24 Noyabr 2024

Bazar, 19:22

SIĞINACAQ VERİN...

Ekspertlər düşünür ki, Azərbaycanda sahibsiz heyvanlarla iş üzrə ixtisaslaşdırılmış təşkilatların yaradılması vaxtıdır

Müəllif:

15.06.2009

Bircə ağ ləkəsi olmayan, qapqara pişik balası yazıq-yazıq miyoldayırdı. Təbii ki, ətrafında nələr baş verdiyindən heç nə anlamırdı, sadəcə, instiktlə ona tərəf gələnlərdən yardım istəyirdi. Qara pişiyin bəxti gətirdi, onun dalınca gəliblər və tezliklə o, özünə sığınacaq  tapacaq. Yəni indən belə o, küçədə soyuqdan və aclıqdan titrəməyəcək, ya da təsadüfən avtomobil təkərlərinin altında qalmayacaq, yaxud da  hansısa zalımın zülmünə tuş gəlməyəcək. 

 

Sığınacaqlar yaradılmalıdır 

"Biz onu bu yaxınlarda götürmüşük. Xatırlayıram, yağış yağırdı. O, küçədə, yaşayış binasının divarı yanında uzanmışdı. Əvvəl mən düşündüm ki, artıq ölüb, amma həmin vaxt pişik balası qalxmağa cəhd etdi. Mən onu götürdüm və çətinliklə çıxdım. O, sağ qaldı, çünki yaşamaq istəyirdi". "Nuhun gəmisi" sığınacağında 15-ə yaxın pişik balası və iri pişiklər var. Bu da sirr deyil ki, səfil pişiklərin sayı qat-qat çoxdur, küçələr onlarla doludur. Sadəcə, biz onları görməməyə çalışırıq. Əgər binamızın girişinə yiyəsiz pişik gələrsə, ona yemək vermirik, qorxuruq ki, alışar və qalmağa qərar verər, ondan sonra yersiz başağrısından yaxa qurtarmaq çətin olar. 

Uşaqlarmızı da buna öyrədirik. Deyirik ki, səmə, yəni avara itlərə bizim aramızda yer yoxdur. Amma bizə də bəllidir ki, bu heyvanların axırı necə bitir, gec-tez güllə ilə vurub, "köpək qutusuna" qoyub aparacaqlar. Buna görə də sığınacağın inzibatçıları öz işlərindən çox danışmağı sevmirlər. Sığınacaq öz əsas sponsorunu itirdikdən və heyvanlar barədə düşünməyi ağlına belə gətirməyən başqa əllərə keçdikdən sonra onlar çox problemlər həll etməyə məcbur olublar. Sığınacağı saxlamağı bacarıblar, amma bunun üçün hətta Heyvanları Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev işə qarışmalı olub. Kiçik ərazi əllərində qalıb, amma maliyyədən məhrum olublar. Halbuki indi pul lazımdır və özü də çox lazımdır. İnsanlar kimi yiyəsiz heyvanların da məişət problemləri çoxdur. 

 Axı heyvan sığınacağı ictimai təşkilat kimi işləyən qeyri-kommersiya birliyidir. Xeyriyyə məqsədləri üçün pulsuz yer vermirlər, buna görə də Bakıdakı sığınacaq vətəndaşların cüzi ianələri hesabına fəaliyyət göstərir. Bunlar da azsaylı həvəskarlardır. Onlar yiyəsiz heyvanları küçələrdə tapırlar, sonra elanlar, internet-forumları vasitəsilə istəyənlərə verirlər. Hüquqi olaraq, bu cür sığınacaqlar fərdi mənzillərdə qeydə alınır, başqa yolu yoxdur.  Bu cür pərakəndə qurumlar ev pişikləri və köpəkləri üçün nəzərdə tutulub. Amma bəzən küçələrdə tutu quşuları və tısbağalar da tapılır. "Şəksiz, bütün bu heyvanları yedizdirmək, onlara dərman vurmaq, müalicə etmək lazımdır. Bütün bunlara vəsait, təbii ki, çatmır. Buna görə də heyvanlar özünə gələn kimi biz qısa zamanda onlar üçün yiyə tapmağa çalışırıq ki, yer boşalsın və başqasını gətirək", - deyə Yiyəsiz Heyvanları Qoruma Cəmiyyətinin  (YHQC) sədri  Leyla Əlizadə bildirir.

YHQC-nin əsas fəaliyyəti küçələrdən götürülmüş heyvanları xeyriyyə internet-forumları vasitəsilə evlərdə yerləşdirməkdir. "Bizim təşkilat 2007-ci ildə yaranıb. 2008-ci ildə biz sığınacaq yaratmaq istədik, amma alınmadı, bürokratik əngəlləri keçə bilmədik. Bizə ərazi vermədilər. Amma xeyirxah iş görmək üçün heyvanları düzgün saxlamaq lazımdır, təbii ki, yeni yiyələr axtarmaq isə ondan da vacibdir. Ancaq bütün bunları etmək çox çətindir, çünki lazım olan dəstək yoxdur, hardansa yardım gələcəyinə ümid də çox azdır". 

 

 "Köpək qutusu"na əvəz 

Sığınacaqların yaradılması əslində Bakı Şəhər İcra Hakimiyyətinin (İH) Sanitar Kommunal İdarəsi nəzdində fəaliyyət göstərən yiyəsiz heyvanlarla mübarizə şöbəsinin işinə alternativdir. Bəllidir ki, adətən bu qurum yiyəsiz köpəkləri vurmaqla məşğuldur və buna görə də xalq arasında "köpək qutusu" adlandırılır. 

"Biz uşaqlarımıza necə örnək göstəririk? Axı "köpək yeşiyi" çağırışsız gəlmir. Və bu çağırışları sizin, bizim kimi adamlar edir, özü də bu yazıq heyvanların başına nə gələcəyini əvvəlcədən bilirlər. Onlar "qətlə" sifariş verirlər. Sonra da biz təəccüblənirik ki, niyə bizim toplum və uşaqlarımız bu cür zalım olublar. Biz müxtəlif xəstəliklərə yoluxmaq qorxusu altında bu yazıq heyvanların ölümünə razılaşırıq? Amma hər bir it, hər bir küçük, hər bir pişik necə virus daşıyıcısı ola bilər? Bu yazıq heyvanların yaşamağa haqqı yoxdur? Nə etməliyik? Başlanğıc üçün köpəyi yedizdirmək, çimizdirmək, dezinfeksiya etmək və xeyirxah bir ailəyə verməyə çalışmaq lazımdır. Xeyirxah, yaxınlara və "bizim kiçik qardaşlaımıza" sevgi ilə böyümüş uşaqlar, təbii ki, ləyaqətli insanlar kimi böyüyəcəklər. Sizcə, belə deyil?" - deyə L.Əlizadə soruşur.  

YHQC sədri bildirib ki, qısa fəaliyyət dönəmində əldə edilənlər azdır, amma nəticələr də var. "Biz 15 nəfər könüllüdən ibarət qrup pişikləri və köpəkləri küçələrdən yığmağa davam edirik. Öz pullarımız hesabına onları baytara aparıb müalicə etdiririk, qulluq göstərir, lazımi zərdabları vururuq, ehtiyac olanda  strelizasiya etdiririk. Ən başlıcası isə bu heyvanları yaxşı bir ailəyə verməkdir. Biz müxtəlif peşə adamlarıyıq, yaşımız, baxışlarımız fərqlidir, amma bizləri heyvanlara sevgi və onlara yardım etmək hissi birləşdirir. Biz bunu hansısa gəlir üçün etmirik, biz sadəcə yiyəsiz itlərin və pişiklərin həyatını xilas edirik. Bizim könüllülərin və internet-forumların hesabına onlarca küçüyü evlərə yerləşdirmişik. Azərbaycanda 8 milyondan çox əhali var. Amma çox az sayda adam şəhəri sahibsiz heyvanlardan xilas etmək üçün istifadə edilən qeyri-insani üsullara diqqəti çəkmək istəyir", - deyə  L.Əlizadə vurğulayır.   

 

Qanun lazımdır 

Azərbaycanın Dövlət Baytarlıq Xidmətinin başçısı İsmayıl Həsənov vəziyyəti şərh edərək bildirib ki, yiyəsiz heyvanlarla mübarizə tədbirləri çox vaxt ötəri xarakter daşıyır və istənilən sonucları vermir. "Nazirlər Kabinetinin sərəncamı əsasında bütün rayon baytarlıq xidmətlərinə məhvetmə sexləri təşkil etmək və onların işini nəzarətdə saxlamaq tapşırılıb. Hazırda ölkə üzrə 35 rayonda məhvetmə sexləri fəaliyyət göstərir. Ancaq heyvanları tutmaq və güllələmək üsulları tez-tez əhalinin haqlı gileyinə səbəb olur. Təbii ki, yiyəsiz heyvanların sayının azalması üçün ağrı və əzab yaratmayan üsullara əsaslanan  qanunverici aktların qəbuluna ehtiyac var". Bu zaman İ.Həsənov da etiraf edib ki, yiyəsiz heyvanlar üçün sığınacağın yaradılması problemin uğurlu həllərindən biri ola bilərdi. Bu, əlaqələndirməni, səmərəli idarəetməni və şəhər heyvanları üzərində nəzarəti, həmçinin normativ bazanın işlənməsini təmin edə bilərdi. 

Eyni zamanda Heyvanları Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev qeyd edir ki, Azərbaycanda heyvanlarla davranış barədə yeni qanunvericilik tətbiq etmək lazımdır. "Bizim hüquqçuların və könüllülərin dəstəyi ilə "Heyvanların müdafiəsi haqqında" Qanun layihəsi işləmişik. Bu məsələdə bizə Ekologiya və Təbii Sərvətlər Nazirliyi böyük yardım göstərib. Bu məsələyə təşəbbüsü nazirlik qaldırıb.  Qanun layihəsi heyvandarlığı, o  cümlədən damazlıq heyvandarlığı, balıqçılığı, ovçuluğu, dövlət təbiət qoruqlarında heyvanlarla davranışı, ev heyvanlarının saxlanmasını, heyvanların sirklərdə, zooparklarda, sərgilərdə və başqa tamaşalarda, həmçinin elmi-tədqiqat və tədris məqsədləri ilə istifadə edilməsini əhatə edir. Bütünlükdə, bu qanun heyanlara mülkiyyət hüququndan asılı olmayaraq, onlarla davranış hallarını əhaətə edir".

Qanun layihəsi Prezident Aparatına göndərilib və A.Qarayev ümid edir ki, bu qurumdan onu lazımi orqanlara göndərəcəklər. Məsələn, göndərilənlər sırasında Səhiyyə Nazirliyi də olmalıdır. Çünki sənəd üzərində təcrübələr aparılan heyvanları da əhatə edir. Həmçinin kənd təsərrüfatında heyvanların saxlanmasını və nəqliyyat vasitəsi kimi işlədilməsi nəzərə alınaraq, sənəd həm də Kənd Təsərrüfatı Nazirliyinə yola salınmalıdır. Təhsil Nazirliyi də bu qurumların sırasında olmalıdır. Bütün bu ünvanlar qanun layihəsi ilə bağlı öz rəylərini verməlidirlər.  

 "Başa düşürəm ki, yiyəsiz heyvanlar barədə olan qanunvericiliyi qısa müddət ərzində dəyişmək mümkün deyil. 2002-ci ildə biz ölkə hökumətinə müraciət edərək, Heyvanların Müdafiəsi üzrə Avropa Konvensiyasını təsdiq etməyi xahiş etmişik. 2003-cü ildə Azərbaycan Konvensiyaya qoşulmaq barədə sənədə imza atıb. Deməli, yiyəsiz heyvanların saxlandığı sığınacaqlar çoxdan təşkil edilməli idi. Bu işlə məşğul olan dövlət qurumlarının, vətəndaşların yiyəsiz heyvanların probleminə baxışını dəyişmək lazımdır", - deyə A.Qarayev vurğulayıb.

 

Onlarda necədir?

Qərb ölkələrində nəzarətsiz ev heyvanları və yiyəsiz heyvanlarla işin əsas forması heyvanların geri qaytarılmadan tutulması və sığınacaqlarda yerləşdirilməsidir. Sığınacaqlar həmçinin evlərdən artıq heyvanların yığılması və yeni yiyələrə verilməsi mərkəzləri kimi də fəaliyyət göstərir. Sahiblərinə geri qaytarılmaq üçün nəzərdə tutulan müddət keçdikdən sonra heyvanlar saxlanmaq üçün yeni sahiblərə və ictimai sığınacaqlara verilə bilər. 

Lazım olmayan heyvanların fiziki məhvi də mümkündür. Məhvetmə  (evtanaziya) qaçılmaz tədbirdir, çünki bələdiyyə proqramını yerinə yetirən sığınacaqların, yəni "məhdudiyyətsiz qəbuletmə sığınacaqları"nın yetərincə yüksək buraxılış imkanı olmalı və yeni heyvanların gətirilməsini həmişə gözləməlidir. İri heyvan müdafiəsi cəmiyyətlərində düşünürlər ki, heyvanların əzab verilmədən, sivilyollarla məhv edilməsi onları küçədə həyatın təsadüflərinə buraxmaqdan daha humanist işdir, heyvanları qəfil və əzablı ölümdən qoruyur. 

Sahibsiz heyvanların, uyğun olaraq evtanaziya tətbiq edilən heyvanların sayının azaldılması üçün sığınacaqlardakı önəmli profilaktiki tədbirlərdən biri sahibi olan heyvanların artmasının məhdudlaşdırılmasıdır. Ümumi sayda sterilizə tətbiq edilmiş heyvanların sayının 70-80%-ə çatmasından sonra küçələrdən tutulan heyvanların sayı yetərincə azalır. 

Burası var ki, küçə itləri həmişə əsl problemə çevrilə bilir: sürü ilə gəzirlər və yoldan keçənlərə hücum edir, bəzən də quduzluq mənbəyinə çevrilirlər. Belə faktlar olub və indi də var. Amma bununla belə yiyəsiz heyvanların artımının qarşısının alınması ilk öncə humanist vasitələrlə icra edilməlidir. 

İşgəncəli ölüm canlı varlığın əzabları ilə müşaiyət olunur. Bu "sifarişli" qətlə istəmədən şahid olanlarsa  psixoloji zədə alırlar. Bundan sonra çox vaxt uşaqların qəzəbli və kobud böyümələrinə niyə təəccüb edirik? Başqa nə cür olsun? Axı onların gözü qabağında çox vaxt tək və sadiq dostu saydığı canlıya divan tuturlar/... Yiyəsiz heyvanları anlamaq və onlara yardım etmək lazımdır. Bu mərhəmətli və yararlı işdir, cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir.


MƏSLƏHƏT GÖR:

406