları Akop Akopyan və Myasnik Malxasyan və digərləri) azadlığa buraxılmasını nəzərdə tutan gecikmiş amnistiya aktının qəbulu da, çətin ki, vəziyyəti dəyişsin.
Ermənistan rəhbərliyinin xarici və daxili siyasətindən narazılıq ABŞ administrasiyasının 2010-cu il üçün büdcə müraciətində də özünü göstərib. Sənəddə Ermənistana cəmi 30 milyon dollar yardım nəzərdə tutulub, halbuki, 2009-cu ilin dövlət büdcəsində bu rəqəm 48 milyon dollardır.
Müraciətdə Dağlıq Qarabağa maliyyə yardımı ilə bağlı maddə isə tamamilə ləğv edilib.
Xatırladaq ki, 2009-cu ilin büdcəsində separatçı rejimə 8 milyon dollar yardım nəzərdə tutulub. Obama administrasiyası hərbi yardım məsələsində də indiyədək gözlənilən pariteti pozmağa qərar verib. Vaşinqton bu məqsədlə Ermənistana 3 milyon, həmçinin hərbi təlimlər proqramı (IMET) çərçivəsində daha 450 min dollar təklif edib. Azərbaycanla bağlı isə bu rəqəmlər müvafiq olaraq 4 milyon və 900 min dollardır.
Lakin erməni lobbisi, həmçinin Kapitolidəki ermənipərəst qüvvələr qanun layihəsinə Yerevanın maraqlarına uyğun dəyişikliklər edilməsinə nail olublar. Konqresin Nümayəndələr Palatasının Xarici əməliyyatlar alt komitəsi növbəti ilin xəzinəsində Ermənistana ötən il olduğu qədər - 48 milyon dollar maliyyə yardımının göstərilməsinə səs verib.
Üstəlik, komitə Dağlıq Qarabağa maliyyə yardımını nəinki qüvvədə saxlayıb, hətta onu artıraraq, 10 milyon dollara çatdırmağa da nail olub. Alt komitə Ermənistan və Azərbaycana ayrılacaq hərbi yardımda paritetin qorunmasına da səs verib (hər ölkəyə 3 milyon dollar).
Amerikalı konqresmenlərin bu addımları heç də təəccüblü deyil. Lakin alt komitənin qərarı məsələyə son nöqtəni qoymur. Müzakirələr digər komitələrdə davam etdiriləcək, daha sonra sənədin Nümayəndələr palatası və Senatda təsdiqi mərhələsinə keçiləcək. Yalnız bundan sonra o, imzalanmaq üçün prezidentə göndəriləcək.
Odur ki, Serj Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair həlledici mərhələdə qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi təqdirdə, Ermənistana maliyyə yardımlarının həcminin artmaması da mümkündür. Əgər Yerevan açıq-açığına ABŞ-ın regiondakı rəqiblərinin siyasətini dəstəkləyərsə, Vaşinqton nəinki bu ölkəyə yardımını azalda, Ermənistana BVF və Dünya Bankı xətti ilə ayrılan kreditləri də dayandıra bilər - bu qurumlarda məhz Birləşmiş Ştatlar həlledici söz sahibidir. Bu isə onsuz da dərin böhran yaşayan Ermənistan iqtisadiyyatı üçün ciddi itki olacaq.
MDB-nin Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-aprel aylarında Ermənistanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 19,7% azalıb. Müqayisə üçün deyək ki, ümumilikdə MDB-də bu azalma təxminən 9% təşkil edib. Azərbaycanda isə ÜDM 4,3 % artıb. Artım Gürcüstanda da qeydə alınıb - 2,1%.
Ermənistanın xarici iqtisadiyyat sahəsində vəziyyət daha ağırdır. Bu ölkədə ixracın həcmi 47,8% azalıb və 200 milyon dollardan bir qədər artıqdır (bu, Azərbaycanla müqayisədə 20 dəfə azdır).
İdxala gəlincə, burada da 29,9% azalma var (təxminən 1 milyard dollar). Nəzərə alsaq ki, qlobal maliyyə böhranı şəraitində xaricdən valyuta transferləri nəzərəçarpacaq dərəcədə azalıb, Ermənistanın ödəmə balansı da son dərəcə gərgindir.
Odur ki, BVF və Rusiyanın sabitləşdirici krediti olmadan defoltdan qaçmaq qeyri-mümkündür.
Ermənistan hökumətinin rəsmiləri və hakimiyyətə yaxın analitiklər, təbii ki, yerli əhali və beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar ki, ölkə ümumilikdə maliyyə böhranının öhdəsindən gəlir və vəziyyət tezliklə normallaşacaq. Lakin bu saxta nikbinliyi heç də hamı bölüşmür. Ölkə parlamenti spikerinin iqtisadi məsələlər üzrə məsləhətçisi Tatul Manaseryan hesab edir ki, 2010-cu ilin ortaları və ya sonlarında Ermənistan qlobal maliyyə böhranının ən ağır dövrünü yaşayacaq. Son zamanlar praktik olaraq Ermənistanın xarici borclarını 2 dəfə artırmış kredit öhdəliklərinə gəlincə, Manaseryan bu siyasətin davam etdirilməsini lazım bilir. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyatını tam dirçəltməsi üçün, təxminən, 10 milyard dollar gərəkdir.
Göründüyü kimi, ermənilərin iştahı böyükdür. Lakin destruktiv siyasəti nəticəsində özü-özünü Güney Qafqazda reallaşdırılan nəhəng layihələrdən kənarda qoymuş, nəqliyyat blokadasına salmış və ən nəhəng regional bazarlar - Türkiyə və Azərbaycandan təcrid etmiş ölkəyə belə böyük həcmdə investisiyaları kim yatıracaq? İran pulları hesabına yüz kilometrlərlə dəmir yolunun çəkilməsi və ya Mehridə neftayırma zavodunun tikintisi kimi fantastik görünən layihələrin reallaşacağı inandırıcı görünmür. Çünki bu layihələr hələ iqtisadi böhrandan əvvəl də real sayılmırdı, hazırkı qlobal böhran və İranda yaşanan siyasi iğtişaşlar fonunda isə bu layihələri artıq birdəfəlik unutmaq olar.
Şəxsən mən amerikalı və avropalı diplomatlarla çoxsaylı görüşlər zamanı dəfələrlə bir məqama diqqət çəkmişəm ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ona bitişik rayonlardan qoşunların çıxarılmasına dair tələblərinə əməl etməyən Ermənistana maliyyə yardımının göstərilməsi, yardım edənlərin dolayısı ilə, işğalçılarla işbirliyi anlamına gətirir. Axı Yerevan xarici donorlardan aldığı pulları pis vəziyyətdə olan iqtisadiyyatına, öz vəsaitlərini isə hərbi sahələrə yönəldir. Ermənistanın ÜDM-də hərbi xərcləri görünməmiş dərəcədə yüksəkdir və onlar bu məsələdə nəinki Azərbaycanı, hətta bütün Avropanı geridə qoyur.
Odur ki, sülhə nail olunması üçün sadə formula keçilməlidir: münaqişənin həllində real nəticə əldə edilməyənədək tərəflərdən heç birinə yardım göstərilməməlidir. Konstruktiv mövqeyə görə mükafatlandırma, kompromisdən imtinaya görə isə sanksiyalar - yalnız bu yolla müasir dövrdə başqa ölkənin ərazilərini işğal etməyi mümkün sayan, öz cəzasızlığına inanan və reallıq hissini itirərək miflərlə yaşayan siyasətçi və ideoloqları ağıllandırmaq mümkündür.
MƏSLƏHƏT GÖR: