15 Mart 2025

Şənbə, 00:35

SƏRT, AMMA ZORAKILIQSIZ

Beynəlxalq ictimaiyyət KXDR-ə münasibətinin gələcək taktikasını müəyyənləşdirir

Müəllif:

01.06.2009

Koreya Xalq Demokratik Respublikası altıtərəfli (Çin, Yaponiya, Rusiya, ABŞ və Cənu  bi Koreya ilə) danışıqların bərpasında maraqlı olduğunu və dünya ictimaiyyətilə münasibətlərin daha da gərginləşməsinə getməyəcəyini proqnozlaşdıranlar yanıldılar. Məlum oldu ki, bu ilin aprelində KXDR-də ballistik raketin sınaqdan keçirildiyi haqda yayılan məlumatlar yalnız başlanğıc imiş...

Artıq mayın sonlarında Pxenyan Koreya müharibəsindən sonra imzalanmış 1953-cü il sazişindən çıxdığını bəyan etdi. İndi Şimali Koreya hərbçiləri bildirirlər ki, lazım gələcəyi təqdirdə bütün düşmənlərinə - Cənubi Koreya və onu dəstəkləyən dövlətlərə hərbi cavab verməyə hazırdırlar. 

Bundan başqa, Pxenyan indən belə özünün qərb sahillərində gəmiçiliyin təhlükəsizliyinə təminat vermədiyini də bəyan edib: Yaponiyanın sahil mühafizəsinin ötən həftə verdiyi məlumata görə, Pxenyan xarici gəmiləri ölkənin şimal-şərq sahillərindəki Kimçxek şəhərindən 130 kilometr radiuslu zonaya buraxmır.

Xatırladaq ki, iki Koreya arasında barışıq 1953-cü il iyulun 27-də 1076 danışıqlar raundundan sonra əldə edilmişdi. Lakin bu sənəd hələ də sülh razılaşması kimi rəsmiləşdirilməyib. İndi isə barışığın şərtlərinin pozulması o anlama gətirir ki, Pxenyan iki ölkə arasındakı 4 kilometrlik demilitarizasiya zonasını ikiyə bölən hərbi-demarkasiya xəttini artıq tanımır.

Pxenyanın son müharibə hədə-qorxuları Cənubi Koreyanın mayın 26-da kütləvi qırğın silahlarının (KQS) yayılması ilə mübarizədə təhlükəsizlik Təşəbbüsünə (Proli-feration Security Initiative - PSI) qoşulmasına cavabdır. Xatırladaq ki, bu təşəbbüs 2003-cü ildə ABŞ tərəfindən irəli sürülüb. PSI əsas hədəf kimi KQS-nin istehsalında istifadə olunan materialların qanunsuz dövriyyəsinin qarşısının alınmasını, açıq dənizdə belə materialları daşımaqda şübhəli bilinən gəmilərin məcburi qaydada yoxlanılmasını nəzərdə tutur. Pxenyan isə indiyədək dəfələrlə bəyan edib ki, Seulun bu proqramda iştirakı, faktiki olaraq, Cənubi Koreyanın KXDR-ə müharibə elan etməsi kimi qəbul olunacaq.

Bu il mayın 25-də Şimali Koreya özünün ikinci yerüstü nüvə sınağını həyata keçirib və onun partlayış gücü 10-20 kiloton arasında olub. Bu səbəbdən sınaq zamanı yaranan zəlzələnin gücü 4,5 bala çatıb. CNN telekanalı ABŞ-ın Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir ki, təkanın mənbəyi 10 kilometr dərinlikdə olub.

Nüvə  sınağından dərhal sonra Şimali Koreya havaya 3 raket buraxıb. Bəzi ehtimallara görə, onlardan biri  - 130 kilometr radiusda uçmaq gücündə olan raket sınaq məqsədi ilə buraxılıb, digər ikisi isə nüvə sınaqlarının baş tutduğu yerə baxış keçirən Amerika təyyarələrinə tuşlanıb.

Baş verənlərlə əlaqədar olaraq, elə həmin gün - mayın 25-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilib və iclasda KXDR qurumun 1718 saylı qətnaməsinin tələblərini pozmaqda günahlandırılıb. Xatırladaq ki, sözügedən qətnamə Pxenyanın 2006-cı ildə keçirdiyi ilk nüvə sınaqlarına cavab kimi qəbul edilmişdi.

Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər son sınaqlarla bağlı yeni, daha sərt qətnamənin hazırlanmasına qərar veriblər. Bundan başqa, KXDR-in şərq sahillərindən havaya raketlərin buraxılması ilə bağlı da ayrıca qətnamənin qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, Pxenyanın bu addımı da dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olub, çünki  KXDR mayın 25-dən 27-dək havaya müxtəlif radiuslu, "yer-hava" tipli və gəmi əleyhinə 6 raket buraxıb.

Hələ bu il aprelin 5-də Şimali Koreyada  "Kvanmenson-1" rabitə peykli "Inxa-2" raketinin uğursuz sınağı zamanı bu ölkənin, əslində, ballistik raketi sınaqdan keçirdiyinə dair şübhələr yaranmışdı. Ümumiyyətlə isə, KXDR süni peykli kosmik raketin fəzaya buraxılmasına ilk cəhdi 1998-ci il avqustun 15-də edib. Raketin okeana düşməsinə baxmayaraq, o vaxt da fakt dünya tərəfindən ciddi narahatlıqla qarşılanmışdı - bu tipli raketlər nüvə başlığını uzaq məsafələrə daşımağa qadirdir.

Şimali Koreya rəhbərliyi isə bütün bu ittihamları yenə də rədd edir, bütün sınaqların birmənalı olaraq dinc xarakter daşıdığını, məqsədin orbitə rabitə peykinin buraxılması olduğunu bildirir. BMT Təhlükəsizlik Şurasının bu addımları pisləməsinə cavab olaraq isə, artıq qeyd etdiyimiz kimi, KXDR danışıqlar prosesindən çıxdığını, nüvə proqramını bərpa etdiyini açıqlayıb və bu, mayın 25-də nüvə sınağının keçirilməsi ilə nəticələnib. Ölkə Pxenyanın 80 kilometrliyindəki Yonben nüvə mərkəzində silah plutoniumunun istehsalını bərpa edib və bu, ABŞ-ın müşahidə peykləri vasitəsilə də təsdiqlənib. 

Tokiodakı məlumatlı hərbi mənbələrin bildirdiyinə görə, KXDR-in ixtiyarında olan materiallar ona daha 5-7 bomba istehsal etmək üçün kifayətdir. Odur ki, ilin sonuna Pxenyanın daha bir bomba üçün xammal əldə edəcəyi güman olunur.

Bununla yanaşı, onu da xatırladaq ki, BMT-nin 2006-cı ildə keçirilmiş nüvə sınağı ilə bağlı Pxenyana iqtisadi sanksiyalar tətbiqindən sonra Şimali Koreya nüvə tərk-silahı ilə bağlı altıtərəfli danışıqların bərpasına razılıq vermişdi. O zaman Pxenyan iqtisadi yardımların müqabilində nüvə obyektlərini sökməyə razılaşmışdı. Lakin sonradan hər şey təkrarlanmağa başladı və indi beynəlxadq müşahidəçilər KXDR rəhbərliyinin nə etmək istədiyini, beynində nə tutduğunu ehtimal etməyə çalışırlar.

Məsələ ondadır ki, ətraf dünya üçün qapalı olan bu ölkəyə heç bir "giriş" yoxdur. İndiki şəraitdə qonşu ölkələr hələ də ümid edirlər ki, Pxenyan altıtərəfli danışıqlarda daha səmərəli mövqe tutmaq üçün, sadəcə, nüvə şantajı ilə məşğul olur. Bu danışıqların gec-tez bərpa olunacağına isə heç kəs şübhə etmir: Şimali Koreyanın sənayesi və kənd təsərrüfatı olduqca ağır vəziyyətdədir və indiki şəraitdə, Pxenyanın uzun müddət daha sərt beynəlxalq sanksiyalara dözə biləcəyi inandırıcı deyil. Odur ki, KXDR humanitar təchizat və maliyyə yardımı qarşılığında hərbi məqsədlərindən mütləq  əl çəkməlidir. Əlbəttə ki, kənardan heç kəs Şimali Koreya rejiminə yardım etməzsə.

Bununla yanaşı, bəzi müşahidəçilər bildirirlər ki, KXDR rəhbərliyinin belə güc nümayiş etdirməsi üçün bir sıra daxili səbəbləri də var. Bəlkə də, rəsmi Pxenyan, sadəcə olaraq, hakim rejimin iddiaları üzündən bir çox xoşbəxtliklərdən məhrum olmuş və demək olar ki, zorla dolanan xalqının gözünü qorxutmaq istəyir. Lakin bütün bunların nüvə sınaqlarının köməyi ilə həyata keçirilməsi, istənilən halda, ciddi narahatlığa əsas verir. 

Şimali Koreya dəfələrlə Yaxın Şərq və Cənubi Asiyaya raket təchizatında şübhəli bilinib. Belə şəraitdə TŞ-nin iqtisadi və siyasi sanksiyalarla nüvə proqramından imtinaya məcbur etməyə çalışdığı daha bir ölkə - İran özünü necə aparacaq? KXDR-in nüvə silahına malik olmayan qonşuları, xüsusilə də faktiki olaraq müharibə elan edilmiş Cənubi Koreya özünü necə aparacaq? Nəhayət, əsas məsələ: bu şəraitdə beynəlxalq ictimaiyyət hansı mövqeni tutmalıdır? 

Pxenyana hərbi müdaxilənin tamamilə istisna olduğu bəllidir - bu, nəticələrinin aradan qalxması mümkün olmayan problemlərə gətirib çıxara bilər. Odur ki, yeganə ümid, yəqin ki, sülh danışıqlarının bərpasıdır. Təbii ki, Pxenyanın siyasətinə cavab olaraq, ən sərt addımlar atılmalıdır. Lakin artıq qeyd etdiyimiz kimi, bu zaman güc variantına işarə belə olmamalıdır. Müşahidəçilər düşünürlər ki, bu şəraitdə əsas sözü Ağ ev administrasiyası deyə bilər. Düzdür, Şimali Koreya öz "nüvə oynuna" çox ağır bir məqamda -  ABŞ prezidenti Barak Obamanın dünyada nüvə arsenalının ixtisarının vacibliyini söylədiyi, Pakistanda isə nüvə silahının terrorçuların əlinə düşə bilməsi təhlükəsinin yarandığı bir vaxtda başlayıb. Amma bütün bunlara rəğmən, Vaşinqton Pxenyan üçün qapıların hələ də açıq qaldığını nümayiş etdirməlidir. 

Onu da qeyd edək ki, Şimali Koreya rəhbərliyi ilə dil tapılması qonşu Çin üçün də əlverişlidir. Çünki Pxenyan rejiminin devrilməsi, Qərbin, xüsusilə də ABŞ-ın qoşunlarının Çin sərhədinə yaxınlaşması demək olardı.

Qeyd edək ki, Vaşinqtonla Seul arasındakı razılaşmaya əsasən, Cənubi Koreya ərazisində ABŞ-ın 28,5 minlik kontingenti yerləşdirilib və onun məqsədlərindən biri KXDR tərəfindən mümkün təcavüzün qarşısının alınmasıdır. Və artıq həm Amerika, həm də Cənubi Koreya hərbçiləri Şimali Koreyaya nəzarəti gücləndiriblər.

Pxenyana qarşı yeni qətnamənin isə iyunun əvvəllərində müzakirəyə çıxarılacağı gözlənilir.



MƏSLƏHƏT GÖR:

490