14 Mart 2025

Cümə, 23:36

QAZ VURUN Kİ, QAZANINIZ DOLSUN

Azərbaycanın mövqeyi öz qazının dünya bazarlarına daşınması üçün bütün variantlar içindən ən əlverişlisini seçməyə imkan verir

Müəllif:

01.06.2009

Yerin təkindən çıxarılan adi təbii qaz bu gün enerji resurslarının çatışmazlığı və onlara tələbatın artması ucbatından sərt iqtisadi və siyasi çəkişmə obyektinə çevrilib. Rusiya və Ukrayna arasında mütəmadi "qaz müharibəsi" baş verir və bütün Avropa nəfəsini dərərək diqqətini buna yönəldir. Xəzər qazı uğrunda gərgin mübarizə, nəqliyyat layihələrinin problemləri isə bitmir... Bəli, karbohidrogenlərlə zəngin olan Xəzər, boru kəməri layihələri ilə, qaz çatışmazlığı yaşayan avropalılara çox şey verə bilər. Məsələ sadəcə ondadır ki, ixracatçı ölkələr özləri bunu istəyirmi? 

 

Bütün layihələr yaxşıdır

Sözün düzü, bu sualın cavabı daha çox başqa sualla bağlıdır: boru kəməri layihələrinin özünə nə vaxt aydınlıq gələcək? Bu gün heç kimdən gizli deyil ki, bütün intriqalar Avropanın əsas ümid bağladığı "Nabucco" layihəsinin ətrafında aparılır. İdeyaca "Nabucco" Bakı - Tbilisi - Ərzurum kəmərinin davamı olmalıdır və ildə 20-32 mlrd kubmetr qaz ötürməyə hesablanıb. 

Layihənin ehtimal olunan dəyəri 7,9 mlrd avrodur. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacağını vəd edənlər də var, ilkin nəqli 2014-cü ildə nəzərdə tuturlar. İlk baxışdan Azərbaycanı bu müddət tamamilə qane edir. Çünki Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz yatağının  "2-ci mərhələsi"nin gerçəkləşdirilməsinin başlanğıcı ilə üst-üstə düşür. Ancaq müddətdən başqa layihə bir çox başqa həm iqtisadi, həm də siyasi meyarlar baxımından da Bakı üçün əlverişli olmalıdır. Özü də seçim imkanı yetərincə böyükdür - ölkə çoxsaylı alternativ təkliflər alır. 

Bu yaxınlarda Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, enerji qaynaqlarının daşınması üzrə hər bir layihə Azərbaycan üçün maraqlıdır: "Layihələrdə iştirak,  ölkə üçün yeni imkanlar yaradır, karbohidrogen resurslarının dünya bazarlarına daşınması yollarını asanlaşdırır".

Nazir qeyd edib ki, Praqada "Cənub dəhlizi" üzrə birgə Bəyannaməni imzalamaqla Azərbaycan göstərdi ki, Türkiyə-Yunansıtan-İtaliya (TGI) qaz kəməri layihəsini, Transadriatik qaz kəmərini (TAP) və "Nabucco"  layihəsini dəstəkləyir. O deyib: "Bu sadalanan layihələrin heç birinə biz kapital yatırmamışıq. Biz sadəcə deyirik ki, Azərbaycan buna maraq göstərir. Əgər bu layihələr Azərbaycan üçün iqtisadi baxımdan əlverişli olarsa, ölkəmizin milli maraqlarına uyğun gələrsə və vaxtında yerinə yetirilərsə, onda biz bunlarda fəal iştirak etməyə hazırıq". 

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, "Azərbaycan qazının Avropa regionuna daşınması üçün bir neçə layihə, bir neçə imkan mövcuddur və bütün bu imkanlar açıqdır". E. Məmmədyarov misal kimi "Nabucco", TGI və TAP qaz kəməri layihələrini gösiərib. "Çoxsaylı başqa variantlar da var, onlar da məqsədəuyğunluq, sabitlik və müəyyənlik baxımından ciddi-cəhdlə hesablanmalıdırlar", - deyə XİN başçısı bildirib. 

Onun sözlərinə görə, bu və ya başqa layihəyə baxanda həm risklər, həm də onların gəlirliliyi nəzərə alınır. E.Məmmədyarov bildirib ki, haqqında Praqada Bəyannamə imzalanmış "Cənub dəhlizi" layihəsi də Azərbaycan üçün maraqlıdır. Onun sözlərinə görə, bu layihə elə variantlardandır ki, ölkə enerji imkanları ilə yanaşı, öz coğrafi imkanlarından da istifadə edə bilər: "Bu baxımdan "Cənub dəhlizi"nin inkişafı, əlbəttə ki, bizim milli maraqlara uyğun gəlir və biz daha çiçəklənmiş sabit region yarada bilərik".

Layihələrdə bu cür təmkinli iştirak yetərincə məntiqlidir. N.Əliyevin sözlərinə görə, "Nabucco" üzrə danışıqların çoxdan başlamasına baxmayaraq, bir sıra məsələlər  hələ də öz həllini tapmayıb. Məsələn, Rusiyanın "Cənub axını" layihəsindən fərqli olaraq, "Nabucco" layihəsi üzrə hələ də dövlətlərarası və tranzit sazişləri yoxdur. "Türkiyə ilə Avropa Birliyi arasında layihənin gerçəkləşdirilməsi üzrə sazişlərin bağlanması iyunun sonuna gözlənilir", - deyə nazir vurğulayıb.

Yada salaq ki, mayın 8-də Praqada keçirilmiş enerji sammitində AB ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Misir  arasında "Cənub dəhlizi" ilə bağlı birgə Bəyanat imzalanıb. Bir sıra diplomatik qaynaqlar qeyd ediblər ki, Praqada "AB layihə üçün gözlənilən siyasi dəstəyi əldə edə bilməyib", çünki Qazaxıstan, Özbəkistan və Türkmənistan Bəyannaməyə qol çəkməyiblər. Ancaq bununla yanaşı energetika məsələləri üzrə Avropa komissarı Andris Pibalqs Praqada bildirib ki, AB Türkiyə ilə " Nabucco" qaz kəməri tikintisi layihəsi üzrə sazişləri iyunda bağlamaq niyyətindədir. "Mən əvvəlki kimi sazişləri iyunda bağlamaq niyyətindəyəm. Beləliklə, biz bütün şərtləri bir neçə həftə ərzində razılaşdırmalıyıq. Biz Türkiyə ilə danışıqlarda yetərincə irəli getmişik", - deyə A.Pibalqs  bildirib (Bloomberg). 

Türkiyə tərəfinin cavabı özünü çox gözlətməyib. "AB "Nabucco" qaz kəməri layihəsinin gerçəkləşdirilməsi ilə bağlı məsələlərin həllini sürətləndirməlidir. Türkiyə bu layihə üzrə payına düşən hər şeyi öz öhdəsinə götürə bilər. Əgər qazın daşınması bizim ölkənin ərazisindən keçəcəksə, biz qaz nəqli xətləri tikməyə hazırıq", - deyə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib. 

Bunu,  məsələdə yetərincə irəliləmə saymaq olar. Əgər Türkiyə imtina edərsə, onda qaz kəməri olmayacaq. Daha doğrusu, Türkiyədən yan keçməklə tikiləcək kəmər 4-5 dəfə baha başa gələrdi. Yeri gəlmişkən, Praqa sammitində Türkiyə prezidenti Abdullah Gül bildirib: "Türkiyə Xəzər hövzəsinin və Yaxın Şərqin qazını öz ərazisindən keçməklə Avropaya daşınmasına imkan verən boru kəmərinin tikintisinə böyük önəm verir". Həmçinin A. Gül qeyd edib: "AB-yə üzv olmaq istəyən Türkiyə öz milli təhlükəsizliyini enerji qaynaqlarının diversifikasiyası yolu ilə möhkəmləndirməyə əsaslanmış  enerji siyasəti yürüdür... Mən əminəm ki, mövcud energetika layihələri qarşılıqlı inama əsaslanan konstruktiv əməkdaşlıq prosesinə çevrilməlidir". 

Türkiyə prezidentinin sözlərinə görə, Türkiyə "Cənub dəhlizi" və onun vacib hissəsi olan "Nabucco" layihələri barədə yüksək məsuliyyət hissi daşıyır. A. Gül bildirib ki, "strateji planda bu layihələr mövcud boru kəmərlərindən daha önəmli ola bilər". 

"Biz səmimi qəlbdən ümid edirik ki, "Nabucco" layihəsinin gerçəkləşdirilməsi başqa layihələrə də impuls verəcək və Azərbaycan, Türkmənistan, İraq, Misir və İran üçün əlverişli beynəlxalq siyasi şərait yaradacaq. Əsas ölkələr - Xəzər və Yaxın Şərq regionlarının qaz istehsalçıları ilə yanaşı, bu, Avropanın da enerji təhlükəsizliyinin yüksəldilməsinə yardımçı olacaq", - deyə Abdullah Gül bildirib.

 

Söz Orta Asiyanındır

Göründüyü kimi, Türkiyə "Nabucco" və o cümlədən başqa layihələr üzrə də sənədlərə qol çəkməkdən imtina etmir. Başqa məsələyə qayıdaq. Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin başçısı Alan Vaddams bildirib ki, "Azərbaycanın resursları "Nabucco"nun başlanması üçün yetərlidir, amma layihənin uzunmüddətli işləməsi üçün kifayət  deyil". Bu zaman A.Vaddams Asiya ölkələri qoşulduqdan sonra layihənin gerçəkləşmə imkanı qazanmasına şübhə etmir: "Dəqiq bildirmək gərəkdir ki, "Nabucco" Xəzər bölgəsindəki qazın daşınması üçündür. Və bu, baş verəcək. Buna mənim heç bir şübhəm yoxdur".

AB-nin Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də bu fikirdədir: "…Qeyd etmək istəyirəm ki, ilkin mərhələ layihəyə Türkiyə, Gürcüstan və Azərbaycanın qoşulması ilə bağlı idi, ikinci mərhələdə isə Mərkəzi Asiya ölkələrinin növbəsidir", -deyə o, jurnalistlərə bildirib.

Avstiryanın OMV şirkətində beynəlxalq layihələr və "Nabucco" üzrə nümayəndə Kristian Dolezal hesab edir ki, "qaz kəmərinin doldurulması məsələsi asan həll ediləcək" və ""Nabucco" çoxsaylı qaynaqlara hesablanmış layihədir". "İraq qazı da başqa qaynaqlarla yanaşı müəyyən dərəcədə "Nabucco" boru kəmərinin doldurulmasına imkan verəcək. Belə sövdələşmə səhmdarların "Nabucco" layihəsininin  gerçəkləşdirilməsi ilə bağlı çox qərarlı olmasının sübutudur", - deyə K.Dolezal vurğulayıb. 

O, həmçinin qeyd edib ki, "layihənin işlənmə mərhələsi plana uyğun irəliləyir, səhmdarlar isə satınalmalarda uğurlar göstərirlər". "Azərbaycandan "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi nəticəsində əldə ediləcək, həmçinin Misirdən alınacaq iri qaz həcmləri ilə "Nabucco" qaz kəməri asanlıqla doldurula bilər", - deyə K.Dolezal əlavə edib. Nümunə üçün o, Almaniyanın  RWE konserni ilə Türkmənistan arasında bağlanmış uzunmüddətli sazişi göstərib. Aprelin ortalarında Türkmənistanla RWE arasında Xəzər dənizinin türkmən şelfinin işlənməsi və əldə edilən qazın Avropaya göndərilməsi ilə bağlı memorandum bağlanıb. 

"Nabucco" layihəsinin səhmdarlarından birinin - Macarıstanın MOL neft-qaz şirkətinin direktorlar şurasının sədri, baş icraçı direktoru Jolt Hernadi isə bildirib ki, Azərbaycanı "yalnız "Şahdəniz"də böyük qaz ehtiyatlarının olması baxımından deyil, həm də Türkiyə ilə birləşən mövcud qaz kəmərinin olmasına görə "Nabucco" üçün əsas təchizatçı ölkə sayır". 

Yada salaq ki, "Nabucco"nun səhmdarları olan OMV və MOL İraqın şimalında qaz hasilatını artırmaq məqsədi ilə bu ölkənin "Pearl Petroleum" qaz şirkətinin səhmlərinin 20%-ni satın alıblar. Layihələrin dəyərləri $8 mlrd. təşkil edir. Satıcılar "Dana Gas" və "Crescent Petroleum" ərəb şirkətləridir, onların "Pearl Petroleum" üzrə payları bərabərdir. K.Dolezalın sözlərinə görə, "bu sövdələşmə səhmdarlarının  "Nabucco"nun gerçəkləşdirilməsi baxımından qərarlı olmasına sübutdur".  

Daha bir önəmli məqam layihənin sərmayə tərəfidir. K.Dolezal hesab edir ki, ""Nabucco" üzrə son investisiya qərarları 2010-cu ilin I rübündə boru kəmərinin doldurulması ilə bağlı sifarişlər qəbul ediləndən sonra verilə bilər". "Türkiyə ilə hökumətlərarası sazişlər bağlandıqdan sonra "Nabucco"nun gerçəkləşdirilməsində növbəti mərhələ açıq mövsüm və müfəssəl mühəndislik prosesinin başlanması olacaq və buna artıq start verilib", - deyə K.Dolezal vurğulayıb. 

 

"Qaz məsələsi"nin qiyməti 

Göründüyü kimi, çoxsaylı skeptik mövqelərin olmasına baxmayaraq, "Nabucco"nun gerçəkləşdirilməsi tamamilə realdır. Hazırda layihənin əsas səhmdarlarından olan Avstriya OMV-si Rusiyanın  "Qazprom" şirkəti ilə çox yaxşı münasibətlər qurub. Boru kəmərinin tikinti xərclərinin qiymətinə gəldikdə isə, artıq bəllidir ki, layihənin ümumi dəyərinin 30%-i iştirak payı əsasında "Nabucco Gas Pipeline International" səhmdarları tərəfindən ödənəcək. Qalan 70%  isə kreditlərin hesabına bağlanacaq. Qeyd etmək gərəkdir ki, fevralda Dünya Bankı qaz kəmərinin tikinti layihəsinə maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib. Sanılır ki, başqa beynəlxalq qurumlar da layihəyə maliyyə dəstəyi göstərməyə hazırdır.  

Mərkəzi Asiya ölkələrinin də layihəyə qatılması realdır. Burada borunun Avropa Birliyi tərəfindən fəal lobbiləşdirilməsi və Türkmənistanın istifadə edə bilmədiyi böyük qaz ehtiyatlarının olması da öz rolunu oynayır.  Bu yaxınlarda Aşqabat öz ölkəsinin qaz yataqları ilə bağlı beynəlxalq audit göstəricilərini dərc etdirib. Həmin göstəricilərə görə, onun yalnız iki əsas yatağında ehtiyatlar 6 trln. kubmetr təşkil edir (bu da doğrudur ki, türkmən qazının əsas alıcısı Rusiyadır). 

Burada Azərbaycan qazının da "Nabucco" ilə daşınacağını yada salmaq yerinə düşər. Bir çox ekspertlər hesab edirlər ki, borunun doldurulması üçün ilkin mərhələdə "Şahdəniz" yatağından əldə ediləcək 8 mlrd. kubmetr qaz da yetərlidir. N.Əliyevin sözlərinə görə, "Şahdəniz" yatağının "Mərhələ-2" layihəsinin başlamasına qədər yataqdan ildə 9 mlrd. kubmetr qaz və 40 min barrel kondensat əldə edilir. "Şahdəniz"in sübut olunmuş ehtiyatları isə 1,2 trln. kubmetr təşkil edir. Yataq üzrə "Mərhələ-3" fazası da istisna edilmir və tamamilə gözləmək olar ki, 2020-ci ildə yataqdan əldə edilən qazın ümumi həcmi ildə 40 mlrd. kubmetr səviyyəsini ötəcək. 

Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun altında da 300 mlrd. kubmetrə yaxın ehtiyatı olan qaz yatağı yerləşir. Natiq Əliyevin sözlərinə görə, "Abşeron" perspektiv strukturunun kəşfiyyatının nəticələri də burada iri qaz ehtiyatları olmasını, onun həcminin hətta "Şahdənəz"dəkindən də çox olduğunu ehtimal etməyə imkan verir. Amma ARDNŞ tərəfindən də qaz çıxarılır və şirkət 2008-ci ildə plan  8 mlrd. kubmetr olduğu halda,  8,2 mlrd. kubmetrdən çox qaz çıxarıb. Beləliklə, gələcəkdə Azərbaycan qazından  təkcə "Nabucco"da deyil, başqa layihələrdə də istifadə etmək olar.  

Ancaq bir problem var. Bu, qazın qiymət məsələsidir. Həmçinin Azərbaycanın "Nabucco"da iştirakının neçəyə başa gəlməsidir. Hələ bu ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfəri zamanı bildirmişdi ki, rəsmi Bakı "Nabucco" qaz kəmərinin tikintisi layihəsində iştirakı ilə bağlı qərarını  kəmər üçün alınacaq qazın qiymətinə uyğun verəcək. Türkiyə ilə Azərbaycan arasında "Şahdəniz" yatağının "Mərhələ 2" layihəsində alınacaq qazın qiyməti barədə aparılan danışıqlar nəzərə alınsa, qiymət məsələsi  gündəlikdə durur. Natiq Əliyevin sözlərinə görə, "Azərbaycan, qazı bazar qiymətlərinə uyğun satmaq istəyir". 

Doğrudur, nazir konkret qiymət söyləməyib, sadəcə yada salıb ki, "Türkiyə Rusiyadan aldığı qazın hər min kubmetri üçün $400-500 ödəyib,  Türkmənistan isə onda öz qazının min kubmetrini  Rusiyaya $40-a satırdı". N.Əliyev Azərbaycanla Türkiyə arasında təbii qaz satışı ilə bağlı danışıqların başa çatdığı və Azərbaycan tərəfinin qazın qiymətinin  $200-250-ə qaldırması barədə Türkiyənin "Haber 7" portalı tərəfindən yayılmış xəbərin doğru olmadığını da bildirib. Yada salaq ki, 2008-ci ildə Türkiyə Azərbaycandan min kubmetrinin qiyməti  $120-dən olmaqla, 5 mlrd. kubmetr qaz alıb. 

Gələcəkdə göndəriləcək qazın yalnız qiyməti barədə deyil, həm də həcmləri barədə danışıqlar başa çatdırılmayıb. Qeyd edək ki, Azərbaycan Rusiyaya və Gürcüstana da qaz ixracı məsələsinə bu cür bazar iqtisadiyyatına xas mövqedən yanaşır. Buna görə də, "Nabucco"nun təşəbbüskarları bu gün yalnız layihənin maliyyələşdirilməsi məsələsi ilə bağlı deyil, həm də onda qaz istehsalçısı olan ölkələrin iştirakı barədə də ciddi düşünməlidirlər və bu perspektivli layihədən onlara real dividendlər təklif etməlidirlər. 


MƏSLƏHƏT GÖR:

382