15 Mart 2025

Şənbə, 00:24

BÖHRANDAN DA YARARLANMAQ OLARMIŞ

Əgər müəssisələrdə düzgün idarəetmə sistemi qurularsa, bunu gerçəkləşdirmək mümkündür

Müəllif:

15.04.2009

Dünyada tüğyan edən maliyyə-iqtisadi böhran göstərir ki, istənilən biznes layihəsinin dayanıqlığının başlıca şərti savadlı idarəetmədir. Hətta bu çətin zamanlarda belə insan ehtiyatlarının lazımınca idarəedilməsi və xammal sərfinin azaldılmasına əsaslanan düzgün strategiya seçməklə, gəlirlə və işçi heyətini ixtisar etmədən də işləmək müm-kündür. 

Bəli, bu gün Azərbaycan düşün-ülmüş iqtisadi siyasəti və xüsusilə də Milli Bankın tutduğu maliyyə-kredit siyasəti hesabına böhrandan zərər çəkməyib. Bankların ciddi problemləri olması barədə həyəcanlı xəbərlər yoxdur, həm də ölkənin xarici borclarının qaytarılması ilə də bağlı problemlər yaşanmır. Son illərdə neftdənkənar bölmənin inkişafına yönəldilmiş səylər, iqtisadiyyatın ən müxtəlif sahələrində yeni istehsal xətlərinin yaradılması gerçək nəticələr verməyə başlayıb. 

Düzdür, bununla yanaşı bəzən mətbuatda bir sıra müəssisələrdə istehsal həcmlərinin azalması və ixtisarlar barədə məlumatlara da rast gəlmək olur. Ancaq ekspertlər bildirirlər ki,  bu, bir tərəfdən dünyadakı vəziyyətin mənfi təsirləri ilə bağlı olsa da, digər tərəfdən müəssələrin idarə edilməsindəki qüsurlarla əlaqəlidir. Böhran möhkəmlik sınağıdır və bu sınaqdan yalnız güclülər itkisiz çıxa bilirlər. Buna görə də yeni bazar şərtləri bir sıra dözümsüz müəssisələri birləşmək məcburiyyətində qoyar ki, bu da Azərbaycandakı bazar münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxara bilər. 

Bildirmək gərəkdir ki, indiki durumda biznesin ən təhlükəsiz növü kimi yeyinti sənayesi üzrə layihələr sayılır. Ancaq böhranın birbaşa təsiri nəticəsində əhalinin ayrı-ayrı kateqoriyalarının gəlirlərinin azalması, ixrac imkanlarının məhdudlaşması nəzərə alınarsa, bu sektorun da çətin günlər yaşadığını görmək olar. 

Bununla belə, Azərbaycanda bu sahədəki vəziyyəti tamamilə əlverişli saymaq mümkündür. Belə ki, Azərbaycanın ən iri holdinqlərindən olan və bir sıra yeyinti sənayesi müəssisələrini birləşdirən "Azərsun Holding"dən bildirirlər ki, böhran Avropa ölkələrinə ixrac imkanları yaradıb. 

Böyük ehtimalla, bu məsələdə müəssisənin uğuru xammalın becərilməsi və yığılmasından tutmuş emalı və qablaşdarılmasına qədər bütün prosesləri əhatə edən kompleks istehsal yaradılması ilə bağlıdır. Yəni bütün hər şey holdinqin daxilində istehsal edilir və bu, yalnız xərclərin azaldılmasına deyil, həm də ayrı-ayrı fermer təsərrüfatlarının da inkişafına səbəb olur. Bu isə regionlarının ümumi inkişafında öz əksini tapır və işçi qüvvəsinin əyalətlərdən paytaxta axmasının qarşısını alır. 

Böhran və tələbatın azalması ilə bağlı olaraq, istehsal həcmlərinin azalmasına gəldikdə isə, bu prosesin indiki halda "Azərsun"a təsir göstərmək ehtimalı həddindən azdır. Məsələ bundadır ki, daha geniş maddi imkanlara malik xüsusi kateqoriya istehlakçılar üçün nəzərdə tutulmuş məhsullar ümumi istehsalda az paya malikdir. Əgər əvvəl 100 məhsul növündən 20-si lüks, 60-ı orta və 20-si aşağı sinfə aid idisə, indi bu "yüzlüyün" strukturunun daxilində də dəyişikliklər gedə bilər. Başqa sözlə, böhran istehlakçı kateqoriyaları faizini dəyişə bilər. Məsələn, "Veqa" yağlarının istehlak həcmlərinin azalması, amma daha ucuz "Gülüm" və "Möcüzə" yağlarınınsa istehlakının artması tam mümkündür. Çay və başqa məhsullarda da eyni hadisə baş verə bilər. 

 Bir az da qiymət siyasəti haqqında danışaq. Bəllidir ki, böhran az qala bəzi məhsul növlərinin qiymətinin iflasına səbəb olmuşdu. Və bu, birjalardakı təkcə nefti əhatə etməyən ötən ilki sıçrayışlardan sonra baş vermişdi.  Yeni ekoloji təmiz yanacaq növlərinin tətbiq edilməsi barədə verilən bəyantaların fonunda ərzaq və başqa yağların birjalarında oxşar durum yaşanmışdı. Onda qiymətlər fantastik yüksəkliyə qalxmışdı. Ancaq bu prosesin Azərbaycanın daxili bazarına təsiri, demək olar ki, yaşanmamışdı. Yerli istehsalçılar, o cümlədən "Azərsun" başqa yolla getdilər. Xammal üçün əkin sahələrini artırdılar, istehsal həcmlərini genişləndirdilər. İmişlidə yeni bitki yağı emalı zavodunu işə saldılar. Bununla da qiymətləri sabit saxlamağı bacardılar. Ona görə də dünya bazarlarındakı proseslər daxili bazarda məhsulların qiymətində ciddi problem yarada bilmədi. 

 Bununla yanaşı, bu, heç də o demək deyil ki, Azərbaycanın iri müəssisələrində böhranla bağlı heç bir mənfi dəyişiklik gözlənilmir. İş yerlərinin bağlanması və bir sıra istehsal xətlərinin dayandırılması ilə bağlı mövcud olan faktlar istənilən sahibkarı özünəməxsus şəkildə böhran əleyhinə tədbirlər planı işləməyə məcbur etməlidir. "Azərsun" üçün bu zaman bir nömrəli iş, hətta gəlirin məbləği azalsa da, bir dənə də olsun işçisinin ixtisarına yol verməməkdir. 

Prinsipcə, holdinq üçün bu öhdəliyi yerinə yetirmək o qədər də çətin olmayacaq. Çünki bu il dörd yeni müəssisənin işə salınması gözlənilir. Bu, yodlanmış duz zavodunun, Kürdəmirdə süd emalı fabrikinin, Sumqayıtda kağız tullantlarının təkrar emalı zavodunun və İmişlidə daha bir zavodun açılışı olacaq. Yəni çətin vəziyyətdə köhnə müəssisələrin bəzi işçilərini yenilərə göndərmək də mümkündür.

Bununla belə, yerli istehsalçıya yardım göstərilməsi üçün dövlətin köməyinə ehtiyac var. Ölkənin iri şirkətlərinin təmsilçiləri hesab edirlər ki, yeni qanunvericilik aktlarının qəbul edilməsi bu sahədə artımı daha da stimullaşdıra bilər. Məsələn, indi cəmiyyətin sosial problemlərinin həllinə diqqət yetirən şirkətlərlə bu sahəyə fikir verməyən müəssisələrin vergi yükü eynidir. Bu məsələyə differensiallaşdırılmış yanaşmanın tətbiqi şirkətlərin sosial həyata marağını artıra bilər. 

Eyni zamanda, düzgün idarəetmə şəraitində böhrandan, hətta yararlanmaq da mümkündür. Məsələn, "Azərsun" üçün yeni ixrac imkanları yaranıb. Holdinq öz məhsullarını Şərqi Avropaya, konkret olaraq, Bolqarıstana göndərməyə başlayıb. Təklif edilən şərtlər və keyfiyyət uyğun gəldiyindən orada Azərbaycanda istehsal edilmiş məhsullara tələbat yaranıb. 

Əgər holdinq işə başladığı yoxsul 90-cı illərdə sadəcə insanları "doydurmağı" və onları ilkin tələbat malları ilə təmin etməyi qarşısına məqsəd qoymuşdusa, indi işi xeyli çətinləşib, yerli və xarici rəqabətə dözümlü olmalıdır. 

Holdinqin bütün müəssisələrində 19 ulduzlu keyfiyyət standartları tətbiq edilir, regionda analoqu olmayan xüsusi laboratoriyalar tikilib və orada məhsulun keyfiyyəti yoxlanır. Bu cür standartların olması, həmçinin ISO standartlarına uyğunluq holdinqə öz məhsullarını nəinki MDB ölkələrinə, həm də Avropaya və Amerikaya da ixrac etməyə imkan verir. 

Qeyd edək ki, "Azərsun"un istehsal etdiyi və Azərbaycan Kulinariya Assosiasiyası tərəfindən təqdim edilən zeytun yağı,  zeytunun vətəni Yunanıstanda birinci yer tutub. İmişli zavodunda istehsal edilən şəkər isə sərinləşdirici içki istehsal edən tanınmış  müəssisələr tərəfindən alınır. Hazırda holdinq öz məhsulları üçün daha estetik tara istehsalı üzərində işləyir və bu,onların rəqabətə dözümlülüyünü daha da artırmalıdır. 


MƏSLƏHƏT GÖR:

389