15 Mart 2025

Şənbə, 00:33

BREND YARATMAQ ASANDIRMI?

Azərbaycan məhsulları rəqabət meydanlarında uğur qazanır

Müəllif:

01.06.2009

Azərbaycanın dünya iqtisadi toplumuna inteqrasiyası ilə bağlı olaraq yalnız ölkənin iqtisadi tənzimlənmə qaydaları deyil, həmçinin leksikonumuz da dəyişməyə başlayıb. "Biznes", "konsaltinq", "marketinq" və s. kimi çoxsaylı neologizmlər uğurla bizim nitqimizə daxil olublar. Bu, təkcə həmin sözləri bilməyin vacibliyi ilə bağlı deyil, həm də o sözləri işlətmək bir növ "dəbdədir". Bu terminlərin bəziləri indiyə kimi bizim üçün naməlum olan anlayışlardır. Buna nümunə kimi, məsələn, "brend" sözünü göstərmək olar. Bu, hər hansısa bir  məhsul və ya xidmət barədə məlumatlar kompleksinin rəmzi ifadəsidir. 

Marketinq sahəsində araşdırma aparanların fikrincə, brend əslində istehsalçı və istehlakçı arasında zəmanət, şərti sazişdir. Müəyyən ad, loqotip  altında buraxılmış istənilən məhsulun yaxşı, daha dəqiq ifadə edilsə, "gözlənilən" keyfiyyətə malik olacağına verilən vəddir. "Brend o vaxt brend olur ki, insanlar qərar verəndə, onu da nəzərə alırlar", - deyə araşdırma materiallarının birində bildirilir. 

 

Əsasdan özələ 

 

Əlqərəz, bu gün Azərbaycan istehlakçısına brendin nə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəni, xüsusilə də onun paytaxtını xarici brend mallar istehsalçıları ağzına kimi öz məhsulları ilə doldurublar. Onların marketoloqlarına yaxşı bəllidir ki, əhalinin rifahının yaxşılaşması ilə keyfiyyətli məhsullara da tələbat artır. Deməli, nisbətən bahalı, amma "adlı" məhsulu satmağa da şans yaranır. Sevindiricidir ki, bu yazılmamış qaydanı artıq Azərbaycan istehsalçıları da mənimsəyiblər. Keçən on-on beş ildə biz də, demək olar ki, bütün iqtisadiyyat sahələrində öz brendlərimizi yarada bilmişik. 

"Azəri - Çıraq - Günəşli" yataqlarından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən çıxarılan "AzeriLight" neftinin Azərbaycanın əsas brendi sayılmasına tam haqqı var. Onun sıxlığı API  üzrə 34,9 dərəcə, tərkibindəki kükürdün payı isə 0,14%-dir. Hazırda bu brend dünya neft birjalarında çox uğurla satılır, yüksək keyfiyyətli olması üzündən ona tələbat çoxdur və ölkəyə böyük maliyyə dividendləri gətirir. 

Amma yenə də məşhur ifadəni təkrar etməyə məcburuq - neft Azərbaycan iqtisadiyyatının onurğa sütunu olsa da, o, əbədi deyil. Ona görə də bu gün hər yerdə iqtisadiyyatın neftdənkənar bölmələri inkişaf etdirilir. Bunda iri holdinqlərin də, kiçik müəssislərin də rolu az deyil. Belə ki, bu gün özünə hörmət edən hər bir zavod və ya fabrik artıq ən azından bir ədəd "səsli" brendə malikdir. Bəziləri isə tanınmış və on illərlə rəqabətlərə dözmüş xarici "həmkarları" ilə yarışaraq, keyfiyyət möcüzələri göstərirlər. 

Sual yarana bilər ki, bu brendlər necə yaranır? Azərbaycan şəraitinidə ilk baxışda adi olan bir məhsulun dünya üzrə tanınmasına necə nail olunur? "Məhsul əslində zəmanət verilmiş keyfiyyətdir. Brend isə zəmanət verilmiş keyfiyyətlə yanaşı, zəmanət verilmiş duyğulardır. Hər dəfə hər hansı brendə pul verəndə biz istər-istəməz onun bizə vəd etdiyi duyğuların təsdiqlənməsini gözləyirik. Bu, alınmış və ya doğru inkişaf etmiş brendlərin əsas özəlliklərindəndir. Məhsulun yaxşı istehlak keyfiyyətinin üzərinə onlar duyğuları da əlavə edirlər ki, alıcı məhsulla təmasda hökmən həmin duyğuları da hiss edir. Brendlərin mövcudluğunun əsas arqumentlərindən biri duyğu yaratmalarıdır", - deyə araşdırmaçılar vurğulayır. 

 

Qızıl qələbə 

 

 

Sadə məhsuldan brendə gedən yolda başlıcası keyfiyyət və marketinq fantaziyasıdır. "Əgər hamının etdiklərini təkrarlasan, heç zaman önəmli nəticələr əldə edə bilməzsən. Bu, təşkilatın brendi, onun korporativ mədəniyyəti və ruhu ilə çox bağlı olan uğurlu biznesin əsas şərtlərindən biridir", - deyə  "O'Grae" brendinin yaradıcısı və şirkətin baş direktoru Zeynulla Qurbanov bildirir. Axı hətta məhsulu yerləşdirdiyin taranın hesabına da ad çıxarıb uğur qazanmaq mümkündür. O, eyni zamanda həm rahat, həm də orijinal və təkrarsız olmalıdır ki, istehlakçı sadəcə gözlərini çəkə bilməsin. Bax bu, yuxarıda bəhs edilən duyğu məsələsidir. 

Sonra isə keyfiyyətli və ardıcıl reklama güc vermək lazımdır - bu istənilən brendin hərəkətverici qüvvəsidir. Reklam sadə və əlverişli şəkildə konkret istehsalçının məhsulunun analoji mallardan fərqli cəhətlərini açmalıdır. "Reklamda qənaət edən sahibkar öz biznesində qənaət edər", - bu,  "O'Grae" rəhbəri üçün əsas qaydalardan biridir. 

Başqa bir önəmli məsələ isə risk etməyi bacarmaqdır. Z.Qurbanov bildirir ki, "uğurlu iş adamı bilir ki, risk etməzsə, on qat artıq risk etmiş olur". Tanınmış müsabiqələr və nominasiyalar da buna misaldır. Nə olsun, brend bir neçə ildir ki, özünə ad-san qazanır, amma nominantların siyahısında yüzillik  staja malik istehsalçılar var. Öz məhsulunun keyfiyyətinə inam bütün şübhələrin üzərindən atlamağa imkan verir.

Daha bir parlaq nümunə: yaxın vaxtlarda - bu ilin aprel ayında Moskvada, mərkəzi sərgi zalı "Manej"də  "EFFIE-2008"ci ilin brendi laureatlarının təltif edilmə mərasimi oldu. Bu, artıq 30 ildən çoxdur ki, bütün dünya üçün  biznes və brend qurulması marketinqi strategiyaları üzrə ən önəmli  mükafatdır. Seçimi 33-dən çox ölkə edir! Və bu dəfə brend qurulması sahəsində Rusiyanın ən yaxşı peşəkar mükafatı - qızıl mükafat Azərbaycan brendi "O'Grae"ə verilib.  

Təqdimat mərasimində çıxış edən Z.Qurbanov bildirib ki, bir neçə il ərzində "O'Grae" şirkəti birbaşa sıxma üsulu ilə insan üçün ən dəyərli olan sağlamlığı qorumağa və bərpa etməyə qadir yüksək keyfiyyətli nar şirəsi yaratmağa can atıb. "Yüksək istehsal texnologiyası "Organik"in hesabına bizim bütün şirələrdə meyvələrin vitaminləri və mikroelementləri qorunub. Biz birbaşa sıxma "O'Grae" şirələri üçün meyvələri xüsusi diqqətlə seçirik", - deyə iş adamı qürurla bildirir. Ancaq yüksək mükafatın əldə edilməsi heç də "O'Grae"nin son arzusu deyil. Onun rəhbəri yaxşı bilir ki: "Yerində sayanı ötürlər, özündən razı itirir". Fəth olunmuş zirvədə dayanmamaq və maneələrə baxmayaraq irəli getmək - brend yaradılması və qorunmasının daha bir önəmli xüsusiyyətidir. 

 

Azərbaycan ulduzu 

 

Beləliklə, öz məhsuluna inam - brendin inkişafı üçün başlıca stimuldur. Azərbaycanın başqa tanınmış brendini istehsal edən "Ulduz" şokolad fabrikasının rəhbərliyi də bunu yaxşı mənimsəyib. Demək olar ki, idxal konfetləri ilə doldurulmuş yerli bazara girmək, Azərbaycan istehlakçısı üçün ənənəvi olan Rusiya şokoladlarının rəqabətinə dözmək, öz məhsulunu elə həmin Rusiyaya göndərmək iddiası sözün yaxşı mənasında, dikbaşlıq sayıla bilərdi! Ancaq kiçik bir sexdə başlanan fəaliyyət, cəmi 8 il ərzində müasir texnologiyalar və avadanlıqla təchiz edilmiş fabrikə çevrilə bildi. 

Fabrikin rəhbəri Vüsal Şərifov etiraf edir ki, yetirəncə populyar bazara girmək elə də asan olmadı. 

- Amma biz irəli can atdıq, bundan başqa "Ulduz" fabrikinin məhsulları Moskvada "Prodekspo-2009" sərgisinin qızıl medalını aldı, dünyanın 57 ölkəsindən gəlmiş 1850 şirkət içindən seçildi! Bizim qələbəmiz Azərbaycandakı kiçik istehsal sahələrini inkişaf etdirərək dünya brendinə çevirmək baxımından parlaq nümunədir. Axı coğrafi yerləşməsi və zəngin təbiəti baxımından bizim ölkənin böyük perspektivləri var. Bəli, Sovet İttifaqının tərkibində olduğumuz uzun illər boyunca biz dünya bazarından təcrid olunmuşduq. Buna görə də əldən buraxdığımızı sürətli templərlə geri qaytarmalıyıq. Biz "Ulduz"u bütün dünyada tanınmış brendə çevirmək istəyirik - bu, asan deyil, amma tamamilə mümkündür!

- Bazarı necə ələ keçirməyi düşünürsünüz?

- Hər şeydən öncə, keyfiyyətlə. Mən artıq dedim ki, dünyada şokolad  brendləri çoxdur. Biz ilk başdan onları təkrar etməməyi qərara aldıq. Yeni tip şokolad istehsal etməyə başladıq və adını "Tanqo" qoyduq. O, dadı, keyfiyyəti və şokoladlara xas başqa keyfiyyətləri, həmçinin  insan orqanizmi üçün təhlükəsizliyi baxımından yerli istehsalçıların  konfetindən fərqlənir. Bunun hesabına "Tanqo" artıq yalnız bizim ölkədə deyil, həm də xaricdə populyarlıq qazandı. 

- Bəs qablaşdırma, axı bu, brendin vacib elementlərindən biri sayılır...

- Doğrudan da, bu gün istehlakçını təəccüblənlirmək asan deyil. Çoxları düşünür ki, bazarı götürmək üçün keyfiyyətli və ucuz məhsul istehsal etmək yetərlidir. Amma bu, belə deyil. Həm də yalnız gözəl qablaşdırma ilə bazarı götürməyin müm-künlüyü barədə təsəvvürlər də yanlışdır. Məhsulu istehlakçının razı qaldığı və sevdiyi səviyyəyə qaldırmaq üçün çox sayda marketinq araşdırmaları aparmaq və bütün tələb kompleksini nəzərə almaq lazımdır.  "Ulduz" fabriki də öz fəaliyyətini bazar prinsipləri əsasında qurur.

- "Ulduz" fabrikinin məhsullarının keyfiyyət nişanı varmı? Beynəlxalq keyfiyyət sertifikatları, o cümlədən  ISO sertifikatları almaq üzrə planlar  necə? 

- "Ulduz" şokolad fabrikinin məhsulları Azərbaycanın keyfiyyət sertifikatlarına və Rusiyanın uyğunluq sertifikatına (30.01.2009 - 30.12.2012) malikdir. Razıyam, bu gün dünya səviyyəsinə çıxmaq üçün məhsulun sanitar-gigiyenik normalara uyğunluğunu, istehlak üçün təhlükəsiz olduğunu təsdiq edən beynəlxalq standartlara riayət etmək çox önəmlidir. Bu prinsiplər "Ulduz" şokolad fabriki üçün də həddindən artıq vacibdir. Bununla bağlı olaraq, məhsulu ISO və HACCP standartlarına uyğunlaşdırmaq üzrə də fəal iş aparılır. 

 

Möhkəm uğur

 

Yuxarıda sadalananlardan belə çıxır ki, şirkətin iş stajının az olması  onun heç də brend istehsalçısı ola bilməyəcəyi demək deyil. Daha bir nümunə "Aqroazerinvest" MMC-dir. Üzümçülük və şərabçılıq sahəsində dinamik inkişaf edən bu gənc müəssisə artıq onlarca brend sahibidir. Oturuşmuş dad ənənələrinin qablaşdırmanın dizayner tərtibatının çağdaş istiqamətləri ilə çuğlaşdırılması çaxır və konyaklara, həmçinin Azərbaycanda istehsal edilən tanınmış "Ağdam" portveyninə rəqibləri yalnız Azərbaycan daxilində deyil, həm də onun sərhədlərindən çox-çox uzaqlarda da sıxışdırmağa imkan verir. Rusiyada "Aqroazerinvest" MMC-nin məhsulları artıq populyarlıq qazanıb, bu da onun keyfiyyətinə, şəksiz, etibar deməkdir. 

Yüz faiz təbii xammaldan hazırlanmış "Qəbələ" və "Nazlı" çaxırları ilə bazara girmiş müəssisə indi həmçinin "Şamaxı", "Mədrəsə", "Şahdağ", "Alabaşlı", "Ağstafa", "Çuxur Qəbələ", "Köhnə həyət", "Ev çaxırı" brendlərini də buraxır. Şirkət daha 3 növ çaxır buraxmağa başlayıb. Bunlar desert çaxırı (kaqor) "Bahar", qırmızı quru çaxır "Odlar yurdu", qırmızı kəmşirin çaxır "Bakı buxtası"dır. Bu çaxırlar məhsulun ən yaxşı növlərindən, məsələn, Kaberne Sovinon, Pino, Qrenaj kimi üzümlərdən hazırlanıb. Bu  çaxırlar cəlbedici ətir və dad keyfiyyətləri ilə seçilir, saxlanma zamanı artdıqca daha da ətirlənir. 

Qısa bir müddət ərzində "Aqroazerinvest" MMC daha üç populyar konyak seriyası buraxıb. "Gold Baku" 8, 10, 12 il saxlanır, "Vizir" 3, 4, 5, 6 il saxlanır,  "Sindbad" 8 il saxlanır və bu məhsullar bazarda möhkəm mövqelər əldə ediblər. O da qeyd olunmalıdır ki, bu məhsullar Azərbaycan konyaklarının ənənəsinə uyğun olaraq klassik texnologiya ilə hazırlanıb, yüksək  keyfiyyətli elit üzüm növlərindən əldə edilmiş konyak spirti əsasında ərsəyə gətirilib. 

Müəssisənin əsl  hitinin isə  3, 5, 6 və 8 il saxlanmış və elit üzüm növlərindən alınmış konyak spirtindən düzəldilən "Həyat" konyakının olacağı gözlənilir. Artıq Rusiyada aparıcı spirtli içkilər idxalçısı ilə "Həyat" konyakının bu ölkəyə ixracı barədə sazişlər bağlanıb. O, bazara elit brendinin bütün atributlarına uyğun olaraq veriləcək. Bir faktı da qeyd etmək lazımdır ki, "Həyat" konyakı üçün butılka (Touareg)  "Aqroazerinvest" MMC-nin eksklüziv sifarişi ilə Fransanın şüşə, dekor istehsalçısı  "Raoul Domec" tərəfindən hazırlanır. Öz orijinal və gözəl tərtibatı ilə diqqəti çəkən etiketi isə çox məşhur fransız şirkəti "Version Originale" dizayn-studiyası tərəfindən işlənilib. Bu şirkət "Hennesy", "Courvoisier", "Camus", "Martell", "Remy Martin" və s. kimi  populyar və aparıcı dünya brendlərinin istehsalçıları üçün də etiketlər hazırlayıb. 

"Aqroazerinvest"-in strategiyasında vətənpərvərlik xüsusi diqqəti çəkir. Bütün brendlərin adları istehlakçıya məhsulun Azərbaycan mənşəli olduğunu anladır. Bu da bizim digər məhsulların xaricdə irəliləməsi üçün çox önəmlidir. Axı Azərbaycan çaxırı və konyakının tamına baxan və onun keyfiyyətindən əmin olan xarici istehlakçı  "Made in Azerbaijan" sözləri yazılmış başqa məhsullara da etibar edəcək. 

Başqa sözlə, brendlər təkcə konkret bir müəssisənin sifəti olmaqla kifayətlənmirlər. Onlar həm də ölkənin özünəməxsus ticarət rəmzidirlər və bu brendlərin irəliləməsi ölkənin ticarət potensialına ciddi təsir göstərir. Yuxarıda göstərilən nümunələr doğru marketinq və uğurun parlaq nümunəsidir, bəllidir ki, bu cür brend istehsalçısı olan müəssisələr bizdə az deyil. Düzdür, bu şirkətlərin heç də hamısının təmsilçiləri populyarlıq yollarının sirlərini bölüşməyə hazır deyillər. Məsələn, bazarı ələ keçirməyə yeni başlamış "Pal süd"ün təmsilçiləri uğurlarını şərtləndirən amillərdən danışmaq istəmədilər. Amma bir şey var ki, onların mövcudluğu və uğurları öz ölkəsi üçün yalnız qürur hissi doğurur. 



MƏSLƏHƏT GÖR:

586