
OD-ALOVDAN ÇIXMIŞ DÖVLƏT
Müstəqilliyinin ilk illərində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan, beynəlxalq valyuta fondunun rəyinə görə, artıq bu gün bütün regionu qlobal böhrandan çıxarmaq gücündə olan lider dövlətə çevrilib
Müəllif: Redaksiya
İyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. 16 il əvvəl məhz həmin gün parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş Azərbaycan xalqı tarixi seçimini edərək, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Həmin dövrdə Ermənistanın işğalçı müharibəsindən əziyyət çəkən Azərbaycan həm də öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. İflic vəziyyətinə düşən və faktiki olaraq, öz səriştəsizliyini etiraf etməli olan ovaxtkı iqtidarın xalqın tələbini yerinə yetirmək - kömək üçün təcrübəli və dünya səviyyəli siyasətçiyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdı. Və H.Əliyev bu böyük məsuliyyəti üzərinə götürərək, əvvəlcə parlamentə, sonra isə dağınıq vəziyyətə salınmış və yenidən qurulmasına ehtiyac olan dövlətə başçılıq etməyə razılıq verdi. Vətəndaş qarşıdurması və qardaş qırğınının qarşısını alan H.Əliyev, həmçinin, Qarabağ cəbhəsində atəşkəsin imzalanmasına və Ermənistanın işğal etdiyi ərazilərin bir hissəsinin qaytarılmasına nail oldu. Ölkədə dövlət çevrilişlərinə cəhdlər və separatizm kökündən kəsildi.
Bununla da hazırkı siyasi sabitliyin və inkişafın əsası qoyuldu.
Məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan dünya birliyi ilə sağlam münasibətlərin qurulması kursunu götürdü. Yeridilən balanslaşdırılmış və çoxqütblü siyasət nəticəsində Azərbaycan regional və bəzən də hətta dünya miqyasında mövqeyi ilə hesablaşılan dövlətə çevrildi. Bu gün, demək olar ki, bütün beynəlxalq forumlarda etiraf edilir ki, Bakının irəli sürdüyü və reallaşdırdığı enerji və nəqliyyat layihələri bütün regiondakı geosiyasi vəziyyəti kökündən dəyişib. İmzalanmış neft-qaz müqavilələri sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, həm də bütün Avropanın enerji təhlükəsizliyi məsələsində əvəzedilməz rol oynayır. XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisində çıxışı zamanı prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi layihələr olmasaydı, Avropanın enerji təhlükəsizliyi məsələsi tamam başqa istiqamətdə həll olunacaqdı".
Azərbaycan qüdrətli dövlətə, etibarlı tərəfdaşa çevrilməsə idi, ölkəmizi narahat edən problemlər də başqa istiqamətdə həll ediləcəkdi. Və rəsmi Bakının daxili və xarici siyasətinin əsas problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə qətiyyət və əzmlə yanaşması da bu qüdrətin göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş mərasimdəki çıxışı zamanı prezident İ.Əliyev bir daha bəyan etdi ki, genişmiqyaslı regional əməkdaşlığa keçid üçün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni qoşunlarının zəbt edilmiş torpaqlardan çıxarılması təmin edilməlidir. Prezidentin bu çıxışını şərh edən Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov qeyd edib ki, dövlət başçısı növbəti dəfə aydın şəkildə vurğuladı ki, münaqişənin nizamlanması prosesində irəliləyiş olmayacağı təqdirdə, Ermənistanı regional layihələrə cəlb etmək üçün bəzi Qərb dövlətləri və təşkilatlarının aktiv lobbiçilik səyləri iflasa uğrayacaq. "Dövlət başçısının bu tezisi, ilk növbədə, Ermənistanın çoxtərəfli regional layihələrə qoşula biləcəyini zənn edən Avropa İttifaqına və bəzi dövlətlərə yönəlib",- deyə F.Axundov qeyd edib.
Türkiyə-Ermənistan yaxınlaşmasına dair səslənən təşəbbüslərə də bu kontekstdə yanaşmaq lazımdır. Bu məsələdə Azərbaycan prinsipial mövqedən çıxış edərək, dost Türkiyə dövlətinə vaxtilə Ermənistanla sərhədlərin bağlanmasının səbəblərini xatırlatdı: Ermənistan hələ də Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib və qondarma "erməni soyqırımı"nın tanınması siyasətindən imtina etməyib.
"Bizim fikrimizcə, indiki şəraitdə Yerevana müsbət mesajların göndərilməsi onlar tərəfindən Azərbaycan ərazilərinin işğalı siyasətinin davam etdirilməsinin təşviqi kimi qarşılana bilər. Bu isə Bakı üçün qəbuledilməzdir, eyni zamanda, digər ölkələr də bundan udmayacaqlar. Başqa sözlə desək, bu məsələdə biz dost Türkiyə tərəfindən sülh prosesinin dəstəklənməsini, Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təminatına real töhfələrin veriləcəyini gözləyirik" - deyə F.Axundov qeyd edib.
Düzdür, Ankara Ermənistanla münasibətlərdəki "mülayimləşmə"dən özünün həm Avropa, həm də ABŞ siyasəti istiqamətində müəyyən dividentlər əldə etdi. Amma hər halda, Türkiyə hökuməti öz milli maraqları naminə, qısa vaxt üçün gələn xeyirdən imtina etməli oldu.
Azərbaycanın milli maraqlarına gəlincə, onlar ölkə rəhbərliyinin yeritdiyi dəyişməz siyasi və iqtisadi siyasətlə təmin olunur. Prezident İ.Əliyevin qeyd etdiyi kimi, Azərbaycan özünün neft kapitalını insan kapitalına çevirməyi bacardı. Və ölkənin beynəlxalq iqtisadi böhran qarşısında tab gətirməsi də bundan irəli gəlir. May ayında dərc olunmuş Beynəlxalq Valyuta Fondunun Regional Economic Outlook ("Regional iqtisadiyyatın inkişaf perspektivi") adlı hesabatında qeyd olunur ki, qlobal iqtisadi böhran Qafqaz və Mərkəzi Asiya dövlətlərinin son illər əldə etdiyi makroiqtisadi nailiyyətlərinə ciddi zərbə vura bilər. BVF-in hesablamalarına görə, 2009-cu ildə regionda iqtisadi artım, faktiki olaraq, dayanıb. Və yalnız 2010-cu ildə 5 faizlik artım gözlənilir. Məruzə müəlliflərinin fikrincə, bu artım da yalnız Azərbaycan iqtisadiyyatının 12,3 faizlik artımı hesabına mümkün olacaq.
Başqa sözlə desək, bütün regionun sərmayə üçün cəlbediciliyini saxlaması və bölgənin iqtisadi böhrandan çıxarılması missiyası məhz Azərbaycanın üzərinə düşür.
BVF-nin hesabatındakı digər məqamlar da, hətta Yaxın Şərqin neft ölkələri ilə müqayasədə belə, Azərbaycan iqtisadiyyatının pozitiv mənzərəsini əks etdirir.
Digər nüfuzlu beynəlxalq təşkilatların və reytinq agentliklərinin rəylərində də bu cür nikbinlik var.
Amma Azərbaycanda həyata keçirilən Heydər Əliyev kursuna ən böyük qiyməti tarix və bu günü Milli Qurtuluş Günü kimi qeyd edən Azərbaycan xalqı verib.
MƏSLƏHƏT GÖR: