15 Mart 2025

Şənbə, 00:42

DOĞMA DAM ALTINDA

Azərbaycan qaçqın və məcburi köçkünlərinin sayına görə dünyada ikinci yeri tutur

Müəllif:

15.06.2009

Biz yenə də ən ağrılı və həssas məqamımızdan - sayı 1 milyona çatan qaçqın və məcburi köçkünlərimizdən danışırıq. İyunun 20-də sözügedən insanlar öz faciəvi tarixlərini qeyd edirlər. Bu tarix BMT Baş Assambleyasının qətnaməsi ilə 2000-ci ildə təsdiq edilsə də, Azərbaycan bu problemlə çox-çox əvvəldən üz-üzə qalıb. 1988-ci ildə 250 min azərbaycanlı Ermənistandan qaçmağa məcbur olanda Azərbaycanın bü cür problemlərin həllində təcrübəsi, demək olar ki, yox idi. Daha sonra təcavüzkar tərəfindən Azərbaycan torpaqları da işğal olundu. Nəticədə, 686 586  adam doğma yerlərini tərk etmək məcburiyyətində qaldı. 

Biz ağrılı-acılı günlər, müharibə dəhşətlərini yaşamışıq. Qaçqınlar və məcburi köçkünlər doğmaları və yaxınları ilə birlikdə, həm də başları üstündəki damlarını da itiriblər. Qaçqın və məcburi köçkünlər probleminin həll edilməsində bir zamanlar bizə beynəlxalq təşkilatlar da yardım etməyə başlamışdılar, amma bu, sonralar baş vermişdi. Həmin insanlar hər şeyə - yoxsulluğa, xəstəliklərə, qışın sərt soyuqlarına təkbaşına dözməli olmuşdular. Onların bu cür dözülməz şəraitdə yaşamaları Azərbaycanın dərin iqtisadi böhrandan və keçid dövründən çıxmasına qədər davam elədi. Hakimiyyət öz doğma ocaqlarından çıxarılmış bu insanların taleyini yüngülləşdirmək üçün əlindən gələn hər şeyi etdi. 

BMT-nin xüsusi saytında ayrıca qeyd olunur ki, qurum iyunun 20-də bütün dünya üzrə qaçqınların dözüm və iradəsinə  böyük qiymət verdiyini bir daha bəyan edir. Deməli, beynəlxalq qurumlar və milli hökumətlər hər şeyi etməlidirlər ki, bu kateqoriyaya məxsus  insanların müdafiəsinin əsaslandığı beynəlxalq sazişlərin sayı artsın. Çünki qaçqınların olması göstərir ki, planetimizdə  müharibələr hələ də bitməyib. Bütün dünya üzrə qaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Bu gün biz də ən çətin məqamlarda belə ailəsini qorumağı  bacarmış milyonlarla analar və qadınlar qarşısında  baş əyirik. 

Və bu gün qaçqınlar çağdaş dünyanın ən kəskin problemlərindən biri olaraq qalmaqdadır. Hazırda planetdə 20 mln.-a yaxın qaçqın və 25 mln.-a qədər daxili yerdəyişməyə məruz qalmış insan var. Bir daha xatırladırıq ki, bunların təkcə 1 mln.-u Azərbaycanın payına düşür və bu göstərici üzrə bizim ölkə planetdə ikinci yeri tutur. 

 

Çadırlar əvəzinə evlər  

Hazırda Azərbaycanın qaçqın və məcburi köçkünlərinin məişət şəraiti ilə bağlı problemləri azalıb. Ölkədə bütün çadır şəhərciklər ləğv edilib, hər cür  infrastruktura malik onlarca yeni qəsəbə salınıb, erməni təcavüzünün qurbanlarının yerləşdiyi yataqxanalar və başqa binalar təmir edilib. Ancaq bununla yanaşı, qaçqınlar işsizlikdən və gəlirlərinin az olmasından şikayət edirlər. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin informasiya departamentinin başçısı Sənan Hüseynov onların bu ağır vəziyyətini şərh edərək bildirdi ki, bu gün Azərbaycan hökuməti öz doğma torpağında ev-eşiyini itirmiş həmin insanların problemlərini həll etmək üçün böyük məbləğdə büdcə vəsaitləri sərf etməkdədir. 

Belə ki, "Qaçqınların və məcburi köçkünlərin həyat şəratinin və məşğulluğunun yaxşılaşdırılması üzrə Dövlət Proqramı"na əlavələr barədə prezident İlham Əliyevin sərəncamının icrası nəticəsində 2007-ci ildə son çadır şəhərcikləri ləğv edildi. Ötən il isə Nazirlər Kabineti tərəfindən yeni qəsəbələrin salınması və çoxmərtəbəli binaların tikilməsi planı təsdiq olundu. Bu işlərin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Qurum tərəfindən elan edilən tender nəticəsində seçilmiş şirkətlər hazırda infrastruktur da daxil olmaqla, yeni qəsəbələrin layihələndirilməsi və tikintisi ilə məşğuldur. 

"Altı mindən çox məcburi köçkünün müvəqqəti olaraq yaşadığı 15 qəsəbədə olan fin evlərinin istismar müddəti artıq başa çatıb. Yeni evlər İmişli, Ağcabədi, Şəki, Yevlax və başqa rayonlarda salınacaq, bunun üçün 600 hekatardan çox yer ayrılıb". Bununla yanaşı, hökumət məktəb binalarında, pansionatlarda, keçmiş pioner düşərgələrində, Müdafiə Nazirliyinin balansında olan obyektlərdə yerləşmiş məcburi köçkünlərin mənzil problemini həll etmək niyyətindədir. Belə ailələrirn sayı üç minə çatır. 

 

İş yerləri və infrastruktur 

"Demək olmaz ki, qaçqın və məcburi köçkünlərin məşğulluq məsələsi tam həll olunub. Amma hazırda hökumət tam gücüylə bu məsələ ilə məşğuldur. Belə kateqoriyalı vətəndaşların hamısına dövlət tərəfindən torpaq sahəsi ayrıldığından onların çoxu aqrar sektorda işləməkdədir. Yeni qəsəbələrdə onlar həyati vacib obyektlərdə - tibb müəssisələrində, məktəblərdə, uşaq bağçalarında, bizim komitənin və başqa dövlət qurumlarının yerli strukturlarında işləmək imkanı əldə ediblər. Beləliklə, 2008-ci ildə 11 mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib", - deyə Hüseynov vurğulayır. 

Bütövlükdə, 2008-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə dövlət tərəfindən 336,9 mln. manat  yönəldilib, bunun 145 mln. manatı ölkənin Dövlət Neft Fondu tərəfindən ayrılıb. "Bu vəsaitlərin hesabına beş yeni qəsəbə salınıb, oraya 4500 adam yerləşdirilib, infrastruktur obyektləri yaradılıb.  5 məktəb, 2  uşaq bağçası, 2 tibb qurumu, 2 rabitə obyekti, inzibati binalar, klublar və s. tikilib. 

Biz çox qürurla bildiririk ki, 2008-ci ildə dövlət məcburi köçkünlər üçün 52 min kvadratmetr yaşayış sahəsi istifadəyə verib. Həm də bu vəsaitlər hesabına su və elektrik xətləri, yeni yollar çəkilib. Transformator yarımstansiyaları, su anbarları yaradılıb, artezian quyular qazılıb. Bütün bunlar qaçqın və məcburi köçkünlərin həyat şəraitinin nəinki yaxşılaşdırılması, hətta daha rahat olması üçün edilib",- deyə Hüseynov bildirir. 

Gerçəkləşdirilməsi davam edən beynəlxalq layihələr də var. O cümlədən ötən ilin may ayında Dünya Bankı ilə "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" proqramı üzrə saziş bağlanıb və bu, 2009-2011-cu illərə hesablanıb. Layihənin dəyəri  $24,19 mln.-dur. Bunun 15 mln.-u Beynəlxalq İnkişaf Assosiasiyasının krediti, qalan  $9,19 mln.-u bizim ölkənin payıdır. Həmin dövrdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən gerçəkləşdirilən layihə də davam etdiriləcək. Layihənin məqsədi Ağdam rayonunun yeni qəsəbələrində yaşayan məcburi köçkünlərə yardım göstərilməsidir. Keçən il layihənin genişləndirilməsinə İsveçrə hökumətinin ayırdığı 300 min dollar  vəsait də cəlb edilmişdi. Hökumət həmçinin Beynəlxalq İnkişaf Assosiasiyası ilə "Azərbaycan: gənclərin - məcburi köçkünlərin dəstəklənməsi" layihəsi üzrə də saziş bağlayıb. Layihə 25 yeni qəsəbədə gənclərin sərbəst vaxt keçirməsi üçün şəraitin yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində Yaponiyanın sosial inkişaf fondu bu məqsədlər üçün əlavə olaraq $2 mln. qrant ayırıb. Həmin pula idman-sağlamlıq, mədəniyyət və kompyuter mərkəzləri tikiləcək. 

Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məsələsindən geri çəkilmək fikrində deyil. "Çox işlər görülüb, amma onların bütün problemlərini tam həll etmək çətindir. Axı unutmaq olmaz ki, beynəlxalq humanitar təşkilatlar uzanan münaqişəli məsələlərdə yardımı ya azaldır, ya da ümumiyyətlə dayandırırlar. Bizim ölkədə isə çox sayda qaçqın və məcburi köçkün var. Belə çətinliyin öhdəsindən gəlmək hər dövlətin işi deyil. Azərbaycan isə gəlir. Bu, bir anda baş verməsə də, amma problemlər həll edilir", - deyə Hüseynov vurğulayır. 

Qaçqın və məcburi köçkünlərimizin ən böyük problemi isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və öz doğma ocaqlarına qaytarılmasıdır. 



MƏSLƏHƏT GÖR:

444