15 Mart 2025

Şənbə, 00:26

PEYK, YOXSA BAŞLIQ?

Şimali Koreyanın havaya buraxdığı raket bu ölkənin nüvə proqramı ətrafındakı problemi daha da qəlizləşdirib

Müəllif:

15.04.2009

Şimali Koreyanın göyə peyk və ya raket (bunu hələ də dəqiqləşdirirlər) buraxması gözlənilən nəticəni verdi. Bu hadisə nüvə silahının yayılmaması ilə bağlı məsələnin yenidən yüksək səviyyədə müzakirəyə çıxarılmasının vacibliyini göstərən kifayət qədər ciddi arqument oldu.

 

Peyk, yoxsa?..

2009-cu il aprelin 5-də rəsmi Pxenyan KXDR-in ölkənin şimal-şərq sahillərindəki Musudan adlanan poliqondan "Kvanmenson-2" ("Parlaq günəş") eksperimental rabitə peyki ilə "Inxa-2" ("Süd yolu") daşıyıcı raketinin göyə buraxıldığını bəyan edib. O da bildirilib ki, peykin uğurla orbitə çıxdığını sübut etmək məqsədi ilə o, Şimali Koreyanın yaradıcısı Kim İr Sen və hazırkı lider Kim Çen İr haqqında mahnıları bütün dünyaya yayacaq.

Qeyd edək ki, Pxenyanı bu addımdan imtinaya sövq etmək üçün uzun müddət əsl təbliğat döyüşü aparıldı. ABŞ, Yaponiya və Cənubi Koreya hesab edirlər ki, Pxenyan kosmosun dinc məqsədlərlə istifadəsi adı altında uzaq məsafəli ballistik raketi sınaqdan keçirməyə hazırlaşır. Londonda keçirilən G20 sammiti zamanı Amerika prezidenti Barak Obama və onun cənubi koreyalı həmkarı Li Men Bak Pxenyanın bu addımına "birlikdə və çox ciddi" cavab vermək niyyətlərini ortaya qoyublar. Şimali Koreyanın raket proqramını birbaşa özünə təhlükə hesab edən Yaponiya isə hətta  Pxenyanın raketini vura biləcəyini bəyan etmişdi.

Lakin KXDR rəhbərliyi raketin vurulmasını təcavüz aktı kimi qiymətləndirəcəyini, bu addımı atan tərəfin isə  "cavabını alacağını" bildirirdi. Onlar hətta sınaq zamanı hadisələrin cərəyan edəcəyi poliqona daxil olacaq ABŞ-a məxsus kəşfiyyatçı təyyarənin də vurulacağını bildirmişdilər (bundan əvvəl Pxenyan ABŞ və Cənubi Koreyanı son bir neçə ayda Musudan poliqonu üzərində təxminən 200 dəfə təyyarə ilə kəşfiyyat aparmaqda günahlandırmışdı).

Xoşbəxtlikdən, Asiya fövqəldövlətlərinin qarşıdurması hərbi toqquşmalar səviyyəsinə gedib çıxmadı. Yaponiya Pxenyanın raketini vurmağa risk etmədi, üstəlik, Şimali Koreya raketinin ümumiyyətlə Yer orbitinə çıxıb-çıxmadığı üzərində müzakirələr davam edir. ABŞ-ın Aerokosmik Komandanlığı bəyan edib ki, raketin bir hissəsi Yapon dənizinə, yerdə qalan hissələr isə raket yükü (peyk) ilə birlikdə Sakit Okeana düşüb: "Bir sözlə, orbitə heç bir obyekt çıxmayıb, Yaponiya ərazisinə isə qırıntılar düşməyib".

Yaponiya, Cənubi Koreya və Rusiya ekspertləri də eyni fikirdədirlər. 

Lakin prinsipial məqam heç də Pxenyanın məqsədinə nail ola bilib-bilməməsi deyil. Əsas məsələ Şimali Koreya rejiminin orbitə nə buraxdığı və ya buraxmağa hazırlaşdığının müəyyən edilməsi idi. Amerikalı mütəxəssislər kosmosdan çəkilmiş şəkillərə istinad edərək belə qənaətə gəliblər ki, daşıyıcı raketə həqiqətən də başlıq yox, peyk bərkidilib. Lakin Pxenyanın tənqidçiləri yenə də onu kosmik nüvə proqramı hazırlamaqda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini pozmaqda günahlandırıb, bu ölkəyə qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinə çalışacaqlarını bəyan ediblər.

KXDR rəhbərliyi isə öz şadyanalığındadır. Kosmosdan istifadə sahəsində yeni uğurlar Şimali Koreya dövlətinin, ona rəhbərlik edən kommunist rejiminin bacarığının "əsaslı sübut"udur. Şimali Koreya kommunistləri öz xalqına gücünü, bacarığını nümayiş etdirib və bunun nəticəsi kimi, raket sınağından cəmi 3 gün sonra Kim Çen İr Ali Xalq Məclisi tərəfindən ali vəzifəyə - Müdafiə üzrə Milli Komitənin rəhbəri postuna seçilib. 

Xarici düşmənlər, yəni Cənubi Koreya, Yaponiya, ABŞ və bütünlükdə Qərbə isə bir daha nümayiş etdirilib ki, KXDR bütün hədə və maneələrə baxmayaraq, niyyətindən əl çəkmək fikrində deyil. Pxenyanın BMT tərəfindən təzyiqlərin artacağı təqdirdə nüvə tərksilahı ilə bağlı aparılan danışıqlardan çıxacağı və silah plutoniumunun istehsalını bərpa edəcəyi haqda bəyanatı buna daha bir sübutdur.

 

BMT-də interpretasiya

BMT tərəfindən Pxenyana real təzyiqlər haqda hələ ki danışmaq tezdir. ABŞ, Yaponiya və Cənubi Koreya qurumda KXDR-ə qarşı yeni sanksiyaların tətbiqini istəsələr də, bu hələ ki baş verməyib. ABŞ prezidenti açıq şəkildə bildirib ki, "Şimali Koreya beynəlxalq öhdəlikləri pozub və bununla da özünün dünyadan təcridini daha da dərinləşdirib". ABŞ Pxenyanın raket sınağını pisləyən, bu ölkənin bir sıra məmurlarına tətbiq olunmuş xarici ölkələrə getmək qadağasını əks etdirən qətnamənin qəbulunu vacib sayıb. Vaşinqton hesab edir ki, yeni sənəddə Şimali Koreyaya 2006-cı ildə keçirdiyi nüvə sınağından sonra tətbiq olunan embarqolar genişləndirilməli, sanksiyalar daha çox sayda Şimali Koreya şirkətlərinə tətbiq edilməlidir. Amerika administrasiyası BMT üzvü olan ölkələrə göndərilən Şimali Koreya yüklərinin məcburi yoxlamadan keçməsini, lazım gələrsə, onların müsadirəsinə icazə verilməsini də istəyib.

Problemə NATO da analoji münasibət nümayiş etdirib. Alyansın qəbul etdiyi xüsusi bəyanatda Pxenyanın əməlləri "məsuliyyətsiz və təxribatçı addım" adlandırılıb. NATO KXDR-dən "ballistik raketlərin istehsalını nəzərdə tutan bütün proqramlardan imtina olunmasını, BMT TŞ-nin mövcud qətnamələrinə tam şəkildə əməl edilməsini, bütün nüvə silahlarının məhvini və bu sahədəki proqramların icrasının dayandırılmasını" tələb edib.

Yaponiya da məsələ ilə bağlı olduqca sərt mövqe ortaya qoyub. O, Şimali Koreyanın həyata keçirdiyi sınaqdan cəmi 30 dəqiqə sonra BMT TŞ-nin fövqəladə toplantısının keçirilməsi tələbilə çıxış edib. Lakin TŞ üzvləri ortaya vahid mövqe qoya bilməyiblər. Veto hüququna malik Çin və Rusiya Pxenyanın son addımlarını dəstəkləməsələr də, ona qarşı yeni sanksiyaların da qəbuluna qarşı çıxıblar.

Çin əminliklə bildirib ki, başlığı olmayan raketin göyə buraxılması normal haldır və bu səbəbdən KXDR-ə qarşı heç bir irad irəli sürülə bilməz. Pekinin qənaətincə, Pxenyanın kosmosun dinc məqsədlərlə öyrənilməsinə  haqqı çatır. Məhz bu səbəbdən Çinin Xarici İşlər Nazirliyi Pxenyanın kosmik proqramı ətrafında təzyiqləri artırmamağa və "məsələyə regionda təhlükəsizliyə zəmanət verəcək ehtiyatlılıqla yanaşmağa" çağırıb.

Rusiya da tələsik qərarlardan qaçmağı lazım bilir. Bəzi ölkələrin Şimali Koreyanı "cəzalandırmaq" çağırışlarına münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, sanksiya hədələri səmərəli yol deyil. 

Rusiya XİN-nin rəsmisi Andrey Nesterenkonun fikrincə isə, Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsi "əks nəticə verə, KXDR-i daha ciddi təcrid durumuna sala və qəzəbləndirə, Pxenyanı qeyri-adekvat cavab addımlarına məcbur edə bilər".

BMT-dəki müzakirələrdə əsas ziddiyyət isə maraqlı dövlətlərin Pxenyanın 2006-cı ildə keçirdiyi nüvə sınağından sonra ona tətbiq olunmuş sanksiyalara müxtəlif münasibətindən irəli gəlib. Şimali Koreyanın əleyhdarlarının məntiqinə görə, raket texnologiyalarından hərbi raketlərin atılmasında da istifadə oluna bilər və bu, Şimali Koreyaya qarşı "ballistik raketlərin istifadəsinə aid bütün proqramlardan imtina olunması" ilə bağlı tələbi özündə əks etdirən 1718 saylı qətnamənin pozulmasıdır. 

Digər tərəfdən, Pekin və Moskva da bu məsələyə istinad edir - qətnamə Pxenyandan hərbi xarakterli ballistik raketlərin istehsalı ilə bağlı işlərin dayandırılmasını tələb edir və orada dinc xarakter daşıyan peyklər haqda heç bir fikir yoxdur.

Eyni sənəd ətrafında bu qədər müxtəlif interpretasiyaların baş verməsi üzündən BMT TŞ-nin daimi üzvləri arasında müzakirələr bir həftə uzanıb və sonda yenə də nəticə əldə olunmayıb. Nəticədə ümidsizliyə qapılan Yaponiya özünün Şimali Koreyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini birtərəfli qaydada uzatmağa qərar verib, həmçinin bəzi əlavə tədbirlər görüb. Məsələn, Tokio bu ölkəyə bəzi məhsulların ixracını qadağan edib, pul köçürmələrində mümkün məbləği azaldıb.

Bütün bunlarla yanaşı, məsələnin müzakirəsində TŞ üzvlərinin dalana dirənməsi yalnız bir sənəd üzərindəki interpretasiya ilə yox, daha böyük strateji məqamlarla bağlıdır.

 

Koreya problemi və Praqa çağırışı

Dünya ictimaiyyətinin Pxenyanla bağlı vahid yanaşma ortaya qoymasına, hər şeydən əvvəl, maraqlı fövqəldövlətlərin müxtəlif siyasi məqsədləri mane olur. Məsələn, ABŞ-ın strategiyası Koreyaların Vaşinqtonun hamiliyi ilə birləşməsinə, vahid Koreyanın simasında Yaponiya ilə yanaşı güclü müttəfiqin yaradılmasına, bununla da Asiya-Sakit Okean bölgəsində Rusiya ilə Çinin mövqelərinin möhkəmlənməsinə imkan verilməməsinə nail olmaqdır. Bundan başqa, Vaşinqton dəfələrlə özü Pxenyanı sərt addımlar atmağa sövq edib və bununla da onu "silahlanma yarışı" tələsinə salmağa çalışıb. Çünki bununla Şimali Koreyaya həm iqtisadi baxımdan çətinliklər yaranacaq, həm də Amerika KXDR-in raket istehsalı sahəsində fəallığını daha bir arqument kimi göstərməklə Avropa və Asiyada hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirmək üçün əlavə əsas qazanacaq.

Rusiya və Çin üçün Şimali Koreya ABŞ-ın hegemonluq iddialarının gerçəkləşməsinin qarşısının alınmasında kifayət qədər sərfəli baryer rolu oynayır. Məhz bu səbəbdən Moskva və Pekin prinsip etibarilə Pxenyanın nüvə silahı əldə etməsinə qarşı olsalar da, bütün diplomatik imkanlardan, həmçinin BMT-də veto hüququndan istifadə edərək KXDR-in rəqibləri tərəfindən qurulmuş "rüsvayçı dirəyə" birdəfəlik "mıxlanmasına" imkan vermirlər. Bununla yanaşı, Rusiya və Çin Pxenyanla 2003-cü ilin avqustundan etibarən aparılmış "altılıq" çərçivəsindəki dialoqun davamını vacib sayır. 

Qeyd edək ki, "altılıq"ın məqsədi Şimal-Şərqi Asiyada sülh və təhlükəsizliyin təmin edilməsi mexanizminin müəyyənləşdirilməsidir. Xatırladaq ki, məhz bu formatda aparılan danışıqların hesabına Pxenyan bir neçə il əvvəl nüvə proqramını dayandırmağa razılıq vermiş, həmçinin Yonbendəki eksperimental mərkəzdə  nüvə reaktorunun ləğvinə başlamışdı. Lakin ötən ildən tərəflər arasında dialoq dalana dirəndi. Səbəb ABŞ-la KXDR-in Pxenyanın nüvə proqramı ilə bağlı təqdim etdiyi siyahıların öyrənilməsi yolları ilə bağlı razılığa gələ bilməməsi, həmçinin Yaponiya ilə Cənubi Koreyanın Pxenyana nüvə proqramından imtinanın müqabilində adi elektrik stansiyaları üçün yanacaq verməməsidir.

Bu gün "altılıq" çərçivəsində danışıqların bərpası qlobal təhlükəsizlik baxımından son dərəcə vacibdir. Bunu yalnız Rusiya ilə Çin yox, ABŞ-da daxil olmaqla, işçi qrupun digər üzvləri də yaxşı anlayır. Son raket qalmaqalı göstərdi ki, Şimali Koreya ilə səmərəli dialoqa nail olmaq üçün yeni imkanlar axtarılmalıdır. Axı Pxenyanın nüvə proqramının əsl xarakterinə baxmayaraq (bu proqramın KXDR-in bildirdiyi, yoxsa ABŞ və müttəfiqlərinin iddia etdiyi xarakterdə olduğu hələ də aydın deyil),  İranın nüvə proqramı kimi ciddi problemə çevrilməkdədir. Və aprelin 5-də tərəflərin qarşılıqlı raket zərbələri olmadan ötüşməsi hələ o demək deyil ki, bu, daim belə olacaq. Koreya yarımadasında sülh tükdən asılıdır və indi sabitliyin hər an pozulaması təhlükəsi əvvəlki dövrlərlə müqayisədə daha çoxdur.

Maraqlı məqamlardan biri də odur ki, Şimali Koreya raketini ABŞ prezidenti Barak Obamanın Praqada keçirilən ABŞ - Aİ sammitində nüvəsiz dünya yaratmaq təşəbbüsü ilə çıxış etdiyi vaxtda buraxıb. Həmin vaxt Obama deyirdi: "Bu istiqamətdə işləmək atom silahını real qəbul edən yeganə nüvə dövləti olan Birləşmiş Ştatların mənəvi borcudur". 

Və hazırda nüvə silahından qlobal imtinanı təsəvvür etmək nə qədər çətin olsa da, ən qüdrətli dövlətin liderinin dilindən bu çağırışın eşidilməsi, bu vəzifənin öhdəsindən gəlinə biləcəyinə ümid yaradır. Şimali Koreyanın raket sınağı bu məsələnin bəşəriyyət üçün son dərəcə vacib olduğunu bir daha təsdiqlədi.


MƏSLƏHƏT GÖR:

420