
HAMI HAMIYA QARŞI
Kiyev siyasətçiləri vaxtından əvvəl yenidən hakimiyyətin bölüşdürülməsinə girişiblər
Müəllif: Eldar PAŞAYEV Bakı
Ukraynada keçirilmə vaxtı mübahisə obyekti olan seçki kampaniyasına faktiki olaraq start verilib. Bu ölkədə siyasi həyat həmişə olduğu kimi qaynayır və onun mahiyyəti də əvvəlki kimidir: bir-birinə total inamsızlıq fonunda ümumi ideyalar əsasında yox, sadəcə, kimlərinsə maraqlarına qarşı yaradılmış ittifaqlar, bitib-tükənməyən kompromatlar, müxtəlif ittihamlar və s.
Bütün bunlardan sonra ukraynalı seçicinin hansı seçkiyə hazırlaşmalı olduğu da bəlli deyil: prezident, parlament, yoxsa hər ikisi? Bu seçkinin statusunun necə olacağı da bilinmir: növbəti, yoxsa növbədənkənar?
Hətta seçkinin konkret nə vaxt baş tutacağı da məlum deyil.
Mərkəzi Seçki Komissiyası (MSK) Ali Radanın qərarına əsaslanaraq seçkinin 2009-cu il oktyabrın 25-də keçiriləcəyini bildirib. Prezident Viktor Yuşşenko isə əvvəlcə buna etiraz olaraq, bəyan etmişdi ki, prezident seçkisi 2010-cu il yanvarın 17-də keçirilməlidir, oktyabrın 25-də yalnız növbədənkənar seçki keçirilə bilər. Amma sonradan məlum oldu ki, Yuşşenko seçkinin oktyabrın 25-də keçirilməsinə yalnız bir şərtlə - seçki qanunvericiliyinə dəyişiklik edilməsi yolu ilə, parlament və prezident seçkilərinin birgə keçirilməsi şərti ilə razılıq verə bilər.
Qeyd edək ki, prezident seçkisinin növbəti və ya növbədənkənar olacağına dair mübahisələrə səbəb Yuşşenkonun dövlət başçısı postuna köhnə Konstitusiya ilə seçilməsidir. Həmin Konstitusiyaya əsasən, prezident seçkisi oktyabrda, yeni qanunvericiliyə görə isə yanvarda keçirilməlidir. Bu səbəbdən də gecə - gündüz Yuşşenkodan can qurtarmağın yolunu arayan Ali Radanın üzvlərinin əksəriyyəti hesab edir ki, dövlət başçısı köhnə Konstitusiya ilə seçilibsə, yeni seçki də ona əsasən keçirilməlidir. Hazırda reytinqi olduqca aşağı olan dövlət başçısı isə vaxtı mümkün qədər uzatmağa çalışır və bildirir ki, prezident seçkisi hazırda qüvvədə olan yeni Konstitusiyaya əsasən keçirilməlidir.
Digər tərəfdən V.Yuşşenko üçün parlament seçkisinin vaxtının yaxınlaşdırılması həm də ona görə vacibdir ki, Yuliya Timoşenkonun reytinqi hazırda o qədər də yüksək deyil. Və seçkilər indi keçirilərsə, Yuliya Timoşenko Blokunun (YTB) yeni parlamentdə çoxluq qazana biləcəyi inandırıcı görünmür, digər tərəfdənsə, prezidentin tərəfdarları hansı formada olursa-olsun siyasi arenada qalarlar. Yeri gəlmişkən, YTB-nin reytinq problemi haqda sözləri şəxsən Y.Timoşenkonun özü haqda söyləmək olmaz. Onun şəxsi reytinqi hələ ki müəyyən səviyyədə qalır və xanım siyasətçi hətta prezident kürsüsünə də yiyələnə bilər.
Mümkün qədər cəld hərəkət etməyin vacibliyini dərk edən Viktor Yuşşenko Konstitusiya Məhkəməsinə müraciət edərək, qurumun seçkinin payıza təyin olunmasını qeyri-qanuni saymasını istəyib. Bununla yanaşı, prezident bildirir ki, parlament könüllü şəkildə yenidən seçilməyə razılıq verməsə, o, Ali Radanı buraxa bilər. Səbəb kimi isə ali qanunverici qurumda tamhüquqlu koalisiyanın olmaması göstərilir. Bu qarşıdurmanın nə ilə bitəcəyi məlum deyil. Amma istənilən halda, aprelin 25-dən sonra artıq Ukrayna parlamentini buraxmaq mümkün olmayacaq: Konstitusiyanın 90-cı maddəsinin 5-ci bəndinə əsasən, Ali Rada fəaliyyət müddətinin son 6 ayına girərsə, prezident onun fəaliyyətinə xitam verə bilməz.
Məsələ bununla da bitmir - Ukrayna prezidenti hazırkı hökumətin qeyri-legitim sayılması üçün də Konstitusiya Məhkəməsinə müraciət edib. O, bu addımını belə əsaslandırır ki, qanuna görə, yeni koalisiyanın formalaşdırılmasında deputatlar baş nazir postuna namizədə də səs verməlidirlər. Lakin son dəfə koalisiyada dəyişiklik cüzi olduğu üçün bu, baş verməyib - o zaman koalisiyanı "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (BU-XÖ) blokunun bir hissəsi tərk edib və Litvinin Bloku oraya qoşulub.
Qeyd edək ki, aprelin 13-də Konstitusiya Məhkəməsi ilkin səsvermə keçirib və hazırkı baş nazirin təyinatında qanun pozuntusu haqda prezidentin iddiasını dəstəkləməyib.
Daha bir maraqlı məqam Yuşşenkonun növbədənkənar parlament və prezident seçkisinin keçiriləcəyi təqdirdə həm deputatlıq, həm də prezidentlik uğrunda mübarizə aparmaq qərarı və ya arzusudur. Bu qərarını o, "Kommersant"a müsahibəsində açıqlayıb. RİA "Novosti" isə xatırladır ki, Ukraynanın seçki qanunvericiliyi ölkə prezidentliyinə namizədə eyni vaxtda deputatlıq uğrunda da mübarizə aparmağa imkan vermir. Bundan başqa, ekspertlər hesab edirlər ki, Ukraynada prezident və parlament seçkisinin eyni vaxtda keçirilməsi hər iki seçkinin iflasına səbəb ola bilər. Daha bir versiya isə ondan ibarətdir ki, Yuşşenko məhz buna nail olmaq istəyir. O, hesab edir ki, bu halda Konstitusiyaya lazımi dəyişikliklər etməklə, parlament və hökumətin kifayət qədər zəiflədilməsinə nail olacaq.
Prezidentin Konstitusiyaya etmək istədiyi dəyişikliklər ilk növbədə Ali Radanın ikipalatalı parlamentə çevrilməsini, hökumətin aşağı palata tərəfindən koalisiya çoxluğu vasitəsilə formalaşdırılmasını, prezidentin isə onu buraxmaq səlahiyyətinin olmasını nəzərdə tutur. Bundan başqa, Yuşşenko hesab edir ki, parlamentin istənilən qərarının yuxarı palata tərəfindən təsdiqi də vacib olmalıdır.
ProUA isə öz mənbələrinə istinadən xəbər verir ki, YTB və Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası Konstitusiyaya dəyişikliklərlə bağlı, demək olar ki, razılığa gəliblər. Onlar prezidentin ümumi səsvermə ilə yox, parlament tərəfindən seçilməsini vacib sayır və əsas qanuna məhz bu dəyişikliyi etməyi düşünürlər. Tərəflər arasında aparılan danışıqlar nəticəsində parlamentdə Regionlar Partiyasının da daxil olacağı yeni koalisiyanın yaradılması da razılaşdırılıb. Məlumata görə, bu razılaşmaların reallaşdırılmasına Ali Radanın ilk plenar iclasının gedişində, yəni, mayın 12-də başlanılması gözlənilir.
Qeyd edək ki, Yanukoviç əvvəllər prezidentin parlamentarilər tərəfindən yox, ümumxalq səsverməsi ilə seçilməsinin tərəfdarı kimi çıxış edirdi. Bundan başqa, "regionçular"la YTB birliyinə bu iki siyasi hərəkatın üzvləri də daxil olmaqla, heç kim inanmır.
Maraqlı məqam ondan ibarətdir ki, Yuşşenko bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Timoşenkonun ona Konstitusiyaya dəyişikliyin dəstəklənməsini təklif etdiyini söyləyib. Dövlət başçısının sözlərinə görə, o, baş nazirin bu təklifini rədd edib.
İstənilən halda, hazırda Ukraynada bütün diqqətlər Konstitusiya Məhkəməsinin prezidentin sorğuları ilə bağlı çıxaracağı qərarlara yönəlib. Ukraynada indiyədək baş vermiş proseslərə əsaslansaq, düşünmək olar ki, məhkəmənin qərarından narazı olacaq siyasətçilər onunla razılaşmaya da bilərlər.
Beləliklə, bu qənaətə gəlmək olar ki, istənilən halda - prezident və parlament seçkisi keçiriləcəyi təqdirdə, hazırkı şəraitdə ən əlverişli durumda olanı Regionlar Partiyasıdır. Partiyanın lideri V.Yanukoviç prezidentlik uğrunda mübarizəyə qoşulacağını artıq bəyan edib. Xatırladaq ki, o, 2004-cü ildə bu post uğrunda mübarizə aparıb və ikinci turda qələbə qazanıb. Lakin "narıncı inqilab" bu nəticəni ləğv edib və "üçüncü tur"da Viktor Yuşşenko ölkə başçısı seçilib. Lakin sonradan Yuşşenko ilə Timoşenkonun hakimiyyəti bölüşdürməsi yenidən Yanukoviçi gücləndirib.
Qarşıdan gələn prezident seçkisində mübarizə aparmaq niyyətlərini Kiyevin meri Leonid Çernovetski, Ali Radanın sabiq spikeri Arseni Yasenyuk, sabiq müdafiə naziri Anatoli Qritsenko, həmçinin hazırkı dövlət başçısı Viktor Yuşşenko da bəyan ediblər.
Yuliya Timoşenko isə hələ susur.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun tədqiqatının open-biz.com.ua saytında yerləşdirilmiş nəticələri göstərir ki, seçicilər arasında hələ ki ən populyar siyasətçi Viktor Yanukoviçdir. (onun potensial seçiciləri 18,7%-dən 25,5%-ə yüksəlib)
İlk turda səslərini Arseni Yasenyuka vermək istəyənlərin sayı da xeyli artıb - 3,4%-dən 13,6% - ə.
Yuliya Timoşenkonun tərəfdarları arasında isə əks nəticə müşahidə olunur - baş nazirin reytinqi 16,8-dən 14,4%-ə düşüb.
Prezident Viktor Yuşşenko da 1,7% geriləyib (onun ikinci müddətə prezident seçilməsini istəyənlər cəmi 2,4%-dir).
V.Yuşşenkonun rəhbərlik etdiyi "Bizim Ukrayna" blokunun vəziyyəti daha pisdir. Ölkədə bu gün parlament seçkisinin keçiriləcəyi təqdirdə, bu bloka səs vermək istəyən seçicilər cəmi 1,9% təşkil edir.
Regionlar Partiyasında bu rəqəm 21,4, YTB-də isə 17,3%-dir.
A. Yasenyukun blokunu 8,3% seçici dəstəkləyir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, ukraynalı seçicilərin əksəriyyətinin fikrincə, Yuşşenko prezident seçkisinə özü getməyəcək və Arseni Yasenyukun namizədliyini dəstəkləyəcək.
Digər versiyaya görə, Timoşenko da Yasenyukla razılaşmağa çalışır - Yasenyuk prezidentliyə gedir, Timoşenko isə baş nazir postunda qalaraq, YTB-yə etimadın bərpasına çalışır.
A. Yasenyukun özünə gəlincə, o, Yuşşenko ilə bir komandada olmayacağını artıq bəyan edib.
MƏSLƏHƏT GÖR: