
QEYRİ-FORMAL KONFEDERASİYA
Bakı - Tbilisi məhvəri daha çox güney Qafqazın regional geosiyasətini müəyyənləşdirir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Mayın 20-21-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfər etdi. Səfər zamanı onu müşayiət edənlər arasında Gürcüstanın birinci ledisi Sandra Rulovs, həmçinin xarici işlər naziri Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Jvaniya, energetika naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər var idi. M. Saakaşvili Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş keçirib, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar da aparıb.
Səfərin yekunu olaraq iki ölkə arasında 3 sənəd imzalanıb. Onlardan 2-si əvvəllər hökumətlər arasında bağlanmış müqavilələrə əlavəni nəzərdə tutan protokollardır: azad ticarət və hava əlaqəsi haqda.
3-cü sənəd intellektual mülkiyyətin qorunması sahəsində yeni razılaşmadır.
M. Saakaşvilinin Bakıya səfəri çərçivəsində yaxın zamanlarda bir neçə əhəmiyyətli regional layihənin reallaşdırılmasına hazırlıq görüldüyü bəyan edilib. Onların arasında Batumi ilə Bakını birləşdirəcək beynəlxalq avtomagistralın tikintisi də var. Yolun həm Azərbaycan, həm də Gürcüstan tərəfindən böyük hissəsi artıq tikilib və perspektivdə onlar Bakı - Tbilisi - İstanbul transregional avtobanının seqmentləri olacaq.
Bundan başqa, yeni yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi də planlaşdırılır. Bu həm Azərbaycana, həm də Gürcüstana elektrik enerjisinin Türkiyəyə və digər ölkələrə ixracına da imkan verəcək.
M. Saakaşvilinin səfəri başa çatandan sonra Bakı - Batumi aviareysi ilə ilk uçuş təşkil edildi və bu reysdən ilk istifadə edən Gürcüstan prezidenti, həmçinin onu müşayiət edən iki ölkənin rəsmiləri oldular. Bundan sonra həftədə 2 dəfə AZAL-a məxsus təyyarələrlə bu reys həyata keçiriləcək.
Etiraf etmək lazımdır ki, bu, həqiqətən də, çox vacib xəbərdir, çünki Gürcüstanın Qara dəniz sahillərində böyük terminallar tikilib (Supsa, Kulevi) və Azərbaycan neftinin yüklənməsi və nəqli məhz onların vasitəsilə həyata keçirilir. Gürcüstanın Qara dəniz limanlarında Azərbaycan bayrağı altında gəmilər də üzür. Odur ki, yeni aviareys boş qalmayacaq. Kurort mövsümündə turizm perspektivini nəzərə alsaq, hətta əlavə çarter reyslərinə ehtiyacın yaranacağını da güman etmək olar. Artıq Batumidə xüsusi turizm kompleksinin tikilməsinə dair razılıq əldə edilib - azərbaycanlı investorlar orada dəbdəbəli mehmanxana inşa edəcəklər.
Azərbaycanla Gürcüstan arasında müxtəlif istiqamətli və intensiv ikitərəfli münasibətlərin fonunda Saakaşvilinin Bakıya səfəri, ilk baxışdan, sıradan bir hadisə kimi görünə bilər. Axı prezidentlərimiz, hökumət və parlament üzvləri, həmçinin digər nümayəndələr arasında belə danışıqlar hər il bir neçə dəfə keçirilir. Lakin Gürcüstanda yaşanan növbəti daxili siyasi gərginlik və bu ölkəyə Rusiyanın təzyiqinin gücləndiyini nəzərə alsaq, gürcü liderinin Azərbaycana səfərinin əhəmiyyətini qiymətləndirməmək olmaz.
Hazırda mətbuat artıq yayda Rusiya qoşunlarının Gürcüstana növbəti hücuma hazırlıq görməsi haqda narahatlıq dolu xəbərlər yayır. Guya məqsəd Kremlə "nifrət edən" Saakaşvili hakimiyyətini devirmək, yaxud Ermənistanla Rusiya arasında birbaşa kommunikasiya üçün "dəhliz" açmaqdır. Baxmayaraq ki, Bakıda diplomatik etiket gözlənilib və heç kəs Moskvaya tərəf barmaq silkələməyib, Azərbaycanla Gürcüstanın strateji müttəfiq olması haqda Bəyanat bu tərəfdaşlığın əleyhdarlarına özünəməxsus "mesaj" sayıla bilər.
Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının geniş tərkibdə keçirilən iclasında Mixail Saakaşvili minnətdarlıqla bildirib ki, "İlham Əliyev və onun komandasının üzvləri yalnız vəd vermir, həm də vədlərə əməl edir". Gürcüstan prezidenti fikrini belə davam etdirib: "Bizim ölkələrimizi birləşdirməyən və tez bir zamanda həll oluna bilməyən heç bir məsələ yoxdur. Bir neçə il əvvəl ortaya qoyulmuş planların böyük hissəsi artıq reallaşıb".
M. Saakaşvili bildirib ki, Gürcüstanla Azərbaycan bu gün qeyri-formal konfederasiya yaradır. Şübhəsiz ki, bu fikrə birbaşa hüquqi anlamda yox, siyasi məna daşıyan eyham kimi yanaşılmalıdır. Saakaşvili bununla iki ölkə arasında xarici təhlükələrə qarşı da birgə tədbirlərin görülməsini vacib edən tərəfdaşlıq əlaqələrinin yüksək səviyyəsini göstərməyə çalışıb.
İ.Əliyev öz növbəsində genişmiqyaslı ikitərəfli və regional layihələrin uğurla reallaşdırılmasından danışıb: "Biz ənənəvi olaraq, beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək bundan sonra da davam etdiriləcək. Gürcüstan-Azərbaycan münasibətləri regionda böyük əhəmiyyət daşıyır. Dostluq və qardaşlıq əlaqələrinin inkişafı bizim xalqlarımız, dövlətlərimiz üçün çox önəmlidir, o, regionda sülh və sabitliyin təmin edilməsi baxımından vacibdir. Hesab edirəm ki, bu danışıqlar və gələcək birgə fəaliyyət ölkələrimizi daha da yaxınlaşdıracaq".
Qeyd edək ki, M.Saakaşvilinin səfəri ərəfəsində Azərbaycan mətbuatında belə bir uydurma versiya yer almışdı ki, guya Bakı Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşdırılmasında vasitəçiliyi üzərinə götürə bilər. Səfərin gedişində isə bu ehtimallar özünü doğrultmadı. Əslində, Rusiya ilə Gürcüstan arasında ərazi bütövlüyü və suveren hüquqlara hörmətə əsaslanan münasibətlərin qurulmasına Fransa prezidenti Nikolya Sarkozi və bütövlükdə Avropa İttifaqı da kömək edə bilməyib.
Odur ki, Bakının uğur qazanmasına zərrə qədər şans olmayan bu təşəbbüsü öz üzərinə götürməsi mənasız olardı. M. Saakaşvilini Kremlin qarşısında birmənalı şəkildə baş əyməyə razı salmaq isə aqressiv separatçılıq və ona kənardan verilən dəstəkdən əziyyət çəkən Azərbaycanın dövlət maraqlarına cavab vermir. Bu rol daha çox Rusiyanın "forpost"u olan Ermənistana uyğundur - bizdən fərqli olaraq, Gürcüstandan keçən Rusiya kommunikasiyalarının kəsilməsindən məhz Yerevan əziyyət çəkir.
M. Saakaşvilinin Azərbaycana səfərinin nəticələrinə dəqiq qiyməti Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov verib: "Bakı Gürcüstanda siyasi və iqtisadi sabitliyin olmasında maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı və tərəfdaşlığın möhkəmlənməsi isə yalnız ikitərəfli yox, həm də regional əhəmiyyət daşıyır. Gürcüstan MDB məkanında Rusiya və Ukraynadan sonra Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında 2008-ci ildə ticarət dövriyyəsi 500 milyon dolları ötüb, bu ilin ilk rübündə isə Gürcüstan bu siyahıda hətta Ukraynanı geridə qoyub. Gürcüstana yatırılan Azərbaycan investisiyası isə bu ölkənin iqtisadiyyatını gücləndirir, eyni zamanda böyük şirkətlərimizin rəqabət qabiliyyətini artırır. Məsələn, ARDNŞ-ın Gürcüstan filialı nəhəng vergi ödəyicisidir - ötən il qurum Gürcüstan büdcəsinə 100 milyon dolardan artıq vergi ödəyib".
F.Axundov onu da bildirib ki, Tbilisi ilə əməkdaşlığa dair dialoqda vacib məsələlərdən biri də Prezident İlham Əliyevin ənənəvi olaraq diqqət göstərdiyi məsələ - Gürcüstanın azərbaycanlı icmasının aktual sosial-iqtisadi və humanitar problemlərinin həllidir. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətindən bu ölkədə yaşayan azərbaycanlıların əyani dəstəklənməsini, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasını, işsizliklə bağlı problemlərinin həllini, gürcü və Azərbaycan dillərində keyfiyyətli təhsil almalarının təmin edilməsini, torpaq sahəsilə təmin olunmalarını və s. gözləyir.
M. Saakaşvilinin Bakıya səfərindən dərhal sonra Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin görüşü də keçirildi və orada Qars - Axalkalaki - Tbilisi dəmir yolunun tikintisini sürətləndirmək qərara alındı. Ermənistanın zaman-zaman ya Rusiya, ya İranla tərəfdaşlıq nümayiş etdirdiyi xəyali layihələrdən fərqli olaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirak etdiyi regional layihələr miqyaslı və effektivdir, onlar bütün bədnam qüvvələrin istəyinin əksinə olaraq, reallaşdırılır.
Beləliklə, Ankaranın əlavəsi ilə məhz Bakı - Tbilisi məhvəri getdikcə Güney Qafqazın regional siyasətini daha çox müəyyənləşdirəcək. Çünki regionda münaqişə və gərginliyin mənbəyi olan Ermənistandan fərqli olaraq, Azərbaycanla Gürcüstan regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş konstruktiv, məhsuldar tərəfdaşlığa köklənib.
MƏSLƏHƏT GÖR: