24 Noyabr 2024

Bazar, 17:25

ÇİN BANKINA NÖVBƏ

Çinin yaratdığı AIIB potensial olaraq, ABŞ-ın siyasi maraqları ilə qarşıdurmaya gedir

Müəllif:

31.03.2015

Artıq neçə aydır aparıcı xarici KİV-lərin ön səhifələri Yaxın Şərq və Ukraynadakı hadisələr haqqında reportajlarla doldurulur. Suriyadakı döyüşlər, İŞİD-in təsir dairəsinin genişlənməsi, İranın nüvə proqramı və Ukraynanın şərq bölgəsindəki döyüş əməliyyatları belə təəssürat yaradır ki, gələcək dünya düzəninin taleyi məhz burada həll olunur. Siyasətçilər Rusiyanın beynəlxalq arenada vaxtilə itirdiyi mövqeyi geri qaytara biləcəyi, yoxsa sanksiyaların təsiri altında "sınacağı" haqqında çoxsaylı proqnozlar verirlər. Radikal politoloqlar razı halda xatırladırlar ki, hələ bu hadisələrdən xeyli əvvəl üçüncü dünya müharibəsi təhlükəsi haqda xəbərdarlıqlar edirdilər. Və hadisələr "proqnozlar"a uyğun davam edir - döyüşlər artıq Avropada gedir, Yaxın Şərqdə sərhədlərin yenidən bölüşdürülməsinə başlanılır, müharibə davam edir. Bu arada da Vladimir Putinin Krım hadisələri zamanı nüvə silahından istifadə ehtimalının da yaşandığı haqda dolayısı "etirafı"... Və cəmi bir neçə gün sonra Səudiyyə Ərəbistanının bu cür "oyuncaq" əldə etmək istəyinin açıqlanması...

Və bütün bu gərginliklər fonunda haradasa uzaqlarda Trans-Sakit okean tərəfdaşlığının (Trans-Pacific Partnership - TPP) dağılmaqda olması barədə xəbərlər çox az adamı narahat edir. Bu il yeni Çin layihəsi olan Asiya İnfrastruktur Sərmayələr Bankının (Asian Infrastructure Investment Bank - AIIB) yaradılacağı barədə məlumat isə daha az adamın diqqətini cəlb etdi. Amma əslində bu, ilk baxışdan, lokal görünən iki hadisə qarşıdan gələn qlobal dəyişikliklərin carçısı sayıla bilərdi. 

TPP-nin taleyi ayrıca söhbətin mövzusudur. Ona görə gəlin AIIB ətrafındakı situasiyanı nəzərdən keçirək. Burada isə əsl siyasi trilleri xatırladan hadisələr yaşanır. Səbəbsə hamı üçün, ilk növbədə, amerikalılar üçün gözlənilməz hadisə - Böyük Britaniyanın təsisçi qismində AIIB-yə daxil olmasını açıqlamasıdır. Vaşinqton özünə xas olmayan incik tonda Londonu nə az, nə çox - onilliklər boyu iki ölkə arasında yaranmış "xüsusi münasibətləri" satmaqda ittiham edib.

Bəs görəsən, Londonun "günahı" nədir?

Gəlin hər şeyi növbə ilə təhlil edək. 

Çinin sürətlə artaq iqtisadi qüdrəti ABŞ-ı narahat etməyə bilməz. Və bu iki ölkə açıq şəkildə münaqişə yaşamasa da, artıq ikinci onillikdir ki, iki nəhəng arasında gizli mübarizə gedir. Yuxarıda qeyd etdiyimiz TPP də məhz Çinin ambisiyalarının qarşısını alan əsas rçaqlardan biridir. 

Çin artıq çoxdan özünün beynəlxalq maliyyə təşkilatlarındakı rolundan narazıdır. Onlar indiyədək dəfələrlə özlərinin BVF, Ümumdünya Bankı və digər sərmayə banklarındakı kvotasını artırmağa çalışır ki, mövcud beynəlxalq təşkilatlar çərçivəsindəki infrastruktura maliyyə yatırımı qoya bilsinlər. Amma ABŞ hər dəfə başa salır ki, Çindən pul götürməyə hazır olsa da, nüfuz bölüşməsinə getməyə razı deyil.

Amma bütün bu strukturların, hətta bir regionun - sürətlə inkişaf edən Asiya regionunun gündən-günə artan tələbatını ödəməyə belə vəsaiti çatışmır. Beynəlxalq maliyyə institutlarının hesablamalarına görə, inkişaf etməkdə olan Asiya ölkələrinin iqtisadiyyatındakı artımın davam etməsi üçün 2010-2020-ci illər ərzində bu ölkələrin infrastrukturuna 8 trln. ABŞ dolları həcmində sərmayə qoyulmalıdır. Ümumdünya Bankının kapitalı 220 mlrd., Asiya İnkişaf Bankının kapitalı isə 175 mlrd. dollar təşkil edir. Üstəlik, bu bankların vəsaitləri ən müxtəlif sahələrə - ətraf mühitin qorunmasından tutmuş, gender bərabərliyinə qədər sərf edilir. BVF-nun vəsaitləri (SDR) xüsusi borcalma hüququ ilə müəyyən olunur. Hazırda SDR-in həcmi 369,52 mlrd. dollardır. Özü də kvotalar elə bölünüb ki, "G7" ölkələri onları qane etməyən istənilən qərara veto qoya bilərlər. Həm də nəzərə alın ki, kreditlər ayırarkən BVF dövlətlərin daxili siyasətinə belə müdaxilə imkanı qazanır ki, bu da inkişafda olan bazarlar üçün ölümcül ola bilər. 

Odur ki, Pekin yeni nəsil beynəlxalq inkişaf bankları yaratmaq niyyətinə düşüb və Vaşinqton bunu ABŞ-dakı qlobal institutlar üçün real təhlükə sayır. 

Ötən ilin iyulunda Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın iştirakı ilə nizamnamə kapitalı 100 mlrd. dollar olan BRİKS İnkişaf Bankı yaradılıb. Bu vəsatin yarısını iştirakçı ölkələr, yarısını isə gələcək tərəfdaşlar təmin edəcəklər. Bu cür tərəfdaşlar isə az deyil - artıq Argentina da bloka qoşulmaq niyyətini açıqlayıb, tezliklə başqa ölkələrin da bu sıraya qoşulacağı istisna olunmur.

Bu bank, misal üçün, "Türk axını" layihəsinin maliyyələşdirilməsinə vəsait ayıra bilər - Ümumdünya Bankının bu layihəyə pul ayırmayacağı artıq aydındır. BVF və ÜB-nı qərarları çox ləng qəbul etməkdə suçlayan CAR da BRİKS Bankın kreditlərinə ümid edir. 

Bunun ardınca Pekin İpək yolu infrastrukturunun maliyyələşdirilməsi üçün 40 mlrd. dollar həcmində xüsusi fond yaradır. Bununla Çin İpək yoluna daxil olan regionlarda biznesin stimullaşdırılmasını düşünür. Söhbət İpək yolu üzərində avtomobil və dəmir yolları, hava və dəniz limanlarının tikintisi, həmçinin təbii resursların nəqli, sənaye və maliyyənin inkişafından gedir. 

Yeni İpək yolu Mərkəzi və Cənubi Asiya ölkələrini, həmçinin Avstraliyanı və Çin limanlarını Belçikanın Antverpen limanı ilə birləşdirəcək.

Və nəhayət, ötən il oktyabrın 24-də nizamnamə kapitalı, təxminən, 100 mlrd. dollar olan Asiya İnfrastruktur Sərmayələr Bankının yaradıldığı elan edilir. Bu vəsaitin 50 mlrd-nı Çin təkbaşına ayırır. 

Elə həmin gün Asiya-Sakit okean regionunun 21 ölkəsi sazişə imza atır. Onların arasında MDB-nin uzaqgörən iki ölkəsi - Qazaxıstan və Özbəkistan da var.

Çinin maliyyə naziri Lou Tsziveyin sözlərinə görə, Asiyanın inkişaf etməkdə olan ölkələri AIIB-nin köməyi ilə infrastrukturu təkmilləşdirə və iqtisadiyyatın sürətli və sabit inkişafını təmin edə, inkişaf etmiş dövlətlər isə özlərinin sərmayəyə olan tələbatlarını genişləndirə və iqtisadiyyatın bərpasını stimullaşdıra biləcəklər. 

Düzdür, rəsmi Pekin dəfələrlə bəyan edib ki, bu bankın məqsədi artıq mövcud banklarla rəqabət deyil. Lakin Ümumdünya Bankının sərmayə qoymaqdan imtina edə biləcəyi layihələrə vəsait ayırmaqla, AIIB artıq ABŞ-ın siyasi maraqları ilə potensial konfrantasiyaya getmiş olur.

Əvvəlcə AIIB-yə bir neçə Avropa ölkəsi, Avstraliya, Yaponiya, İndoneziya və Cənubi Koreya maraq göstərdi. Amma hələ 2013-cu ildə bu ideyaya qarşı əsəbi reaksiya vermiş ABŞ-ın yaxın müttəfiqləri tezliklə AIIB-dən üz döndərməli oldular.

Bu azmış kimi, ABŞ "G7"də yeni yaradılan maliyyə institutu ilə münasibətlərin necə qurulacağına dair diskussiya da açdı.

Belə bir vəziyyətdə birdən-birə Böyük Britaniyanın AIIB-ə qoşulmaq niyyətini açıqlaması səmada ildırım effekti verdi. Və ABŞ küsdü. Özü də elə küsdü ki, ən rəsmi səviyyədə belə emosiyalarını gizlədə bilmədi. Londonun qərarını rəsmi şəkildə tənqidlə qarşılayan ABŞ bildirdi ki, Böyük Britaniyanın "hər şeydə Çinə uyğunlaşmaq" tendensiyası Vaşinqtonu narahat edir.

BBC-yə müsahibəsində London Kral Kolleci nəzdindəki Rusiya İnstitutunun direktoru Sem Qrinn birmənalı şəkildə bəyan edib ki, "Vaşinqton beynəlxalq valyuta siyasətinin, beynəlxalq ticarət və s. müəyyən edilməsində özünün təsir imkanlarını qoruyub, saxlamağı düşünür. Və üçüncü dünya ölkələrinə ABŞ institutlarının nəzarətindən kənar sərmayə almaq imkanı verən AIIB və BRİKS Bankı kimi strukturların yaranması, təbii ki, amerikalıları narahat edir". 

Eyni zamanda, S. Qrin düşünür ki, "Britaniya kimi maliyyə-ticari fövqəldövlətin hazırda dünyada ikinci, perspektivdə isə birinci olacaq iqtisadiyyatla intensiv əlaqə qurmaq imkanından imtina etməsi ağılsızlıq olardı. Əsas məsələ Çinlə oyunun hansı qaydalar əsasında aparılacağıdır. Vaşinqtonda belə bir ideya var idi ki, Çinə ayrı-ayrılıqda deyil, bütün Qərb iqtisadiyyatlarının birgə gücü ilə təsir göstərmək daha asandır. Amma nədənsə Londonda qərara gəldilər ki, başqa cür addım atmaq lazımdır".

Britaniyanın AIIB-da iştirakı bu təşkilatın beynəlxalq statusunu xeyli artırır. Artıq bu andan etibarən o, regional statusdan, birdən-birə ümumdünya səviyyəsinə qalxır. 

Odur ki, yaxın və son vaxtlara qədər etibarlı tərəfdaşı olan Londonu nümayişkarcasına "danlayan" Vaşinqtonu anlamaq olar. O bunun nələrə gətirib çıxaracağını yaxşı anlayır. Və etiraf etmək lazımdır ki, ABŞ haqlı çıxdı: Londonun qərarının ardınca Almaniya, Fransa, İtaliya, İsveçrə, Avstraliya, Cənubi Koreya, CAR kimi ölkələr də AIIB-lə münasibətlərə yenidən baxmaq arzusunda olduqlarını bəyan ediblər. Və çox güman ki, getdikcə sürət alan bu qatara minmək istəyənlərin sayı daha da çox olacaq. Ən əsası isə, bu qatarın istiqamət aldığı səmt, ABŞ "qatar"ının getdiyi istiqamətlə üst-üstə düşmür...



MƏSLƏHƏT GÖR:

603