
27 + 6
Avropanın bu təşəbbüsündə iştirak istənilən halda Bakının xeyrinədir
Müəllif: Eldar PAŞAYEV Bakı
Mayın 7-də Çexiyada Avropa İttifaqının "Şərq tərəfdaşlığı"nın təsis sammiti keçirildi. Toplantıya həsr olunmuş mətbuat konfransında Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solananın bildirdiyi kimi, "Şərq tərəfdaşlığı" proqramı ona daxil olan dövlətlərin Avropaya inteqrasiyası və islahatlar aparmasına kömək edə bilər.
Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozu isə öz növbəsində dedi: "Bu həm onlara, həm də bütünlükdə qitəyə təhlükəsizlik baxımından xeyir gətirəcək".
Forumun yekunu olaraq, Aİ-nin 27 ölkəsi və proqramda iştirak edən 6 dövlət (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova) Bəyannamə imzaladılar. Qərara alındı ki, "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçıları 2 ildən bir (xarici işlər nazirləri isə hər il) görüşsünlər. Proqram çərçivəsində ilk danışıqlar isə artıq 2009-cu ilin iyununda baş tutacaq.
Proqramın işi 4 əsas tematik platforma üzərində aparılacaq: birincisi, demokratiya, effektiv idarəetmə və sabitlik, ikincisi, iqtisadi inteqrasiya və Aİ-nin sektor siyasəti ilə yaxınlaşma, üçüncüsü, enerji təhlükəsizliyi, dördüncüsü, insanlar arasında əlaqə.
Proqramda iştirakçı ölkələrin "birləşmiş Avropa"nın sıralarına qoşulması nəzərdə tutulmur. Bununla yanaşı, siyasət və iqtisadiyyat, həmçinin viza rejiminin yüngülləşdirilməsi sahələrində bir sıra addımlar atılacaq.
2013-cü ilədək proqrama üzv ölkələrə dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik müəssisələrə yardım məqsədi ilə 600 milyon avro vəsait ayrılacaq. Konkret rəqəmlər söylənilməsə də, proqramın maliyyə bazasının genişlənə biləcəyi bildirilir. (Aİ bu məqsədlə artıq bir sıra beynəlxalq institutlara müraciət edib).
Bununla yanaşı, məlum olub ki, toplantı ərəfəsində Aİ-yə sədrlik edən Çexiya tərəfindən hazırlanmış sammitin bəyannaməsinə dəyişiklik edilib. Belə ki, sənədin ilkin variantında proqramın iştirakçıları "Avropa dövlətləri" adlandırıldıqları halda, dəyişiklikdən sonra bu ifadə "Şərqi Avropadan olan tərəfdaşlar" və "tərəfdaş ölkələr"lə əvəzlənib.
Bundan başqa, viza rejiminin yüngülləşdirilməsi planının reallaşması ilə bağlı "uzaq perspektiv" ifadəsi də bəyannaməyə əlavə olunub.
Qeyd olunur ki, bu dəyişikliklərin edilməsinin tərəfdarı kimi daha çox Almaniya, Fransa, İtaliya və digərləri çıxış edib.
Yeri gəlmişkən, Avropanın nəhəng dövlətlərinin təmsilçilərindən sammitə yalnız Almaniya kansleri Angela Merkel qatılıb. Fransaya gəlincə, məlumata görə, bu ölkənin başçısı Nikolya Sarkozi "Şərq tərəfdaşlığı"ndan o qədər də məmnun deyil. O, bu proqramı özünün "Aralıq dənizi İttifaqı" təşəbbüsünə rəqib hesab edir (yeri gəlmişkən, Sarkozinin bu təşəbbüsünə də Berlin skeptik yanaşır).
Bütün bunların fonunda sammiti tənqid edənlər bildirirlər ki, "Şərq tərəfdaşlığı" proqramı onun üzvlərinə açıq şəkildə göstərib ki, onlar daha çoxuna ümid etməməlidirlər. Əvvəllər Brüssel sərhədlərin genişləndirilməsinin mümkünlüyü haqda düşünürdüsə, qlobal maliyyə və iqtisadi böhrandan sonra, görünür, məsələ birdəfəlik qapanıb. Avropa İttifaqında onsuz da problemlər kifayət qədərdir. Amma bununla belə, birlik keçmiş SSRİ ölkələrini öz orbitindən birdəfəlik buraxmaq da istəmir. Yəni, bu rakursda "Şərq tərəfdaşlığı" proqramı "nə hə, nə yox" təsiri bağışlayır və onu hər an istənilən istiqamətə yönəltmək mümkündür.
Müşahidəçilərin məsələyə ehtiyatla yanaşmasına daha bir səbəb "Şərq tərəfdaşlığı" iştirakçılarının məşhur "Qu quşu, Xərçəng və Durnabalığı.."nı xatırlatmasıdır. Proqramın iştirakçıları fərqli xarici siyasi kurs yürüdürlər. Məsələn, Gürcüstan, birmənalı şəkildə, Qərblə yaxınlaşmaq istiqaməti götürübsə, Belarusun Avropaya tərəf addımları onun Rusiya ilə münasibətlərilə müqayisə olunmazdır. ABŞ və bir sıra Avropa dövlətlərində güclü lobbisinin olmasına baxmayaraq, Yerevan Rusiyanın Güney Qafqazdakı son forpostu adlandırılır. Daxili siyasi durumu çox qeyri-sabit olan Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla əlaqədar yaşanan münaqişə haqda isə danışmaq belə artıqdır.
Yeri gəlmişkən, Moldova və Belarus prezidentləri sammitə qatılmaqdan imtina edərək, tədbirə hökumət başçılarının müavinlərini göndəriblər. Bu, çox güman ki, məhz Moskvanın təzyiqi ilə baş verib: Rusiya "Şərq tərəfdaşlığı" proqramına özünün strateji maraqlarında olan əraziyə soxulma, MDB-nin postsovet məkanında rolunun zəiflədilməsi cəhdi kimi baxır.
Belarus prezidenti Aleksandr Lukaşenkonun "Reuters"ə müsahibəsində kiminsə "Şərq tərəfdaşlığı"nı antirusiya proqramına çevirməyə cəhd göstərəcəyi təqdirdə, heç nəyin alınmayacağını bəyan etməsi də təsadüfi sayılmamalıdır. "Bu proqramda Rusiyadan üz döndərməklə iştirak etməyi düşünmürük. Bizim üçün xarici siyasətimizdə balanslaşdırma imkanının qorunub saxlanması çox vacibdir. Bu, siyasətimizdə hansısa dəyişiklik, dönüş kimi qiymətləndirilməməlidir", - deyə Lukaşenko qeyd edib.
Onun bu açıqlamasından Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "proqramın iştirakçıları qəti seçim qarşısında qala bilərlər: ya Avropa İttifaqı, ya Rusiya" bəyanatına cavab da aydın hiss edilməkdədir.
Bundan başqa, skeptiklər proqrama ayrılmış maliyyə vəsaitinin olduqca böyük olmasına da diqqət çəkirlər. Xarici mətbuat yazır ki, bu məbləğin necə bölüşdürüləcəyi, həmçinin digər islahatların uğurunun qiymətləndirilməsi üçün hansı mexanizmdən istifadə olunacağı da məlum deyil.
Ən maraqlısı isə odur ki, "Şərq tərəfdaşlığı" nə dərəcədə Aİ-Rusiya rəqabətinin nəticəsi sayıla bəlir? Artıq qeyd edildiyi kimi, Moskva öz nüfuz dairəsini itirməkdən qorxur və ənənəvi olaraq, Baltikyanı ölkələr istisna olmaqla, bütün postsovet məkanını bu "dairə"yə aid hesab edir. Bunun fonunda Kreml üçün Avropanın bu proqramı qarşılıqlı münasibətlərinin son dərəcə gərginləşdiyi NATO-nun (Rusiya ilə alyans arasında münasibətlər qarşılıqlı şəkildə diplomatların qovulmasınadək gedib çıxıb) yürütdüyü siyasətin davamı təsiri bağışlayır.
Və bu məsələ ilə bağlı artıq tamamilə ziddiyyətli proqnozlar eşidilməkdədir: bəzi ekspertlər "Şərq tərəfdaşlığı" proqramının gələcəyini görmürlər, digərləri artıq indidən MDB, KTMT və Avrasiya İqtsiadi Əməkdaşlıq Təşkilatını dəfn etməyə tələsirlər.
Aİ nümayəndələri Rusiyanın narahatlığını qəbul etmir və məqsədlərinin Moskva ilə rəqabət olmadığını bildirir. Bu məqama isə daha diqqətlə yanaşılmalıdır. Əslində, Avropa İttifaqı "nüfuz dairəsi" anlayışını rədd edir. Və ötən ilin yayında baş vermiş Rusiya-Gürcüstan hərbi münaqişəsi fonunda məsələyə bu cür yanaşma, doğrudan da, sülhpərvərlikdən və tərəfdaşlığa meyillilikdən xəbər verir. Çünki güc və təzyiq fonunda əməkdaşlıq siyasəti həmişə daha cəlbedici görünür.
"Bu tərəfdaşlıq kiməsə qarşı yönəlməyib. Belə düşünənlər yanılır. Bu tərəfdaşlıq Avropa üçün çox vacib olan regionda sabitlik, əməkdaşlıq üçündür", - deyə Havyer Solana qeyd edib.
Praqada keçirilən sammitdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev "Şərq tərəfdaşlığı"nın Azərbaycanla Avropa İttifaqının əlaqələrinin daha da genişlənməsinə impuls verəcəyini bildirib. Bakı Avropa üçün çox əhəmiyyətli tərəfdaşdır və onun enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. İ.Əliyev forum iştirakçılarına Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin davam etdiyini də xatırladıb.
Qeyd etmək lazımdır ki, "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan dövlətlərdə vəziyyətin sabitləşdirilməsi əsas məqsədlərdən biri kimi qoyulub.
Beləliklə, uzun illərdir balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlamış Azərbaycan üçün "Şərq tərəfdaşlığı"nda iştirak istənilən halda xeyirlidir. Bakı həm Qərblə, həm də Rusiya ilə uğurla əməkdaşlıq edir. Proqram çərçivəsində bəzi məqamlara, məsələn, Azərbaycan və Ermənistanın maraqlarının toqquşmasına gəlincə, birincisi, avropalı tərəfdaşların bu çətinliyi nəzərə alacaqlarını və buna yol verməməyə çalışacaqlarını düşünmək üçün bütün əsaslar var. İkincisi isə rəsmi Bakı həmişə ilk növbədə Azərbaycanın milli maraqlarının təmin edilməsinin qeydinə qalır.
MƏSLƏHƏT GÖR: