5 Dekabr 2025

Cümə, 23:19

SÜLH UZAQDA DEYİL

D.Sammut: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesinin tezliklə yeni fazaya qədəm qoya biləcəyini göstərən əlamətlər var"

Müəllif:

15.05.2009

"Azərbaycanın regionda artan qüdrəti xarici dövlətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə cəlb etməlidir". Bu bəyanatla Böyük Britaniyanın "Links" qeyri-hökumət təşkilatının direktoru Denis Sammut hələ ötən ilin yayında çıxış etmişdi. Və o yanılmadı. Beynəlxalq ictimaiyyətin Qarabağ probleminin həllindəki hazırkı fəallığı göstərir ki, dünyanın nüfuzlu dövlətləri bu münaqişənin tezliklə həllinə çalışır və bu, onların, ən azı, regiondakı maraqlarının qorunması üçün edilir. 

Denis Sammut isə hesab edir ki, münaqişənin tam həllinə nail olunması üçün yalnız vasitəçilər və münaqişə tərəflərinin cəhdləri kifayət deyil. O, problemin həlli yolları və Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı durumla bağlı fikirlərini "R+"la bölüşüb.

- Cənab Sammut, "Links" təşkilatı Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi diqqət göstərir. Siz bu problemin həllini necə görürsünüz?

- "Links" təşkilatı 1997-ci ildə Londonda yaradılıb. Onun əsas fəliyyət istiqaməti münaqişələrin sülh yolu ilə həllinin dəstəklənməsi, demokratiya və insan haqlarının inkişafı,  mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun irəli aparılmasına nail olmaqdır. 

Güney Qafqaz regionuna yönəlmiş çox işlər var. Biz Azərbaycanda lap əvvəldən işləyirik və həm hökumət, həm də vətəndaş cəmiyyəti səviyyəsində xeyli tərəfdaş qazanmışıq. Son illərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində də xeyli cəhdlər göstəririk. Hazırda bu münaqişə regionun ən böyük problemidir. Biz onun sülh yolu ilə çözülməsini istəyirik.

- ATƏT-in Minsk qrupunun münaqişənin həlli prosesindəki vasitəçilik fəaliyyətini necə qiymətləndirirsiniz?

- Son illər ATƏT-in Minsk qrupu üçün çətin məsələ münaqişə tərəflərinin mövqeyində yaxınlaşmaya nail olmaqdır. Üç həmsədr ölkə - Rusiya, Birləşmiş Ştatlar və Fransa bunun üçün bir çox müxtəlif yanaşmalardan istifadə etməyə çalışıblar. Bilirsiniz ki, bir çox hallarda bu 3 dövlətin prezidentləri şəxsən danışıqlara cəlb ediliblər. Lakin onlar hələ də irəliləyişə nail olmayıblar. Amma danışıqlar ciddi şəkildə davam etdirilir, son bir neçə ayda isə bu proses daha da fəallaşıb. Sülh prosesinin tezliklə yeni fazaya qədəm qoya biləcəyini göstərən əlamətlər var.

- Sizin təşkilatınız Conciliation Resources və International Alert ilə birlikdə "Təşəbbüs" konsorsiumunun bir hissəsidir. Bu konsorsium Minsk qrupunu daha şəffaf fəaliyyətə çağırıb. Bu kontekstdə "şəffaflıq" deyərkən nəyi nəzərdə tutursunuz?

- "Təşəbbüs" konsorsiumu müxtəlif münaqişələrdən əziyyət çəkmiş geniş spektrli təşkilatlar və insanlarla işləyir. Bir müddət əvvələdək Minsk qrupu yalnız bilavasitə danışıqlara cəlb edilmiş tərəflərlə müzakirələr aparırdı, münaqişədən əziyyət çəkmiş digər qruplarla isə əlaqə ya çox zəif idi, ya da ümumiyyətlə yox idi.  Belə vəziyyət cəmiyyətdə informasiya boşluğu yaradır və nəticədə spekulyasiyalar və müxtəlif şayiələr yayılır. Bu səbəbdən də konsorsium ötən il vasitəçiləri və Ermənistan ilə Azərbaycanın hökumətlərini vətəndaş cəmiyyəti, tədqiqat mərkəzləri və kütləvi informasiya vasitələri ilə böyük dialoqa çağırdı. Bu, o demək deyil ki, danışıqların mahiyyəti, bütün aspektlər razılaşdırılmadan cəmiyyətə  açıqlanmalıdır. Lakin bir çox hallarda, bəzi informasiyaların cəmiyyətə açıqlanması ümumi işə xeyir verə bilər. Mən çox şadam ki, bu ilin yanvarından həmsədrlər "Təşəbbüs" konsorsiumunun təşkil etdiyi bir sıra görüşlərdə iştirak ediblər. Orada sülh prosesi müzakirə edilib, bir çox suallara cavablar verilib. Təbii ki, bunu alqışlayıram və davamlı olacağına ümid edirəm.

- Ermənistan və Azərbaycan ziyalılarının qarşılıqlı səfərləri sülh prosesinə kömək edə bilərmi?

- Belə səfərlər lazımi səviyyədə təşkil edilərsə, xeyirli ola bilər. Fikir ayrılıqlarının səviyyəsindən asılı olmayaraq, münaqişənin həllinə yalnız intensiv dialoq, həmçinin hər iki tərəfin həqiqəti yaxşı anlaması ilə nail olmaq mümkündür. Azərbaycana səfərlərim zamanı məni narahat edən məqam buradakıların Ermənistandakı real yaşayış vəziyyətindən xəbərsiz olmalarıdır. Eyni fikirləri Ermənistan haqda da söyləmək olar: ermənilər Azərbaycan gerçəklikləri haqda kifayət qədər məlumatlı deyillər. Bu anlaşılmazlığın aradan qaldırılması istiqamətində görülən bütün işlər alqışlanmalıdır.

- Demək, hesab edirsiniz ki, artıq xalq diplomatiyasına keçməyin vaxtıdır?

- Əslində, ictimai diplomatiya artıq bir müddətdir ki, gedir. Bu işə başlamaq yox, onu davam etdirmək, fəallaşdırmaq lazımdır.

- Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesilə bağlı kifayət qədər nikbin bəyanatlar səsləndirilir. 2009-cu ildə bu prosesdə irəliləyişə nail olunması imkanları nə qədər realdır?

- Ermənistan və Azərbaycan cəmiyyətlərində belə bir səhv anlayış var ki, Dağlıq Qarabağ münaqişəsi günlərin birində adi bir imzalanma ilə çözülə bilər. Bu, real deyil. Hamının 2009-cu ildə ümidlə gözlədiyi, real sülh prosesinin başlanmasıdır. Bu proses isə bir neçə həftə, ay və ya il davam edə bilər. 

Bu səbəbdən də xalqlarda vəziyyətlə bağlı real düşüncə olmalıdır ki, sonradan onlarda məyusluq yaranmasın. Ortada Şimali İrlandiya nümunəsi var. "Coşğun cümə razılaşması"nın ("Belfast razılaşması") imzalanmasından və hərbi əməliyyatların bitməsindən 10 il keçir. Buna baxmayaraq, bu illər ərzində hələ də yaşananlardan narazı olan marginal qruplar qalırdı. 

Odur ki, cəmiyyət bu prosesə fəal şəkildə cəlb edilməli, o, prosesin qəyyumu olmalıdır.

- Siz Ermənistan, Azərbaycan və Gürcüstan parlamentarilərinin dialoqu şəklində Güney Qafqaz parlament təşəbbüsünün təqdimetmə mərasimində iştirak edirdiniz. Bu təşəbbüs nə dərəcədə vacibdir və gələcək üçün hansı planlar var?

- Güney Qafqaz regionu bir çox problemlərlə üz-üzədir və onlardan bəzilərini regionun dövlətləri təkbaşına da həll edə bilərlər. Amma bir çox problemlərin nizamlanması  hər 3 ölkənin əməkdaşlığından asılıdır. Təəssüf ki, bu 3 dövlət arasında həllini tapmamış bir sıra məsələlərin olması regional əməkdaşlığı çətinləşdirir. 

Güney Qafqaz Parlamenti təşəbbüsü 3 ölkə siyasətçilərinin bu problemlərdən bəzilərini müzakirə etmək, ümumi qərarların, heç olmasa, qarşılıqlı anlaşmanın əldə edilməsi baxımından, vacib forumdur. 2003-cü ildə bu prosesin başlanmasından sonra xeyli səmərəli işlər görülüb. Ötən il isə bir sıra səbəblərdən, həmçinin regionda baş verən hadisələr üzündən bu proses zəifləyib. Amma  prosesin yenidən canlandırılması və onunla daha ciddi məşğul olmağın vaxtıdır. Düşünürəm ki, tezliklə bu istiqamətdə konkret addımlar atılacaq.

- Siz Güney Qafqazda azad iqtisadi zonanın yaradılması təklifinin müəllifisiniz. Necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanla Ermənistanın iqtisadi əməkdaşlığı nə dərəcədə realdır?

- Bütün bunlar zamanın işidir. Mən digər ekspertlərlə birlikdə Güney Qafqazda Ermənistan, Azərbaycan, Gürcüstan və digər dövlətlərin iştirakı ilə birgə azad iqtisadi zonanın yaradılması üzrə bir neçə məruzə üzərində işləmişəm. Regionda iqtisadi əməkdaşlığa start verməyin bir yolu var. Şübhəsiz ki, Qarabağ probleminin sülh yolü ilə həlli prosesinə başlanılmadan, bu, mümkün deyil. Amma eyni zamanda onun həyata keçirilməsi üçün münaqişənin tam həllini gözləmək də lazım deyil. Bu, sülh prosesinin başlanğıcı və tərəflər arasında inamın möhkəmlənməsi üçün vacib tədbirlərdən biri ola bilər. Çox vaxt insanlar Güney Qafqazdan danışarkən, bədbinliyə qapanırlar. Amma mən regionun problemləri ilə yanaşı, onun böyük potensialını və istedadlı insanlarını da görürəm. Birgə azad iqtisadi zona Qafqazdakı yaxşı cəhətlərin vitrini ola bilər. Belə bir vitrin isə yalnız qaranlıq tərəfləri görmək istəyənlərə layiqli cavab olardı.


MƏSLƏHƏT GÖR:

588