15 Mart 2025

Şənbə, 23:52

MƏQAMI ƏLDƏN VERMƏMƏLİ

Analitiklərin fikrincə, indi azərbaycanda mənzillərin qiyməti ən aşağı səviyyəyə düşüb

Müəllif:

15.04.2009

Bahar yalnız təbiətin deyil, həm də bütün canlı aləmin oyanış dövrüdür. Nə qədər qəribə də olsa, havaların istiləşməsi ilə dünya iqtisadiyyatındakı gərginliyin azalmasının ilk əlamətləri peyda olmağa başlayıb və adama elə gəlir ki, böhranın fırtınası sakitləşməyə başlayır. Dünya bazarlarında artıq böhranın "dib"inin çatması fikrinin tərəfdarları gündən-günə artmaqdadır. Sənaye istehsalının azalması templəri yavaşıyır, xammal bazarları canlanır, işsizlik səviyyəsinin, deflyasiya meyillərinin artım templəri azalır. ABŞ-da əmlak bazarının bərpası əlamətləri görünməyə başlayıb, fərdi istehlakın azalması dayanıb. 

 

"Ümid parıltıları"

Bu barədə ilk dəfə ABŞ prezidenti Barak Obama ötən günlərdə Ağ evdə Federal Kəşfiyyat Xidmətinin (FKX) başçısı Ben Bernanke, mailyyə naziri Timoti Qeytner və başqa yüksəkçinli maliyyəçilərlə görüşündə bildirib. "Amerika iqtisadiyyatının vəziyyətində müəyyən proqres əlamətləri müşahidə edilir. Amma bununla yanaşı, o hələ də güclü təzyiq hiss edir",- onun bu sözlərini "Reuters" dərc  edib. O hesab edir ki, kiçik biznesin maliyyələşdirilməsi ilə bağlı vəziyyət müəyyən "ümid parıltıları" verir. Bundan başqa, Amerika prezidenti bildirib ki, Amerika əmlak bazarının təkrar maliyyələşdirilməsi həcmlərində önəmli artım var. "Biz hələ çox işlər görməliyik, amma müəyyən proqres artıq görünməkdədir",- deyə Obama vurğulayıb. 

Bildirmək gərəkdir ki, ABŞ-ın əmlak bazarında son iki ayda müşahidə edilən canlanma hətta analitiklərdən ötrü də gözlənilməz olub. Statistik göstəricilərə əsasən, fevral ayında ABŞ-da 583 min mənzil istismara verilib. Halbuki bir ay qabaq bu rəqəm güc-bəla ilə 477 minə çatmışdı. Bu, son 50 il üzrə ən aşağı göstəricidir. Bundan başqa yeni binaların tikintisinə icazə üçün müraciətlərin həcmi 3%  artıb. 

Sirr deyil ki, dünya böhranı Azərbaycanın da əmlak bazarına təsir göstərib -  bir sıra şirkətlər gözləmə mövqeyi tutublar və artıq başlanmış yeni binaların tikintisini dayandırıblar. Əmlakçılar isə artıq hazır mənzillərə alıcı axtarırlar, alıcılar isə mənzil almağa tələsmirlər, qiymətlərin daha da düşməsini gözləyirlər.  

"Caspian Property Services" qiymətləndirmə şirkətinin marketinq üzrə direktoru Elnur Azadovun sözlərinə görə, 2008-ci ilin dördüncü rübündə Azərbaycan daşınmaz əmlak bazarında tələb 20%  azalıb. Bununla yanaşı, Bakının kommersiya obyektləri  bazarında müəyyən canlanma müşahidə edilir. Belə ki, fevral ayında kommersiya obyektlərinin alınıb-satılması üzrə əqd bağlanmasının dinamikası yanvara baxanda 2,3% artıb, halbuki 2008-ci ilin uyğun dönəmi ilə müqayisədə 16,5% azalıb. Kommersiya obyektlərinin icarə qiymətləri isə 2,5% aşağı düşüb. Fevralda qeyri-yaşayış obyektləri bazarında fəallığın aşağı olması üzündə təkliflər 3,6% azalıb. Bağlanan əqdlər yanvar ayına 1,6% aşağı düşüb. Fevralda qeyri-yaşayış obyektləri bazarında orta qiymət 0,3% azalaraq, hər kvadratmetr üçün $3,44 olub. 

Bununla yanaşı, paytaxtda yaşayış sahəsi qiymətləri artıq iki aydır ki, dəyişməz qalır. "Belə olan durumda ilin sonuna kimi bazardakı vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir",- deyə E. Azadov vurğulayır. Qeyd edək ki, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin məlumatına görə, fevralda Bakının ilkin bazarında 1 kv.m mənzil sahəsinin qiyməti 2,5% azalaraq $1078-ə düşüb, yanvarda isə bu, $1106-a bərabər idi.

 

Bundan aşağı yer yoxdur?

Nə baş verir? Yerli bazara dünyada gedən meyllər təsir edir və ya bu, tikinti şirkətlərinin sövdələşməsidir? 

Əlbəttə, yuxarıda qeyd edildiyi kimi Azərbaycan bazarı xarici amillərin təsirinə məruz qalıb. Amma burada hər şeydən öncə təmiz ticari maraqlar da var. Məsələ məhz şirkətlərin qiyməti artıq bundan aşağı sala bilməməsi ilə bağlıdır. Qiymətlər "dibə" dirənib. 

Azərbaycanın həm elit, həm də orta təbəqə üçün mənzillər tikən iri tikinti şirkətlərindən birinin təmsilçisinin sözlərinə görə, yaxın gələcəkdə Bakıda mənzillərin qiymətinin düşməsi gözlənilmir. "Prinsipcə, biz elit mənzillərin qiymətini dəyişməmişik, çünki bizim bu seqmentdən olan müştərilərimizin alıcılıq qabiliyyəti dəyişməyib. İkincisi, paytaxtın ən yaxşı rayonlarında olan bu mənzilləri indi sata bilməsək də, iki-üç il sonra biz onları çox əlverişli qiymətə sata biləcəyik. Elit mənzillərin qiyməti həmişə belindədir, çünki yüksək keyfiyyətlidirlər, şəhərin mərkəzində yerləşirlər, bir qayda olaraq yaxşı xarici və daxili infrastruktura malikdirlər", - deyə o, "Region plus"un təmsilçisinə bildirib. 

Elit mülklərə baxanda, biznes-klass mənzil bazarı maliyyə böhranının təsiri altına daha çox düşüb. Bunun sübutu sözügedən mənzillərə tələbatın azalmasıdır. Artıq ötən ilin sonlarından bu mənzil növlərinə tələbatın azalması və bu sahədə qiymətlərin aşağı düşməsi müşahidə edilir. Özü də bu, müxtəlif cür baş verir - çox vaxt müştərilərə müxtəlif uduş kampaniyaları təklif edilir. Ya da ki müştərilərə "mənzil al, birini də hədiyyə verək" kimi təkliflər edilir, faizsiz kreditlər vəd edilir və s. Amma bütün bunlar müştəridə qiymətlərin bundan sonra da düşəcəyinə ümid yaradır. 

"Son  iki ayda qiymətlərin dəyişməz qalması göstərir ki, tikinti şirkətləri endirim prosesini dayandırıblar. Məsələ bundadır ki, bu gün təklif edilən obyektlər 2-3 il əvvəlin tikinti materiallarının qiyməti əsasında tikiliblər. Şirkətlər artıq müəyyən qədər öz mənfəətlərinin azalmasına gediblər. Amma heç bir biznesmen tam mənfəətdən imtinaya getməz",- deyə tikinti şirkətinin təmsilçisi bildirib. 

Bununla yanaşı, bu gün qlobal böhranın yumşalması və Azərbaycanda dövlət ipotekasının bərpası ilə ipoteka bazarında gözlənən canlanma fonunda mənzil qiymətlərinin indiki aşağı səviyyədə qalıb-qalmayacağı barədə proqnozlar vermək çətindir. İpoteka bazarının canlanması məhz orta klass mənzillərə tələbatı artıracaq. Əmlak qiymətlərinin öz yerinə qayıtmasına başqa bir təkan dünya bazarlarında neftin qiymətinin qalxmasından gələ bilər. Çünki bu, Azərbaycan iqtisadiyyatının maliyyə imkanlarına birbaşa təsir edə bilər. 


MƏSLƏHƏT GÖR:

525