15 Mart 2025

Şənbə, 00:40

ZAMAN GÖSTƏRƏR…

Londonda yeni dünya düzəninin əsası qoyuldu?

Müəllif:

15.04.2009

G20-nin Londonda keçirilən sammitinin iştirakçılarının qrup halında şəkil çəkdirmək istəyi baş tutmayıb. Əvvəlcə buna Kanadanın baş naziri Stiven Xarper imkan verməyib - deyilənlərə görə, o, "ən məsuliyyətli" anda qəfildən tualetə gedib. 

Düzdür, rəsmi versiya bir qədər fərqlidir - həmin an hökumət başçısının öz nümayəndə heyətinin üzvləri ilə məsləhətləşmələrdə olduğu iddia edilir.

İstənilən halda, Xarperin həmkarları fotoaparat önünə onsuz çıxmalı olublar. Bir qədər sonra Xarperin mətbuat katibi xüsusi bəyanatla çıxış edərək, baş nazirin sammitə "şəkil çəkdirmək üçün gəlmədiyini" xatırladıb. 

Bütün bunlara rəğmən, sonda "iyirmilik"in şəkilində Xarper də əks olunub. Lakin bu dəfə İtaliyanın baş naziri Silvio Berluskoni və İndoneziya prezidenti Susilo Bombanq Yudoyono həmkarlarının arasında olmayıblar - onlar hardasa öz işlərində imişlər. Dünyanın aparıcı dövlətlərinin liderlərinin isə həmkarlarını gözləmək üçün bu dəfə səbrləri çatmayıb. Odur ki, sammitdən tarixdə qalacaq şəkildə bütün iştirakçılar tam tərkibdə əks olunmayıb.

Dünya liderlərinin uzlaşa bilmədikləri bu məqamı nəzərə almasaq, ümumilikdə sammit uğurlu keçib - aşkar bədbin gözləntilərin əksinə olaraq, forum konkret qərarların qəbulu ilə başa çatıb. Bəziləri hətta bu qərarları müharibədən sonra qurulmuş və "yeni dünya düzümü" və azad bazarların qurulması ideyasını əsas götürən ingilis-sakson kapitalizminin sonu da adlandırırlar.

Qeyd edək ki, G20-yə Avropa İttifaqı, ABŞ, Kanada, Çin, Yaponiya, Rusiya, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Avstraliya, Braziliya, Argentina, Meksika, Hindistan, İndoneziya, Türkiyə, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Cənubi Afrika Respublikası daxildir. Dünya əhalisinin üçdə ikisi, dünya ticarətinin 80%-i və dünyanın ümumi daxili məhsulunun 90%-i bu dövlətlərin payına düşür. Odur ki, bu dövlətlərin mövqeyi xüsusi çəkiyə malikdir.

Bu dəfə görüşdə BMT-nin baş katibi Pan Qi Mun, Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozu, Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankının, ASEAN-ın və digər beynəlxalq institutların nümayəndələri də qatılıblar.

"Biz yeni konsensus əldə etdik və dünya iqtisadiyyatının səviyyəsini bərpa etmək üçün plan hazırladıq. Gələcəkdə anoloji böhranların baş verməməsi üçün yeni sistemin əsasını qoyduq. Biz böhranla mübarizə aparılmasının, hər bir ölkənin lazımi tədbirlər həyata keçirməsinin vacibliyinə dair yekdil fikrə gəldik", - deyə Böyük Britaniyanın baş naziri Qordon Braun bildirib. 

O, xüsusi qeyd edib ki, sammitdə "parçalanma olmayıb".

Halbuki sammitdən ciddi fikir ayrılıqları da var idi. Dünyanın informasiya agentliklərinin məlumatına görə, sammitin əsas iclası zamanı G20 liderləri arasında yekun qətnamənin mətnilə əlaqədar ciddi fikir ayrılıqları yaranıbmış. Xüsusilə Fransa prezidenti Nikolya Sarkozi dünyanın maliyyə sistemində islahatlara başlanması məsələsinin "diskussiya obyekti olmadığını" bildirib və bu fikrinin üzərində israrla dayanıb. "Biz Londonda irəliləyişə nail olmasaq, mənim oturduğum kürsü boş qalacaq. Mən sammiti tərk edəcəyəm", - deyə Sarkozi qeyd edib. 

Lakin sonda o da London sammitinin yekunlarından razı qalıb və bildirib ki, "iyirmilik" "bütün gözləntiləri doğruldub".

Almaniya kansleri Angela Merkel bildirib ki, Londonda əldə edilmiş razılaşmalar "həddindən artıq yaxşı, hətta tarixi kompromislərdir". Onun fikrincə, toplantıda həyata keçirilməsi razılaşdırılmış tədbirlər dünya üçün "dəqiq maliyyə arxitekturası" verib.

Rusiya prezidenti Dmitri Medvedev isə deyib: "20-25 il əvvəl bu qədər fərqli iqtisadiyyata, mentalitetə, tarixi ənənələrə malik müxtəlif dövlətlərin bir masa arxasında əyləşərək belə çətin situasiyada necə hərəkət etmək haqda qısa zamanda razılığa gəlməsini təsəvvür etmək olmazdı". 

Bununla yanaşı, Medvedev maliyyə böhranından çıxılmasının "istəniləndən daha çox vaxt aparacağını" söyləyib.

ABŞ prezidenti Barak Obama da London sammitində razılaşdırılmış qərarların vaxtında qəbul edildiyini, cəsarətli olduğunu, "qlobal iqtisadiyyatın dirçəldilməsində dönüş nöqtəsi ola biləcəyini" söyləyib.

Beləliklə, sammitdə 2010-cu ilin sonunadək dünyanın maliyyə sisteminin sabitləşdirilməsinə 5 trilyon dollar vəsait yönəldilməsi razılaşdırılıb. Bu məbləğin istehsalın səviyyəsini 4% artıracağı, istehsalı ekoloji cəhətdən təmiz və enerjidən istifadə baxımından, qənaətcil edəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları 1,1 trilyon dollar əldə edəcək. Ondan 750 milyon dolları BVF-yə ayrılacaq və bu məbləğ yoxsul dövlətlərə yardıma, kreditlərin bərpasına, iş yerlərinin yaradılmasına və s. xərclənəcək. 

İnkişaf etməkdə olan ölkələr də BVF-də xeyli səsə sahib olacaqlar və bu, onların təşkilatda nüfuzunu artıracaq. 

250 milyard dollar maliyyə-ticarət sahəsinin dəstəklənməsinə xərclənəcək.

Sammitdə yeni beynəlxalq ehtiyat valyutasının yaradılmasından söhbət getməsə də, Qordon Braun bildirib ki, bu məsələ növbəti dəfə "dəqiqliklə öyrənilə və qaldırıla bilər".

Daha bir vacib antiböhran tədbiri maliyyə bazarı və alətləri üzərində nəzarətin sərtləşdirilməsidir. "Bizim yaratmağa çalışdığımız daha qlobal və daha yaxşı tənzimləyici sistem qlobal inkişafı dəstəkləyəcək, biznes və vətəndaşların ehtiyaclarının ödənməsinə xidmət edəcək. G20 liderləri bütün vacib maliyyə institutları, alətləri və bazarlarının idarəolunmasını gücləndirmək haqda razılığa gəliblər", - deyə sammitə ev sahibliyi edən Q. Braun qeyd edib.

"Qara" siyahıya Kosta-Rika, Malayziya, Filippin və Uruqvay düşüb. Lixtenşteyn, Belçika, İsveçrə, Monako, Qibraltay, Andorra və San-Marinonun, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) da daxil olduğu, daha 38 dövlət "boz" siyahının üzvlərinə çevriliblər - onlar dünya standartlarını qəbul etmiş, lakin qanunvericiklərini ona uyğunlaşdırmamış ölkələrdir.

Qeyd olunub ki, siyahıların açıqlanmasından sonra oraya daxil olan dövlətlər və ərazilər maliyyə və bank sistemlərində şəffaflığın yradılmasına dair öhdəlik gö-türməlidirlər və onlar yalnız bu yolla dünya ictimaiyyətinin növbəti addımlarından qurtula bilərlər. Sammitin yekun kommunikesində deyilir: "Biz ictimai fondlarımız və maliyyə sistemlərimizin müdafiəsi üçün sanksiyalara əl atmağa hazırıq. Bank sirri erası keçmişdə qalır".

Məlum olub ki, artıq Filippin adının siyahıdan çıxarılması üçün addımlar atmağa başlayıb. Kosta-Rika da ilin sonunadək belə addımlar atacağını bildirib. Uruqvay və İƏİT isə artıq siyahıdan çıxarılıb - ölkə rəhbərliyi "şəffaflıq normalarına əməl edəcəklərinə və vergiqoymada informasiya mübadiləsi həyata keçirəcəklərinə" söz veriblər.

İsveçrə isə adının "boz" siyahıya salınmasını anlamadığını bəyan edib. Bu arada ABŞ İsveçrənin UBS bankını amerikalı müştərilərə çirkli pulların yuylmasında yardım göstərməkdə günahlandırıb. Bununla yanaşı, ekspertlər Barbados, Kipr və Birləşmiş Ərəb Əmirliklərinin, həmçinin "vergi cənnəti" adına iddia edə biləcək digər dövlətlərin "boz" siyahıya düşməməsinin səbəbləri üzərində "baş sındırırlar".

"İyirmilik" liderləri maliyyə institutlarının idarəolunması və onlara nəzarət çərçivəsində Maliyyə Sabitliyi üzrə Şura yaratmaq haqda da qərar qəbul ediblər. Qurum BVF ilə əməkdaşlıq şəraitində "makroiqtisadi və maliyyə riskləri haqda xəbərdarlıq etməli, onların qarşısının alınması üçün tədbirlər görməlidir". 

Maraqlıdır ki, Şuranın ingilis abbreviaturası FSB kimi səslənir və bu, sammitdə iştirak edən Rusiya nümayəndə heyətində atmaca və zarafatlarla müşayiət olunub.

Qeyd edək ki, dünyanın fond bazarları London sammitinin yekunlarına müsbət yanaşıblar və hətta neftin qiymətində artma da müşahidə olunub. Lakin əlbəttə ki, hələlik birmənalı nikbin proqnozlar vermək tezdir. Hələ ki böhranın sonu nəinki görünmür, üstəlik, əksər ekspertlər onun heç pik nöqtəsinə çatmadığını düşünürlər.

London forumunun siyasi nəticələri sırasında vahid mövqe ortaya qoymuş və beynəlxalq məsələlərdə müstəqilliyini nümayiş etdirmiş Avropa İttifaqının uğurunu qeyd etmək olar. 

ABŞ haqda isə müşahidəçilərin fikri o qədər yüksək deyil. "The Independent" qəzeti yazır ki, "görünür, prezident Obamanın ulduz statusu diplomatik çəkiyə çevrilməyib". "Ola bilsin, bu onunla bağlıdır ki, Obama öz sələflərindən fərqli olaraq, bu cür tədbirdə "dinləyici" mövqeyi seçir. Bəlkə bu da özünəməxsus yeni dövrün başlandığını göstərir. Çünki hazırda ABŞ özünün müstəsnalığı haqda fikirlərini kənara qoymaq və bütün məsələlərdə konsensusa nail olma barədə düşünür",- deyə qəzet yazır.

London sammitini dünyanın aparıcı iqtisadiyyatlarına malik dövlətlərin bir-birinə uyğunlaşması kimi də qəbul etmək olar. Müxtəlifliyə - fərqli siyasi quruluş, geosiyasi hədəflər və iqtisadi imkanlara baxmayaraq, hamı böhrandan çıxmaq istəyir. G20 sammitinin ən böyük uğuru, bəlkə də bunun reallaşdırılmasının yalnız birgə mümkün olmasının dərk edilməsidir. Nə qədər ki, dünya liderləri yalnız dialoq aparmır, həm də ortaq məxrəcə gələ bilirlər, gələcəyə müəyyən nikbinliklə baxmaq olar. Hər halda, zaman göstərəcək/.



MƏSLƏHƏT GÖR:

555