15 Mart 2025

Şənbə, 00:37

ÇOXQÜTBLÜLÜYÜN YENİ VERSİYASI

Azərbaycan Moskvanı Inandırdı ki, Qarabağ münaqişəsini dondurmaq yolu ilə təsir imkanlarını saxlamağa çalışmaqdansa, onunla əməkdaşlıq etmək daha sərfəlidir

Müəllif:

01.05.2009

Aprelin ortalarında İlham Əliyevin Moskvaya, əksər müşahidəçilərin fikrincə, gözlənilməz, amma rəsmi məlumatlara görə isə, hələ ilin əvvəlində planlaşdırılmış işgüzar səfəri oldu. Mümkündür ki, səfərin  bu qədər diqqət mərkəzinə gəlməsinin əsas səbəbi həm də İ.Əliyevin Türkiyə rəhbərliyi ilə yanaşı, ABŞ-ın dövlət katibi Hillari Klintonun da israrlı dəvətinə baxmayaraq, İstanbulda keçirilən "Sivilizasiyaların Alyansı" beynəlxalq forumunda iştirakdan imtinasıdır. Xatırladaq ki, həmin vaxt Türkiyədə ABŞ prezidenti Barak Obama ilə görüşmək imkanının olması da İ.Əliyevin bu qərarını dəyişmədi. Əvəzində Təhlükəsizlik Şurasının iclasını keçirən dövlət başçısı bəyan etdi ki, Türkiyənin Bakının mövqeyini nəzərə almadan, ən əvvəl isə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla sərhədləri açması Azərbaycanın geosiyasi istiqamətini dəyişməsinə səbəb ola bilər.
Ümumiyyətlə, hardan olmasından asılı olmayaraq, milli maraqlarımıza zidd fəaliyyətlərə Azərbaycan rəhbərliyinin əvvəllər rast gəlinməyən sərt reaksiyası müşahidə olunmaqdadır. Məsələn, bir müddət əvvəl rəsmi Bakı Moskvanın Gürcüstandan çıxartdığı silah-sursatın təmənnasız olaraq Ermənistana verilməsi ilə bağlı verdiyi təkzibi qənaətbəxş saymamışdı. Rusiyanın bu addımına cavab kimi, Azərbaycan Qərbin himayə etdiyi "Nabukko" layihəsinə nəinki dəstək verdi, hətta "Şahdəniz" yatağından hasil olunan qazın bu boru xəttinə vurulmasına hazır olduğunu da açıqladı. İndi isə Türkiyənin Vaşinqton və Brüsselin təkanı ilə Ermənistanla sərhədləri açmaq istiqamətindəki cəhdlərinə cavab kimi, rəsmi Bakı öz siyasətini, ilk növbədə enerji sahəsindəki kursunu Qərbin istəmədiyi istiqamətə yönəldə biləcəyinə eyham vurur. Özü də məsələ heç də inciməkdə deyil. Türkiyənin Ermənistanla sərhədləri açmaq cəhdlərinin sərt reaksiya doğurmasının əsas səbəbi odur ki, bu hadisənin fonunda Qərb Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması üçün Yerevana heç bir təzyiq göstərmir. Belə olan halda "erməni forpostu"nun "patron"u olan Moskva ilə razılıq əldə etməyə çalışmaq daha yaxşı olmazmı? İ.Əliyevin aprel cəhdi də məhz bundan irəli gəlir.
Bakının Moskva ilə qarşılıqlı münasibətlərdən ötrü baza və ciddi "alver" üçün kozırları kifayət qədərdir. Azərbaycan Güney Qafqazda ən həcmli və ödəniş qabiliyyətli bazardır. Dünya iqtisadiyyatındakı mənfi konyukturaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi 40% artaraq, 2 milyard dolları ötüb. Üstəlik, bu göstərici heç də enerji resursları hesabına əldə edilməyib. Hazırda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılması planı tamamilə realdır. Bu isə o deməkdir ki, Rusiyanın region dövlətləri ilə ticarət dövriyyəsinin təxminən üçdəikisi yalnız Azərbaycanın payına düşür.
İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq artan xətt üzrə inkişaf edir. Güney  Qafqaz ölkələrinin müstəqillik əldə etməsindən sonra yalnız Azərbaycanda rus dili möhkəm mövqeyini qoruyub saxlayıb. Ölkənin orta məktəbləri və ali təhsil ocaqlarının təxminən dörddəbirində tədris rus dilindədir. Bu dildə onlarca qəzet və jurnal çap olunur, məşhur İnternet portalları fəaliyyət göstərir. Rus Dram Teatrının binası bir müddət əvvəl köklü şəkildə təmir edilib və müasirləşdirilib. İlin əvvəlində Bakıda Rusiya İnformasiya Mərkəzi və Moskva Dövlət Universitetinin filialı açılıb. 
Bütün bunlarla yanaşı, ikitərəfli əməkdaşlıq üçün daha vacib sahə, enerji və təhlükəsizlik sahələridir. Bu məsələlərdə də müəyyən ziddiyyətlərlə yanaşı, maraqların üst-üstə düşdüyü geniş məqamlar var.
Gürcüstanda yaşanan avqust müharibəsi və Moskvanın Güney Osetiya ilə Abxaziyanın müstəqilliyini tanımasından sonra Rusiyanın Tbilisi ilə əlaqələri tam kəsilib. Nəticədə Ermənistan da Rusiya ilə kommunikasiya əlaqələrindən məhrum olub, hətta iki ölkə arasında hava ilə sərnişin daşımaları Türkiyə və Azərbaycan vasitəsi lə həyata keçirilir. Şübhəsiz ki, bu ölkələr vasitəsilə hərbi daşımalar mümkün deyil, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa ediləcəyi təqdirdə isə mülki kommunikasiyalar da kəsiləcək. Bir çox nüfuzlu Rusiya analitikləri hesab edir ki, Moskvanın regionda təsirinin saxlanması və hətta artması yalnız Azərbaycanla əlaqələrin möhkəmlənməsi ilə mümkündür. Buna isə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin "dalana dirənməsi" mane olur.
Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasını, həmçinin Yerevanı Azərbaycanı razı salacaq kompromislərə getməyə sövq edə biləcəyini nəzərə alan İlham Əliyev bu problemin aradan qaldırılması üçün Kremli öz təsir imkanlarından yararlanmağa çağırıb. Moskvaya səfəri zamanı o deyib: "Bakı heç zaman Dağlıq Qarabağın Azərbaycandan hüquqi baxımdan ayrılması mexanizmini nəzərdə tutan proseslərdə iştirak etməyəcək. Bu, bizim birmənalı mövqeyimizdir. Münaqişənin nəticələri aradan qaldırılmalı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədi ətrafındakı ərazilərdən Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasına nail olunmalıdır. Lakin mərhələli şəkildə".
Rusiya prezidenti Dmitri Medvedev isə öz növbəsində bildirib ki, "Rusiya öz mandatından istifadə etməyə hazırdır". "Biz daim bu prosesə yardım etməyə çalışmışıq və belə əlaqələr davam edərsə - alternativ isə yoxdur - əminəm ki, münaqişəni, hazırlanan təkliflərin nəzərə alınması ilə, iki xalqın maraqlarına uyğun çözmək mümkün olacaq", - deyə Medvedev qeyd edib. 
Rusiya liderinin fikrincə, Dağlıq Qarabağ münaqişəsi çətin, lakin həlli mümkün olan problemdir. O, münaqişənin həlli prosesində beynəlxalq hüquq normalarına, BMT və ATƏT-də qəbul olunmuş qətnamələrə əsaslanılmasının vacibliyini bildirib. Bu qətnamələr isə Ermənistan silahlılarının Dağlıq Qarabağ ətrafındakı 6 rayondan birmənalı olaraq çıxmasını tələb edir.
Kremlin Dağlıq Qarabağ probleminə belə yanaşması ermənilərdə aşkar narazılıq və həyəcan yaradıb və bu, İlham Əliyevlə danışıqlardan dərhal sonra Rusiyaya dəvət olunmuş Serj Sarkisyanın Moskvada Dmitri Medvedevlə görüşdə səsləndirdiyi ilk fikirdəcə özünü büruzə verib. Amma istənilən halda, münaqişənin nizamlanması üzrə danışıqlar artıq elə mərhələyə qədəm qoyub ki, ya çoxdan gözlənilən çətin, lakin pozitiv həll prosesi başlayacaq, ya da Minsk Qrupunun səyləri iflasa uğrayacaq. Bu isə öz növbəsində, silahlanmanı, konfrantasiyanı və yekun nəticə olaraq, hərbi əməliyyatların bərpa olunması təhlükəsini aktuallaşdıracaq.
Təbii ki, bunu nə ABŞ, nə də Avropa İttifaqı arzulayır.
Rusiya rəhbərliyi artıq anlamağa başlayıb ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da "dondurulmuş" vəziyyətdə saxlanması və status-kvonun qorunması çətin olacaq. Və bu ümumiyyətlə mümkün deyil. Belə olan təqdirdə, niyə Yerevan Azərbaycanı qane edəcək kompromislərə (bunun müqabilində, Azərbaycan qar-şısında da müəyyən şərtlərin qoyulması ilə) sövq edilməsin? Bununla Rusiya həm də Gürcüstanla müharibədən sonra korlanmış beynəlxalq imicini də düzəldə bilər. Üstəlik, Vaşinqtonla Brüssel də Dağlıq Qarabağ probleminin həlli prosesinin "dalandan çıxarılması" üçün cəhdləri artırır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bu günlərdə bildirib ki, yayda həmsədr ölkələrin prezidentləri Obama, Medvedev və Sarkozinin məhz bu məsələ ilə əlaqədar görüşməsi mümkündür.
Bütün bunlarla yanaşı, həm Rusiya, həm də Azərbaycanda əksər analitiklər və siyasətçilər iddia edirlər ki, Moskva əslində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini irəli aparmağı düşünmür - o ya bunu istəmir, ya da bacarmır. Lakin birincisi, söhbət heç də münaqişənin tam həllindən yox, onun "dalandan çıxarılmasından", ermənilərin Dağlıq Qarabağ ətrafındakı ərazilərin böyük hissəsini və ya hamısını boşal-tmasından gedir. Bu, müharibənin bərpası təhlükəsini tam aradan qaldırmasa da, xeyli azaldacaq. 
Hadisələrin belə inkişafı isə Rusiya isteblişmentindəki yalnız enerji yox, həm də hərbi-sənaye kompleksi ilə əlaqəli konkret qrupların marağındadır.
Xatırladaq ki, Rusiyanın ABŞ-ı Avropada hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirməkdən çəkindirmək üçün əks arqumenti məhz Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı təklifdir. Bu RLS-in icarə müddəti 2012-ci ildə başa çatacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmayacağı təqdirdə, Bakının RLS-dən Rusiyanın, hətta ABŞ-la birlikdə olsa belə, istifadəsinə razılıq verməsi çətin məsələdir.
Silah bazarında rəqabətin artdığı dönəmdə Rusiya hərbi-sənaye kompleksinin də nəzərləri çoxdan Azərbaycana dikilib. "Rosoboroneksport"un rəsmisi Vyaçeslav Davidenko "Kommersant" qəzetinə bildirib ki, onlar MDB üzvləri, həmçinin Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığı prioritet sayırlar. Lakin başqa ölkələrdən fərqli olaraq, Azərbaycan silah-sursatı havayı və ya güzəştli qiymətlərlə istəmir: Bakı müasir silahların real qiymətini ödəməyə hazırdır. Problem ondadır ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Azərbaycan Ermənistanın strateji tərəfdaşı olan Rusiyadan silah-sursat armaqdan çəkinir. Moskva isə öz növbəsində Bakıya böyük həcmdə müasir silah-sursat verməyə risk etmir. Çünki bu, münaqişə tərəfləri arasında hərbi balansı poza, hərbi əməliyyatların bərpası halında isə həmin silahlar Rusiyanın strateji tərəfdaşı olan Ermənistana tuşlana bilər. Münaqişənin həlli prosesinin irəliyə aparılması, müharibə riskinin azalması Rusiya hərbi-sənaye kompleksinin Azərbaycan bazarına çıxması qarşısındakı maneəni aradan qaldırır. Bu isə nəinki ciddi iqtisadi gəlir deməkdir, həm də Rusiya ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığının güclənməsinə səbəb olardı.
Məhz bu məqamlarda qarşılıqlı maraq ən yüksək səviyyələrdə etiraf olunur. Hər iki prezident bildirib ki, ölkələr arasındakı müsbət əlaqələrə dövlət başçılarının "şəxsi dostluğu" da təsir göstərir. İ.Əliyev D.Medvedevlə görüşünün lap əvvəlində kameralar qarşısında bildirib ki, "Rusiya Azərbaycanın dostu, strateji tərəfdaşıdır və münasibətlərimiz bu əsasda inkişaf edəcək".
Sonda enerji sahəsində əməkdaşlıq haqda. İlham Əliyevin Moskva səfəri ərəfəsində və səfərin gedişində KİV-də "Qarabağ əvəzinə qaz" razılaşması haqda xeyli spekulyasiyalar yer alıb. Məsələ, əlbəttə ki, bu cür deyil. Lakin bir fakt da var ki, bütün ötən illər ərzində məhz enerji sahələrinə rəhbərlik edən şəxslər Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılmasının lobbiçiləri kimi çıxış ediblər. Xatırladaq ki, D.Medvedev Rusiya prezidenti seçilənədək uzun müddət "Qazprom"un Müşahidə Şurasına rəhbərlik edib.
Məlum olduğu kimi, Rusiyanın qaz nəhəngi ilə Azərbaycan Dövlət Neft Şirkəti bu ilin martında  2010-cu ilin yanvarından qaz nəqli haqda razılığın əldə edilməsi istiqamətində danışıqlara başlamaq qərarı veriblər. Hələ ki, söhbət "Qazprom"un "Şahdəniz" yatağının ikinci fazasında hasil olunan "mavi yanacaq"ı tam həcmdə almasından getmir. Tərəflər ilk mərhələdə Sovet dönəmindən mövcud olan "Bakı-Novo-Fili" qaz kəməri ilə 1,5-2 milyard kubmetr "mavi yanacaq"ın nəqlini nəzərdən keçirirlər. Tərəflər boru xəttini təftiş etmək və lazımi müasirləşdirməni həyata keçirmək haqda da razılığa gəliblər. Lakin bu, hələ başlanğıcdır və nəql ediləcək qazın həcmi "Şahdəniz" yatağının ehtiyatları da daxil edilməklə, asanlıqla 5 milyard kubmetrə çatdırıla bilər. Axı, Rusiya "LUKoyl"un simasında sözügedən layihədə 10% paya malikdir.
Moskva səfəri zamanı enerji sahəsində əməkdaşlığa toxunan İ.Əliyev deyib: "Azərbaycan üçün bu sahədə əməkdaşlıq həm də qaz təchizatının diversifikasiyasıdır. Çünki Azərbaycan qazı bu gün Qərb istiqamətində nəql edilir. Digər dövlətlər kimi, biz də təbii ki, təchizatın diversifikasiyası və yeni bazarlara çıxışda maraqlıyıq. Ümid edirəm ki, enerji, xüsusilə təbii qaz sahəsində əməkdaşlıq qarşılıqlı səmərəlilik şərti ilə mehriban qonşuluq ruhunda həyata keçiriləcək. Üstəlik, biz qonşuyuq və aramızda tranzit ölkə yoxdur. Bizim kifayət qədər effektli infrastrukturumuz var, boru xətlərinin çəkilməsi üçün əlavə xərclər gərək deyil".
Rusiyanın bu əməkdaşlıqdan birbaşa xeyri Dağıstan və digər sərhəd ərazilərin Azərbaycan qazı ilə təmin edilməsi ola bilər. Belə olan halda Rusiyanın bu məqsədlər üçün Şimal Buzlu Okeanın sahillərindən və ya Orenburqdan qaz nəql etməsinə ehtiyac qalmayacaq. Gələcəkdə isə "Qazprom"la ARDNŞ arasında rəqabətə görə üçüncü ölkələrin bazarlarında qazın qiymətinin aşağı salınmaması və bir-birinin maraqlarına zidd olan layihələrin reallaşmasına səy göstərməməsi baxımından, daha vacib razılaşmanın əldə edilməsi mümkündür.

  • Bütün qeyd olunanların Azərbaycanın Moskvaya tərəf əyilməsi kimi şərh olunması isə (bəzi KİV-də olduğu kimi) tezdir. Bakı Rusiyanın yaratdığı birliklər sistemində (KTMT, Avroasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və s.) iştirakda maraqlı olduğunu deməyib, Türkiyə ilə strateji birlikdən boyun qaçırmayıb, həmçinin GUAM, NATO və Avropa İttifaqı ilə tərəfdaş münasibətlərindən imtina etməyib. Azərbaycan rəhbərliyi çoxistiqamətlilik və balanslaşdırılmış siyasət çərçivəsində sadəcə Rusiya ilə əməkdaşlıq siyasətinə daha möhkəm baza yaradır və o, real, əhəmiyyətli qarşılıqlı maraqlara əsaslanır. Bakı Moskvanı əmin etmək istəyir ki, Azərbaycanı Qarabağ münaqişəsini "dondurmaqla" ram etməyə cəhd göstərməkdənsə, Bakı ilə əməkdaşlıq daha sərfəlidir. Çünki hazırda Azərbaycan olduqca güclüdür və ölkəni onun müstəqillik və suverenliyi ilə bir araya sığmayan aşağılayıcı qərarların qəbuluna məcbur etməyin qeyri-mümkünlüyünü hamı anlamalıdır.

MƏSLƏHƏT GÖR:

433