24 Noyabr 2024

Bazar, 17:33

AĞILLI YANAŞMA

Təbii inflyasiya zamanı qiymətlərin süni artımının qarşısı necə alınmalıdır?

Müəllif:

31.03.2015

Bir ay yarım əvvəl manatın baş verən devalvasiyası fonunda yaranan süni qiymət artımının qarşısını almaq üçün Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, ölkədə yaxın aylarda obyektiv inflyasiya qaçılmazdır. Çünki idxal edilən məhsulların anbarda ehtiyatları tükəndiyi üçün onların artıq yeni məzənnə əsasında gətirilməsi zərurəti qaçılmazdır. Bu da satış qiymətlərində öz əksini tapacaq. Lakin mütəxəssislər ehtimal edirlər ki, bu prosesə də obyektiv yanaşdıqda, həddindən artıq inflyasiyadan qaçmaq mümkündür. 

 

Böhran əleyhinə tədbirlər

Manatın şok devalvasiyasından sonra, Azərbaycanın valyuta bazarında nisbətən sabitlik hökm sürür. Gözləntilərə baxmayaraq, dollar-manatın mövqeyində bir ay yarım müddətində kəskin sıçrayış müşahidə edilməyib. Hərçənd, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun vədlərinə əsasən, 2015-ci ilin sonuna qədər Azərbaycanın məzənnə siyasətində ciddi dəyişikliklər gözləməyə dəyməz. Bu yaxınlarda ölkə hökumətinin 2014-cü ildə fəaliyyətinə dair hesabatına həsr edilmiş Milli Məclisdə çıxışı zamanı ölkənin baş bankiri bildirib ki, bu cür proqnoz neftin gözlənilən qiymətlərindən və dünyada cərəyan edən proseslərə əsasən verilir. AMB-nin fevral qərarını neftin qiymətinin düşməsi ilə əlaqələndirən E. Rüstəmov xatırladıb ki, 2008-ci ildə dünya bazarlarında neftin qiyməti düşən zaman AMB manatın kursunu saxlamaq üçün 1 mlrd. dollar artıq vəsait xərcləmişdi. Lakin neftin qiyməti qısa zamanda bərpa olunduğu üçün həmin məbləği qaytarmaq mümkün oldu. İndi isə onun fikrincə, neft bazarı qiymətlərin yeni fenomenal enməsini yaşayır və görünür, bu davamedici olacaq.

Bu şəkildə, milli valyutanın məzənnəsinin korreksiyası manat pul kütləsinin 70%-nın dollarlaşmadan xilas olmasına imkan verdi. "AMB manatın məzənnəsini dəyişməsə idi, qonşu ölkələrdə milli valyutanın devalvasiyasını nəzərə alaraq, bir tərəfdən, Azərbaycan məhsullarının xarici bazarlarda rəqabətqabiliyyətliliyi azalardı, digər tərəfdən, daxili bazarı öz məshulları ilə təmin edən yerli müəssisələrdə vəziyyət pisləşərdi", - deyə E. Rüstəmov bildirib.

Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın fikrincə, böhranların tezliyinin artması, onların fəaliyyət zonalarının genişlənməsi, geosiyasi risklərin çoxalması və iqtisadi təzyiq bütün dünyaya, habelə Azərbaycana ismarış göndərir. Bu yaxınlarda keçirilən Azərbaycan İnvestisiya Sammitində nazir müavini bildirib ki, son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə, əhalinin - 6 dəfə artıb.

"Bu gün strateji valyuta ehtiyatları 50 mlrd. dolları ötür, ölkə iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 177 mlrd. dollar təşkil edir. Onun 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib. Məhz bu nailiyyətlər neftin qiymətinin son dərəcə aşağı olduğu dövrdə iqtisadiyyatda böhran vəziyyətindən, qonşu dövlətlərin məzənnəsinin düşməsindən, manata təsir göstərən siyasi böhrandan xilas olmağa imkan verdi. Bu amillər idxalın stimullaşdırılması ilə yanaşı, ixrac edilən məhsulların dəyərini artırdı. Bu da ölkə iqtisadiyyatının dayanıqlılığını qorumaq məqsədilə önləyici tədbirlərin qəbul edilməsini zəruriləşdirdi", - deyə o bildirib.

Bu arada "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin saytında dərc edilmiş hesabatda iddia edilir ki, neftin qiyməti aşağı olduğu şəraitdə, iqtisadiyyatın tənzimlənməsi üçün hökumət 2015-ci il dövlət büdcəsinin proqnozlarını nəzərdən keçirir.

"2014-cü ilin noyabrında parlament tərəfindən təsdiq edilən gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsi, neftin barreli 90 dollar olarkən ÜDM-in 2,8%-lik məqsədli defisitə sahibdir. Zəif mübadilə kursu manat ekvivalentində neftdən gələn gəlirlərə zərbəni yumşaldacaq, eyni zamanda, hökumət gələcək layihələrin reallaşdırılmasını saxlayaraq, olduqca yüksək səviyyəli infrastruktur xərclərini aşağı salacaq. Bu kombinasiya dövlət büdcəsinin defisitinin əhəmiyyətli dərəcədə qarşısını alacaq", - deyə hesabatda deyilir. "Fitch" analitiklərinin fikrincə, bu, hökumətə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin xalis azalmasının əhəmiyyətli şəkildə qarşısını almağa imkan verəcək.

 

Təsir vasitələri

Yuxarıda sadalananlar, əlbəttə ki, ölkə əhalisi üçün təsirsiz ötüşməyəcək. Müəyyən izlər artıq hiss edilir, amma yaxın gələcəkdə pərakəndə tədarükçülərin anbarlarında ehtiyatlar bitdikdə, məhsulların əsas mövqelərinin qiymətlərinin artması da qaçılmaz olacaq. Bir sıra yerli ekspertlərin qiymətləndirmələrinə görə, bu il inflyasiya ikirəqəmli səviyyəyə çata bilər. Hərçənd bir sıra beynəlxalq maliyyə institutlarının fikrincə, istehlak qiymətləri indeksi 10% həddini tezliklə keçməyəcək. Xatırladaq ki, qiyməti qaldırmaq cəhdləri fevralın 16-da manatın kursunun düşməsindən, demək olar ki, dərhal sonra baş verdi. Amma məsələyə operativ surətdə Sənaye və İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, FHN Dövlət Taxıl Fondu və digər müvafiq strukturlar müdaxilə etdilər. Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə dekabrın 30-dan fonda tədarük edilən taxılın həcmi 500 mindən 750 min tona qaldırılıb. Bu isə taxılın daxili bazarında intervensiya etməyə, qiymət dəyişikliyi aparmağa və bu sahədə sui-istifadə hallarının qarşısını almağa imkan verəcək. Bu gün keyfiyyətli ərzaq buğdasının ehtiyatları təxminən 500 min ton təşkil edir, bundan savayı, Rusiya və Qazaxıstan istehsalçıları ilə yüksəkkeyfiyyətli taxılın tədarükünə dair danışıqlar aparılır. 

"Hazırda Dövlət Taxın Neft Fondu istehsalçılara 1 ton buğdanı 185,6 manata təqdim edir. 50 kq-lıq yüksək keyfiyyətli bir un kisəsinin pərakəndə qiyməti 16 manat təşkil edir. Bu isə öz növbəsində ölkədə çörəyin sabit qiymətinin qalması üçün əsasdır. Ona görə də cəsarətlə demək olar ki, Azərbaycanda çörəyin qiymətinin qalxmasına əsas yoxdur", - deyə Z. Məmmədov bildirib. Lakin strateji məhsul - çörəklə - qiymətlərin saxlanılmasına dövlət köməklik göstərəcəyi halda, yeri digər qida məhsualları şirkətləri - istehsalçılar bununla bağlı vəd vermək niyyətində deyillər. 

Belə ki, "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl bu yaxınlarda etdiyi çıxışında bildirib ki, Azərbaycan istehsalı olan məhsul 15-17% bahalaşacaq. "Bizim bəzi xarici dostlarımız zəng edir və maraqlanırlar ki, biz qiymətləri sabit səviyyədə saxlaya bilərikmi? Şübhəsiz, manatın kursunun düşməsi bizim məhsulların dəyərinə təsir edəcək. Lakin qiymət artımı 34% deyil, 15-17% təşkil edəcək, yəni manatın ucuzlaşacaq göstəricisinin yarısı qədər.

Eyni zamanda, idxal edilən məshulların dəyər artımının 34% səviyyəsi qaçılmazdır", - A.Gözəl iddia edir. - "Azersun Holdinq"in qida məhsullarının istehsalı, orta hesabla, 50% idxaldan asılıdır. Bir məhsulun adı üzrə bu göstərici 10%, digərinə görə 60% təşkil edir. Bu yükü istər biz, istərsə də idxalçılar daşıyır", - deyə A. Gözəl məlumat verib. 

Yerli KİV-ə, demək olar ki, analoji açıqlamanı Azərbaycanda 10-dan çox xarici şirkətin distribüteri qismində çıxış edən "Atropatena" süd məshullarının istehsalı üzrə iri şirkətin rəhbəri də çıxış edib. Şirkətin sədri Elşad Rəsulov bildirib ki, hazırkı səviyyədə qiymətləri maksimum 3 ay saxlamaq olar, daha sonra ehtiyatlar tükənəcək. Qiymətlər artırılmasa, biznes dayandırılacaq.

"Süd və süd məhsullarının istehsalında istifadə edilən elementlərin bir hissəsini xaricdən gətiririk. Bizim hesablamalara görə, məhsulun maya dəyəri 12-13% qalxıb. Ümumilikdə isə istehsalın sonra da rentabelli olması üçün hazır məhsul 18% bahalaşmalıdır", - deyə sahibkar bildirib. Başqa sözlə, Azərbaycanda istehlak qiymətlərinin artımı qaçılmazıdır. Amma bu prosesin bütün təbii axınına baxmayaraq, məhz bu dövrdə işbazlar tərəfindən əlavə "süni" xərclər xüsusi olaraq yüksək və gözləniləndir. Ona görə də mütəxəssislər əmindirlər ki, istehlak bazarını tənzimləyən və monitorinqlər aparan dövlət strukturlarının məhz indi daha diqqətli olmaları və ticarət sektorunda mənfi təzahürlərin qarşısını almaq üçün daha səmərəli mexanizmlər hazırlamaları zəruridir.

Deputat, parlamentin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə, inflyasiyanın plankasının 10% artırılması süni xarakter daşıyacaq. "İstehlak qiymətlərinin süni artımının hər faizi ölkə əhalisinin ailə büdcəsinə 170 mln.manat zərər vurur. Bunun qarşısını almaq üçün məhsulların idxalının bütün prosesinin - onların ölkəyə daxil olduğu, gömrük xidmətlərində rəsmiləşdirilməsi anından, mağaza piştaxtalarına düşənə qədər dəqiq monitorinqi aparılmalıdır. İnflyasiya proseslərini bu cür cilovlamaq olar", - deyə deputat hesab edir. 

Digər tərəfdən, ekspertlərin fikrincə, Azərbaycana məhsulun idxalı ilə məşğul olan sahibkarların hazırkı şərtlərdə gəlirlərinin faizini azalmağa doğru nəzərdən keçirmələri yaxşı olardı. Manatın devalvasiyasnın ölkənin bütün vətəndaşlarına təsir etdiyini anlamaq zəruridir. Və bu şərtlərdə sahibkarlar da gəlirlərinin azalmasına getməlidirlər. Əks halda, onlar əmtəələrin qiymətini son dərəcə qaldıracaqlar. Bu isə yekunda ona olan tələbata öz təsirini göstərəcək - insanlar daha ucuz alternativlərin xeyrinə bahalı təkliflərdən imtina etməyə başlayacaqlar. Odur ki, biznes istənilən bölgüdə ziyan görəcək. Lakin gəlir payını azaltmaqla, sahibkarlar bazardakı mövqelərini qoruyub-saxlaya bilərlər. Axı çətin günlər əbədi deyil, istehlak bazarında vəziyyət yenidən sabitləşəndən sonra heç nəsiz qalmaqdansa, indi aza da qane olmaq olar... 


MƏSLƏHƏT GÖR:

683