
ÇƏTİN QƏRAR
Beynəlxalq ictimaiyyət Pxenyanın nüvə ambisiyalarının qarşısını almaq yollarını axtarır
Müəllif: Eldar PAŞAYEV Bakı
Ətrafında bu qədər müxtəlif informasiyaların dolaşdığı Şimali Koreya haqda dəqiq nəsə söyləmək çox çətindir. Bu anlaşılmazlıq isə təbii ki, gərginliyi artırır və hətta regionun bəzi müşahidəçiləri KXDR ətrafında baş verənləri dünyanın nüvə müharibəsi ilə üz-üzə qaldığı məşhur Karib böhranı ilə müqayisə edir.
Vəziyyət həqiqətən də, yaxşı deyil. Hələ mayın sonlarında Amerika və Cənubi Koreyaya məxsus hərbi kontingent KXDR-ə nəzarəti "ikinci dərəcə"yə qaldırıb (ABŞ-la Cənubi Koreya arasındakı mövcud razılaşmaya əsasən, ikincinin ərazisindəki 28,5 min nəfərlik amerikan hərbi kontingentinin məqsədləri sırasına Pxenyan tərəfindən mümkün təcavüzün qarşısının alınması da daxildir). Xatırladaq ki, "ikinci dərəcə" 2006-cı ildə Pxenyanın ilk nüvə sınağını həyata keçirdiyi zaman da tətbiq edilmişdi. Hazırda KXDR-ə nəzarətə əlavə hərbçilər, kəşfiyyatçı təyyarələr də qoşulub və bəlkə də artıq pilotsuz casus təyyarələr də fəaliyyətə keçib. Cənubi və Şimali Koreya arasındakı demilitarizasiya olunmuş zona, Pxanmunçjomdakı birgə təhlükəsizlik zonası, həmçinin Şimal ayırıcı xətt - Sarı dənizdəki mübahisəli ərazi isə xüsusi nəzarətə götürülüb.
Məlumata görə, Cənubi Koreya prezidenti Li Men Bak "şimallılar" qarşısında geri çəkilməyi düşünmür və bu işdə onu ölkəsinin hərbi elitası da dəstəkləyir. Bəzi mənbələrə görə, Seul artıq Pxenyan tərəfindən mümkün raket zərbələrinin qarşısını almaq üçün hərbi plan da hazırlayıb. Plana əsasən, Cənubi Koreya cavab zərbələri, eyni vaxtda üç istiqamətdə - quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri vasitəsi ilə Şimali Koreyaya cavab verməyi düşünür.
KXDR-in qərb sahillərində isə dəniz müharibəsinə hazırlıq sayıla biləcək təlimlər keçirilib. Pxenyan artıq digər ölkələrə onun sahillərinə yaxınlaşmağın yolverilməzliyini bəyan edib. Bəzi məlumatlara görə, KXDR Suriyadan alınmış "Kornet" tankəleyhinə raket komplekslərinin kütləvi istehsalına başlayıb. Həmin raketlər 1200 mm qalınlığında zirehi dağıtmaq iqtidarındadır.
Şimali Koreyaya qonşu olan dövlətlər bu xəbərdarlıqları Pxenyanın müxtəlif radiuslu raketlərin yeni sınaqlarına hazırlaşdığının daha bir göstəricisi hesab edir. Məlumatlı mənbələr bildirir ki, artıq Şimali Koreyanın Anbhen şəhərindəki start meydançasına ballistik qitələrarası raket gətirilib və o, Alyaskayadək uçmaq iqtidarındadır. Ola bilsin ki, bu, "Txepxodonq-2" raketinin bir qədər dəyişdirilmiş versiyasıdır. Onun buraxıla biləcəyi mümkün tarix də göstərilir - iyunun 16-sı. Qeyd edək ki, məhz həmin gün Vaşinqtonda ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçiriləcək.
Qərb ekspertləri "Txepxodonq"un əvvəlki sınaqlarının (sonuncu sınaq bu ilin aprelində keçirilib) uğursuz alındığını sübut edib. Bununla yanaşı, bildirilir ki, daşıyıcının birinci pilləsi normal işləyib və bu səbəbdən o, müstəqil şəkildə orta məsafəli və böyük çəkili yüklərin daşıyıcısı kimi istifadə edilə bilər. Bu yükün isə nüvə başlığı da olması mümkündür. Əlbəttə ki, o, Amerika sahillərinədək gedib çıxmayacaq. Amma Yaponiya haqda bunu söyləmək olmaz.
Daha bir məlumata görə, guya Pxenyan orta məsafəli bir neçə raketi də buraxmağa hazırlaşır.
Xatırladaq ki, mayın sonlarında KXDR Kilçju şəhəri yaxınlığındakı yeraltı poliqonda tarixində ikinci dəfə nüvə sınağı keçirib (Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nüvə qurğusunun gücü 10-20 kiloton arasında olub). Ölkə ərazisində kiçik və orta məsafəli bir neçə raket də sınaqdan keçirilib və onlardan ikisi Amerikaya məxsus kəşfiyyatçı təyyarəyə atılıb. Bunlarla eyni vaxtda Şimali Koreya rəhbərliyi 1953-cü ildə Koreya müharibəsinə son qoymuş barışıqdan çıxdığını da bəyan edib. Pxenyan bildirir ki, "lazım gələcəyi təqdirdə" ölkə Cənubi Koreya və müttəfiqlərinə cavab vermək iqtidarındadır.
Bütün bunların fonunda ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib ki, son sınaqlardan sonra Şimali Koreyanın yenidən terroru himayə edən dövlətlərin "qara siyahı"sına daxil ediləcəyi istisna olunmur. Onun sözlərinə görə, hazırda Dövlət Departamentinin ekspertləri Pxenyanın beynəlxalq terrorçu təşkilatlara dəstək verdiyini sübuta yetirəcək faktların axtarışındadır.
Xatırladaq ki, "Şimali Koreya" sözügedən "qara siyahı"dan bir müddət əvvəl, Ağ Evdə Corc Buşun rəhbərliyi dövründə - 2008-ci ilin oktyabrında çıxarılmışdı.
Sanki buna cavab olaraq, KXDR Çinlə sərhəddə saxlanılmış iki amerikalı xanım jurnalisti Şimali Koreya xalqına qarşı "ağır cinayətdə" və sərhədi qanunsuz keçməkdə günahlandıraraq, onların barəsində 12 il islah işlərinə cəlb edilmə qərarı çıxardı. Xanımlar apellyasiya vermək hüququna da malik deyillər. Çünki Şimal Koreya qanunlarına əsasən, ölkənin Mərkəzi Məhkəməsi tərəfindən çıxarılmış qərar qətidir və ondan şikayət etmək olmaz.
Dünya ictimaiyyəti baş verənləri necə qarşılayıb? KXDR-in ballistik raketlərin yeni sınağına hazırlaşmasına dair məlumatların gəldiyi vaxtda BMT Təhlükəsizlik Şurasına daxil olan dövlətlər Pxenyanla bağlı qətnamə layihəsinin razılaşdırılması üzərində qızğın iş aparırdı. TŞ-nin fövqəladə toplantısında bütün iştirakçılar KXDR-in son addımlarını birağızdan pisləsələr də, sənəd üzərində razılığa gəlinməsi o qədər də asan olmayıb. Qurum Pxenyana təzyiqlərin hansı səviyyədə tətbiqi məsələsində "dalana dirənib". TŞ-nin bütün üzvləri anlayır ki, KXDR-in nüvə silahlı ölkəyə çevrilməsi yolverilməzdir. Lakin digər tərəfdən, zorakılığa əl atılması da vəziyyətdən çıxış yolu deyil. Çünki bu, gözlənilməz nəticələrə aparıb çıxara bilər: axı, Şimali Koreya rəhbərliyinin beynindəkini heç kəs bilmir.
Beynəlxalq arenada əksər dairələr Pxenyanın belə aqressiv davranışının səbəblərini bu qapalı ölkənin daxilində görür. Məsələ ondadır ki, ölkəyə 1994-cü ildə atası Kim İr Senin vəfatından sonra rəhbərlik etməyə başlamış 67 yaşlı Kim Çen İr ötən ilin yayında ağır insult keçirib. Bu səbəbdən də onun dərhal hakimiyyətin varisinə ötürülməsi üzərində işləməyə başlaması təəccüblü deyil. KXDR ətraf üçün tam qapalı olsa da, belə bir informasiya yayılıb ki, nüvə sınağından dərhal sonra və ya digər versiyaya görə, iyunun 2-də "sevimli hökmdar"ın varisi kimi onun 25 (və ya 26) yaşlı oğlu, "Şahzadə" ləqəbli Kim Çen Un elan edilib. Cənubi Koreya kəşfiyyatı iddia edir ki, Şimali Koreyanın müxtəlif qurumları artıq Kim Çen Una sadiqliyə and içib, ölkə əhalisi isə tələm-tələsik yeni liderə sadiqlik mahnısını öyrənir.
Bəzi məlumatlara görə, iki Kim arasındakı "keçid dövrü"ndə ölkəyə Kim Çen İrin bacısının əri Çen Sunq Tek rəhbərlik edir.
Azsaylı şahidlərin bildirdiklərinə görə, Un həm xarici görünüş, həm də xaraktercə eynilə atasının təkrarıdır və bu səbəbdən də Kim Çen İrin 3 övladı arasında seçimi məhz onun üzərində saxlanılıb. Bununla yanaşı, "Şahzadə" haqda çox az məlumat var. Ola bilsin ki, o, Berndəki beynəlxalq məktəbdə, həmçinin Pxenyanın Hərbi Akademiyasında qondarma adla təhsil alıb. Onun boyu 175 sm, çəkisi 90 kiloqramdır. Cənubi Koreya mətbuatının məlumatına görə, varis şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hazırda Unun 11 yaşında ikən çəkilmiş cəmi 1 şəkli var. Bəzi KİV xəbər verir ki, "hökmdar"ın oğlu xaricdə təhsil alan zaman basketbolun vurğunu, xüsusilə də Amerika NBA-nın fanatı olub.
Yeri gəlmişkən, Kim Çen İrin böyük oğlu - 38 yaşlı Kim Çen Nam hələ xeyli əvvəl hakimiyyətə can atmadığını bəyan edib. Sonradan isə o, 2001-ci ildə saxta pasportla Yaponiyaya getməyə cəhd etdiyi üçün Tokio aeroportunda saxlanılıb. Yəqin ki, atasının böyük oğlunun Qərb mədəniyyətinin təsirinə daha çox düşdüyünü düşünməsi əbəs yerə deyil.
Beləliklə, nüvə "oyunları"nın Kim Çen İrə hakimiyyətini möhkəmləndirmək, hərbçilər və köhnə partiyadaşlarının bu yolla "hökmdar"ın seçimini dəstəkləməsinə nail olmaq üçün lazım gəldiyi istisna olunmur.
Bununla yanaşı, Kim Çen İrin ölümündən sonra hakimiyyətdə parçalanmanın baş qaldırmayacağına da zəmanət yoxdur. Bu baxımdan da, ola bilsin ki, ən yaxşı yol məhz Kim Çen Unun hakimiyyət səlahiyyətlərini ələ alması, lakin atası ilə müqayisədə dünya üçün daha açıq, soyuqqanlı və əməlləri proqnozlaşdırılan şəxs olmasıdır. Bəlkə də o, kütləvi tələbat mallarına həsrət qalan, bəzi məlumatlara görə isə ölkədə məhsul istehsalı zəif olan zaman aclıqdan əziyyət çəkən yerli əhalinin tələblərinə etinasız yanaşmayacaq.
Bununla yanaşı, əksər ekspertlər bu fikirdədirlər ki, Pxenyanın nüvə sınağı "tamaşa"sı altıtərəfli danışıqların (ABŞ, Rusiya, Cənubi Koreya, Çin, Yaponiya) bərpası halında Şimali Koreyanın fövqəldövlətlərdən daha ciddi yardım almaq imkanlarını artırmaq məqsədi daşıyır. Yeri gəlmişkən, bu halda Çinin rolu son dərəcə maraqlıdır. Bəzi məlumatlara görə, Kim Çen İrin ölümündən sonra Pxenyanda hakimiyyət uğrunda mübarizənin qızışacağı təqdirdə Pekin Şimali Koreyaya bir anın içərisində hücum etməyi planlaşdırır. Məsələ bundadır ki, Şimali Koreyada hərbi əməliyyatların başlayacağı və ya iqtisadi blokadanın gücləndiriləcəyi təqdirdə, Çinə qaçqın axını başlaya bilər və Pekin bundan çox narahatdır. Lakin istənilən halda, Çinin KXDR-ə hücumu ssenarisi nə Cənubi Koreyanı, nə ABŞ-ı, nə də Rusiyanı qane edə bilər. İntriqanı dərinləşdirən daha bir məqam da Çinin KXDR-ə ərzaq ixrac edən əsas ölkə olmasıdır.
Sevindirici yeganə məqam isə odur ki, Şimali Koreyanın nüvə oyunları heç kimin xoşuna gəlmir. Bununla əlaqədar olaraq, bəzi skeptiklər artıq nüvə silahının yayılmasının qarşısının alınmasına dair proqramı "dəfn edib". Əslində, bu sənəd onsuz da ciddi təsir bağışlamırdı. Çünki nüvə silahına malik olan bəzi dövlətlər hələ də onu imzalamayıblar. Baş verənlər Rusiya ilə ABŞ-ın nüvə arsenalının ixtisara salınmasına dair davam etdirilən cəhdlərinə də heç müsbət təsir göstərmir.
KXDR-in nüvə silahı əldə etməsi özü-özlüyündə artıq ciddi təxribat faktorudur. Allah eləməsin, bu silah tətbiq edilsə, nüvə başlıqlı raketlərin istifadəsi ilə bağlı vəziyyətə yəqin ki, yenidən baxılacaq.
Pxenyan hələ ki prezident seçməklə məşğul olan İran üçün də pis nümunədir. Əgər Uzaq Şərqdə Şimali Koreyanın ardınca Yaponiya, Cənubi Koreya, İndoneziya kimi dövlətlər də silahlanmaya başlasalar, İranın nüvə silahı əldə etməsi eyni silahı qonşu Türkiyə, Misir dövlətlərinin də əldə etmək hüququnun olması anlamına gələcək. Bu isə nüvə dövlətləri klubunun genişlənməsinə aparıb çıxaracaq. Demək, onların idarəedilməsi də çətinləşəcək və mütəmadi olaraq ştatdankənar situasiyalar yaranmağa başlayacaq.
Bütün bunlarla yanaşı, Şimali Koreya dəfələrlə texnologiya və xammalın alış-satışı ilə məşğul olduğu “qara bazar”da görünüb. Bundan cəmi bir neçə gün əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Suriya paytaxtı Dəməşqdəki nüvə obyektində süni yolla istehsal edilmiş uranın izlərini aşkarlayıb. Hesab olunur ki, bu uranın izləri də Şimali Koreyaya gedib çıxır. Agentlik 2007-ci ildə İsrail bombardmançıları tərəfindən məhv edilmiş bu şübhəli obyektdə radioaktiv materialların izini də tapıb. Həmin vaxt ABŞ kəşfiyyatı bildirirdi ki, İsrail aviasiyası silah plutoniumu istehsalı üçün nəzərdə tutulmuş nüvə reaktorunu bombalayıb.
MƏSLƏHƏT GÖR: