
BUZLAR YAYDA ƏRİYƏCƏK?
ATƏT parlament assambleyasının prezidenti Joao Soareş: "Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün yaxşı şanslar var"
Müəllif: Emin ƏLƏKBƏROV Bakı
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza apreldə verdiyi açıqlamalarla Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi ilə əlaqədar Azərbaycan və Ermənistan ictimaiyyətində müəyyən nikbinlik yaradıb. BBC-yə müsahibəsində o bildirib ki, "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi sıçrayışa və ya irəliləyişə nail olmalıyıq. Hesab edirəm ki, bu irəliləyişə çox yaxınıq. Fikrimcə, prezidentlər Əliyevlə Sarkisyan arasında növbəti ayda baş tutacaq görüşdə bunun şahidi olacağıq".
"Amerikanın səsi" radiosuna müsahibəsində isə M.Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri bir-birinin mövqeyini və getməli olduqları "ağrılı güzəştləri" öyrənməkdədirlər. "Danışıqların xarakteri elədir ki, irəliləyiş əsl irəliləyiş olacaq", - deyə amerikalı həmsədr qeyd edib. Onun fikrincə, irəliləyişə bu ilin mayında və ya iyununda nail olmaq mümkündür: "Biz prezidentlərin razılıq əldə etmələri üçün əlimizdən gələni edəcəyik".
Əlbəttə ki, hələlik söhbət yalnız münaqişənin həllinin baza prinsiplərinin razılaşdırılmasından gedir və Minsk Qrupunun amerikalı həmsədrinin dediyi kimi, hələ görüləcək çox iş var. İstənilən halda, münaqişənin həlli istiqamətində fəallığın artdığı göz qabağındadır. ATƏT Parlament Assambleyasının (PA) prezidenti Joao Soareş də jurnalımıza verdiyi eksklüziv müsahibədə bu haqda kifayət qədər nikbin danışıb.
- Cənab Soareş, bir müddət əvvəl ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Güney Qafqazda səfərdə olub. O, regiondan hansı təəssüratlarla qayıdıb?
- Bəli, bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə təyin etdiyim Qoran Lenmarker Azərbaycan və Ermənistanda olub, bu ölkələrin liderləri ilə danışıqlar aparıb. O, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarının vacibliyini bildirib. Bundan başqa, münaqişə zamanı dağılmış yerlərin bərpası haqda da düşünülməsi vacibdir. ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistanla aparılan danışıqları izləyir və hesab edir ki, sülhün əldə edilməsi üçün yaxşı şans var. Bu imkanlar diqqətlə öyrənilməlidir.
- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi bundan sonra hansı istiqamətdə gedəcək?
- Ermənistan və Azərbaycan eyni geosiyasi məkanda yerləşir. Onlar bu imkandan istifadə edərək sıx iqtisadi əməkdaşlıqdan ciddi qazanc əldə edə bilərlər. Bu cür iqtisadi əlaqələrin gücləndirilməsi Dağlıq Qarabağ regionuna da təsir göstərəcək. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı da tərəflərin yaxınlaşmasına kömək edə bilər. Bu, barışığın əldə edilməsini asanlaşdıracaq. Biz isə öz növbəmizdə ATƏT-in regiondakı bütün təşəbbüslərini dəstəkləməkdə davam edirik.
- Lakin Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun sülhməramlı fəaliyyətindən o qədər də razı deyil...
- ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin balanslaşdırılmış həllinin sülh yolu ilə tapılması istiqamətində Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsini daim dəstəkləyib. Eyni zamanda biz dəfələrlə bəyan etmişik ki, bu problemin hərbi yolla həlli yoxdur. Münaqişənin həllinə nail olunmasının yeganə yolu siyasi yoldur və bunun üçün hər iki tərəfin əməkdaşlıq etməsi lazımdır. ATƏT Parlament Assambleyası Azərbaycan və Ermənistan parlamentlərinin nümayəndə heyətləri arasında bir neçə görüşün təşkilatçısı olub. Bu görüşlər, həmçinin PA-nın sessiyalarında iştirak dialoqun dəstəklənməsi istiqamətində atılmış vacib addımlardır.
- Bir müddət əvvəl KİV-də Rusiyanın Ermənistana xeyli silah-sursat verməsi haqda məlumatlar yer aldı. Bu fakt həqiqətən də mövcuddursa, o, münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərə bilərmi?
- Regionda baş verən son hadisələr ciddi diqqət tələb edir. Tərəflərdən birinin böyük həcmdə silah-sursat alması haqda məlumatlar dəqiqliklə öyrənilməlidir. Münaqişənin eskalasiyasından istənilən vasitə ilə qaçmaq lazımdır. Əsas məsuliyyət isə yenə də Ermənistan və Azərbaycanın üzərinə düşür. Hamımız bilirik ki, istənilən danışıqlarda tərəflər ortaq məxrəc əldə etmək üçün kompromisə gəlməlidirlər. Və biz hər iki ölkənin rəhbərliyindən məhz bunu gözləyirik.
MƏSLƏHƏT GÖR: