
BİR ADDIM İRƏLİ, İKİ ADDIM GERİ
Maliyyə böhranı dünya ictimaiyyətini iqtisadi devolyusiya prosesi ilə üz-üzə qoyub
Müəllif: Rüfət QULİYEV, iqtisadiyyat elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bakı
Bu gün müxtəlif ölkələrin siyasətçilərinin və iqtisadçılarının ən çox müzakirə etdiyi mövzunun dünya maliyyə böhranı olduğunu desək, yanılmarıq. Amma maliyyə böhranının özü nədir və adətən hansı səbəblərdən yarana bilir? Bu baxımdan ölkənin maliyyə sistemində inflyasiya, borclanmalar, valyuta məzənnələrində kəskin dəyişmələr, eləcə də xarici sərmayələrin kənara axması və s. kimi amilləri sadalamaq olar. Belə böhranların meydana çıxmasının əsas forması dövlət büdcəsində böyük kəsirlərin yaranmasıdır.
XIX yüzilliyin sonlarında - XX yüzilliyin birinci yarısında maliyyə böhranları, istehsal edilən məhsulun artıqlığı üzündən yaranırdı, o qədər uzun çəkmirdi və adətən, çox dərinə də gedib çıxmırdı, yalnız bir və ya bir neçə ölkəni əhatə edirdi. Amma XX yüzilliyin ikinci yarısında - XXI yüzilliyin əvvəllərində, yəni dünya maliyyə sisteminin yaranması mərhələsində onlar özlərini daha dərin, daha sərt və uzun müddətli göstərir, daha çox ölkələri əhatə edir və dünya böhranına çevrilirlər.
Böhranların keyfiyyətcə dəyişməsi və dünya səviyyəsinə çıxması iqtisadiyyatın qloballaşması ilə izah edilir.
Maliyyə bazarlarının yeni rolu son illərdə dünya iqtisadiyyatının quruluşunu kəskin dəyişib. Hələ bir neçə on il qabaq maliyyə bazarlarının əsas məqsədi iqtisadiyyatın real bölməsinin fəaliyyətini təmin etmək idi. Son illərdə dünya maliyyə bazarı müstəqilləşərək, özünü təmin etmək səviyyəsinə qalxıb. Çoxçeşidli spekulyativ əməliyyatlar hesabına bazarın həcmi böyüməyə başlayıb. Hər hansı əmtəə və ya xidmət istehsalının kənarlaşdırılması ilə puldan pul çıxartmaq prosesi yetərincə sadələşib. İstehsalı, başqa sözlə, iqtisadiyyatın real bölməsini müxtəlif törəmə maliyyə alətləri ilə spekulyativ əməliyyatlar, həmçinin dünya valyutalarının məzənnə fərqləri ilə oyunlar əvəz etməyə başlayıb.
Beynəlxalq maliyyə bazarının nəhəng miqyasları və dövriyyələri doğrudan da dünya iqtisadiyyatı üçün ciddi təhlükə doğurur. Dünya üzrə sərbəst dolaşan spekulyativ kapitalın iri kütlələri praktik olaraq istənilən dövlətin maliyyə sistemini həm canlandıra, həm də məhv edə bilər. Yeni tarixdə belə misallar çoxdur. Məsələn, Böyük Britaniyada 1992-ci ildə Corc Sorosun spekulyativ əməliyyatları nəticəsində milli valyutanın iflasını, həm də 1998-ci ildə baş vermiş sonuncu Asiya böhranını göstərmək olar. Hazırda beynəlxalq valyuta bazarında bütün maliyyə əməliyyatlarının yalnız 10%-i xarici ticarətə, yəni real iqtisadiyyata xidmət göstərir.
Son onilliklər boyu resursların real bölmədən maliyyə bölməsinə köçməsi baş verib. Artıq biz bu yenidən paylanmanın son həddinə dirənmişik: real sektordan vəsaitləri azaltmaqla spekulyativ iqtisadiyyatı dəstəkləmək artıq mümkün deyil.
Klassik siyasi iqtisadda hesab edilir ki, zəruri münasibətlərin çoxu istehsal prosesinə cəmlənir, daha sonra paylaşdırma və mübadilə gəlir. İstehlak isə son məqsəd olsa belə, nəsə törəmə kimi özünü göstərir. Karl Marks istehsalatın üstün olduğunu qeyd edirdi, müxtəlif istehsal, paylaşdırma, mübadilə və istehlak sahələri arasında nisbətə riayət etməyin vacibliyini vurğulayırdı.
Təsadüfi deyil ki, iflas və kütləvi işdən çıxarılmalarla nəticələnən indiki böhran Avropada Karl Marksın ideyalarına böyük maraq doğurub. Berlindən olan kitab naşirləri deyirlər ki, elmi kommunizmin banisinin proqram əməyi olan "Kapital" kitab dükanlarının rəflərindən dərhal yoxa çıxır. Siyasilər də toplumun əhval-ruhiyyəsini dərhal hiss edə bilirlər. Fransa prezidenti Nikolya Sarkozinin bu yaxınlarda "Kapital" oxuyan zaman şəklini çəkiblər. Almaniya maliyyə naziri Pyer Şteynbryuk isə bildirib: "Marksın bəzi fikirləri praktikada elə də pis deyil". Kilsə də kənarda qalmayıb. Roma papası XVI Benedikt Marksı "böyük analitik bacarığına" görə tərifləyib. Anqlikan kilsəsinin başçısı isə bildirib: "Marks çoxdan azğın kapitaizmi gerçəkliyi qəsb edən mifologiyaya çevirməyin üsulunu təsvir edib". Bu mənzərəni o fakt tamamlayır ki, ötən il K.Marksın vətəni Triyerə 40 minə yaxın turist gəlib, alman rejissoru Aleksandr Klyuqe isə "Kapital"ı ekranlaşdırmağı qərara alıb.
Beləlklə, biz nə görürük? Milli iqtisadiyyatların başının üstünü almış pul kütlələri onunla bağlıdır ki, artıq dünya iqtisadiyyatında vəsaitləri səmərəli və gəlirli işlətməyə yer qalmayıb. Neftlə spekulyativ oyun, ərzaq qiymətləri ilə oxşar oyun kimi biznesin ən cəlbedici növlərindən birinə çevrilib. Bu cür oyunlar dünya iqtisadi sistemini qlobal fəlakətə aparır, amma bu, heç kimi elə də narahat etmir.
Dünya iqtisadiyyatında yeni durum - qlobal iqtisadi devolyusiya yaranıb. Əgər inqilab, yəni latınca "revolyusiya" sosial-iqtisadi və ya elmi-texniki inkişafın kəskin dəyişməsidirsə, yaxud təkamül, yəni latınca "ev-olyusiya" müt-ərəqqi inkişafdırsa, devolyusiya əldə edilmiş oriyentirlərdən geri çəkilmək, yəni geriyə, tənəzzülə doğru hərəkət etməkdir!!! Bu, dünya iqtisadi göstəricilərinin əvvəlki illər səviyyəsinə qaytarılmasıdır!
2008-ci ilin ortalarından başlayaraq, dünyadakı iqtisadi durum göstərir ki, cəmiyyət geri gedir. Əgər dünya iqtisadiyyatı və birja meydançalarındakı vəziyyəti, cəmiyyətin real gəlirlərinin azalmasını, dünya maliyyə sistemlərindəki kəskin dəyişmələri, bütün aparıcı ölkələrin həddindən qeyri-sabit iqtisadi vəziyyətini əsas götürsək, iqtisadi dəyişmə meylinin devolyusiya olduğunu görərik. Hətta Dünya Bankı da "2009-cu ildə qlobal iqtisadiyyat perspektivləri" hesabatında qlobal ümumi daxili məhsul (ÜDM) artımının 0,9%-ə qədər düşəcəyini proqnozlaşdırır.
Əgər 2007-ci ildə inkişaf etməkdə olan ölkələrdə artım göstəricisi 7,9% təşkil edibsə, Dünya Bankı bu il üçün həmin göstəricini 4,5% proqnozlaşdırır. Göründüyü kimi, dünya iqtisadiyyatının templərinin aşağı düşməsi ilə yanaşı, iqtisadi güclərin Çinə, Hindistana və bütövlükdə inkişaf etməkdə olan ölkələrə keçməsi müşahidə olunur. Gəlirlər və valyuta ehtiyatları da Çinə və neft ixracatçılarına keçib: 1998-ci ildə OPEK ölkələri bir yerdə $100 mlrd., Rusiya $30 mlrd. əldə edibsə, 2007-ci ildə bu yeddi dəfə çox - uyğun olaraq $700 və 210 mlrd. olub.
İqtisadiyyatda devolyusiya ilə yanaşı istehsalatda da devolyusiya baş verir - istehsal vasitələrinin xidmət müddəti və xalq istehlak mallarının istehlak xassələri aşağı düşür. Bilərəkdən məişət əşyalarının, avtomobillərin, texnikanın, geyimin xidmət müddəti azaldılır, onların yeni mallarla əvəz edilməsi məqsədi ilə zay olma müddəti sürətləndirilir. Bu yolla istehlakçıdan pul "çıxarılır". Bundan başqa, minlərlə ton köhnəlmiş məhsul ekologiya üçün böyük təhlükə təşkil edir və onların bərpası üçün milyonlarla dollar tələb edilir. Hərbi sənaye, terrorizmlə mübarizə, sülhün və təhlükəsizliyin təmini də böyük xərclər istəyir. Bu sərmayələrin də iqtisadiyyatın real bölməsinə heç bir dəxli yoxdur.
İqtisadçıların əksəriyyəti indiki maliyyə böhranını ABŞ-dakı ipoteka böhranının nəticəsi sayırlar. Bunu da bir qayda olaraq əksər şirkətlərin rəhbərliyinin kollektiv səhvləri ilə bağlayırlar. Amerika maliyyə sisteminin tənəzzülünün ilk mənfi işarəsi böyüklüyünə görə beşinci olan investisiya bankı "Bear Stearns"in iflası oldu, bank 2008-ci ilin iyun ayında öz müflisliyi barədə açıqlama verdi.
Tanınmış maliyyəçi Corc Soros baş verən böhranı bu cür səciyyələndirir: "Mümkün olan hər yerdə çökmə baş verdi. Aşağı keyfiyyətli ipoteka kreditlərindən başlayan problem başqa qiymətli kağızlarla təmin edilən bütün istiqrazlara sirayət etdi, təkrar sığorta ilə məşğul olan bələdyyə və ipoeka sığorta şirkətlərini, həmçinin çox trilyonluq CDS bazarını təhlükə qarşısında qoydu. (CDS ingiliscə credit default swap sözlərinin baş hərfidir - kredit üzrə defolt üçün svop, yəni aktivləri və öhdəlikləri başqa aktiv və öhdəliklərə dəyişməyə imkan verən törəmə maliyyə alətidir - red.)
Kolumbiya universitetinin iqtisadiyyat professoru Ceffri Saks indiki maliyyə böhranı barədə bunları bildirir: "Bu qlobal iqtisadi böhran tarixə "Qrinspen ağılsızlığı" kimi daxil olacaq. Bu böhran süni olaraq ABŞ Federal Rezerv İdarəsi tərəfindən 1990-cı illərin ortalarından başlayaraq bu günə kimi davam edən asan pullar və maliyyə nəzarətinin ləğv edilməsi dövründə yaradılıb. Qrinspen iki "köpük" yaradıb - birincisi 1998-2001-ci illərdə yaradılmış internet-"köpük"dür və ikincisi daha sonra gələn mənzil bazarı köpüyüdür ki, indi partlayır".
2008-ci ilin yekunlarına görə, ABŞ-ın maliyyə-kredit idarələrinin 25%-ə qədəri zərərlə işləyib. Bu, son 25 il üzrə ən pis nəticədir. 2009-cu ilin yanvar ayında yeni tikililərin sayı ABŞ-da ən aşağı səviyyəyə düşüb. Geriləmə illik hesablama ilə 16,8% və ya 466 min ev təşkil edir.
Başqa ölkələrdə də analoji durum müşahidə edilir. Belə ki, Yapoinyada ÜDM-in azalması 2008-ci ilin dördüncü rübündə 1974-ci ildən bu yana ən yüksək - illik hesabla 12,1 faiz olub. İslandiyanın iqtisadiyyatı da yox olub. Böyük Britaniyada işsizlər ordusu artır. Özü də son həftələrdə dünya iqtsadiyyatının vəziyyətinin gözlənildiyindən daha sürətlə pisləşdiyi müşahidə olunur.
Və ümumiyyətlə, dünya maliyyə böhranının əsas səbəbləri nə ilə bağlıdır? Mənim fikirimcə, bunun biri kapitalın çıxarılma xüsusiyyətləri və hər şeydən öncə portfel sərmayələri, onların təzadları ilə bağlıdır. Bu, dünya təsərrüfatı çərçivəsində ölkələrin iqtisadi inkişafının qeyri-bərabərliyi, transmilli şikrətlərin həddindən güclənməsi ilə əlaqəlidir. Belə ki, ötən yüzilliyin sonlarında transmilli şikrətlər tərəfindən çıxarılan kapitalın həcmi 5 trilyon dollar olduğu halda, birbaşa sərmayələr 3 trilyon təşkil edib. Transmilli şirkətlər transmilli banklarla birgə böyüyərək, transmilli maliyyə kapitalı formalaşdırıblar ki, dünyanın ən güclü ölkələrinin yardımı ilə zəif inkişaf etmiş ölkələri istismar edirlər və bunun nəticəsində çox yüksək gəlir əldə edilir. Bu, izafi sərbəst kapitaldır. Bunun əsasında kapitalın dövlətlərarası axını milli səviyyədə sıçrayışa bənzər formaya düşür. Həmin kapitalın yiyəsi transmilli dövlət və dövlətüstü oliqarxiyadır. Onun məqsədi dünya üzərində iqtisadi və siyasi hakimiyyətdir.
Kapitalın bu formada çıxarılmasının qeyri-bərabərliyi və dünya təsərrüfatının müəyyən regionlarında iqtsadi artımın, qeyri-bərabər inkişaf qanununun fəaliyyətdə olması, dünyada hakimiyyətin əldə edilməsi üçün daha əlverişli şərait yaradır. Bu zaman transmilli maliyyə kapitalı ilə milli xalq təsərrüfatı kompleksləri arasında uyğunsuzluq yaranır və bu, daha da inkişaf edir. Əgər dünya təsərrüfatının ayrı bölgəsində transmilli gəlir norması azalırsa, transmilli maliyyə kapitalı potfel sərmayələri formasında daha gəlirli bölgələrə çıxarılır. Bu da öncə olduğu regionlarda maliyyə böhranına gətirib çıxarır, böhran qeyri-rezidentlər tərəfindən yerli korporasiyaların qiymətli kağızlarının kütləvi şəkildə satılması ilə başlayır. Bu satışlar yerli milli valyuta ilə gerçəkləşdirilir, sərbəst dönərli valyutaya çevrilərək ölkə xaricinə çıxarılır. Bu proses xarici əmanətçilər tərəfindən yerli banklardakı valyuta depozitlərinin kütləvi şəkildə çıxarılması ilə müşayiət olunur və sərbəst dönərli valyutaya böyük ehtiyac yaranır.
Dünya valyuta bazarlarında çoxsaylı əməliyyatlar gerçəkləşdirilir. XX yüzilliyin sonlarına valyuta ilə müqavilələrin həcmi $1,3 trln.-a çatıb. Bu əməliyyatların az olmayan bölümü tamamilə spekulyativ səciyyəlidir ki, bu da maliyyə məzənnələrinin qeyri-sabitliyini gücləndirir. Bu isə öz növbəsində spekulyativ maliyyə əməliyyatlarının sayını artırır. Mövcud valyuta sistemi də belə əməliyyatların keçirilməsini stimullaşdırır. Bu sistemə görə, bazar valyuta məzənnələrinin 1%-lik qızıl və dollar paritetləri çərçivəsində fiksasiyasını ləğv edib və sərbəst məzənnə rejimi seçiminə imkan yaradıb. Dünya valyuta sisteminin mükəmməl olmaması və onun təzadları dünya maliyyə böhranının daha bir səbəbidir. Bu, bir daha indiki beynəlxalq iqtisadi tənzimləmə strukturlarının bacarıqsızlığını nümayiş etdirdi. Nə BVF, nə də Dünya Bankı nəinki böhranın qarşısının alınması, heç böhranın yumşaldılması üçün də nəsə faydalı bir tədbir görə bilmədi.
Dünya maliyyə böhranı ortaya müxtəlif tədbir strategiyaları da çıxardı: ABŞ və Avropa Birliyində (AB) "özünü idarəetmə" tətbiq edildi, inkişaf etmiş ölkələrdə beynəlxalq maliyyə qurumlarının yardımı üçün müraciət edildi. Özü də böhranla mübarizə ilə gələcək fəaliyyət baxımından ABŞ və AB-nin mövqeləri fərqlənir. ABŞ iqtisadiyyata maliyyə yardımlarının artırılmasının tərəfdarıdır. Avropa Birliyi ölkələrinin çoxu isə bunun əleyhinə çıxır. Onlar öncə əvvəlki tədbirlərin səmərəliliyini qiymətləndirmək istəyirlər və hələ ki diqqəti maliyyə bazarlarının tənzimlənməsinə yönəltməyi təklif edirlər.
MDB ölkələrinə gəldikdə isə dünya böhranının nəticələri bu ölkələrə milli valyutaların devalvasiyası şəklində təsir edib. Belə ki, Rusiya rublunun dollarla məzənnəsi 35% azalıb. Ölkənin qızıl-valyuta ehtiyatları isə yanvarın 9-dan 16-a kimi $426,5 mlrd.-dan 396,2 mlrd.-a qədər azalıb. Yəni yalnız bir həftə milli valyutanın sabitliyinin dəstəklənməsi üçün $30,3 mlrd. yönəldilib. "The Independent" qəzetində Rusiya oliqarxlarının itkiləri göstərilib: Abramoviç $20 mlrd.-dan çox, Deripaska $28,4 mlrd., Potanin $13,2 mlrd., Usmanov $14 mlrd-dan çox, Mordaşov isə $22 mlrd qiymətləndirilən varidatının dördəüçünə qədərini itirib.
Fevralın əvvəlində Qazaxıstan Milli Bankı milli valyuta tengenin ani 18 faizlik devalvasiyasını gerçəkləşdirib. Ötən ilin noyabr ayından Qazaxıstan milli valyutasının məzənnəsini qızıl valyuta ehtiyatları hesabına gerçəkləşdirir. Ukraynada məzənnənin düşməsi 40%, Belarusda 20% təşkil edib. Latviyanın qızıl-valyuta ehtiyatı 20%, Litva və Estoniyanınkı isə 13% azalıb.
Maliyyə böhranı dünya üzrə baş verdiyindən, yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi devolyusiyaya aparır və böhrandan çıxış yalnız bütün dünya ölkələrinin səylərinin birləşdirilməsi ilə mümkündür. Razılaşdırılmış beynəlxalq səylərlə yanaşı, hər bir ölkə öz milli iqtisadiyyatının özəlliklərinə əsaslanaraq, öz reseptini seçməlidir. MDB ölkələri üçün dünya maliyyə böhranından çıxmaq tədbirləri toplam tələbatın və toplam təklifin idarəedilməsinə yönəlməlidir. Bu qaydaların gerçəkləşdirilməsi maliyyə mexanizmlərinə və struktur siyasətinə əsaslanmalıdır.
Belə maliyyə mexanizmləri sırasında vergilərin azaldılmasını; iqtisadiyyatın real bölməsinin dəstəklənməsi üçün dövlət büdcəsi vəsaitlərinin artırılmasını; ipoteka proqramının maliyyələşdirilməsini və əmlak bazarının sabitləşdirilməsini; mərkəzi bankın məqsədli inyeksiyalarını; maliyyə sisteminə etibarın artırılmasını göstərmək olar.
Struktur siyasət mexanizmləri sırasında biznes mühitinin yaxşılaşdırılmasını; dövlət bölməsində islahatları; bazar kapitalının yaradılmasını göstərmək olar. Biznes mühitinin yaxşılaşdırılmasına - biznes aparmaq üçün prosedurların sadələşdirilməsi, mülkiyyət hüququnun və azad sahibkarlığın real müdafiəsi, inhisarçılıq faktlarının aradan qaldırılması daxildir.
Dünya böhranı Azərbaycan iqtisadiyyatına təsir göstəribmi? Bu suala birmənalı cavab vermək qeyri-mümkündür. Bizim ölkə qloballşama və valyutaların titrəməsi şəraitində öz iqtisadiyyatını inkişaf etdirir. Neftin qiymətinin $147-dən $40-a düşməsi milli iqtisadiyyata öz təsirlərini göstərir. Bununla yanaşı, ölkə rəhbərliyinin düşün-ülmüş strategiyası və effektiv taktikası dünya maliyyə böhranının mənfi təsirlərini azaltmağa imkan verir. Belə ki, Azərbaycan iqtisadiyyatı son illərdə dünya üzrə ən yüksək templərlə artıb. 2005-ci ildə ÜDM artımı 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25,0% və 2008-ci ildə 10,8% təşkil edib.
Azərbaycan ÜDM-nin real artımının orta illik templəri son 6 ildə MDB-nin bütün ölkələrinin analoji göstəricilərini 2,5 dəfə üstələyir!
2008-ci ildə dünya iqtisa-diyyatının artımı 2003-cü illə müqayisədə 25,4% təşkil edib. O cümlədən ABŞ-da 13,3%, AB ölkələrində 13,7%, MDB-də 45,4%, Çində 66,5% artım qeydə alınıb. Azərbaycanın iqtisadiyyatı son beş ildə 2,6 dəfə artıb.
Dünya Bankının "2009-cu il üzrə qlobal iqtisadiyyat perspektivləri" hesabatında 2009-cu il üzrə Azərbaycan ÜDM-nin artım templəri 10,4% səviyyəsində proqnozlaşdırılır və ölkə ÜDM artımı göstəricisinə görə Avropa və Mərkəzi Asiya ölkələri arasında lider mövqelərini qoruyur.
Dünya Bankı 2010-cu il üçün Azərbaycan ÜDM-nin 7-8 faiz artacağını proqnozlaşdırır və bu da yalnız regionda deyil, bütün MDB məkanı üçün ən yaxşı göstəricidir.
Bir sıra MDB ölkələrində mili valyutaların devolvasiyası proses-ləri müşahidə edildiyi halda, bizim ölkədə manatın sabitliyi təmin edilir. İlin əvvəlindən manatın məzənnəsi dollar qarşılığında 0,5% azalıb, amma avroya münasibətdə isə 9% artıb. Azərbaycan mili valyutasının sabitliyini qorumaq üçün yetərincə valyuta ehtiyatlarına malikdir. Ölkənin qızıl-valyuta ehtiyatları hazırda dövriyyədə olan pul kütləsindən 2,2 dəfə çoxdur.
Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetində 2008-ci ilin sosial-iqtisadi inkişaf yekunları ilə bağlı keçirilən iclasda dediyi sözlərlə fikirlərimi yekunlaşdırmaq istəyərdim: "İndiki böhran vəziyyətində hər bir ölkə nəyə qadir olduğunu və böhrandan hansı nəticələrlə çıxacağını göstərəcək. Əminəm ki, Azərbaycan böhrandan daha güclü çıxacaq".
MƏSLƏHƏT GÖR: