16 Mart 2025

Bazar, 00:01

"XÜSUSİ MÜNASİBƏTLƏR" CİZGİSİ

Yaxın şərq münaqişəsində həll prosesinin fəallaşması fonunda Amerika-Israil müttəfiqliyi ciddi imtahan verir

Müəllif:

01.06.2009

Güman ki, ABŞ-la İsrail arasındakı "xüsusi münasibətlər", öz tarixinin ilk ciddi imtahanını yaşayır. Əslində, artıq 60 ildir yaxın müttəfiq olan bu dövlətlərin imtahandan üzüağ çıxmayacağı inandırıcı deyil. Lakin Vaşinqtonla Təl-Əviv arasında bəzi prinsipial beynəlxalq və regional siyasətdə müəyyən müxtəliflik var - məsələn, Yaxın Şərq münaqişəsinin həlli və İran problemi İsrail-ABŞ münasibətlərinə müəyyən korrektələr edə bilər.

 

"İki dövlət" haqqında iki fikir

Fikir ayrılığı ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən ilk gö-rüşdəcə üzə çıxıb. Tərəflər İsrail və Fələstinin mövcudluğu ilə bağlı iki fərqli mövqe ortaya qoyublar. Obama münaqişə tərəflərini tarixi imkandan istifadə edərək, tezliklə sülhə nail olmağa çağırıb. Bununla yanaşı, o, "iki dövlət" prinsipinə - yəni yalnız İsrail yox, həm də Fələstin dövlətinin qurulması ideyasına əməl edilməsinin vacibliyini vurğulayıb. "Münaqişənin iki xalq üçün iki dövlət prinsipi ilə həll olunması yalnız israillilərin yox, bütünlükdə beynəlxalq ictimaiyyətin marağındadır", - deyə ABŞ prezidenti qeyd edib. 

Məhz bu prinsipdən çıxış edən Obama Netanyahudan işğal altındakı ərəb dövlətlərində yəhudi yaşayış məntəqələrinin tikilməsinin dayandırılmasını, fələstinlilərlə dialoqa qayıdılmasını tələb edib. Daha maraqlı olanı isə Obamanın tərəfləri iki dövlətin yaradılması haqda müqaviləni İsrailin terror üzərində qələbəsindən sonra yox, indi imzalamağa çağırmasıdır. Qeyd edək ki, Təl-Əviv məhz birinci varianta üstünlük verir.

Birləşmiş Ştatlar tərəfindən nadir hallarda tənqid olunan İsrailin yeni baş naziri üçün Obamanın açıqlamaları xoş olmayan sürpriz təsiri bağışlayıb. Nəticədə Netanyahunun fələstinlilərlə "yan-yana" yaşamağa, tezliklə sülh danışıqlarını bərpa etməyə hazır olduqlarını bəyan etməkdən başqa çıxış yolu qalmayıb. O, sülh razılaşmasının imzalanması üçün tamamilə başa düşülən tələb də irəli sürüb - İsrailin yəhudi dövləti kimi tanınması vacibdir. 

Daha bir prinsipial məsələ - fələstinlilərin müstəqil dövlət qurmaq hüququna gəlincə, bu məsələdə Netanyahu əsl tərslik nümayiş etdirib. Obama ilə görüşdə "Fələstin dövləti" ifadəsini işlətməkdən yayınan baş nazir, fələstinlilərin yalnız muxtariyyat formasında mövcudluğuna dəstək verib. Hökumət başçısı bu mövqeyini "Fələstin dövlətinin HƏMAS diktaturası ilə eyni şey olması" və fələstinlilərin hazırda kənar dəstək olmadan müstəqil dövlət qurmaq iqtidarında olmaması ilə əsaslandırıb.

Lakin Obamanın inadkarlığı öz rolunu oynayıb. İsrailə döndükdən sonra Netanyahu, yəqin ki, Amerikanın mövqeyinə qarşı olmağın mümkün fəsadlarını götür-qoy edib və Fələstin dövlətinin yaradılmasının dönməz proses olması ilə razılaşıb. 

Bununla da, Obamanın iyunun əvvəlində Misirə səfəri zamanı açıqlamağa hazırlaşdığı Yaxın Şərq sülh konsepsiyasının reallaşmaq şansı yaranıb.

ABŞ liderinin yeni sülh təşəbbüsü İsraillə sərhəddə demilitarizasiya olunmuş Fələstin dövlətinin yaradılmasını, İordan çayının qərb sahili və Qəzza zolağının da bu dövlətin tərkibinə daxil edilməsini nəzərdə tutur. Bundan sonra fələstinli qaçqınlar ya hazırda yaşadıqları ərəb dövlətinin vətəndaşlığını ala, ya da Fələstin dövlətinin ərazisinə köçə bilərlər. Xatırladaq ki, Corc Buşun prezidentliyinin son ilində Annapolisdə keçirilmiş sülh konfransından sonra Fələstin-İsrail danışıqları məhz bu prinsip üzərində aparılırdı. İndi isə ABŞ-ın demokrat administrasiyası respublikaçıların Yaxın Şərq problemi ilə bağlı siyasətini davam etdirmək qərarına gəlib. Fərq yalnız bəzi məqamlardadır ki, bu da həll prosesinin gələcəyinə ciddi təsir göstərə bilər. Onlardan biri İsrailə birmənalı dəstəkdən imtinadır və Obama Netanyahu ilə görüşündə bu mövqeyi ortaya qoyub. 

Daha bir vacib məqam isə Obamanın sülh planını bir müddət əvvəl Ağ evdə olmuş İordaniya kralı II Abdulla ilə birlikdə hazırlamasıdır. Məhz bu faktor İsrailin hazırkı sülh planının 2002-ci ildə ərəb dövlətlərinin irəli sürdükləri təşəbbüsün təkrarı olduğunu söyləməsinə əsas verib.

 

İran maneəsi

Obama Fələstin dövləti ilə bağlı məsələdə İsrail üçün ərəb dövlətləri ilə münasibətlərin normallaşması perspektivini açıbsa, İran problemi ilə bağlı Ağ ev sahibinin mövqeyi Netanyahunu tam məyus edib. Baş nazir ölkəsinin İranın nüvə təhlükəsindən müdafiə olunmaq hüququnun olduğunu və bununla mübarizəni prioritet saydıqlarını bəyan edib. Bununla əlaqədar o, faktiki olaraq, Tel-Əvivin yaxın vaxtlarda İranın "qarşısını almağı" düşündüyünü və bu işdə Vaşinqtondan dəstək gözlədiyini gizlətməyib. Lakin Obama məsələyə kifayət qədər səbrlə yanaşaraq, İsrailə 2009-cu ilədək İrana qarşı hər hansı birtərəfli addım atmağı qadağan edib. Bununla yanaşı, ABŞ prezidenti bildirib ki, bu ilin sonunadək o, İranla bağlı "perspektivi qiymətləndirəcək" və Tehranın uranın zənginləşdirilməsi prosesini dayandırmayacağı təqdirdə, hansı addımların atılmalı olduğunu müəyyənləşdirəcək. Obama İranda iyunun 12-də keçiriləcək prezident seçkisindən sonra bu ölkədə situasiyanın dəyişəcəyinə müəyyən ümidlərinin olduğunu da gizlətməyib.

ABŞ-ın İran problemini hələ ki sülh yolu ilə həll etməyə çalışması və Tehrana qarşı mövqeyinin müəyyən qədər yumşalması İsraildə birmənalı qarşılanmayıb. İranın yaxın 5-7 ildə nüvə dövlətinə çevrilə biləcəyini düşünən Amerikanın xüsusi xidmət orqanlarından fərqli olaraq, israillilər hesab edirlər ki, Tehranın bu istiqamətdəki fəaliyyətinin qarşısı alınmasa, o, artıq 2011-ci ildə nüvə bombası əldə edəcək. Bu səbəbdən də yəhudi dövlətinin siyasi dairələrində belə bir fikir yaranıb ki, hətta ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İrana hərbi zərbə endirilməlidir. Məsələn, Knessetin deputatı Arye Eldad bildirib ki, "ABŞ İranın nüvə dövləti olmaq perspektivi ilə barışıb" və bu səbəbdən də "İsrail nəyin bahasına olursa olsun, İranın nüvə infrastrukturunu təkbaşına dağıtmalıdır". 

Bununla yanaşı, yəhudi dövlətinin rəhbərliyi bu yanaşmanın İsrailin özü üçün faciəvi nəticələr verə biləcəyini anlayır. Üstəlik, nəzərə almaq lazımdır ki, Təl-Əvivi hərbi addımlar atmaqdan çəkinməyə çağıran heç də yalnız ABŞ deyil. MAQATE-nin rəhbəri Məhəmməd əl-Baradeyinin məsələyə dair fikri belədir: "İsrailin İrana hücumu ağılsız addım olardı. Bu, bütün regionu od parçasına çevirər, bütünlükdə islam dünyasının dəstəyini alan İran dərhal nüvə silahının yaradılmasına başlayar".

Beləliklə, İsrail, çətin ki, okeanın digər tərəfindəki qüdrətli himayədarının çağırışlarını qulaqardına vursun. "Vaşinqton tayms" yazır ki, Vaşinqtonla Təl-Əviv İran problemilə bağlı işçi qrupun yaradılması haqda razılığa da gəliblər. Məlumata görə, məhz bu qrup Obamanın təşəbbüsünün reallaşması imkanlarını öyrənəcək, Tehranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsi həyata keçiriləcək. Amerika administrasiyası üçün belə qrupun yaradılması İsrail hökuməti ilə işləmək, Təl-Əvivin İrana qarşı rəsmən təkzib olunan hərbi planları haqda məlumat toplamaq üçün yaxşı kanal olacaq.

 

Qüds  məsələsi

Obama-Netanyahu danışıqları zamanı açıq hiss olunan Amerika-İsrail ziddiyyəti iki müttəfiq dövlətin liderlərinin də çətin vəziyyətdə qaldıqlarını göstərir. Yəhudi dövlətinin baş naziri vəzifəsində yerini hələ tam rahatlamamış "Likud" partiyasının "qırğı" lideri (yeri gəlmişkən, Netanyahu 10 illik fasilədən sonra ikinci dəfədir bu postu tutur) vəzifəsinin icrasına başlamasından dərhal sonra beynəlxalq ictimaiyyətin ciddi təzyiqi ilə üzləşib. Obamanın tələbləri isə bu "qlobal zəncir"in yalnız bir halqasıdır. Vaşinqton danışıqları ərəfəsində Avropa İttifaqı da Təl-Əvivi özünəməxsus şəkildə hədələyib. Aİ İsrailin müstəqil Fələstin dövlətinin yaradılmasına qarşı çıxacağı təqdirdə, onunla münasibətlərə yenidən baxacağını bəyan edib. 

Daha sonra isə BMT Təhlükəsizlik Şurasında xüsusi bəyanat qəbul edilib. Sənəddə İsrail müstəqil Fələstin dövlətinin yaradılması və Yaxın Şərqdə tam sülhün əldə olunması üçün təcili tədbirlər görməyə çağırılır: "Münaqişədə iştirak edən bütün tərəflər və beynəlxalq ictimaiyyət iki demokratik dövlət - İsrail və Fələstinin sülh şəraitində yaşamasının təmin edilməsinə çalışmalıdır". Məsələyə Roma Papası XVI Benedikt də münasibət bildirib. Müqəddəs Torpağı ziyarət edən Papa "təhlükəsiz və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərə malik" Fələstin dövlətinin yaradılmasına çağırıb.

Beynəlxalq təzyiq artıq özünü göstərib və Netanyahu Fələstin dövlətinin yaradılmasının vacibliyini etiraf etməli olub. İndi münaqişənin həlli prosesində əsas maneə Qüdsün statusu məsələsidir. ABŞ və beynəlxalq ictimaiyyət paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına tərəfdardır. Lakin İsrail liderləri bir ağızdan bunun mümkünsüzlüyünü bəyan edir, Qüdsün "yəhudi dövlətinin bölünməz paytaxtı" olduğunu bildirirlər. 6 günlük müharibə nəticəsində ərazinin İsrailin nəzarəti altına keçməsinin 42 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə (bu mərasim Vaşinqton danışıqlarından sonra keçirilib) də Netanyahu qəti şəkildə deyib: "Qüds yəhudi xalqının əbədi paytaxtıdır. Birləşmiş şəhər heç zaman bölünməyəcək". 

Bu mövqeyi İsrailin prezidenti Şimon Peres də bölüşür: "Qüds heç zaman yəhudi xalqından başqa heç kimin paytaxtı olmayıb". 

Knessetin spikeri Reuven Rivlin isə bildirib ki, İsrailin Qüds üzərində suverenliyi "danışıqlar mövzusu deyil" və "dünya İsrailin suverenliyini və müqəddəs yerlərə haqqını birmənalı şəkildə tanımalıdır".

Beləliklə, İsrailin fələstinlilərin öz dövlətini yaratmaq hüququnu tanımasına, sadəcə, diplomatik gediş kimi baxmaq olar. Çünki fələstinlilərin "Qüdssüz dövlət"in yaradılması ilə heç zaman razılaşmayacaqlarına şübhə yoxdur. Və ABŞ prezidentinin bu məsələdə Təl-Əvivə təzyiq edə biləcəyini əvvəlcədən görən yəhudilər, belə olacağı təqdirdə, B.Obamanın hakimiyyəti itirmək təhlükəsilə üzləşəcəyinə işarə edirlər. İsraillilər əmindirlər ki, Obama Netanyahu ilə münasibətləri yalnız "müəyyən həddə qədər" gərginləşdirə bilər: bu "həddi" isə "amerikalı yəhudilərin səsi və maliyyə dəstəyi müəyyənləşdirir".

Bütün bunlarla yanaşı, ABŞ prezidenti fələstinlilər tərəfindən də tənqid olunur. Onlar hesab edir ki, Ağ ev sahibi ərəb torpaqlarının işğalını və İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisini davam etdirən İsraili cəzalandırmaq üçün sərt tədbirlər görmür. 

Odur ki, "iki od arasında qalmış" Barak Obamanın minlərlə nüansı olan çətin situasiyanı düzəltməyə yönəlmiş sonrakı addımları Yaxın Şərq münaqişəsinin həlli prosesindəki yeni mərhələnin əsas intriqası olacaq.


MƏSLƏHƏT GÖR:

436