24 Noyabr 2024

Bazar, 16:34

QAZ PASYANSI

Azərbaycanda qazın tədarükü RF-dən ixracın əvəz olunmasına deyil, Avropanın artan tələbatlarının ödənilməsinə yönəlib

Müəllif:

31.03.2015

Avropa enerji bazarında oynanılan qaz pasyansı getdikcə daha da konkret təsirlər əldə etməkdədir. Bu paylaşdırmada xüsusi yeri Cənub Qaz Dəhlizi (CQD) və "Türk axını" da daxil olmaqla, əsas tranzit axınlarını özündə konsentrasiya etmiş Türkiyə almağa başlayır. Və Rusiyanın layihəsi hələ də ideya səviyyəsində qalmaqdadırsa, CQD artıq fəal tikinti mərhələsinə daxil olur. 

Ötən ilin sentyabrında Bakıda CQD-nin təməlqoyma mərasimi keçirildi, 2015-ci ilin martın ortasında isə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Qarsda Cənub dəhlizinin əsas hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başlanma mərasimi barədə elan verdilər. 

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Cənub Qaz Dəhlizi əsasını Türkiyə - Gürcüstan - Azərbaycanın təşkil etdiyi Avrasiya regionunda əməkdaşlığın yeni formatını yaradır. "Bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bizim işlərimizə qoşulur. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar", - deyə İ. Əliyev Qarsda TANAP-ın təməlqoyma mərasimində deyib.

O, qeyd edib ki, CQD-nin həyata keçirilməsindən maraqlar balansı əsasında bütün qaz istehsalı, tranziti və istehlak edən ölkələr fayda görəcəklər. 

"Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcək. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi "Şahdəniz" qazıdır, Azərbaycan qazıdır. Gələcəkdə başqa mənbələr də olacaq, amma hazırda budur. Dünyada və xüsusilə də Avropada qaza olan tələbat getdikcə artacaq. Ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır", - deyə dövlət başçısı vurğulayıb.

Türkiyə üçün isə TANAP regional enerji bölüşdürücü mərkəzinə çevrilməsi planlarına uyğun olan layihədir. Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanın sözlərinə görə, TANAP Türkiyənin reallaşdırdığı layihələrin arasında marşrutu və hədəfləri ilə xüsusi bir yerə, önəmə sahibdir." Bu layihə başqa heç bir layihənin alternativi olmadığı kimi, bu layihəyə alternativ başqa bir layihə də yoxdur. Bu baxımdan həqiqətən də özünəməxsus bir layihə olan "Cənub" qaz dəhlizini bütün mərhələləri ilə tamamilə həyata keçirdikdə, Avropa ilə Xəzər bölgəsi arasında güclü bir əlaqə qurmuş olacağıq", - deyə Ərdoğan vurğulayıb və qeyd edib ki, müvafiq layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyası ehtiyac duyur.

Türkiyənin regional enerji mərkəzinə çevrilməsinə həmçinin Rusiya "Qazprom"nun "Türk axını" layihəsi də töhfə verir. Bununla belə, nə Türkiyədə, nə də Azərbaycanda CQD və "Türk axını"nı rəqib sayırlar. "Bizim dərhal müsbət rəyimizin bildirildiyi "Türk axını" üzrə Rusiya ilə danışıqlar davam edir və bizim marağımız qalmaqdadır. Rəqabət barədə bir söz də yoxdur, bizə hər iki layihə lazımdır - TANAP və "Türk axını", - deyə Türkiyə energetika və təbii sərvətlər naziri Taner Yıldız hesab edir. Azərbaycan energetika naziri Natiq Əliyevin sözlərinə görə isə Rusiya "Türk axını" marşrutu ilə Avropaya, təqribən, 50 mlrd. kubmetr nəql etmək planlaşdırırsa, Azərbaycan CQD ilə cəmi 10 mlrd. kubmetr qaz nəql edəcək. Lakin RF-də CQD layihəsinə daha qısqanc münasibətgöstərilir. Əgər əvvəllər TANAP və TAP layihələrinə qarşı skeptisizm ekspertlər səviyyəsində özünü göstərirdisə, indi artıq tənqidə rəsmi şəxslər də qoşulur. 

RF-in Aİ yanında daimi nümayəndəsi Vladimir Çijov "İnterfaks"a müsahibəsində TANAP-ın rentabelliyi ilə bağlı şübhələrini bildirib. "Bu qaz borusu Azərbaycandan Gürcüstan vasitəsilə bütün Türkiyə üzrə keçib, sonra Avropaya getməlidir, bu da Bosfor körfəzi altında borunun tikintisini nəzərdə tutur. Bu, texniki cəhətdən kifayət qədər çətindir. Maliyyə cəhətdən bu, son dərəcə bahadır", - deyə rusiyalı diplomat əminliyini ifadə edib. TAP layihəsinə gəlincə, Çijov hesab edir ki, bu layihə, "bizim "Türk axını" ilə birləşsə yaşayacaq". Lakin iki marşrutun təhlili CQD-nin "Türk axını" ilə müqayisədə üstünlüyünü müəyyən edir.

Tikinti ilə bağlı sazişin imzalanmasından natamam üç il ərzində, TANAP kağızda olan layihədən fiziki tikinti mərhələsinə qədər yol qət edib. Artıq boru təchizatçıları, qaz borusunu və nasos stansiyalarını tikəcək konsorsiumlar müəyyənləşdirilib. Tikinti işlərinə bilavasitə apreldə başlanılacaq ki, artıq 2018-ci ildə Türkiyəyə qaz nəqlinə start verilsin. Avropaya isə qaz artıq 2020-ci ildəYunanıstan və Albaniya vasitəsi ilə İtaliyaya Trans-Adriatik boru kəməri tikiləndən sonra nəql olunacaq. Bununla yanaşı, TANAP-ın tikintisinin tamamlanması və Avropaya qaz nəqli ilə arasında iki il fərq, tikintidə müəyyən gecikmələr yaşanacağı halda zaman ehtiyatı yaradır.

Avropa üçün yuxarıda qeyd olunduğu kimi, CQD özündə yeni qaz mənbələri ilə yeni marşrutu bildirir. Məhz buna görə, CQD Avropa enerji ittifaqının yeni strategiyasına salınıb, Azərbaycan isə enerji resurslarının tədarükü üzrə Aİ-nin potensial tərəfdaşları siyahısına daxil edilib. Bu arada, tərəfdaşlar arasında xüsusi ilə Türkmənistan və Türkiyə, daha uzaq perspektivdə isə İran və İraq göstərilib. 

Aydındır ki, bütün bu ölkələr üçün CQD, xüsusilə TANAP qaz nəqliyyat magistralı ola bilər. Yunanıstandan qaz tədarükünün müxtəlif marşrutları da mümkündür - bu həm TAP, bu həm də Nabukko-nun bərpa olunmuş marşrutu üzrə Bolqarıstana, sonradan isə Rumıniya, Macarıstan və Avstriyaya tədarük yoludur. 

"Qazprom"un layihəsi isə hələ də müzakirə mərhələsindədir və bununla yanaşı, "Türk axını"nın qaz borusunun Qara dənizin dibi ilə artıq 2016-cı ildə ilk mərhələsinin işə salması ilkin planları, çox güman ki, artıq ən azı iki ilə təxirə salınıb. Bu yaxınlarda Türkiyə və Rusiya KİV-lərin yazdığına görə, "Qazprom" və Botas "Türk axını" ilə bağlı razılaşmaların bir hissəsi olan Türkiyə üçün qaz endirimi barədə heç cür razılaşa bilmirlər. 

Nəticədə, "Qazprom" hələlik Türkiyənin Qara dəniz hissəsində layihə işlərinin aparılması üçün icazə almayıb. Baxmayaraq ki, T.Yılmaz problemlər barədə məlumatları təkzib edib, bu məlumatlardan sonra baş tutan Ərdoğanla RF prezidenti Vladimir Putin arasında telefon danışığı müəyyən mülahizələrə yol açır. 

Prinsipcə, əvvəlcədən məlum idi ki, Ankara "Türk axını" layihəsinin şərtlərinin razılaşdırılması çərçivəsində maksimal dərəcədə özünə imtiyazlar əldə etməyə çalışacaq. Bundan əlavə, Moskvadan başqa, Ankara ilə aktiv şəkildə Brüssel də razılığa çalışır. Qarsda TANAP-ın tikintisinin başlanması mərasiminə Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviş də gəlib. Onun səfəri çərçivəsində Aİ ilə Türkiyə arasında energetika sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu arada, Şefçoviç Türkiyədə qeyd edib ki, Rusiya qazının Türkiyə üzərindən tədarükü üçün qaz kəmərinin tikintisi qərarını Avropa İttifaqının rəyini nəzərə almaqla qəbul etmək lazımdır. O, vurğulayıb ki, "Türk axını" yeni qaz kəmərinin iqtisadi məqsəduyğunluğu və onun mövcud olan hüquqi öhdəlikləri pozmadığından əmin olmaq vacibdir, bu barədə "Reuters" məlumat verib: "Əgər söhbət Avropa istehlakçıları üçün böyük həcmli tədarüklərdən gedirsə, bu qərarı onlarla, Aİ ilə və Avropa Komissiyası ilə müzakirə etmədən qəbul etmək olmaz", - deyə o, Ankarada mətbuat konfransında bəyan edib. Məmur həmçinin, "Türk axını" lehinə Ukrayna üzərindən mövcud olan tədarük marşrutlarının bağlanması mümkünlüyü ilə bağlı narahatlığını da bildirib.

Azərbaycan qazının CQD vasitəsilə tədarükünün üstünlüklərindən biri də "mavi yanacağın" son istehlakçıya müəyyən edilmiş müqavilələr əsasında çatmasıdır. Qaz yataqlarının işlənib hazırlanması üçün qaz satışına dair müqavilələrin olması böyük önəm kəsb edir. Və "Şahdəniz" yatağına gəldikdə isə Avropada ildə 10 mlrd. kubmetr qazın satışına dair artıq 9 şirkətlə müqavilə imzalanıb."Türk axını"nda isə istehlakçılara Türkiyə-Yunanıstan sərhədindən qaz tədarükü yollarını özlərinin təmin etməsi təklif edilir. Bundan başqa, "Türk axını" çərçivəsində qaz tədarükü üzrə heç bir şirkətlə konkret müqavilələr bağlanmayıb.

Və sonda, əhəmiyyətli rolu qiymət amili oynayır - Türkiyə bazarında Azərbaycan qazı ən ucuz, halbuki Rusiya qazı ən bahadır. "Rusiya qazının hasilatının artan qiyməti və nəqliyyat xərcləri Rusiya qazını rəqabətə davamlı etmir. Əgər Azərbaycandan Avropaya qaz, təqribən, 2 min kilometrlik yolu qət edəcəksə, "Qazprom"un qazı Yamal yarımadasından nəql olunacaq, yəni, əgər o, Yunanıstanla Türkiyə arasındakı sərhədə çıxacaqsa, bu 6 min kilometrdən çox edir", - deyə ekspert Mixail Krutixin "Deutsche Welle" radiostansiyasına müsahibəsində qeyd edib.

Prinsipcə, Avropa tez bir zamanda Rusiya qazının ümumi balansda payını kəskin şəkildə azaltmağa nail olmayacaq. Azərbaycan qazının tədarük həcmləri də (birinci mərhələdə 10 mlrd. kubmetr), Rusiyanın 130-140 mlrd. kubmetr həcmdə tədarükləri ilə müqayisə oluna bilməz. Məhz buna görə, Azərbaycan qazının tədarükü daha çox RF-dən tədarüklərin əvəz edilməsinə deyil, "mavi yanacağa" artan tələbatı doldurmaq üçün yönəlib. Bu faktın qavraması da böyük bazarda rəqabətliyə deyil, qarşılıqlı faydalı əməkdaşlığa gətirib çıxara bilər.

 

 

SİTAT

 

"Bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaq. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona görə "Cənub" qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür.

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 

"İqtisadi resurslar əgər insanlığın xidmətində deyilsə, fəlakətin - yaşadığımız iki böyük dünya müharibəsinin, irili-xırdalı saysız-hesabsız müharibənin, münaqişənin səbəbi olduğunu gördük. Biz bu layihə ilə eyni zamanda, sahib olduğumuz sərvətləri öz vətəndaşlarımızın, onlarla birlikdə bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə təqdim etmək iradəmizi də ifadə etmiş oluruq".

Rəcəb Tayyıb ƏRDOĞAN, Türkiyə Prezidenti

 

"Gürcüstan tranzit ölkə olmasına baxmayaraq, bu layihədəki vəzifəsinə və öhdəliklərinə böyük önəm verir. Bu mənada dəhlizin təhlükəsizliyini təmin etmək üçün üzərimizə düşənləri sona qədər həyata keçirəcəyimizi bildirmək istəyirəm. Bu layihə sadəcə Gürcüstana deyil, qonşularımıza da fayda gətirəcək bir layihədir".

Georgi MARQVELAŞVİLİ, Gürcüstan Prezidenti

 

""Cənub" qaz dəhlizi Avropa üçün böyük strateji əhəmiyyətə malikdir. Bu, hazırda Avropanı yeni marşrutlar, yeni qaz mənbələri ilə təmin edəcək yeganə layihədir. Avropa Komissiyası, Avropa İttifaqı bu layihəyə böyük diqqət yetirir".

Maroş ŞEFÇOVİÇ, Avropa komissiyası sədrinin Energetik İttifaqı üzrə müavini

 

"Bu gün biz başlanğıc nöqtəsi TANAP və davamı TAP olan layihəyə və Avropaya çatdırılacaq qaz axınına nəzər yetirsək görərik ki, Gürcüstan, Yunanıstan, Albaniya tərəfdaşları ilə birlikdə Azərbaycan və Türkiyə hökumətləri Avropada və dünyada enerji təhlükəsizliyinin yeni reallığının mühüm elementlərinə çevriləcəklər".

Amos HOXSTAYN, ABŞ Dövlət Departamenti enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi



MƏSLƏHƏT GÖR:

607