Müəllif: Zərifə BABAYEVA Bakı
Üç gündən sonra elan yapışdırmışdılar ki, bütün kişilər məktəbin həyətinə toplaşsınlar. Nikita da ora yollanmışdı. Onun cəmi 17 yaşı vardı və döyüşdə olmamışdı, ona görə də anası çox narahat idi. Onlar kiçik Fatimə ilə məktəbin pəncərəsindən meydana yığılan kişilərə baxırdılar. Yaxınlıqda bir mayor varmış və Veronika Valentinovna ona deyib ki, onun oğlu da kişilərin arasındadır, o, müharibədə olmayıb, heç sənədləri də yoxdur. Sonra mayor qışqıraraq, Nikitanı göstərib; "Onu mənim yanıma gətirin". Nikitanı gətiriblər və mayor onu buraxıb.
"Bir müddətdən sonra bizi başqa məktəbə gətirdilər, o, Naxodanın özündə yerləşirdi. Biz sinif otaqlarında yaşayırdıq, əvvəl qaldığımız məktəbdən kişiləri də ora gətirmişdilər. Bütün sinif otaqları şinellə dolu idi. Belə başa düşdük ki, onları "xüsusi səy"lə dindirmişdilər. Anam və bizimlə qalan iki qız şinelləri götürdülər və ondan özlərinə yubka tikdilər. Bir neçə gün sonra səhərçağı Nikitanı xilas etmiş həmin mayor bizə gəldi və dedi ki, tezliklə getmək barədə əmr alıb: "Mən sizinlə vidalaşmağa gəldim. Əgər İttifaqda kiməsə nəsə demək istəyirsinizsə, deyin çatdırım". Anam ona atamın bacısının - bibim Nəzirənin ünvanını verdi. O, İttifaqa getdikdən sonra doğrudan da, bibimə iki sətirlik məktub yazmışdı: "Əgər Veronika Qayıbova və onun uşaqları - Nikita və Fatimə haqqında nəsə öyrənmək istəyirsinizsə, mənə yazın". Amma bibim qorxmuşdu və cavab verməmişdi", - deyə Fatimə xanım bildirir.
Sonra Fatimə skarlatinaya tutulub, bu, ailədə ikinci skarlatina idi və onu xəstəxanaya aparıblar. Xəstəliyinə baxmayaraq, qız buradan çox razı qalıb. Çünki geniş və tər-təmiz palataları olan bu xəstəxanada onlara yaxşı yemək verirmişlər. Həmin tərəflərdə Veronikaya hörmət etidiklərindən xəstəxanada da onun xahişini yerə salmırmışlar. "Mənim hörüklərim vardı, anam saçımı kəsdirmək istəmirdi. Buna görə də mənə qulluq edən tibb bacısından xahiş etdi ki, saçımı kəsməsin, bitlərini təmizləsin. Oradakı başqa uşaqların sırasında bir alman oğlan da vardı. Hamıya yaxşı qulluq edirdilər. Bizi ayrı palataya keçirdilər, onu sonradan tamamilə "uşaq palatası" elədilər. Anam hər gün yanıma gəlirdi. Bir dəfə gələ bilməmişdi. Nikita sonra mənə danışdı ki, anam ağlayırdı və qorxurdu ki, başıma bir iş gələ bilər. Mən xəstəxanada başqalarından çox qaldım. Mənə deyirdilər ki, xəstəlik ağırlaşma verib. Amma məsələ başqa cür imiş. Yalnız Nikita sonradan mənə söylədi ki, əslində mənim səhhətim onda heç də pis olmayıb. Bizə çağırış vərəqəsi gəlib ki, Praqaya Sovet İttifaqına geri qaytarılanlar üçün nəzərdə tutulan toplanış məntəqəsinə gedək. Sən demə anam xəstəxananın baş həkimi ilə danışıb ki, məni orada bir qədər çox saxlasın. Beləliklə, biz Çexoslavakiyadan birincilər sırasında geri qayıtmadıq və hələ ki, orada qaldıq".
Fatiməni xəstəxanadan çıxardıqdan sonra anası artıq mənzil kirayələyibmiş və işləyirmiş, polis məktəbində rus dili dərsi keçirmiş. Nikita isə qonşu şəhərcikdə taxta emalı zavodunda işə düzəlibmiş. "Tezliklə biz rus mühacir ailəsi ilə - Vasili Alekseyeviç Stepin, onun arvadı Yevgeniya İvanovna və qızı Jenya ilə tanış olduq. Stepin ağ mühacirlərdən idi, amma onun çex vətəndaşlığı var idi, bununla belə həbs olunacağını istisna etmirdi. O, Praqa universitetini qurtarmışdı, həkim-pulmonoloq idi, bu şəhərdə ən yaxşı mütəxəssis sayılırdı. Biz tez-tez Stepinlərin evində qonaq olurduq. Mən məktəbə getməyə başladım, birbaşa ikinci sinfə götürdülər, bir az çexcə danışırdım, yaxşı oxuyurdum, birinci yarımillikdən sonra üçüncü sinifə keçirdilər, çünki mən başqalarından xeyli böyük idim".
Stepinlər Fatimə xanımgilin ailəsinə baxanda məktəbə yaxın yaşayırmişlar və buna görə də qız tez-tez onlarda qalırmış. Sonra Fatimə öyrənib ki, bunu bilərəkdən edirmişlər, anası həbs olunacağından qorxurmuş, istəmirmiş ki, bu, qızına da təsir etsin. 1946-cı ilin əvvəlində Praqadan bir sovet zabiti gəlib və Veronika Valentinovnanı, doğrudan da, həbs ediblər, amma iki sutkadan sonra buraxıblar. Sonra anasını dindirən zabit onlara gələrək, deyib ki, Stepinlərlə dostluq etmək lazım deyil, bu, onlara ziyan gətirər.
Sonradan onlar öyrəniblər ki, Veronika Valentinovnanın dindirilmə prtokollarını o, qorxunu və riski gözünün altına alaraq ləğv edib. Düşünüb ki, qadının heç bir günahı yoxdur. Ancaq buna baxmayaraq ailə həmişə narahatçılıq içində yaşayıb. Çünki analarının dalınca gələcəklərini hər an gözləyirmişlər. Hamı, demək olar ki, hamı geri qayıtmaqdan yayınmağa çalışırdı. Hətta belə bir hadisə də baş verdi. Bir ailəni - atanı və oğulu gecə həbs edərək Sovet İttifaqına yola salıblar. Oğul gecə özünü qatardan yerə ataraq qaçıb. Bir qadının sonradan ona himayədarlığı sayəsində o, sağ qala bilmişdi.
O zaman bütün həbslərlə bağlı rəsmi sənədlər yerli polisin rəisinə gəlirmiş, ona görə də Veronika Valentinovna xahiş edibmiş ki, onunla bağlı da sənəd gələrsə xəbər versin. Bir dəfə axşamdan xeyli keçmiş onların evinə polis gələrək bildirib ki, Fatimənin anası əşyaları ilə sabah ertəyə hazır olsun, onu Praqaya sovet repatriantlarının geri göndərilmə məntəqəsinə yollamalıdırlar. Anası isə əşyalarını toplayaraq, səhəri gözləmədən çıxıb gedib. Fatiməni yataqdan qaldırmalı olublar. Yuxulu imiş, vida zamanı zavallı körpə haradan bilyədi ki, anasını axırıncı dəfə görür.
"Stepinlər anama demişdilər ki, məni özü ilə götürməsin. Deyiblər ki, mən hələ balacayam, yolda hər şey ola bilər. Mənə isə söz verdilər ki, narahat olma, qoy anan getsin, sonra səni də onun yanına yollayarıq. Mən inandım, çox sakitcə onunla vidalaşdım və heç düşünmədim ki, anamı sonuncu dəfə qucaqlayıram. Ancaq anamın çox narahat oldğunu hiss edirdim. O, hətta danışa bilmirdi. Bax, biz beləcə ayrıldıq", - deyə Fatimə xanım xatırlayır.
Sanki möcüzə baş verdi, Veronika Valentinovna o dövrkü mürəkkəb vəziyyətə baxmayaraq Qərbi Almaniya tərəfə adlamağa nail olmuşdu. Anasının oradakı çətinlikləri və məhrumiyyətləri barədə Fatimə xanım yalnız çox-çox illər sonra xəbər tuta bildi. Ona bunları qardaşı Nikita danışmışdı. Məlum olub ki, Veronika Valentinovna yenidən ailə qurub və bu dəfəki nikahı uğurlu olub. 1950-ci ildə o, əri ilə birgə böyük çətinliklərlərdən sonra Amerikaya gedir. Yalnız iki ildən sonra Nikita da onların yanına gələrək, burada anası ilə görüşə bilir. "Bütün bu müddət ərzində sən demə anam Stepinlərlə yazışırmış". O da, yeni əri də əllərindən gələni edirmişlər ki, Fatiməni də öz yanlarına aparsınlar. Amma həmin illərdə bunu etmək elə də asan deyilmiş.
Stepinlərsə getdikcə daha da çox bağlandıqları Fatiməni qızlığa götürmək barədə razılıq almaq istəyiblər, amma onlar buna müəyəssər olmayıblar. "Nikitadan öyrəndim ki, Stepinlər anamdan xahiş edirmişlər ki, məni qızlığa götürmələrinə razılıq versin. Əgər onlar məni qızlığa götürsəydilər, mən maneəsiz Çexoslovakiyada qala bilərdim. Amma anam razılaşmayıb. Bilmirəm, o, haqlı idi, yoxsa yox, demək çətindir. Anamın razılıq verməməsi Vasili Alekseyeviçə pis təsir etmişdi, amma istənilən halda Yevgeniya İvanovna Stepina mənim ikinci anam oldu, ümumiyyətlə isə həyatda mənim dörd anam olub".
Əlvida, Çexoslovakiya!
Fatimə Stepinlərdə cəmi iki il yaşayıb. Nə qədər ki, ölkədə prezident Beneş idi, Çexoslovakiya sovet repatriantları üçün sığınacaq olub. Ancaq tezliklə hakimiyyətə kommunistlər gəldilər. SSRİ rəhbərliyi Çexoslovakiyanın yeni hakimiyyəti ilə sovet vətəndaşlarının öz vətənlərinə repatriasiyası barədə saziş bağladı. Bundan sonra Stepinlərə də belə bir çağırış gəldi - Fatimə Qayıbova təcili Praqadakı yollama məntəqəsinə gəlsin! "Mənim ikinci anam və ikinci ailəm çox əlləşdilər, məni yanlarında saxlamaq üçün sovet səfirliyinə qədər gedib çıxdılar, amma bir şey alınmadı. Dedilər ki, Moskvadakı nənəm - Veronika Valentinovnanın anası məni öz yanına çağırır. Düzü, mən inandım. Onlar məni bir müddət gizlətdilər, amma bütün həyatımı gizlənməklə keçirə bilməzdim ki?.. Prinsipcə, getmək barədə qərarı mən özüm qəbul etdim. Düşündüm ki, nənəm məni gözləyir. Həm də Çexoslovakiyada Sovet İttifaqına böyük hörmətlə yanaşırdılar. Hamının hörmət və maraq göstərdiyi ölkəyə getmək mənim üçün də maraqlı idi. Mən yalnız sonra anladım ki, hara gəlmişəm. Mənim ikinci anam Yevgeniya İvanovna məni buraxmaq istəmirdi, amma razılaşmalı oldu".
Fatiməni də başqa sovet repatriantları ilə birlikdə Seqedə - Rumıniyadakı yollama məntəqəsinə göndəriblər. Orada bir neçə ay vaxt keçirməli olub. Sonra onları SSRİ-yə gətiriblər. Özü də içi tam dolu olan yük vaqonlarında! Amma bu, Fatiməni o qədər də təəccübləndirməyib. Çünki zavallı qızcığazı bütün bu illər ərzində gördüyü ağla belə gəlməyən əzab-əziyyətlər sanki daha da möhkəmləndirmişdi. Gecə vaxtı Kiyevə gəlib çıxıblar. Səhərçağı Fatiməyə və daha bir oğlana təhkim edilmiş əsgər, onları sahibsiz uşaqlar üçün nəzərdə tutulan uşaq qəbuletmə məntəqəsinə təhvil verib. Cinayət törətmiş uşaqlar da orada məskunlaşdıqlarından, bura bir növ uşaq kaloniyası kimi imiş. Xoşbəxtlikdən onları bura gətirmiş əsgər, ertəsi gün yenidən qayıdaraq uşaqları Kiyevdəki 13 saylı xüsusi uşaq evinə verib.
"Mən bu uşaq evində bir müddət qaldım. Ümumiyətlə, pis yer deyildi, bəzilərindən hətta yaxşı idi. Uşaq evinin rəhbərliyi himayəsində olan uşaqların qohumlarının axtarışı ilə də məşğul idi. Bir müddətdən sonra uşaq evinin tədris müdiri məni yanına çağıraraq, qohumlarımın olub - olmaması ilə maraqlandı. Mən də dedim ki, Bakıda bibim Nəzirə və əmim Zülfüqar yaşayır. İki daşın arasında mənə məktub yazdırdılar. Sonra sorğu yolu ilə onların ünvanını tapdılar. On gündən sonra Nəzirə xalamadan məktub aldım, məktubda o yazırdı ki, bütün sənədləri qaydaya salan kimi tez gəlib məni özü ilə aparacaq. Məni ən çox təsirləndirən isə bibimin ad günüm münasibətilə mənə təbrik teleqramı göndərməsi idi. Keçən dəhşətli illər, ona mənim doğum tarixinu unutdura bilməmişdi. Bu, martın 8-i idi", - deyə müsahibimiz bildirir.
Nəzirə bibi qızı uşaq evindən 1949-cu ildə götürüb. Bakıda onları ən yaxın qohumlar qarşılayıblar. Hətta kiçik görüş də təşkil edilib və həmin görüşə xalq şairi Səməd Vurğun da gəlibmiş, o da Fatimə xanımın qohumlarından imiş. Tezliklə balaca Fatimə 134 saylı məktəbə gedib. "Mənim üçün çox çətin idi. Dilin özəlliklərinə alışmalıydım. Ancaq tezliklə hər şey qaydaya düşdü və mənim dərslərlə bağlı heç bir problemim qalmadı. Nəzirə bibigildə yaşayırdım. Bibimin ana tərəfdən qohumu olan Əliağa Şıxlinski də son illərini bu mənzildə keçirmişdi. Qonşuluqda, elə həmin dəhlizdə daha bir qohumumuz Bahadır Qayıbov yaşayırdı. Tanınmış pediatr, eyni zamanda Azərbaycanın aparıcı tibb işçilərindən biri idi. Əfsus ki, elə mənim gəlişimdən bir neçə gün sonra o vəfat etdi. Mən onunla şəxsən tanış ola bilməsəm də haqqında sonradan çoxlu maraqlı söhbətlər eşitdim. Bütün qohumlarımız onunla fəxr edirdi".
Nəzirə bibi oğlu Mürsəllə birgə yaşayırdı - əri ilə ayrılmışdılar. Əri də tanınmış nəsildən - Nuxa bəyləri Şahmaliyevlərin törəməsi idi. O, Azərbaycan Dövlət Universitetində müəllim işləyirdi. Hamı nədənsə onun Sarbonnada oxuduğunu düşünürdü, yəqin Fransa tarixi üzrə ixtisaslaşdığına görə elə zənn edirmişlər. Nəzirə bibi əmtəəşünas idi, nisbətən pis yaşamırdılar. Amma Fatimə gələndən sonra ailə müəyyən çətinliklərlə qarşılaşmalı olub. Qardaşı qızının peyda olmasından az sonra bibisini “NKVD” - yə çağırıblar və uşaqla bağlı sorğu-sual ediblər. Bibisi də deyib ki, qızcığaz anasından hələ 1945-ci ildə Çexiyada ayrılıb. Uşaq evindən gətirdiyi xasiyyətnamə də burada işinə çox yarayıb. Orada yazıblarmış ki, qız əvvəllər başına gələnlər barədə heç nə xatırlamır.... Sonradan Fatimədən keçmişi barədə soruşanda da həmişə heç nə xatırlamadığını bildirirmiş. Keçirdiyi sıxıntılardan danışanda heç vaxt anasından danışmırmış. Çünki qorxurmuş...
Zaman keçdikcə Fatimə yeni həyata alışmağa başlayıb. Amma üz verən bədbəxtlik uşağı yenidən imtahana çəkib - həkimlər bibisində xərçəng şişi aşkarlayıblar. Edilən bütün cəhdlərə baxmayaraq 1951-ci ildə Nəzirə bibi dünyasını dəyişib. Həmin vaxt qız 7-ci sinifdə oxuyurmuş. Beləcə, iki uşaq (bibisi oğlu Mürsəllə) bir evdə tək qalmalı olub. Uşaqlara maddi tərəfdən Mürsəlin atası köməklik edirmiş, ev işlərinə nəzarəti isə Mürsəlin nənəsi öz üzərinə götürüb. Onlar iki il beləcə yaşayıblar. Bundan sonra Mürsəl ailə qurub. Onun həyat yoldaşı Sveta ilə Fatimənin münasibətləri elə də yaxşı alınmadığından, Fatimə dəhlizdə fanerlə kəsilmiş kiçik otaqda ayrı yaşamalı olub. Bu zaman onun həyatında peyda olan İzzət xanım balaca Fatimənin "dördüncü anası"na çevrilib. İzzət xanım Ziba xanım Qayıbovanın, Qacar ailəsindən olan həmin şahzadənin qızı idi. Ziba xanım o zaman sağ olduğundan Fatimə onu yaxşı xatırlayır. Qadının sadəcə oturuşu-duruşu onun köklü aristokrat olmasından xəbər verirmiş. Onun əri Cahangir bəy Qayıbov - Mirzə Hüseyn Əfəndinin oğlu hələ inqilabdan əvvəl Türkiyəyə ixtisasartırma kursuna göndərilibmiş. Ziba xanımın qardaş və bacıları Tbilisidə yaşayırmışlar və İranın təbəəsi imişlər. Onların bəziləri xaricə gedə bilsələr də,qalanları da olub. 30-cu illərdə Cahangir bəyi və Ziba xanımın qalan qardaş-bacılarını əvvəlcə tutublar, sonra güllələyiblər. Ziba xanım qızı Fatma ilə birgə Tbilisidə tək qalıbmış, yeri gəlmişkən, Fatimənin adını da həmin qızın şərəfinə qoyublarmış. Bu zaman Ziba xanımın başqa bir qızı İzzət dəmiryolu mühəndisliyini bitirdikdən sonra Bakıya işləməyə göndərilib. Sonra o, anasını və bacısını da bura gətirmişdi. İndi də Fatiməyə himayədarlıq etməyə qərar verir.
Hərdən Zülfüqar əmisi də köməklik edərmiş. O, həm də atasına görə qıza kiçik pensiya kəsilməsinə də nail olmuşdu. Moskvadakı nənəsindən - anasının anası Kapitolina İvanovnadan da pul köçürmələri gəlirmiş. Stalinin ölümündən sonra vəziyyət nisbətən dəyişməyə başladı. Həyat getdikcə qaydasına düşürdü. Fatimə məktəbi bitirəndə ikicə dördü vardı, medal da ala bilərdi. Moskva Dövlət Universitetinə qəbul olunmağa can atırdı, amma imtahanları uğurla versə də, müsabiqədən keçə bilmədi, çünki "donos" verənlər hələ də çox idi. Belə yüksək qiymətlərlə o, Bakının istənilən ali məktəbinə girə bilərdi. Ancaq gecikdi və sənədlərini Azərbaycan Dövlət Universitetinə (ADU) çox gec gətirdi, qəbulsa artıq qurtarmışdı. Amma qohumu, tanınmış şair Səməd Vurğun bu işdə ona yardımçı oldu. O, universitetin rektoruna - professor Məmmədəliyevə bir zəng etməklə məsələni yoluna qoya bilib. Gündüz şöbəsinə qəbul qurtardığından, onu riyaziyyat fakültəsinin qiyabi bölməsinə götürüblər, amma Fatimənin gündüz dərslərə getmək hüququ vardı. Birinci kursu bitirdikdən sonra isə onu əyani şöbəyə keçiriblər.
1959-cu ildə Universiteti bitirən Fatimə birgə oxuduğu tələbə yoldaşı ilə təyanat aldığı yerə işləməyə getməyə hazırlaşırmış. Ümumiyyətlə, Fatimə xanım o vaxt çox patriot əhval-ruhiyyəli olub, ikinci kursda hətta Xam Torpağa getmək istəyirmiş, amma İzzət xanım buna mane olub. Və Fatimə xanımı Azərbaycan SSR Elmlər Akademiyasının Energetika İnstitutuna işə düzəldib. İki ildən sonra o, laboratoriya müdiri Yaqub Balayeviç Qədimovun yardımı ilə "xruşşovka"da bir otaqlı mənzil alıb. Beləcə həyatı müəyyən qədər nizama düşüb və buna görə o, "dördüncü anası"na - İzzət xanıma çox minnətdardır.
Və əlbəttə ki, bütün bu illər ərzində o, həmişə doğma anasını xatırlayıb. Fatimə bilirdi ki, bütün bu illər ərzində anası qızını Amerikaya öz yanına aparmaq üçün əlləşib, amma heç nə alınmayıb. Nikita həmin müddətdə uğurla Amerika universitetini bitirib və təyyarə istehsalı ilə məşğul olan tanınmış şirkətdə - "Lokhid"də işləməyə başlayıb. Veronika Valentinovna isə hərbiləşmiş məktəbdə rus dilini tədris edirmiş. 1957-ci ildə o, xoş bir təsadüf nəticəsində Moskvaya öz anasına məktub yollaya bilib. Anası məktubu alsa da, bu barədə heç kimə bildirməyib, qorxub ki, məxfi istehsalatda işləyən qardaşı İqor üçün problemlər yarana bilər.
Nənəsi Fatiməyə məktub barədə müəyyən müddətdən sonra, ona cavab yazmayacağına and içdirəndən sonra danışıb. Amma nənəsi sonradan Veronika Valentinovnaya özü məktub yazıb və o bildirib ki, qızı sağdır, hətta Fatimənin şəklini də Amerikaya göndəribmiş. Fatimə həmişə anası ilə görüşməyə çalışıb, amma bu görüş elə arzu olaraq qalıb - 1970-ci ildə Veronika avtomobil qəzasına düşüb və tezliklə dünyasını dəyişib. Fatiməyə bu barədə qardaşı Nikita məktub yazıb. İki ildən sonra Fatimə xanım Amerikaya gedə bilib, qardaşı ilə görüşüb, anasının isə yalnız qəbrinə baş çəkib...
1964-cü ildə Fatimə xanım Çexoslovakiyada da olub, ondan bir il qabaq o, oradakı ana və atasına məktub yazıb və cavab alıb. Amma onların yanına gedəndə artıq Vasili Alekseyeviç həyatda yox imiş. Yevgeniya İvanovna qızı və nəvəsi ilə birgə yaşayırmış. Çox mehriban görüşüblər, onlar istəyirmişlər ki, Fatimə xanım yanlarında qalsın. Amma o, Bakıya qayıdıb və tezliklə ərə gedib. Onun iki qızı dünyaya gəlib - Nərminə və Ziba. Əri ilə münasibətləri alınmayıb, on il bir yerdə yaşadıqdan sonra ayrılmağa qərar veriblər. Fatimə xanım on ildən çox Energetika İnstitutunda işlədikdən sonra Bakı Energetika Texnikumuna müəllim keçib, çox yaxşı pedaqoq olub və pensiyaya, yəni 1992-ci ilə qədər orada işləyib.
Böyük qızı həmin müddət ərzində ADU-nun fizika fakültəsini qurtarıb, kiçik qızı arxitektor olub. Bakıda ABŞ şirkətində işləyən və ingiliscə təmiz danışan qızı Nərminəni tezliklə okeanın o tayına - baş müəssisəyə göndəriblər, hazırda orada yaşayır və türkmənşəli bir amerikalıya ərə gedib, ondan bir qızı var. Ziba da ərə gedib, amma uğursuz olub, ərindən ayrılıb və Qrin-kart udaraq, 1999-cu ildə iki uşağı ilə birgə Birləşmiş Ştatlara köçüb. Fatimə xanım da onunla köçüb, oraya yerləşməyə Nikita kömək edib. İndi ailəlikcə Amerikada yaşayırlar. Fatimə xanımla bu yaxınlarda Bakıya etdiyi səfəri zamanı görüşüb, bu söhbəti edə bilmişdik.
"Amerikada həyatım boşdur. Amma başqa tərəfdən bütün uşaqlarım, nəvələrim oradadır. Bilmirəm, görünür, istənilən halda ora köçməliyəmmiş. Bakıda yaşayan zaman oraya köçmək ağlıma belə gəlməzdi. Bakı mənim üçün daha xoşdur. Çox mehriban, isti münasibətlərim olan qohumlarım, dostlarım buradadır. Amma mənsiz də qızlarım üçün pisdir", - deyə Fatimə xanım bizimlə söhbətinə belə yekun vurdu.
MƏSLƏHƏT GÖR: