
MÜHAFİZƏKAR VƏ SABİT
Şahmar Mövsümov: "Azərbaycan dövlət neft fondu qlobal böhran fonunda aktivlərini qoruya biləcək"
Müəllif: Nurlanə QULİYEVA Bakı
Dünyada iqtisadi böhran tüğyan edir, neftin qiyməti düşür. Bir çox dünya ekspertləri Azərbaycan iqtisadiyyatının bu amillərə necə dözməsinə və qonşu ölkələrin tam bərbad olması fonunda sabitlik nümayiş etdirməsinə heyrət edirlər. Ən çox suallar dövlət büdcəsi ilə bağlı verilir və dünya birjalarında neftin qiymətinin bu qədər aşağı olduğu bir zamanda onu yerinə yetirməyə necə nali olunduğunu soruşurlar. Yəni, doğrudanmı Azərbaycan neftdən qazandıqlarının hamısını xərcləyəcək? Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov "Region plus" jurnalına müsahibəsində bütün bu şübhələri dağıdıb.
- Ötən ilin sonunda və bu ilin əvvəlində Azərbaycan hökumətinin 2009-cu il dövlət büdcəsində neftin bir barrelini 70 dollar götürməsi barədə qərarı böyük mübahisələr doğurdu. Necə düşünürsünüz, əgər neftin bir barrelinin qiyməti 50 dollar ətrafında dəyişirsə, I rübün sonunda dövlət büdcəsinin parametrlərinə yenidən baxmağa ehtiyac yaranarmı?
- Bir ingilis deyimi var: "We will delve in details". Bu suala cavab vermək üçün hər şeydən öncə, öyrənmək gərəkdir ki, neftin qiymətinin dünya birjalarında dəyişməsi Azərbaycanın dövlət büdcəsinə nə səviyyədə təsir göstərir. Əlbəttə, neft amili dövlət xəzinəsinin gəlir bölümünün formalaşmasında önəmli rol oynayır, amma indiki halda bu amilin əsas bölümü Dövlət Neft Fondundan transfertlər hesabına formalaşır. Onlara isə neftin qiyməti təsir göstərmir, neftin qiyməti ARDNF-in aktivlərinə təsir göstərir. Amma istənilən halda fond neftin barrelinin qiymətinin 80 dollara, 100 dollara qalxmasından və ya 20 dollara düşməsində asılı olmayaraq, bu il üçün nəzərdə tutulmuş 4 mlrd. 915 mln. manatı dövlət büdcəsinə keçirəcək.
Fiskal daxilolmaların kiçik qismi Dövlət Neft Şirkətinin (ARDNŞ) öhdəsinə düşür ki, onlara da dünya bazarlarında neftin qiymətinin dəyişməsi elə də təsir göstərmir. Niyəsini izah edirəm: ARDNŞ gəlirlərinin böyük hissəsini neft məhsullarının daxili bazarda satılmasından əldə edir. Burada isə qiymətlər birja dəyişmələrindən asılı deyil, bir qayda olaraq, Tarif Şurası tərəfindən müəyyən edilir və tənzimlənir. Başqa bir komponent isə xarici neft şirkətlərindən Azərbaycandakı işlərinə görə alınan mənfəət vergisidir və burada dünya bazarlarındakı vəziyyətin təsiri mümkündür. Amma yenə də dövlət büdcəsinin ümumi strukturunda bu komponent cüzidir.
Göründüyü kimi, Azərbaycanın dövlət büdcəsinə təsiri baxımından diqqətləri dünya birjalarında neftin qiymətlərinin dəyişməsinə yönəltmək elə də önəmli deyil. Düzdür, bunu Rusiyada edirlər, amma orada müəyyənləşdirilən qiymət dövlət gəlirlərində, doğrudan da, böyük rol oynayır. Çünki orada büdcəyə əsasən neft şirkətlərinin mənfəət vergiləri keçirilir.
- Əgər neftin büdcədə müəyyən edilmiş qiymətinin azaldılması barədə qərar qəbul edilərsə, nə baş verə bilər?
- Əgər neftin büdcədə nəzərdə tutulmuş qiymətinin aşağı salınması qərara alınarsa, onda yəqin ki, iki variant təklif edilər bilər. Birincisi, büdcənin xərc hissəsinin azaldılmasıdır, ikinci variant isə yeni gəlir qaynaqlarının tapılması ilə bağlıdır. Əgər hətta birinci yolla gedilərsə, çətin ki, bu hiss edilən olacaq. Dövlət büdcəsinin xərc hisssində çox sayda investisiya layihəsi var, onların bir qisminin gerçəkləşdirilməsini təxirə salmaq olar, bununla da, xərcləri azaltmaq mümkündür. Ən önəmlisi odur ki, sosial öhdəliklərin - maaşların, pensiyaların, müavinətlərin ödənilməsi ilə bağlı bizdə heç bir problem yoxdur.
Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran fonunda istənilən halda ölkə iqtisadiyyatının fiskal stimullaşdırılması məsələsi həll edilməlidir. Əgər büdcə ötən illə tutuşdurularsa, müəyyən artım olduğu aydındır və dövlət büdcəsinin strukturunda bu artım daha çox gözə çarpır. Bununla bağlı mən düşünürəm ki, əgər dövlət büdcəsinin xərc hissəsi planlaşdırıldığı həcmdə yerinə yetirilərsə, əlavə vəsaitlərə ehtiyac olmayacaq - bizim iqtisadiyyatımız bunu yerinə yetirmək imkanındadır.
- Siz bildirdiniz ki, neftin qiyməti ARDNF-in aktivlərinə təsir göstərir, bu ilin I rübü üzrə statistik göstəricilər də bunu açıq nümayiş etdirir...
- Hə, doğrudan da, fondun aktivləri birinci rübdə 3,2%, yəni 8 mlrd. 721,4 mln. manat səviyyəsinə qədər azalıb. İlin başlanğıcından aktivlərin həcminin azalması meyli müşahidə edilirdi, amma martdan başlayaraq, aktivlər artmağa başladı. Bütövlükdə, mən bunu əvvəl də demişəm, indi də öz fikrimdə qalıram, ilin sonuclarına görə aktivlər azalmayacaq, ən azından 2008-ci ilin sonundakı vəziyyətdə qalacaq. Aktivlərin artmasına iki amil təsir göstərəcək, bunlar neft hasilatının artırılması və neftin qiymətinin qalxmasıdır. Deyə bilərəm ki, hətta neftin orta qiyməti barrel üzrə 50 dollar olarsa, ARDNF-in illik gəlirləri 8 mlrd. manata çatacaq.
- Bu gün ARDNF-in investisiya siyasətinə dəyişiklik etməyə ehtiyac varmı?
- Yox, hazırda mən belə bir ehtiyac görmürəm. Fondun aktivlərinin 99,7%-i yüksək reytinqli qiymətli kağızlara qoyulub. Əlbəttə, dünya iqtisadiyyatında durum sabitləşdikdən sonra biz öz investisiya qoyuluşlarımız üçün başqa ünvanlar da axtaracağıq. Ancaq hələ bu barədə düşünmək tezdir və biz öz mühafizəkar siyasətimizi davam etdirəcəyik.
- Xatırlayırsınızsa, bir neçə il qabaq fondun aktvlərini üç portfelə - xərc, sabitləşmə, investisiya portfellərinə ayırmaq istəyirdilər. Sonuncu komponent neft gəlirlərinin müəyyən bölümünü gələcək nəsillər üçün qorumağı nəzərədə tuturdu. Böhranla bağlı bu təklifin bərpasına ehtiyac varmı?
- İndi müşahidə edilən böhran, doğrudan da, müqayisə edilməzdir, İkinci Dünya müharibəsindən sonra hələ belə böhrana rast gəlinməyib. Böhran, demək olar ki, bütün ölkələri bürüyüb, real sektor çökür, bütün dünya üzrə işsizlərin sayı artır. Rusiya, məsələn, 4 ay ərzində öz ehtiyatlarının, demək olar ki, yarısını itirdi. Qazaxıstan öz ehtiyatlarının böyük bölümünü daxili ehtiyaclara yönəldib. Norveç Fondu ötən il $91 mlrd. itirib. Başqa sözlə, uzunmüddətli məsələlər ikinci plana keçib. Və demək olar ki, dünyanın bütün aparıcı ölkələri malik olduqları ehtiyatları iqtisadiyyatın dəstəklənməsi üçün xərclədikləri halda, Azərbaycan öz Neft Fondunu ilin başlağıcında olan kimi qoruyub saxlayır. Lap qoy bu il artım az olsun, amma ən başlıcası biz indiyə kimi yığdıqlarımızı qoruyacağıq. Məgər bu, gələcək nəsillərə qayğı göstərdiyimizin nümayişi üçün yetərli deyil?
MƏSLƏHƏT GÖR: