15 Mart 2025

Şənbə, 00:40

MÜBAHİSƏLİ VERSİYA

Rus dram teatı Sankt-Peterburqda XI Beynəlxalq Teatr Festivalında iştirak edib

Müəllif:

01.05.2009

Artıq on birinci dəfədir ki, "Baltiyski dom" teatr-festivalının səhnəsində MDB ölkələrindən və Baltikyanıdan olan kollektivlər görüşürlər. Onlar Peterbuq ictimaiyyəti və tənqidçilərdən, teatr jurnalistlərindən ibarət olan ekspert komissiyasının qarşısına öz ən yaxşı işlərini gətirmişdilər. Burası da xoş idi ki,  "Vstreçi v Rossii" beynəlxalq teatr festivalı öz sərhədlərini genişləndirir. Bu il tədbirə Kosta-Rikadan, San-Xosedən və Berlindən də teatrlar gəlmişdi. Həmçinin son beş ildə festival çərçivəsində yaxın xarici ölkələrin rusdilli truppalarının gənc aktyorları üçün master-klasslar fəaliyyət göstərir. Bu məşğələlərin tematik yönümü hər il dəyişir. Ancaq bir şey dəyişməz olaraq qalır. Onların məşğələlərinin nəticəsi tamaşa ilə bitir. Bu il Sankt-Peterburq Teatr İncəsənəti Akademiyasının pedaqoqu İqor Kaçayevin plastika üzrə master-klassı N.V.Qoqolun aprelin 1-nə təsadüf edən 200 illik yubileyi ilə bağlı səhnələşdirilmiş "Qoqolsayağı plastik variasiyalar" tamaşası ilə sonuclanıb. Bu tamaşa festivalın açılış günü mətbuat konfransından dərhal sonra göstərilib. Mətbuat konfransı Sankt-Peterburq, Moskva və Baltikyanıdan olan KİV təmsilçiləri üçün keçirilmişdi.

 

Hərəkətin özü 

Festivalın keçirildiyi illər ərzində bizim ölkə beş dəfə təmsil olunub, bunun üç dəfəsi S.Vurğun adına Rus Dram Teatrının, iki dəfəsi isə "İbrus" teatrının payına düşüb. 2001-ci ildə Rus Dram Teatrı "Lənkəran xanının vəziri" tamaşasını göstərmişdi, 2003-cü ildə isə "İbrus" teatrı "Şirə bənzər" tamaşası ilə çıxış etmişdi. Rus Dram Teatrı 2006-cı ildə "Qarışıq duyğular" tamaşasını təqdim etmişdi, "İbrus" isə 2007-də "İvan Buninin son qarşılaşması" ilə Peterburqa getmişdi. 2009-cu ildə isə festival marafonu Rus Dram Teatrına (RDT) qismət oldu və RDT orada A.Şarovskinin "Qağayı" tamaşasını göstərdi. "Baltiyski dom" teatrının böyük zalını doldurmuş tamaşaçılar, demək olar ki, üç saat cınqır belə çıxarmadan səhnədə baş verən hadisələri izlədi. Təəssüf ki, RDT kollektivi bizim diasporun təmsilçilərini yalnız 2001-ci ildə keçirilən festivalda görüb. Anton Pavloviç Çexovun mətnləri rejissor Aleksandr Şarovskinin quruluşunda Azərbaycanın xalq artisti Fuad Poladovun oynadığı doktor Dorn personajı ilə tamam yeni və çağdaş görkəm alıb. Doktor gerçək və irreal dünyalar arasında özünəməxsus əlaqələndiricidir. O həm də malikanə yiyələri ilə insanlar üzərində sehrli hökmə malik cadulu göl arasında araçıdır. Və göründüyü kimi, gölün hökmü başqalarından fərqli olaraq daha çox doktor Dornun üzərində özünü göstərir. Öz peşəsinə görə insanların ruhunu və bədənini sağaltmalı olan doktor əslində isə tam tərsinə davranır. Sorinin sağlamlığından gileylənməsinə Arkadinanın gedib sularda müalicə olunmağı məsləhət verməsi barədə Dorn laqeydcəsinə bildirir: "Getmək də olar, getməmək də". 

Yardım üçün onun ayaqlarına düşüb yalvaran Maşaya isə əsəbiliklə cavab verir ki, heç bir kömək edə bilməyəcək. Həmçinin vecsiz şəkildə əlavə edir ki, yalnız ən güclülər salamat qalmalıdır. O, bəşəri vecsizliyin mərkəzidir. Bu vecsizlik elə bir ruhi boşluqdur ki, həm çox böyük miqyaslarla insan duyğularını yox edə bilər, həm də öz fəaliyyətsizliyi ilə  bir anlığa dirçələrək bu ruhi boşluq dünyasından kənara çıxmaq istəyən insan həyatlarını məhv edər. Bu cadulu göldə də taleləri məhv olan insanlar doktor üçün sadəcə müşahidə obyektləridir və onun heç nəyə qarışmaq niyyəti yoxdur. İnsanların bir-birindən aralı, sevgi və insani bağlılıq hisslərindən kənarda yaşaması, heç birinin həyatda bu cür hisslərlə heç zaman tanış olmaması bir qədər də cansıxıcıdır. İlk zamanlar bu, Dornun (F. Poladovun) xoşuna gəlir, amma həm də anlayır ki, bu, bir qədər qəribə şəkildə ruhi kədərdən, bəşəri boşluqdan keçməklə gələn bir duyğudur. Dorn hər şeyin necə sonuclana biləcəyini də anlayır...

Bunu bilməsi onu daha da kədərləndirir. Buna görə də ikiilliyə Genuyaya gedir. Geri qayıdandan sonra gözlənilməz şəkildə Arkadinaya qayğı göstərir. Arkadinanı isə öz laqeydliyi pis günə qoyub - bir dəfə güllə ilə özünü vurmaq istəyən oğlu, nəhayət ki, intihar edib. Və hər şey aydın olur: bu göl anomal zonada yerləşir və Dorn isə onun vasitəçisidir. Sadəcə, iki illik uzaqlaşmaqla, o, gölün təsirindən yaxa qurtara bilib. Ancaq burada, bu göl kənarında Şamrayevlər, Sorinlə Kostya Treplev və ərini sevməyən Maşa hələ də yaşamaqdadır. 

 

Sürəkli alqışlar 

Tənqidçilər Çexovun yüzlərlə səhnə quruluşu yaşamış bu əsərinə yanaşmanın orijinallığını və qeyri-adiliyini xüsusi vurğulayıblar. Tənqidçilər öz peşəkar yaşamları boyunca yetərincə versiyalar görüblər, amma bunun kimisi ilə ilk dəfədir ki, rastlaşırdılar. Aleksandr Şarovskinin versiyası adi yanaşmalardan onunla fərqlənir ki, burada Rusiya klassik poeziyasının gümüş dövrünün kulturoloji layının  və Bulqakov nəsrinin çox saylı sitat- mizan səhnələri ilə boldur. 

Variant keçən minilliklərdə ədəbiyyatşünaslar tərəfindən dayanıqlı şəkildə cilalanmış qavrayış üçün o qədər qeyri-adi və gözlənilməzdir ki, geniş publika üçün çox caziədar olan tamaşa tənqidçilərin əsas mübahisə obyektinə çevrildi. Tənqidçilər bu gün Çexovu bu şəkildə təqdim etməyin yolveriləbilən olub-olmaması məsələsində əks qütblərə bölündülər. Əslində isə bu məsələdə sual ritorik qoyulmuşdu. Hər halda, son anlamda məsələni tamaşaçı həll edir. Tamaşaçı isə nümayiş günü diqqətli idi və heyran görünürdü. 

Peterburqlular çoxlu çiçək gətirmişdilər, alqışlar yetərincə uzun çəkdi. Hətta festivalın təşkilatçıları ilə birgə səhnəyə çıxmış, rejissoru və aktyorları uğurlu tamaşa ilə bağlı təbrik etmək istəyən Rusiya Federasiyasının xalq artisti Roman Qromadskinin xarizması belə tamaşaçıların alqışlarının qarşısını ala bilmədi. Adətən Qromadski səhnəyə çıxanda onun nitqini eşitmək istəyən tamaşaçılar dərhal sakitlik yaradırlar. Amma bu dəfə sürəkli və qızğın alqışlar uzun zaman kəsmədi. Xalq artistinin özü də çox həvəslə tamaşaçı zalına qoşularaq, əl çalırdı. Sonra isə bildirdi ki, kollektivi festival çərçivəsində mütəmadi olaraq müşahidə etmək imkanı qazanması onu sevindirir. 

Tənqidçilər isə ertəsi gün bildiriblər ki, qeyri-standart rejissor quruluşları artıq XI Beynəlxalq Teatr Festivalının səciyyəvi özəlliyinə çevrilib. Belə işlər sırasında onlar tək  Aleksandr Şarovskinin versiyasını deyil, həm də Estoniya Rus Teatrı ilə Molyerin "Don Juan" əsərini gətirmiş Mixail Bıçkovun quruluşunu, həmçinin Yerevandan olan Aleksandr Qriqoryanın "Strasti po Revizoru" tamaşasını, eləcə də Berlinin "Rus səhnəsi" teatrında Bayronun "Kain" əsərini səhnəyə qoymuş İrina Sokolova-Qordonun çağdaş yanaşmasını göstəriblər. 

Rusiyanın və Avropanın aparıcı tənqidçisi Rimma Kreçetovanın fikirincə, bu onu sübut edir ki, teatr janr və quruluş özəllikləri ilə fərqli qalmaqla yanaşı, klassik əsərləri çağdaş tamaşaçıya çatdırmaq üçün bu gün də aktual olan "ağrılı" nöqtələr tapmaqla ortaq cəhətlər əldə edir. 

Teatr festivaldan dəyərli  diplom, hədiyyələr və gələcəkdə yeni dialoqa dəvətnamə əldə etməklə ayrıldı. Bundan başqa, Bakı Rus Dram Teatrının bədii rəhbəri gələn il Melexovoda keçirilməsi nəzərdə tutulan Çexov festivalında iştirak təklifi də alıb. Təbii ki, yeni tamaşa və mümkündür ki, yeni səhnə quruluşu versiyası ilə. Belə görünür ki, artıq bakılı rejissor Aleksandr Şarovski səhnə yanaşmaları baxımından "böyük orijinal" kimi ad çıxarır. 

Belələrini adətən sevsələr də,  həm də "söyür"lər. Bəzən hətta çox söyürlər. Çünki onlar mübahisə və düşüncələrə hamıdan çox əsas verirlər. Bu həm də intellektual treninqlər üçün arzulanan imkan olur. Tənqdçilərdən ötrü bundan nəşəli bir iş olarmı? Elə quruluşçu-rejissorların özü üçün də. Fərq sadəcə, onların hər biri üçün həzz dönəminin müxtəlif vaxtlara təsadüf etməsi ilə bağlıdır. 



MƏSLƏHƏT GÖR:

564