
“SOYUQ MÜHARİBƏ”: İKİNCİ HİSSƏ
Bəlkə də şimal buzlu okeanın dibindəki "xəzinə"yə, ümumiyyətlə, toxunmamaq daha yaxşı olardı…
Müəllif: Eldar PAŞAYEV Bakı
Sahil xətlərindən 350 mil radiusda dəniz və okeanların dibinə iddialarla bağlı BMT-yə ərizələrin təqdim edilməsi müddətinin başa çatması, dünya xəritəsində sonuncu böyük bölgü prosesinin başlanğıcıdır. Bu məsələnin Arktika ətrafında daha ciddi mübahisələrə səbəb olacağı gözlənilir - buranın zəngin təbii resursları Rusiya, ABŞ, Kanada, Danimarka və Norveçə rahatlıq vermir.
Əslində, bu, qaçılmaz proses idi - texnikanın inkişafı daha dərin yerlərdə, sahillərdən uzaqda da neft çıxarmağı mümkün edib, daim sürətlənən qlobal istiləşmə ilə əlaqədar buzların əriməsi isə ajiotajı daha da artırıb. Arktikanın sərvətləri üçün daha fəal "döyüş"ə Rusiya girişib. Buna görə də dünyanın aparıcı KİV-i yeni "soyuq müharibə" - özü də, bu dəfə sözün əsl mənasında "soyuq" - haqda danışmağa başlayıblar.
"The Daily Mail" Britaniyanın nüfuzlu Jane's Review analitik mərkəzinin rəyinə yer ayırıb: mərkəz hesab edir ki, 12 ildən sonra qütb müharibəsi tam reallığa çevrilə bilər. Özü də analitik mərkəz Rusiya ilə silahlı qarşıdurmanı "labüd" sayır.
Qərb siyasətçiləri bir müddət əvvəl açıqlanmış "2020-ci ilədək Rusiyanın Milli Təhlükəsizlik Strategiyası"na şübhə ilə yanaşırlar. Buna səbəb sənəddə aşağıdakı fikirlərin yer almasıdır: "Uzunmüddətli perspektiv üçün dünya siyasətinin diqqəti Yaxın Şərq, Barens dənizi şelfi və Arktikanın digər rayonlarında, Xəzər dənizi hövzəsində və Mərkəzi Asiyada enerji resurslarına sahib çıxmağa yönələcək". Rusiyanın Londondakı səfiri Yuri Fedotov "The Times" qəzetinə Açıq məktubunda əmin edir ki, Rusiyanın Milli Təhlükəsizlik Strategiyasından qətiyyən Moskvanın Arktikada silaha əl atmağı düşündüyü haqda nəticə çıxarmaq olmaz.
Lakin görünür, Qərb siyasətçiləri ən pis varianta hazırlaşmağı daha doğru sayırlar və bu səbəbdən Rusiyanın imkanlarını diqqətlə analiz etməyə başlayıblar. Bildirilir ki, Rusiya "Sülh" batiskaflarına (bu yaxınlarda Rusiya Şimal qütbünün dibinə öz bayrağını yerləşdirib), atom buzqıran gəmilərinə, nüvə raketləri daşıyan sualtı qayıqlara malikdir. Moskva digər donanmaları ilə müqayisədə Şimal donanmasının müasirləşdirilməsinə daha böyük vəsaitlər xərcləyir. Bundan başqa, Rusiya üzən atom elektrik stansiyalarının tikintisinə başlayıb və onlar Arktikada qazma platformalarını enerji ilə təmin edəcəklər.
Bunlarla əlaqədar olaraq, "The Times" Rusiyanın iddialarının qarşısının alınması məqsədi ilə mümkün qədər tez zamanda yeni beynəlxalq müqavilənin imzalanmasına çağırır.
Etiraf etmək lazımdır ki, bu, vaxtında səslənmiş çağırışdır. Xüsusilə nəzərə alsaq ki, Qərb ekspertlərinin dediyi kimi, Şimal qütbündə karbohidrogenlərin hasilatı üçün Rusiyanın onsuz da xarici investisiyalara ehtiyacı var. Çünki Rusiyanın hasilat sektorunda çoxlu sayda problem var, digər tərəfdən də, qlobal maliyyə böhranı vəziyyəti bir qədər də ağırlaşdırıb.
Öz növbəsində, Rusiya mətbuatı NATO-nun da Arktikada hərbi mövcudluğunu artırdığını yazır. Bildirilir ki, alyans bunu ekoloji faciənin qarşısının alınması, həmçinin "bəzi Arktika fövqəldövlətlərinin iddialarının aradan qaldırılmasının" vacibliyi ilə əsaslandırmağa çalışır. Bu zaman Qərb KİV-i Moskvanın ötən ilin avqustunda Gürcüstanda törətdiklərini xatırladır, öz növbəsində Rusiya isə amerikalıların Latın Amerikası və Mərkəzi Amerikaya təsirini necə möhkəmləndirdiyinə diqqət çəkir.
Kanada dərin sular limanı, yeni buzqıran gəmi və hərbi təlim mərkəzi yaratmaq fikrindədir. Bir müddət əvvəl ölkənin xarici işlər naziri Lourens Kennon bildirib ki, Moskva Ottavanı Arktikadakı hüquqlarından imtinaya məcbur edə bilməz. Kanadanın baş naziri Stiven Harper də Rusiyaya məxsus 2 hərbi təyyarənin guya təsadüfən onun ölkəsinin hava məkanında görünməsindən sonra, məsələ haqda kifayət qədər sərt danışıb.
Danimarka da böyük tədqiqat proqramının hazırlanmasına başlayıb. Özünü Arktika fövqəldövləti kimi nümayiş etdirən digər ölkələrsə Norveç və ABŞ-dır.
Əsas mübahisənin Lomonosov silsiləsi, Kanada adaları, ABŞ və Kanadanı ayıran boğazlar (Ottava onları öz ərazi suları saysa da, ABŞ əmindir ki, bu, neytral sulardır), həmçinin Şpitsberqen müqaviləsinin yozulması və digər məqamlar ətrafında olacağı gözlənilir.
Yəni, göründüyü kimi, digər tərəflərin birlikdə Rusiyaya qarşı dayandığını söyləmək olmaz. Məsələn, Kanada körfəzlərlə bağlı ABŞ-la mübahisə şəraitində olmaqla yanaşı, Avropa ölkələri ilə də bir çox məsələlərə dair ortaq fikrə gələ bilmir.
Norveç isə bu məsələdə bütün Skandinaviya ölkələrini həmrəy olmağa çağırır.
Bu arada Rusiya prezidenti Dmitri Medvedev bir müddət əvvəl Norveçin baş naziri Yens Stoltenberqlə görüşündə bildirib ki, Rusiya ilə Norveç Arktikanın mənimsənilməsi ilə bağlı səylərini birləşdirməlidir. Norveçin bu təkliflə razılaşması mümkündür. Çünki ekspertlərin fikrincə, Oslo Rusiya ilə münaqişəyə gedəcəyi təqdirdə, NATO və ya Avropa İttifaqı ona, çətin ki, dəstək olsun.
Bütün bunların fonunda Arktika ətrafında mübahisənin hərbçilər yox, hüquqşünaslar tərəfindən çözüləcəyinə ümid etmək istərdik. Dəniz hüquqları üzrə Konvensiya var və bu sənəd su məkanları rejimini müəyyənləşdirən və dövlətlər arasında Dünya okeanından istifadəyə dair münasibətləri reqlamentləşdirən prinsip və hüquqi normalardan ibarətdir.
BMT tərəfindən təsdiqlənmiş beynəlxalq qaydalara əsasən, əgər bir ölkə iddia etdiyi sualtı ərazinin coğrafi baxımdan onun kontinental şelfinə aid olduğunu sübut edə bilirsə, yalnız bu halda ölkənin ərazisi genişləndirilə bilər. Yəni, iqtisadi maraqlar məkanı 200 mil (370 kilometr) təşkil edir, lakin kontinental şelf bu 200 mildən artıq məsafəyə uzanırsa, həmin zona kontinental şelfin sərhədinədək gedə bilər. Amma bu halda o, ərazi sularının 350 mil məsafədə olan sərhədini keçməməlidir.
Kağız üzərində bu, çox sadə görünür. Əslində isə hətta nüvə müharibəsinə belə aparıb çıxara biləcək problemdir...
Yeri gəlmişkən, ABŞ sözügedən Konvensiyanı hələ də ratifikasiya etməyib - Vaşinqton bunun ölkənin iqtisadi maraqlarına mənfi təsir göstərə biləcəyindən ehtiyatlanır.
Ümumiyyətlə, Arktika ilə 6 ölkə bilavasitə sərhəddir: Rusiya, Kanada, ABŞ, Norveç, İslandiya və Danimarka (Qrellandiya adası). Bununla yanaşı, İsveç və Finlandiya da özlərini "Arktika cəmiyyəti"nin üzvü sayır. Bu isə Şimal qütbünün zənginliklərinə iddialıların sayını artıra bilər. Axı, münaqişə üzvləri müttəfiqləri ilə birləşə bilərlər. Digər tərəfdən, Arktikaya Alyaska vasitəsi ilə çıxan ABŞ, hələ də yeni başlayan bu oyunda öz kartlarını tam açmağa tələsmir.
Ekoloqlar isə Arktika uğrunda qızışa biləcək döyüş perspektivindən çox narahatdırlar.
Ən böyük narahatlığı isə Rusiya törədir. Düzdür, Moskva üzən AES-lərin ən son texnologiyalarla tikiləcəyini söyləyir, amma əvvəlki təcrübələr də göstərib ki, Moskvanın eksperimentlərinə ehtiyatla yanaşmaq lazımdır.
İstənilən radiasiya sızması, ümumiyyətlə, fəal sənaye fəaliyyəti Şimal Buzlu okeanda suyun hərarətini artıra, bu isə təbii ki, buz örtüyünün əriməsini sürətləndirə bilər. Bunun hansı ekoloji fəsadlara gətirə biləcəyini hələ ki, heç kəs dəqiqliklə söyləyə bilməz. Amma istənilən halda, bəlkə də, Şimal Buzlu okeanın dibindəki "xəzinə"yə, ümumiyyətlə, toxunmamaq daha yaxşı olardı.
MƏSLƏHƏT GÖR: