
AXININ ƏKSİNƏ
Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda azərbaycan, qeyri-neft sektoru vasitəsilə qlobal böhrana müqavimət göstərir
Müəllif: Səfurə HÜSEYNOVA Bakı
Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi siyasət daha bir əhəmiyyətli və real nəticəsini verir - ölkənin neft faktorundan asılılığı, necə deyərlər, tədricən, lakin real şəkildə azalmaqdadır. Bu, xüsusilə ticarət münasibətlərində xaosa, dünya bazarlarında neftin qiymətinin mütəmadi oynamasına, qaz bazarında qeyri-müəyyənliyə, dünyada ərzaq ehtiyatlarının tükənməyə doğru getməsinə və s. səbəb olmuş qlobal iqtisadi böhranın fonunda daha önəmli və sevindirici faktdır.
Hətta dünyanın ən aparıcı ölkələrində belə iqtisadiyyatın səviyyəsinin aşağı düşməsi ilə əlaqədar panikanın yaşandığı çətin dönəmdə, Azərbaycanda bu göstərici nəinki sabit saxlanılıb, hətta iqtisadiyyatda 4,1%-lik artıma da nail olunub. Bununla yanaşı, 2009-cu ilin ilk 3 ayında qeyri-neft sektorunda inkişaf 14% təşkil edib.
"Bu, son 5 ildə aparılmış islahatların nəticəsidir. Nəticədə biz iqtisadiyyatın diversifikasiyası istiqamətində addımlar ata bilmişik və artıq bunun bəhrəsini görürük", - deyə ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında bildirib.
Qeyri-neft sıçrayışı
Həqiqətən də, son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6, sənaye potensialı isə 2,5 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən artıq çoxalıb. Ölkədə nəhəng sosial layihələr həyata keçirilib, bir sözlə, gələcək sabit inkişafın əsası qoyulub.
2009-cu il isə Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf mərhələsinin başlanğıcı ilidir. Taleyin hökmü ilə o, əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsi, ümumi daxili məhsulun (ÜDM) və xarici ticarət dövriyyəsinin azalması, kütləvi işsizlik, satışda ciddi azalmanın müşahidə edilməsi kimi hallara səbəb olan böhranla gəlib. Lakin Azərbaycan əhəmiyyətli valyuta ehtiyatları, idxaldan asılılıq sahəsindəki konservativ siyasət, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi, manatın sabitliyinin təmini kimi faktorlar sayəsində bu çətin vəziyyətdən qurtula bilib.
İqtisadi inkişaf naziri Şahin Mustafayevin bildirdiyi kimi, həm beynəlxalq maliyyə qurumlarının, həm də məşhur reytinq təşkilatları və ekspertlərin Azərbaycan iqtisadiyyatının qlobal böhrana sinə gərdiyini birmənalı şəkildə söyləmələri heç də təsadüfi deyil. Məsələn, Dünya Bankının martda tərtib etdiyi iqtisadi memorandumda bildirilir ki, digər ölkələrlə müqayisədə Azərbaycan qlobal böhranı daha güclü mövqedə qarşılayıb, nəticədə o, ölkəyə ciddi təsir göstərməyib, ölkənin maliyyə sektoru böhrandan qaça bilib.
Fitch Ratings agentliyi bildirir ki, Avropanın 21 ölkəsindən 20-də ÜDM azalsa da, yalnız bir dövlətdə - Azərbaycanda bu, qeydə alınmayıb. Üstəlik, ölkələrdən yalnız Azərbaycanda iqtisadi artım proqnozlaşdırılır və Asiya Bankının proqnozlarında onun 8% olacağı bildirilir.
Əlbəttə ki, qeyri-neft sektorunda hazırkı inkişaf qeydə alınmasaydı, sevindirici mənzərə daha zəif ola bilərdi. Axı neft hasilatı sahəsindəki texniki səbəblər üzündən sənaye istehsalının həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azalıb, üstəlik neft birjalarında qiymətlər də proqnozlaşdırılandan aşağı olub. Lakin həyata keçirilən tədbirlər nəticəsində bu ilin ilk rübündə kənd təsərrüfatı məhsullarının istehsalı 4,3, ümumi yükdaşı-maları 1,1, neft yüklərinin daşınması 5, pərakəndə ticarət dövriyyəsi 10, pullu xidmətlərin səviyyəsi isə 20,5% artıb.
Bütün bunlar birlikdə 2008-ci ilin anoloji dövrü ilə müqayisədə qeyri-neft sektorunda 13,7%-lik artım deməkdir. Bu fakt əhalinin sosial durumuna da birbaşa təsir göstərib: əhalinin gəlirləri 25%, orta aylıq əməkhaqqı isə 26,5% artıb. Özü də bütün bunlar elə bir dövrdə baş verir ki, bütün dünyada insanlar ya işini itirdikləri, ya da itirməkdə olduqları üçün ciddi qənaətə əl atırlar/.
Bununla yanaşı, etiraf etmək lazımdır ki, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin artmasına son aylar qiymətlərin aşağı düşməsi də təsir göstərib - ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiyanın iqtisadiyyata təzyiqi 8,3% təşkil edib, ilin əvvəlindən istehlak qiymətlərinin indeksi isə 2,1% azalıb. Prezident İlham Əliyevin söylədiyi kimi, bu situasiyada ən çox qazancı büdcə təşkilatlarında işləyən şəxslər əldə edib. Belə ki, milli valyuta sabitliyini qoruyur, əməkhaqqı və pensiyalar vaxtlı-vaxtında ödənir, istehlak qiymətləri isə aşağı düşür: "Ərzaq məhsullarının, tikinti materiallarının qiymətinin düşməsi sosial problemlərin həllinə, Azərbaycanda sosial rifahın yüksəlməsinə müsbət təsir göstərir". Bununla yanaşı, prezident qiymətlərin aşağı düşməsinin neqativ tərəfini də qeyd edib. "Biz deflyasiyanın yüksək olmasına imkan verə bilmərik. Çünki bu, bizim ümumi iqtisadi potensialımıza mənfi təsir göstərəcək", - deyə İ.Əliyev qeyd edib.
Devalvasiya olmayacaq!
Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün ən yaxşı vasitədir. Bunu rəqəmlər də təsdiqləyir: əsas kapitala yönəlmiş investisiyalar 15,2, qeyri-neft sektoruna qoyulan investisiyalar isə 72,3% artıb. Dünyada maliyyə resurslarının kəskin şəkildə azalması və banklarda likvidliklə bağlı ciddi problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda kreditlərin verilməsi ilə bağlı hələlik heç bir problem yoxdur. Əksinə, mütəmadi olaraq hökumətə beynəlxalq maliyyə qurumları və kommersiya banklarında sərfəli təkliflər daxil olmaqdadır.
Bununla yanaşı, dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitlərin həcmi də artıb. 2009-cu ilin ilk rübündə bu məbləğ 1 milyard 79 milyon manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur. Görünən odur ki, böhran hökumətin son illər kifayət qədər dövlət vəsaitinin xərcləndiyi infrastruktur planlarına da mane olmayacaq və qarşıdakı aylarda bu sahədəki layihələrin icrası davam etdiriləcək.
Bütün bunlarla yanaşı, aydın olan bir məqam da var: dövlət büdcəsi tükənməz deyil, pul (xüsusilə də, o "havaya sovrularsa) çox tez qurtarır. Məhz bu səbəbdən də 2009-cu il üçün hökumətin əsas vəzifələrindən biri maliyyə intizamının möhkəmləndirilməsidir. Hazırkı şərtlərdə bu, daha böyük əhəmiyyət daşıyır. Çünki neftin qiymətinin 3-4 dəfə azalması istər-istəməz büdcənin maliyyə imkanlarını məhdudlaşdırır. Xüsusilə, büdcənin əhəmiyyətli hissəsi milli valyutanın səviyyəsinin qorunub saxlanmasına istifadə olunursa. Bu isə əhalinin rifahına birbaşa təsir göstərəcək devalvasiyaya imkan verilməməsi üçün vacibdir.
Məlumdur ki, bütün qonşu ölkələrdə, postsovet dövlətlərində, Şərqi və Mərkəzi Avropada milli valyutalar ciddi devalvasiyaya məruz qalıb: bəzi ölkələrdə 10, bəzilərində 30, bəzi dövlətlərdə isə hətta 50%. İ.Əliyevin bildirdiyi kimi, milli valyutanın 50% devalvasiyaya uğraması hər bir vətəndaşın 50% yoxsullaşması deməkdir: "Azərbaycanda müxtəlif dairələr tərəfindən belə şayiələr gəzirdi ki, manat devalvasiyaya uğrayacaq, onun kursu aşağı düşəcək, guya bütün bunlar referendumdan sonra baş verəcək. Birincisi, demək istəyirəm ki, referendumun bizim siyasi, iqtisadi, həmçinin xarici siyasət kursumuza heç bir aidiyyəti yoxdur. Biz heç vaxt hansısa siyasi niyyət, yaxud da seçkilər naminə nə populist vədlər vermişik, nə də addımlar atmışıq. Mart ayında da mən bu barədə öz fikirlərimi söyləmişdim ki, manatın məzənnəsi sabit olaraq qalacaq. Bu gün artıq hər kəs onu görür ki, həqiqətən, Azərbaycan manatının məzənnəsi sabitdir, güclü milli valyutamız var. Biz manatı sabit saxlamaqla, ilk növbədə, insanların həyat səviyyəsini düşünürük. Elə edirik ki, Azərbaycan xalqı bu böhrandan əziyyət çəkməsin".
Bu gün üçün daha bir vacib nailiyyət kimi Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin etməsini göstərmək olar. Ölkədə istehlak olunan məhsulların böyük əksəriyyəti, yəni ərzaq məhsulları yerli istehsaldır. Bu sahədə nailiyyətlərə əsasən, fermerlərə güzəştli şərtlərlə gübrələrin, yanacağın, toxumun və subsidiyaların verilməsi ilə nail olunub. Eyni zamanda kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar maneəsiz şəkildə güzəştli kreditlər alır və 2009-cu ildə bu kreditlərin həcmi dövlət büdcəsindən ayrılan vəsaitlər, həmçinin indiyədək götür-ülmüş kreditlərin qaytarılması hesabına 70-80% artıb.
Beləliklə, əvvəlki 5 ildə olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsi də qeyri-neft sektorunun, emal sənayesinin möhkəmlənməsinə və təbii ki, regionların inkişafına yönələcək. Bütün bunlar regionların inkişafına dair yeni beşillik proqramda da əksini tapıb. 2009-cu ilin ilk rübünün iqtisadi nəticələri də onun reallaşdırılması üçün kifayət qədər müsbət təkan olub.
MƏSLƏHƏT GÖR: