
QİYMƏTLİ KAĞIZLAR BAZARININ YENİ ARXİTEKTURASI
Rüfət aslanlı: "bazarın strukturunun təkmilləşdirilməsi prosesi bu ilin sonuna kimi davam edəcək"
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dünya böhranı şəraitində fond bazarlarındakı vəziyyət nisbətən aktual məsələ sayılır. Artıq çox analitiklər dünya qiymətli kağızlar bazarında müəyyən canlanma qeyd edirlər. Ötən ay keyfiyyət dəyişiklikləri baş verib və çox birjalarda son altı il ərzində görünməmiş şəkildə əsas indekslərin fəal artımı qeydə alınıb. Bunun nəticəsidir ki, iş dünyasında belə bir fikir yaranıb ki, indiki iqtisadi tənəzzülün ən pis dönəmləri artıq arxada qalıb. Avropa Birliyinin ən böyük bankı Britaniya HSBC-nin aparıcı analitiki Robert Parkes bildirir ki, "bazarlar artıq sanmırlar ki, biz maliyyə apokalipsisinə doğru gedirik".
Bazarlardakı optimizm çoxsaylı Avropa şirkətlərinin 2009-cu ilin birinci rübündə nəticələrinin gözlənildiyindən daha yüksək olması ilə bağlıdır. Sərmayəçilər həmçinin dünya iqtisadiyyatının aparıcı sektorlarındakı müsbət meyyllərin möhkəmlənməsini də görürlər, bu da bir çox ölkələrin hökumətlərinin qəbul etdiyi iqtisadi stimullaşdırma proqramaları ilə bağlıdır. Aprel ayında fond birjalarında baş verimiş önəmli artım da vacibdir, çünki nəzəriyyəyə görə, iqtisadi tənəzzül fazasından birinci fond bazarı çıxır və bu məsələdə sənayeni, xidmət sahəsini altı ay qabaqlayır.
Bəllidir ki, Azərbaycanın qiymətli kağızlar bazarı hələ ki zəif inkişaf edib və bəlkə də bu, yaxşı əlamətdir, çünki böhran fonunda bizdə güclü gərginlik hiss edilmədi. Bununla belə, Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yeni rəhbərliyinin böhrandan sonrakı dönəmdə bazarın inkişafı meyyllərinin artımı üzrə planları fond bazarında real artım əldə etməyə imkan yaradır. QKDK sədri Rüfət ASLANLI ilə müsahibə bundan bəhs edir.
- Zəhmət olmasa, Dövlət Komitəsi tərəfindən ölkənin fond bazarında aparılan vəziyyət qiymətləndirilməsinin nəticələrindən danışın. Bu bazarın inkişafı üçün hansı tədbirlər görülə bilər?
- Azərbaycanın makroiqtisadi durumu yalnız yerli ekspertlər deyil, həm də beynəlxalq qurumlar tərəfindən dayanıqlı və sabit qiymətləndirilir. Buna görə də xarici sərmayəçilərin qiymətli kağızlar bazarına marağı azalmır. Bu hətta qlobal likvidlik problemlərinin olması və onların sərmayə yatırımlarının azala bilməsi təhlükəsi fonunda da belədir.
Biz ölkənin qiymətli kağızlar bazarının analizini aparmışıq. Bu analizin nəticələrinə görə, islahatların əsas istiqamətləri müəyyən edilib. O cümlədən, biz qiymətli kağızlar sahəsində qanunvericilik bazasının genişləndirilməsinə başlamışıq, "İnvestisiya fondları haqqında" qanun layihəsinin və Mülki Məcəlləyə ipoteka kağızlarının təminatı üzrə düzəlişlərin işlənməsini başa çatdırırıq. Bu tədbirlər fond bazarının inkişafına iki cür impuls verəcək. Birincisi, qanunvericilik bazasının genişlənməsi institusional investorlar üçün şərait yaradacaq; hələ ki ölkədə özəl sərmayəçilər bir sinif kimi formalaşmayıblar. İkincisi, bazara yeni alətlər - təmin edilmiş borc öhdəlikləri tətbiq ediləcək.
- Fond bazarının islahatının başa çatdırılması prosesi üzrə konkret çərçivələr müəyyən edilibmi?
- Biz artıq qiymətli kağızlar bazarının institusional forması üzrə təsəvvürlərimizə uyğun yeni arxitektura üzərində işləyirik və artıq bazar strukturunun təkmilləşdirilməsi prosesinə başlamışıq. Birja sövdələşmələrinin təşkili, klirinq və hesablaşmalar sistemi də bura daxildir. Bu proseslərin gerçəkləşdirilməsi cari ilin sonlarına qədər uzanacaq.
- Yerli qiymətli kağızlar bazarını dünya böhranının təsirlərindən qorumaq üçün hansı tədbirlər görülür?
- Artıq sistem risklərinin xəbərdarlıq sisteminin tətbiqi üzrə işə başlanılıb. Bu, xüsusilə də, qlobal iqtisadi böhran şəraitində çox aktual olan sistem risklərinin idarə edilməsi mexanizmini də əhatə edir. Ancaq bu iş yalnız ilkin mərhələdədir və bu istiqamətdə çox işlər görülməlidir.
Lisenziyalaşdırma qaydalarının təkmilləşdirilməsi, monitorinq və nəzarət sisteminin yaradılması gözlənilir. Böhran uzunmüddətli, sabit siyasət işlənməsinə müəyyən imkanlar yaradır, çünki bir sıra bazarlar geriləyib və bu da daha bərabər şərtlərlə rəqabət aparmağa imkan yaradır.
- Sizin fikrinizcə, Bakı Fond Birjasının sisteminin təkmilləşdirilməsi və qiymətli kağız bazarı iştirakçıları üçün daha əlverişli şərtlərin yaradılmasından ötrü hansı addımlar vacibdir?
- Yayın sonuna Bakı Fond Birjası ilə Milli Depozitar Mərkəz arasında elektron interfeysin yaradılması düşünülür. Həmin vaxta ehtimal edirəm ki, broker və dilerlərin uzaq məsafədən giriş imkanlı birja ticarət sistemindən istifadə etməsinə imkan yaranacaq. Bu, əqdlərin avtomatlaşdırılması üçün ilkin addımları atmağa imkan verir.
Bakı Fond Birjası artıq keçən ildən yeni ticarət sisteminə miqrasiyaya başlayıb. Ticarət sisteminin proqram təminatının təchizatçısı kimi Moskvanın İNİST şirkəti seçilib.
Bütövlükdə, fond birjası proqram texniki vasitələrinin (server kompleksinin, proqram təminatının) dərin modernləşdirilməsinə başlayıb. Çünki birjada istifadə edilən ticarət sistemi köhnəlib. Artıq doqquz il keçib, server xidmətləri isə ən çoxu 6-7 il işləyir.
Ticarət sisteminin texnoloji təchizatı birjanın imkanlarının genişlənməsinə şərait yaradacaq. Broker və diler şirkətləri üçün uzaq məsafədən giriş imkanlı birja ticarət sisteminin yaradılması, həmçinin onların özlərinin istifadə etdiyi proqramın yeniləşməsini tələb edir.
- Fond bazarının inkişafı üzrə beynəlxalq qurumlarla əməkdaşlıq necə qurulacaq?
- Dövlət Komitəsi bir neçə xarici institutlarla birgə donor klubu yaratmaq niyyətindədir, orada ölkənin qiymətli kağızlar bazarının inkişafı üçün texniki yardımın cəlbi üzrə fəaliyyət əlaqələndiriləcək.
Hazırda Dövlət Komitəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kimi institutlarla əməkdaşlıq edir. USAID qiymətli kağızlar bazarının inkişafı üçün model hazırlanmasına yardım edir.
- Ölkənin fond bazarında islahatlarla bağlı olaraq, iştirakçıların bilik və vərdişlərinin təkmilləşdirilməsi də tələb edilir. Bu istiqamətdə hər hansı bir tədbir nəzərdə tutulubmu?
- Biz artıq yerli potensial bazarın iştirakçılarını və həmçinin mümkün investorların treninqi və öyrədilməsi üzrə geniş proqram hazırlamışıq. İyunda biz mini-IPO gerçəkləşdirmək üçün öz kapitallarının açılmasına potensial hazır şirkətlər, həmçinin bazarda işləyən mümkün investorlar və maliyyə araçıları üçün birhəftəlik proqram hazırlayırıq.
MƏSLƏHƏT GÖR: