15 Mart 2025

Şənbə, 00:34

İYUL GÖZLƏNTİLƏRİ…

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt - Peterburq görüşü ciddi nəticə əldə edilmədən başa çatsa da, tərəflər müəyyən irəliləyiş olduğunu qeyd edirlər

Müəllif:

15.06.2009

İyunun 4-də Sankt-Peterburqda 13-cü Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutdu. Bu, Serj Sarkisyanın Ermənistanın dövlət başçısı seçilməsindən sonra Bakı ilə Yerevan arasında keçirilən sayca 5-ci görüş idi. 

Xatırladaq ki, tərəflər arasında danışıqlar ötən il elə Sankt-Peterburqda başlamışdı. Daha sonra prezidentlər son 15  ildə ilk dəfə birgə sənədin imzalandığı Moskva görüşündə iştirak etdilər. O zaman belə qənaətə gəlmək mümkün idi ki, Rusiyanın tərəflər arasında vasitəçiliyini fəallaşdırması, münaqişənin həlli yolunda yeni perspektivlər açır. 

Lakin bu, baş vermədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona çoxsaylı səfərləri, İlham Əliyevlə Serj Sarkisyanın öncəki Sürix və Praqadakı görüşləri də nəticəsiz qaldığından,  Azərbaycan tərəfi hadisələrin bu cür cərəyan etməsinə məyusluğunu gizlətmədi. Sankt-Peterburq görüşü isə situasiyaya müəyyən aydınlıq gətirməli, nəyəsə ümidlərin qalıb-qalmadığını, həlledici addımların atılmasının vaxtının gəlib-gəlmədiyini göstərməli idi. 

İndidən qeyd edək ki, bu suallar yenə də açıq qaldı.

Sankt-Peterburqda aparılmış danışıqlar haqda ictimaiyyət kifayət qədər ətraflı məlumatlandırılıb. Görüşdə Azərbaycan və Ermənistan liderləri ilə yanaşı, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri, həmçinin ATƏT-in Minsk Qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrləri də iştirak ediblər. 

Rusiya prezidenti Dmitri Medvedev isə İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşdü. Bundan başqa, onlar arasında qeyri-formal xarakter daşıyan işgüzar şam süfrəsi  də təşkil edildi,  üçlükdə bir araya gələn prezidentlər Neva çayı sahilində gəzişdilər.

Bundan əvvəl Praqada keçirilmiş görüşdən fərqli olaraq, Sankt-Peterburqda hər iki ölkənin xarici işlər naziri mətbuat qarşısına çıxaraq, görüşün nəticələrini şərh etdilər. Ermənistanın XİN başçısı Edvard Nalbandyan bildirdi: "bu gün ciddi irəliləyiş və nəticədən danışmaq mümkün olmasa da, tərəflər irəli gedir və danışıqların davam etdirilməsinə qərar verilib". Onun sözlərinə görə, prezidentlər nazirlərə vasitəçilərlə birlikdə mövqelərin yaxınlaşdırılması istiqamətində işlərin davam etdirilməsini və yüksək səviyyədə növbəti görüşlərin təşkili ilə məşğul olmağı tapşırıblar.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov isə, öz növbəsində, bildirib ki, "irəliləyiş olmasa da, tərpəniş var". Nazir tərəflərin bir-birinin mövqeyini anladığını söyləyib: "Ən başlıcası isə - tərəflər irəliləməyin vacibliyini anlayır".

Minsk Qrupunun həmsədrləri isə bu dəfə susmağa üstünlük veriblər. Onlardan yalnız amerikalı diplomat Metyu Brayza görüşün "konstruktiv keçdiyini" söyləyib: "İrəliləyişin olduğunu söyləmək olar. Prezidentlər vasitəçilərdən təkliflər hazırlamalarını və s. istəyiblər. Mən deyə bilmərəm ki, bu, dönüş nöqtəsidir, lakin biz işimizi davam etdiririk". 

M.Brayzanın sözlərinə görə, prezidentlər daha bir görüş keçirməyə hazırlaşırlar. Növbəti danışıqların vaxtı isə dövlət başçılarının iş qrafikindən asılıdır.

Əslində, Sankt-Peterburq görüşündən heç kim irəliləyiş gözləmirdi. Praktiki olaraq, Azərbaycan, Ermənistan və Rusiyanın bütün rəsmi şəxsləri və analitikləri görüş ərəfəsindəki şərhlərində ehtiyatla danışırdılar. Məsələn, Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun Sankt-Peterburq görüşü haqda fikirləri belə idi: "Biz yeni razılaşmanın əldə edilməsi və ya detalların müzakirəsinin dərinləşdirilməsini ali məqsəd kimi qarşıya qoymuruq. Biz hazırda dialoq aparan Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoq formatını dəstəkləməyə çalışırıq".

Yəqin ki, Moskva Azərbaycanın Rusiyanın siyasi orbitinə qayıtmasının mümkünsüzlüyünü, onun strateji müttəfiqi olan Gürcüstana dəstəkdən imtina etməyəcəyini anladığı üçün Dağlıq Qarabağ münaqişəsinin həllində gözləmə mövqeyinə keçmək qərarına gəlib. Moskva təkrar-təkrar bildirir ki, münaqişə tərəflərinə təzyiq etməyi düşünmür və tərəflərə kənardan hər hansı reseptin verilməsinə də ehtiyac yoxdur. Moskvanın fikrincə, Bakı ilə Yerevan özləri razılığa gəlməli, Rusiya isə kompromis razılaşmanın qarantı kimi çıxış etməlidir.

Lakin bununla paralel olaraq, Rusiya son zamanlar bəzi addımlar da atıb. Burada da məqsəd Ermənistan siyasəti və iqtisadiyyatının "yüyənini tam ələ almaq" və onu nəzarətdə saxlamaqdır. Məsələn, Ermənistandakı maliyyə böhranının bir qədər zəifləməsi üçün Yerevana dərhal çoxdan vəd edilmiş 500 milyon dollar həcmində kredit ayrıldı. Kreml sabiq prezident Robert Köçəryanın AFK "Sistema"nın (Rusiyanın çoxmilyonlu dövriyyəsi olan holdinqi) direktorlarından biri seçilməsinə sanksiya verdi. Onsuz da indiyədək vaxtının böyük hissəsini Moskvada keçirən Köçəryan, artıq burada daim qalmalı olacaq, Moskvanın layihəsi olan Serj Sarkisyan isə öz sələfinin nəzarəti olmadan da Ermənistanın "sükan"ını rahat fırlaya bilər.

Ermənistanın daxili siyasətinin əsas hadisəsi isə Yerevan Şəhər Şurasına keçirilən seçki oldu. Oradakı 65 yer və şəhərin meri postu uğrunda 6 siyasi partiya və birlik mübarizə aparırdı. Əsas mübarizə isə hakim Respublika Partiyası ilə eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətçi Ermənistan Milli Konqresi arasında gedib (EMK).

Aparılan sosioloji sorğular müxalifətin üstünlüyünü göstərsə də, mayın 31-də keçirilmiş səsvermənin yekununda hakim partiyanın böyük fərqlə qalib gəldiyi rəsmən elan edildi. Seçicilərin kütləvi şəkildə satın alınması, hədə-qorxu, açıq saxtakarlıq və s. yollarla əldə edilən 46% səs, Respublika Partiyasına - onun siyahısına başçılıq edən Yerevanın hazırkı meri Qagik Bəyləryana postunu qorumağa imkan verdi. 

Hakim koalisiyanın üzvü, oliqarx Qagik Tsarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan" isə 22% səs qazandı. 

Nəhayət, genişmiqyaslı saxtalaşdırmaya baxmayaraq, EMK-nin 17% səs qazandığı da etiraf olundu. 

"Orenanç Yerkir" və "Daşnaksütyun" isə minimum baryeri aşa bilmədiyi üçün Şəhər Şurasına düşməyiblər. Seçki ərəfəsində hakim koalisiyanı tərk etməsi də daşnaklara kömək etməyib.

Seçkinin səhərisi günü geniş mitinq keçirən EMK şurada qazandığı 10 yerdən də imtina edib. Mərkəzi Seçki Komissiyasında müxalifətçi "İrs" partiyasını təmsil edən nümayəndə isə yekun protokolu imzalamayıb. 

Seçkini müşahidə edən "Transparensi İnterneşnl",  Ermənistanın Helsinki Vətəndaş Assambleyası və digərləri seçkinin "biabırçı şəkildə" keçdiyini bəyan etdilər. Heyətində Avropa Şurasının cəmi 15 nəfər nümayəndəsi olan müşahidə missiyası isə vəziyyəti real qiymətləndirmək iqtidarında olmayıb. Müxalifət hesab edir ki, 15 nəfərlik missiya hazırkı hakimiyyətin təsiri altına düşüb.

İstənilən halda, Serj Sarkisyan Yerevan üzərində nəzarəti saxlamağı hakimiyyətinin qorunması və möhkəmləndirilməsinin vacib hissəsi hesab edib. Ölkənin bütün maliyyə-iqtisadi fəaliyyətinin Yerevanda cəmləşdiyini, ölkə əhalisinin, az qala, yarısının paytaxtda yaşadığını nəzərə alsaq, bu seçkilərdə müxalifətin qələbəsi eroziyaya, hakim komandanın üzvlərinin müxalifət düşərgəsinə axınına səbəb ola bilərdi. İndi - bu təhlükə dəf edildikdən sonra - S.Sarkisyanın qarşısında duran əsas vəzifə, imicinə dəyən zərbənin təsirini azaltmaqdır. Bunun üçün EMK və L.Ter-Petrosyan dilə tutulur, bunun əvəzində ona hələ ötən il keçirilən prezident seçkisindən sonra həbs edilmiş fəal tərəfdarlarının azadlığa buraxılması təklif olunur. Qərb dövlətlərinin narazılığı isə guya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konstruktiv dialoqa hazır olmanın nümayiş etdirilməsi ilə aradan qaldırılmağa çalışılır. Halbuki, Ermənistanda formalaşmış mafioz rejimin əsas məqsədi yalnız ölkə resruslarına nəzarəti qoruyub-saxlamaq və xaricdən gələn maliyyə yardımını mənimsəməkdir. 

Beləliklə, Serj Sarkisyan hakimiyyəti ilə razılaşmanın əldə ediləcəyinə ümidlər azdır. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpədə biləcək yeganə vasitə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın prosesə fəal müdaxiləsidir. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da bunu açıq şəkildə bəyan edib. Bu günlərdə Ermənistanda keçirilən mitinqdəki çıxışında o, ölkəsinin hazırkı rəhbərliyinə xəbərdarlıq edərək bildirib ki, Rusiya ilə ABŞ-ın Qarabağ probleminin həllinə dair razılığa gələcəkləri təqdirdə, Bosniya münaqişəsinin nizamlanmasında tətbiq edilmiş Deyton modeli reallığa çevrilə bilər: "Bu halda erməni tərəfi münaqişənin həllində indiyədək əldə etdiyi imkanlardan yararlanmadığı, Qarabağı danışıqlar prosesindən çıxartdığı üçün peşman olacaq. Rusiya ilə ABŞ isə iyulda, Birləşmiş Ştatlar prezidentinin Moskvaya səfəri zamanı razılığa gələ bilərlər. Qarabağ Moskva ilə Vaşinqtonun razılığa gələ bilməyəcəkləri məsələ deyil".

Həqiqətən də, son zamanlar dünyanın nəhəng dövlətləri tərəfindən Güney Qafqazdakı münaqişələrin həllinə birinci şəxslər və xarici siyasət idarələri səviyyəsində diqqət artmaqdadır. Məsələn, ABŞ-ın dövlət katibi Hillari Klinton türkiyəli həmkarı Əhməd Davutoğlu ilə görüşdən sonra keçirdikləri birgə brifinqdə bildirib ki, uzun illərdir davam edən bu problemin həllində qısa zamanda böyük irəliləyiş əldə olunmasının mümkün-lüyünə inanır.

İyulun əvvəllərində isə Fransa prezidenti Nikolya Sarkozi Ermənistan və Azərbaycana səfər edəcək. Təxminən həmin dövrdə (6-8 iyul) ABŞ prezidentinin Rusiyaya səfəri gözlənilir. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Obama ilə Medvedev başqa məsələlərlə yanaşı, Güney Qafqazda vəziyyət, enerji layihələri haqda da müzakirə aparacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışacaqlar. İ.Əliyevlə S.Sarkisyanın elə Moskvada bir araya gələcəkləri də istisna olunmur. Bu zaman birdən irəliləyiş əldə edilərsə və tərəflər razılaşma imzalamağa razılıq verərlərsə, Sarkozinin də Moskvaya gəlməsi, bu hadisənin Minsk Qrupunun həmsədrləri olan 3 dövlətin rəhbərlərinin iştirakı ilə gerçəkləşməsi mümkündür. 

Böyük irəliləyişin əldə edilməyəcəyi təqdirdə belə, vasitəçi ölkələrin ilk şəxslərinin Qarabağ münaqişəsinin həlli prosesinə qoşulmaları problemin sülh yolu ilə tənzimlənməsinin perspektivlərinə aydınlıq gətirəcək.



MƏSLƏHƏT GÖR:

408