
QITLIQDAN BOLLUĞA
Azərbaycanın kənd Təsərrüfatı Nazirliyi əmindir ki, bu il ölkənin taxıl təminatında problem olmayacaq
Müəllif: Zeytulla CABBAROV Bakı
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan hökumətinin iqtisadi böhranın dəf edilməsi ilə bağlı yeddi priaritet istiqamətlərindən biridir və 2009-cu ildə də Nazirlər Kabineti əhalinin strateji ərzaq məhsulları ilə tam təmin olunmasını qarşısına məqsəd qoyub. Ölkə bu istiqamətdə çox şeylər etməlidir, o cümlədən daha böyük taxıl idxalı ehtiyacının qarşısı alınmalıdır. Bu istiqamətdə yararlı tədbirlərdən biri fermerlərə subsidiyaların verilməsi, onların gübrə ilə təchiz edilməsi və bunları güzəştli şərtlərlə gerçəkləşdirməkdir. Bütün bunlar ölkədə ərzaq buğdası istehsalını artırmağa xidmət edir.
Və bu təsadüfi deyil. Çünki çörək ərzaq səbətinin əsas qidasıdır. Başqa ərzaq məhsullarının qiyməti də ona uyğun olaraq müəyyən edilir. Buğda tarlalarının sahələrinin genişləndirilməsinə və ərzaq buğdası istehsalının artırılmasına göstərilən qayğı əhalinin ərzaq məhsulları ilə etibarlı təmini üzrə dövlət proqramının əsasında durur. Proqramın gerçəkləşdirilməsində yalnız mərkəzi və yerli icra hakimiyyətləri deyil, həm də zəhmətkeş kəndlilər, çoxsaylı fermer təsərrüfatları, azad bazarın özəl strukturları fəal iştirak edirlər.
Dünya tənəzzülü
Beynəlxalq təşkilatların məlumatlarına görə, bu marketinq ilində dünya üzrə buğda məhsulu 684 mln ton təşkil edəcək. Qeyd edək ki, proqnoz 1,6 mln ton artırılıb. Çünki Kanadada ötən il məhsul artımı 1,3 mln ton, Braziliyada 0,4 mln ton, AB-də 0,3 mln ton, Serbiyada isə 0,1 mln ton olub. Böyük Britaniyada yığım zamanı güclü yağışlar yağmasına baxmayaraq, həmçinin artım qeydə alınıb. Argentinada isə bir neçə ay davam edən quraqlıq üzündən 0,5 milyon ton azalma müşahidə edilib.
MDB-nin "taxıl" ölkələrinə gəldikdə isə Qazaxıstanda taxıl məhsullarının yığımı 16-17 mln ton təşkil edib. Payızda Qazaxıstan taxılının tonunun qiymətinin $200 olacağı gözlənilir, amma çörək-bulka məmulatlarının qiyməti əvvəlki səviyyədə qalacaq. Ukraynada isə vəziyyət fərqlidir. Orada 45 mln ton məhsul yığmağı planlaşdırırlar, bu da ötənilki səviyyədən 18% azdır.
Əgər Rusiyada 2008-ci ildə taxıl məhsullarının həcmi 100 mln ton olmuşdusa, bu il onun həcmi 90 mln tona düşəcək. Rusiya Taxıl Birliyinin prezidenti Arkadi Zloçevskinin sözlərinə görə, maliyyə böhranı məhsulun həcminə mənfi təsir göstərir, dünya taxıl bazarı daralır, deməli, ölkənin ixrac imkanları da məhdudlaşır.
Beynəlxalq agentliklərin mütəxəssislərinin proqnozlarına görə, bu il taxıl idxalı və ixracı əməliyyatları nəzərəçarpacaq dərəcədə azalacaq. Bu məsələ dünya buğda istehlakının azalması ilə bağlıdır. ABŞ İnkişaf Agentliyinin (USDA) ekspertlərinin məlumatına görə, yem taxılının da idxal və ixracında azalma müşahidə edilir. Dünya ixracı 2,3 mln ton azalacaq. Yalnız Braziliya, Kanada, Serbiya və Rusiyanın ixracı artacaq. Yem bitkilərinin istehlakı 7,4 mln. ton azalacaq və bunun əsas səbəbi ABŞ-da etanol istifadəsinin azalması ilə bağlıdır.
Beynəlxalq analitiklərin ilkin mövqeyinə görə, dünya üzrə buğda ticarəti 2009-2010-cu illərdə 7 milyon ton azalaraq, 112 milyon tona düşə bilər. Bütün əsas təchizat regionları üçün idxalın azalması proqnozlaşdırılır. Ən çox (3,2 mln ton) azalma Yaxın və Orta Şərq ölkələrinə buğda gətirilməsində baş verə bilər. Suriya, Türkiyə və İran tərəfindən buğda idxalının azalması yalnız Səudiyyə Ərəbistanının idxalı artırması ilə bir qədər kompensasiya edilə bilər. Şimali Afrika və Cənubi Asiya ölkələrinin də ərzaq buğdası idxalını azaldacağı proqnozlaşdırılır.
Ərzaq buğdası idxalının azalması ilə yanaşı xaricdən yem buğdası alınmasının da azalacağı ehtimal edilir ki, bu da hər şeydən öncə Ukrayna buğdasına tələbi azalda bilər.
Optimist proqnoz
Bütün bu gözləntilərin fonunda Azərbaycanın taxıl məhsulu ilə bağlı vəziyyəti daha optimist görünür. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik və emal şöbəsinin müdiri Sabir Vəliyevin sözlərinə görə, cari təsərrüfat ilində yumşaq buğda növlərinin istehsalı ölkənin çörəkçilik müəssisələrinin ehtiyacını tam ödəyə bilər. Bundan başqa, dövlət müəssisələri fermerlərdən artıq buğdanı alaraq elevatorlarda və başqa taxıl anbarlarında saxlayacaq. Belə halda müəssisələr dövlət sifarişçisi rolunu oynayacaqlar. Başqa sözlə, taxıl istehsalı və onun həcmləri daim dövlətin nəzarəti altında olacaq. Respublika yaxın gələcəkdə öz taxılını ehtiyacı olan ölkələrə göndərmək imkanı qazanacaq. Əldə olan məlumatlara görə, yeni məhsul ilində kəndlilərdən 250 min tona yaxın yüksək keyfiyyətli məhsul almaq düşünülür və onlar Fövqəladə Hallar Nazirliyinin terminallarında saxlanacaq.
Bildirmək gərəkdir ki, ölkə taxılçıları 2007-ci ilin payızından başlayaraq ərzaq buğdası əkinlərini yetərincə artırıblar. Bu həm də taxıl bitkilərinin məhsuldarlığında da özünü göstərib və nəticədə ötən il rekord səviyyədə məhsul əldə edildi. Bəllidir ki, 2008-ci ilin yenkunlarına görə, fermerlərin, ayrı-ayrı fərdi təsərrüfatların əmək kollektivləri 904,7 min hektar sahədə 2,5 mln. ton ərzaq buğdası, yem bitkiləri və dənli bitkilər yetişdirmişdilər. Bu zaman orta məhsuldarlıq artaraq hektar üzrə, demək olar ki, 27,6 sentner təşkil edib. Statistikaya görə, 2008-ci ilin məhsulunun 67 faizi və ya 1677,5 min tonu ərzaq buğdasının payına düşüb. Belə ki, ötən il taxıl əkilmiş sahələr 2007-ci ilə baxanda 22,3% artıb ki, bu da təxminən 165,2 min hektar deməkdir.
Özəl kənd təsərrüfatı müəssisələri keçən ilin dekabr və noyabr aylarında payızlıq buğda və arpa əkinləri üçün, həmçinin yazlıq əkinlər üçün 1 mln. 52 min hektar sahə əkiblər. Qeyd edək ki, bu, 2007-ci ilə baxanda 19% çoxdur. KTN-in məlumatında bildirilir ki, yumşaq buğda əkini üçün 807 min hektar ayrılıb, 245 min hektarda isə arpa və yem bitkiləri əkilib. Həmin sahələrdə taxıl yaxşı cücərib. KTN-in regionlarda olmuş təmsilçiləri bildirirlər ki, buğda tarlalarında bol məhsul gözlənilir.
Güzəştlər və toxumlar
Məhsulun artmasının əsas amillərindən biri hökumət tərəfindən görülən tədbirlər, yəni 80 mln. manat həcmində ssuda verilməsidir. Hökumətin bu addımları kəndlilərdə bu sahəyə, onun dirçəldilməsinə maraq oyadıb. Buğda artımına təsir göstərən ikinci amil isə keçən il respublikaya Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən Akademik Lukyanenko adına Torpaqçılıq İnstitutundan elit yumşaq buğda sortlarının gətirilməsidir. Bu növlər toxumçuluq ilə məşğul olan fermerlər arasında paylanıb. Artıq bu yay ölkədə o qədər toxum yetişdiriləcək ki, təsərrüfatlar özlərini toxumla özləri təmin edəcəklər. Bu zaman qeyd etmək lazımdır ki, məhsuldar taxıl növlərinin yetişdirilməsi ilə məşğul olan təsərrüfatların sayı ildən-ilə artır və bu gün onların sayı 50-yə yaxındır. Onların sırasında təzə yaradılmış kooperativləri də göstərmək olar - bunlar azad kəndlillərin könüllü birləşmələridir.
Misal üçün, təkcə Sabirabad rayonunun Axısqa kəndində 5 kooperativ yaradılıb, onların torpaqlarının birgə sahəsi 700 hektardır. Sabirabad Rayon İcra Hakimiyəti (İH) başçısının aqrar məsələlər üzrə müavini Heydər Yaqubovun sözlərinə görə, kəndlilər iri torpaq sahəsində işləməyin əlverişli olduğunu anlayıblar. Çünki iri sahələrdə proqressiv suvarma və becərmə texnologiyalarını tətbiq etmək mümkündür. "Məhsul bolluğunu bir və ya iki hektarda deyil, 500 hektar və artıq sahədə əldə etmək mümkündür. Beynəlxalq təşkilatlar da yalnız iri təsərrüfatlarla əməkdaşlıq etmək istəyirlər", - deyə H.Yaqubov bildirib.
İmişli rayonunun təsərrüfatlarında da yaxşı məhsul gözlənilir. Artıq neçə ildir ki, burada buğda əkinlərinin sahəsi genişlənməkdədir və hazırda 20 min hektara çatıb. "Taxıl bitkilərinin istehsalı bizim rayonun kənd təsərrüfatının strukturunda prioritet istiqamətdir", - deyə rayon İH başçısının müavini Fərrux Mirzəyev bildirir. Ötən il buradakı fermerlər 54 min tondan çox taxıl becərib və tədarük ediblər. Ötən payız payızlıq arpa və buğda əkinləri üçün 19 min hektar yer ayrılıb ki, bu da əvvəlki illərin göstəricisindən xeyli çoxdur. "Bütün torpaq sahələrinə yumşaq buğda növləri əkilib. Bitkiləri yaxşı suvarıb və gübrələmişik. Həşaratlara və ziyanvericilərə qarşı dərman preparatları vurulub. Bu, bizim əkinçilərə hektardan məhsuldarlığı 35 sentnerə qaldırmağa imkan verəcək, bizim proqnozlara görə, buğda istehsalı 60-65 min ton səviyyəsinə qalxacaq", - deyə F.Mirzəyev bildirib.
Bildirmək lazımdır ki, bu yaxınlarda hökumət ölkədə taxıl becərilməsini stimullaşdıran daha bir çox önəmli qərarlar qəbul edib. Bəllidir ki, bir il qabaq Nazirlər Kabineti taxıl idxalını əlavə dəyər vergisindən (ƏDV) azad etmişdi. 1 may 2009-cu il tarixdən isə ölkə hökuməti tərəfindən ərzaq buğdası və unu idxalına ƏDV tətbiq edilir. Təbii ki, görülən tədbirlər ölkənin taxıl bazarına müsbət təsir göstərəcək və kəndlilər öz məhsullarını maneəsiz şəkildə əlverişli qiymətə sata biləcəklər. Başqa sözlə, bu qərar yerli taxılçıları xarici bazar qiymətlərinin təsirindən qoruyacaq.
MƏSLƏHƏT GÖR: