
AVROPA GÖZLƏMƏLİ OLACAQ
ABŞ-ın Kolumbiya universitetinin professoru A.Bressand hesab edir ki, qlobal böhran energetika layihələrinə iri sərmayələr planlaşdırmağı çətinləşdirir
Müəllif: Almaz NƏSİB Bakı
Avropa Birliyinə (AB) sədrlik edən Çexiya mayın 8-də "Nabuc-co" qaz kəməri layihəsini maliyyələşdirməli olan ölkələrin qeyri-rəsmi sammitini keçirməyi qərara alıb. Sammitdə iştirak üçün Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Türkiyə dövlət və hökumət başçılarına dəvətnamələr göndərilib. İraq, Misir və Özbəkistan təmsilçiləri müşahidəçi kimi dəvət olunublar. Rusiya nümayəndələrinin də iştirak edəcəyi istisna edilmir.
Avropada ümid edirlər ki, Praqa sammiti "Nabucco" layihəsinin gələcəyi ilə bağlı çox məsələlərə aydınlaq gətirəcək və Köhnə Dünyanın enerji təchizatı üçün qaynaqların diversifikasiyasına yardım edəcək. Bununla yanaşı, ekspertlərin fikrincə, dünya böhranı şəraitində yaxın perspektivdə iri investisiyaların planlaşdırılmasından danışmaq çətindir. ABŞ-ın Kaliforniya Universitetinin Ener-getika, Dəniz Nəqliyyatı və İctimai Siyasət Mərkəzinin direktoru, professor A.Bressand da bu fikirdədir. "Region plus"a müsahibəsində o, dünya energetika bazarındakı indiki durumu, maliyyə böhranının təsirlərini və başqa məsələləri şərh edib.
- Doktor Bressand, qlobal iqtisadi böhran şəraitində dünya energetika bazarının perspektivlərini necə görürsünüz?
- Yəqin ki, təsirlər müxtəlifdirlər - uzun və qısa müddətli. Qısa müddətli planda iqtisadi böhranın enerjiyə tələbatı azaltdığı açıq-aydındır. Uyğun olaraq, OPEK-in istehsalatı azaltmaq səylərinə baxmayaraq, qiymətlər aşağı düşür. Qiymətlər güclü düşüb. Qısamüddətli planda istehlakçı ölkələr bunu bəyənirlər, çünki bu iqtisadi artımı yüngülləşdirir. Ancaq uzun müddətli perspektivdə düşən qiymətlər mənfi nəticələrə səbəb ola bilərlər. Bu mənfi sonuclar bütün qiymətlərin azalmasına səbəb olur və onların dayanıqsızlığı iri sərmayələrin planlaşdırılmasını çətinləşdirir. Dayanıqsız qiymətlər, həmçinin karbohidrogen istehlakı səviyyəsi aşağı olan iqtisadiyyata keçidi də çətinləşdirir. Bildiyiniz kimi, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasına uyğun olaraq, dünya ölkələri karbohidrogen istehlakı səviyyəsi aşağı olan enerji qaynaqlarına keçməyə cəhd edirlər. Ancaq bu enerji qaynaqları hələ də çox bahadır. Buna görə də bütün qiymətlərin yetərincə düşdüyü bir şəraitdə yeni enerji qaynaqlarına keçid xeyli ləng baş verəcək.
- Sirr deyil ki, bugünkü böhranın qarşısının alınması ABŞ siyasətçilərindən asılıdır. Siz Obama administrasiyasının energetika siyasəti barədə nə deyə bilərsiniz? Gözləntiləriniz necədir?
- Obama administrasiyasının energetika siyasəti hələ dəqiq formalaşdırılmayıb. Seçkiqabağı kampaniya zamanı da və ondan sonra da bəzi işarələr var idi. Sadəcə iqtisadi inkişaf zərfi (böhran əleyhinə tədbirlər zərfi - red.) çərçivəsində ilk önəmli addımlar atılıb. Ancaq hamı başa düşür ki, öz siyasətini tam formalaşdırmaq üçün administrasiyaya daha çox vaxt lazımdır.
Birincisi, ən önəmli odur ki, prezident Obama açıq-aydın başa saldı ki, energetika onun siyasətində mərkəzi yer tutacaq. Bu da məlumdur ki, Amerikada heç də həmişə enerjiyə başlıca məsələ kimi baxmayıblar. İkincisi, iqtisadi artım zərfi kontekstində prezident Obama energetika siyasətindən iş yerlərinin yaradılması üçün istifadə etməyə çalışır. Yəni "yaşıl iş yerləri" yaratmaq və energetikanın strukturunda aşağı tullantılı karbohidrogenlərə keçməyə yardım etmək istəyir. Obama administrasiyası "yaşıl" energetikanın inkişafı üçün önəmli addımlar atıb.
Həmçinin, iş yerlərinin yaradılması məqsədi ilə təmiz energetika layihələrinə, ictimai nəqliyyata və yaşıl infrastruktura $80 milyard ayrılıb. Bu, ABŞ tarixində belə tipli ən iri sərmayədir. Bütün bu tədbirlər çox əhəmiyyətlidir. Administrasiya bundan başqa bir sıra daha mürəkkəb məsələləri həll etməlidir və onlardan biri nüvə energetikası ilə bağlıdır.
Prezident Obama nüvə energetikasının düşməni deyil. Ancaq o, tullantılar üçün anbarlarla bağlı layihələri ləğv etmək barədə qərar qəbul edib. Bu, atom elektrik stansiyalarına lisenziya alınmasını çətinləşdirəcək, çünki tullantıların çıxarılmasının uzunmüddətli mümkünlüyü önəmli şərt kimi qoyulur. Uyğun olaraq, ekologiya naziri Salazar dərin sulu qazma və ətraf mühitə mənfi təsir göstərən bir sıra layihələrin əleyhinə də tədbirlər görüb. Beləliklə, ABŞ-ın indiki adminstrasiyası "yaşıl" enerjini dəstəkləmək və energetik qaynaqların yetərincə inkişafının təmini arasında balanslaşdırılmış siyasət yürütməli olacaq. Bunu nəzərə alaraq, indidən prezident Obamanın hansı qərarları qəbul edəcəyi barədə proqnozlar vermək çox erkəndir .
- Son illərdə Azərbaycan iqtisadiyyatının dünya energetikasında rolu nəzərəçarpacaq dərəcədə artıb. Siz bu rolu necə görürsünüz və Azərbaycan energetika təhlükəsizliyi baxımından Avropanı dəstəkləyə bilərmi?
- Mən düşünürəm ki, Azərbaycan yalnız Avropanın deyil, həm də bütövlükdə dünyanın enerji təhlükəsizliyi baxımından böyük işlər görür. O, enerji nəqli yollarını artırmağa imkan verən bir neçə tranzit marşrutundan istifadə etməklə, hamı üçün enerji resursları göndərir. Mövcud başqa resusrlara və enerji marşrutlarına bu cür əlavəni sadəcə dəstəkləmək lazımdır. Bəli, Azərbaycan, mən deyərdim ki, bu missiyanın nə qədər vacib olduğunu göstərmək üçün böyük rol oynayır. Anlamaq lazımdır ki, Avropa istehlakçıları ilə Orta Asiyanın energetika qaynaqları arasında yalnız üç ölkə durur. Bunlar Rusiya, Azərbaycan və İrandır. Azərbaycan bu qalan iki ölkə kimi vacibdir və enerji təhlükəsizliyi baxımından böyük önəm daşıyır.
- Bu baxımdan hazırda fəal müzakirə edilən "Nabucco" layihəsinin perspektivləri barədə soruşmaq istərdim...
- İndiki mərhələdə "Nabucco" hələ tam formalaşmamış layihədir. Real layihə özündə müəyyən parametrləri əhatə etməlidir. Hazırda bu parametrlər haqqında hamının danışdığı boru kəməri və onu dolduracaq qazdır. Buna görə də hələ ki "Nabucco" haqqında nəsə demək çox erkəndir. Bu parametrlər formalaşdırılandan sonra onun kommersiya və siyasi mənalarından danışmaq olar.
- Bir çoxları sanırlar ki, Azərbaycan Avropaya yalnız enerji resursları qaynağı kimi lazımdır. Siz bu iddia ilə razısınız?
- Azərbaycan Avropaya yalnız enerji təhlükəsizliyinin təmini üçün lazım deyil. Enerji sahəsində əməkdaşlıq bu beynəlxalq münasibətlərin yalnız bir cəhətidir. Azərbaycan başqa məsələlərdə də lazımdır. Birincisi, Azərbaycan keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsulları, xidmətlər verə biləcək sürətli inkişafa malik iqtisadiyyat olan bir ölkə kimi də vacibdir.
Bakıya baş çəkərək onun necə qələbəlik və çoxmillətli şəhər olduğunu görmək olar. Azərbaycan xalqlar və millətlər icmasının üzvüdür, bu icmada biz bir-birimizdən yararlanırıq və öyrənirik. Bu baxımdan bu ölkə müxtəlif mədəniyyətlər və millətlər arasında körpü kimi nadir təcrübə daşıyıcısıdır. Mən düşünürəm ki, bu mənada Azərbaycan yalnız enerji qaynağı deyil, həm də Avrasiyanın siyasi və iqtisadi arxitekturasına çox vacib əlavələr edən ölkədir.
- Sizin rəhbərlik etdiyiniz mərkəz həm də dəniz nəqliyyatı məsələlərini araşdırır. Siz bu seqmentdə Azərbaycanın pers-pektivlərini necə qiymətləndirirsiniz?
- Bu maraqlı sualdır. Əlbəttə Azərbaycana, yalnız dirçələn dövlət, eləcə də Gürcüstanın Kulevi terminalının sahibi olduğu Qara dəniz kontekstindən baxmaq düzgün deyil. Əgər nəzərə alsaq ki, Xəzər dənizi və Qara dəniz boru kəmərləri dəniz ilə nəqletməni birləşdirən sistemi formalaşdırır, onda Azərbaycanın önəminin coğrafi yerləşməsindən xeyli yüksək olduğunu görərik. Ümumiyyətlə, biz hazırda Qara dəniz regionunda dayanıqlı gəmiçilik layihəsinin işlənməsi prosesinə qatılmışıq. Bu baxımdan biz Xəzər dənizinin Qara dənizlə tam birləşdirilməsi imkanlarına baxırıq.
- Bununla yanaşı, regionda baş verən Ermənistan-Azərbaycan münaqişəsi və başqa müharibələr bir çox inteqrasiya planlarına mane olur...
- Təəssüf ki, bəzi münaqişələr onilliklər, bəzən də hətta əsrlər boyunca sürür. Məsələn, Yaxın Şərqdə və Avropada elə ölkələr var ki, uzun müddət bir-birləri ilə münaqişə aparırlar. Amma Bakıya gələndə bu məsələ ilə bağlı məndə optimist əhval-ruhiyyə yaranır. Çünki Avropa təcrübəsinə görə, sürətli inkişaf ərazi və siyasi münaqişələrin önəmini azaldır, insanların qarşılıqlı münasibətləri üçün geniş imkanlar yaradır.
Bu baxımdan düşünürəm ki, iqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan, bu münaqişənin həll edilməsinin çox önəmli yollarından birini təmin edəcək. İnsanlar sıfır vəziyyətinə dönəndə, münaqişə həll ediləcək. Bu baxımdan bir tərəfin qalibiyyəti, digər tərəfin də qalibiyyəti olur və hər şey hamının qalib çıxdığı müsbət varianta yönəlir. Bu təcrübə Fransa və Almaniyada da baş verdi - sıfır variantından çıxış Avropanı birgə qurmağa imkan yaratdı. Düşünürəm ki, Avrasiya strukturunun axtarışında önəmli arxitektor olan Azərbaycan da müəyyən mənada bu ikitərəfli münaqişəni daha geniş rakursda həll etmək üçün müəyyən addımlar atır. Bu, onun həllini asanlaşdıracaq.
MƏSLƏHƏT GÖR: