Müəllif: Məhərrəm ZEYNAL Bakı
1918-ci ilin sonunda Bakıda daşnaklar və bolşeviklər tərəfindən minlərlə müsəlmanın qətlə yetirilməsi kimi dramatik hadisələr Azərbaycanın şəhərlərində, digər etnik və dini qrupların başına gətirilən müsibətləri kölgədə qoya bilmədi. Bu cür faciələrdən biri də Qubada yüzlərlə yəhudinin məhv edilməsi idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan yəhudiləri əksər hallarda bitərəfliyini qoruyub-saxlayırdı, ya da vəhşiliklərin qurbanlarını xilas etməyə çalışırdı. Məsələn, rus ordusunun zabiti, şahzadə Mənsur Qacar sonralar verdiyi ifadəsində qaçılmaz ölümdən - ermənilərin əlindən məhz yəhudi dostlarının sayəsində xilas olduğunu xatırlayırdı. Talanlar zamanı o, bir çox digər nüfuzlu azərbaycanlılar kimi, neft sənayeçisi Melikovun (o, açıq şəkildə "Daşnaksutyun"u maliyyələşdirirdi və hətta öz evini bu təşkilatın qərargahına çevirmişdi) evində girov saxlanılırdı. Bu haqda tarix elmlər doktoru, professor Solmaz Rüstəmova-Toqidinin topladığı sənədlərdə qeyd olunub.
Bakının keçmiş ictimai qradonaçalniki Smirnovun ifadələrində də yəhudilərin hadisələrə münasibəti haqqında fikirlər var: Smirnov faciəli Mart hadisələri zamanı şəhərin rus əhalisinin azərbaycanlılara kömək etməsi faktlarını xüsusilə vurğulayır. Sənədlərdə və azərbaycanlıların çoxsaylı ifadələrində yəhudi, rus, gürcü qonşuların, tanışların və ya sadəcə, yoldan ötənlərin Bakı müsəlmanlarının həyatı və əmlakını xilas etməsi faktlarına rast gəlinir.
Köhnə bakılı İsmayıl İsrafilov xatırlayır: "Yəhudilərin, rusların müsəlmanları gizlətməsi faktları çox idi. Mənim atam o illər daşnaklarla vuruşurdu. Bu, əlbəttə ki, mənim dünyaya gəlməyimdən xeyli əvvəl baş verib. Onun valideynləri və digər qohumları Vidadi küçəsində yaşayan qonşularının evində gizlənmişdilər. Mən indi onların adlarını çəkə bilmirəm, xatirimdə qalmayıb, amma orada yaşayan hər kəs köməyini əsirgəmirdi. Onların çoxu sovet hakimiyyəti dövründə köçüb getdi və mən şəxsən onları heç vaxt görə bilmədim".
Yalan və terror
Bu xalqın başına gələn faciə isə Bakıda yox, Qubada baş verdi. Quba qəzası (bunu siyahıyaalma da təsdiqləyir) o zaman çox rəngarəng etnik tərkibə malik idi - burada türklər, yəhudilər, ləzgilər yaşayırdılar. Onların sayı təqribən yarı-yarıya idi. Unutmayaq ki, müharibə və qarışıqlıq illərində "terror" anlayşı onu təşkil edənlərin nəzərində müsbət anlamda işlədilirdi, bunu həmin illərin bolşevik qəzetlərindən də görmək olar. Bolşeviklər əhalini kütləvi qorxu içində saxlamaq üçün məhz terrordan istifadə edirdilər və ona görə də, terror çox vaxt onların sinfi düşməni olan burjuaziyaya qarşı yox, dinc əhaliyə, xüsusilə də kəndlilərə qarşı yönəldilirdi. Azərbaycanda isə bu, bolşeviklərlə daşnakların ittifaqı formasında özünü büruzə verirdi. Kommunist Stepan Şaumyan və onun silahdaşları açıq şəkildə erməni millətçi qruplaşmaları və onun avanqardı olan "Daşnaksutyun" partiyası ilə sövdələşməyə gedirdi. 1918-ci ilin martında Qubada baş verən hadisələr haqda həqiqətlər yalnız son illər dağ yəhudilərinin Elmlər Akademiyasına müraciəti sayəsində üzə çıxıb. İnsan haqları İnstitutuna məktubunda Azərbaycanın dağ yəhudiləri icmasının rəhbəri S.İhilov yazır: "Hələ 1980-ci illərdə mən 1918-1919-cu illərdə Azərbaycan xalqının soyqırımı dövründə baş vermiş və əvvəllər ictimaiyyətə məlum olmayan yəhudilərin kütləvi qətliamı faktlarını aşkar etmişəm. İndiyədək biz rəsmən 81 nəfər günahsız qətlə yetirilmiş yəhudinin adını müəyyənləşdirə bilmişik. Hər il martın 31-də, Azərbaycan xalqının 1918-1919-cu il soyqırımının qurbanlarının xatirəsi qeyd olunanda, biz qətlə yetirilmiş yəhudi uşaqları, qadınları və kişilərinin də ruhuna dualar oxuyuruq. Hazırda biz ümumi vətənimiz olan Azərbaycanın digər regionlarında da kütləvi məzarlıqların aşkar olunması üçün işləri davam etdiririk". Bu məktuba "19 iyara 5679-cu ildə Qubada vəhşilərin qurbanı olmuş" dinc yəhudi sakinlərin adlarının qeyd olunduğu siyahı da əlavə edilib.
Sovet dövründə yəhudilərin kütləvi qırğını mövzusuna toxunulmurdu, çünki onları tat etnosuna aid edirdilər və dinləri qeyd olunmurdu (SSRİ insanları dini baxışlara görə bölmürdü, hamı ateist olmalı idi - müəllif). Ona görə arxivlərdə söhbət "tat" xalqının qırğınından gedirdi, hərçənd, əlbəttə ki, bu baş verən cinayətin miqyasını heç də azaltmırdı. Beləliklə, bu arxiv sənədlərinə əsasən, yəhudilərin kütləvi qətliamını Stepan Şaumyanın əmrlərinə tabe olan Amazasp adlı birisinin quldur dəstəsi törədirdi.
Artıq indi Milli Elmlər Akademiyası cinayətin miqyası və motivlərini müəyyən etmək üçün informasiyanı zərrə-zərrə toplayır. Və məlum olub ki, söhbət həmişə olduğu kimi, terror və yalandan gedir.
Məsələ ondadır ki, yəhudi kəndlərinə gələn Amazasp və onun adamları belə şayiələr yaymağa başlayıbmış ki, guya yerli ləzgilər yəhudilərin qətliamına hazırlaşırlar və daşnaklarla bolşeviklər yəhudiləri "qorumaq" üçün gəliblər. Bu ittifaqa müsəlmanlarla müharibə üçün insan resursları lazım idi. Amma yəhudilər deyilənlərə inanmadılar və onda quldur dəstələri "əhali ilə iş"in ikinci variantına - terrora keçdilər.
Bu gün həmin hadisələrin 81 qurbanının adı məlumdur. Elmlər Akademiyası digər terror qurbanlarının da adlarının müəyyənləşdirilməsi üçün səylərini davam etdirir. Son məqsəd qurbanların hamısının sayı və adlarını aydınlaşdırmaqdır. İşlər yekunlaşandan sonra (əgər bu, ümumiyyətlə mümkündürsə) bu torpaqda üzərində qətlə yetirilmiş şəxslərin adları göstərilminş stela qoyulacaq.
Müxtəlif hesablamalara görə, Mart hadisələri zamanı yalnız Bakıda 3 mindən 12 minədək insan öldürülüb, ümumilikdə, ölkə üzrə isə qurbanların sayı 30 minə çatıb. Qurbanların sayı baxımından Mart hadisələri rus inqilabının ən qanlı epizodlarından biridir. Polşalı tarixçi, Cənubi Qafqaz və xüsusən də Azərbaycan üzrə mütəxəssis Tadekş Sventoxovskinin sözlərinə görə, azərbaycanlılar üçün Baku kommunası qanlı Mart hadisələrindən doğmuş bolşevik-erməni sövdələşməsinin acı simvoludur. Bu hadisələr müsəlman kütlələrin bolşeviklərdən (onların hakimiyyəti uzun sürmədi) uzaqlaşmasına təkan verdi. 1918-ci ilin iyulunda Bakıda hakimiyyət Mərkəzi Kaspi Diktaturasına keçdi, Bakı komissarları isə Krasnovodska qaçdılar və elə orada da yerli eserlər tərəfindən güllələndilər. Mərkəzi Kaspi Diktaturası da hakimiyyətdə çox qala bilmədi və 1918-ci ilin sentyabrında ADR hökuməti Bakı uğrunda döyüşlərdən sonra şəhərə nəzarəti ələ keçirdi.
MƏSLƏHƏT GÖR: