
REYNDƏ GÖRÜŞ
Şimali Atlantika alyansı yaxın onillik üçün strategiyanın müəyyənləşdirilməsinə başladı
Müəllif: Natiq NAZİMOĞLU Bakı
NATO 60 illik yubileyini qeyd etdi. Reyndə bir-birindən təxminən 5 kilometr məsafədə iki şəhər - Fransanın Strasburq və Almaniyanın Kel şəhərləri yerləşir. Şimali Atlantika Alyansına üzv 28 dövlətin liderləri məhz bu şəhərlərdə bir araya gəldilər. Rəmzi olaraq Fransa ilə Almaniyanı birləşdirən körpüdən keçən Qərb dövlət və hökumət başçıları bununla İkinci Dünya müharibəsindən sonra dünya və Avropanın keşiyində duran quruma olan hörmətlərini nümayiş etdirməyə çalışdılar. Yubiley sammiti NATO-nu müasir dövrdə müharibələrin aparılmasında günahlandıran antiqlobalçıların etiraz aksiyaları ilə müşayiət olunsa da, alyans Avroatlantik təhlükəsizlik sistemindəki lider rolunu təsdiqlədi və bu, xüsusilə blokun yaxın onillik üçün strategiyasının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələrdə özünü göstərdi.
2020-ci ilədək olan planlar
Reyn sammiti ABŞ prezidenti Barak Obama tərəfindən "alyansın tarixində ən effektli sammit" adlandırılıb. Toplantıda bilavasitə NATO-nun daxili həyatına aid 3 xəbər yayılıb.
Birincisi, Xorvatiya və Albaniya rəsmən Alyansa üzv olublar.
İkincisi, 1966-cı ildən NATO-nun Hərbi planlaşdırma komitəsi və nüvə planlaşdırılması qrupunu tərk etmiş Fransa alyansın hərbi strukturlarına qayıdışını təsdiqləyib. Bu fakt Fransa lideri Nikolya Sarkozinin hərbi-siyasi sahədə ABŞ-la yaxınlaşma niyyətindən irəli gəlsə də, ilk öncə Parisin özünün transatlantik münasibətlərdə rolunun artırılmasına yönəlib. Eyni zamanda, bu faktı qətiyyən Fransanın müstəqil kursdan imtinaya hazırlaşması kimi qiymətləndirmək olmaz. Nəhayət, üçüncüsü, NATO-nun vəzifəsinin icrasına rəsmən bu il avqustun 1-dən başlayacaq yeni baş katibinin adı məlum oldu.
Hollandiyalı Yaap de Hoop Sxefferin xələfi indiyədək Danimarkanın baş naziri postunu tutmuş Anders Foq Rasmussen seçilib.
Qeyd edək ki, Türkiyə Rasmussenini alyansa rəhbər seçilməsinə sərt müqavimət göstərdi. Ankara Danimarkada Məhəmməd Pey-ğəmbərin karikaturasını dərc edən qəzeti "söz azadlığının müdafiəsi" motivi ilə müdafiə etməsini Rasmussenə heç cür bağışlamaq istəmirdi. Türkiyə rəhbərliyinin fikrincə, Rasmussenin müsəlman dünyasında çox pis imici var.
Lakin sonda Ankaranı fikrindən daşınmağa razı sala bildilər və bu işdə əsas rolu İtaliyanın baş naziri Silvio Berluskoni oynadı. Beləliklə, artıq alyansa məhz Rasmussen rəhbərlik etməli, NATO-nun 2010-cu ildə Portuqaliyada keçiriləcək növbəti sammitinədək qurumun yeni strateji konsepsiyasını hazırlamalıdır.
Hələliksə yubiley sammitində müzakirə edilmiş əsas məsələ olan yeni konsepsiyanın konturlarını NATO-nun hazırkı baş katibi Yaap de Hoop Sxeffer açıqlayıb. Forum çərçivəsində o, təxminən 60 ölkədən olan gənclərin "NATO 2020-ci ildə: qarşıda nə var?" mövzusunda keçirdikləri açıq disskusiyalara qatılıb.
Orada baş katib alyansın 3 əsas xarakteristikasını açıqlayıb:
1) o, beynəlxalq institutların birgə fəaliyyətinə daha çox qoşulmalıdır;
2) 2020-ci ilə NATO hərbi qüvvələr və vasitələrin transformasiyasını həyata keçirməlidir;
3) Alyansa yeni üzvlər qoşulacaq və demək, onun bilavasitə məsuliyyət daşıdığı məkan genişlənəcək.
Bu məsələlərin müzakirəsi NATO üçün prinsipial əhəmiyyət daşıyır. Bir sıra fövqəldövlətlər, xüsusilə Almaniya və Fransa NATO-nun digər beynəlxalq qurumlarla, ilk növbədə BMT və Avropa İttifaqı ilə fəaliyyətinin koordinasiya edilməsini istəyir. Berlinlə Paris israrla bildirirlər ki, güc tətbiqi ilə bağlı qərar vermək səlahiyyəti bundan sonra da BMT-də olmalıdır. Bu iki ölkə hesab edir ki, "münaqişələrin qarşısının alınması üçün önləyici sülhməramlı tədbirlərin görülməsi vacibdir ki, sonradan NATO hərbi yola əl atmaq məcburiyyətində qalmasın". Almaniya və Fransa alyansın "qlobal təşkilat"a çevrilməsinə də qarşı çıxırlar və bu səbəbdən qurumun gələcək genişlənməsi məsələsinə ehtiyatla yanaşırlar.
Ona görə də ABŞ-dan fərqli olaraq, bu ölkələr yaxın gələcəkdə Ukrayna və Gürcüstanın bloka qəbulunu məqsədəuyğun saymırlar (amma NATO qapılarının bu ölkələrin üzünə birdəfəlik bağlanmasını da istəmilər). Məhz Paris və Berlinin təsiri ilə NATO hələ sammit ərəfəsində hazırkı mərhələdə Kiyevlə Tbilisinin alyansa qoşulmağa hazır olmadıqlarını bəyan edib.
"Rusiya - NATO" Şurası
Ayrı-ayrı postsovet ölkələrinin NATO-ya qəbulu məsələsi ilə alyansın Rusiya ilə əməkdaşlığı birbaşa toqquşan məqamlardır. Yeri gəlmişkən, qurumun yubiley sammitində Moskva-NATO münasibətləri də xüsusi diqqət mərkəzində olub.
Xatırladaq ki, ötən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında yaşanan müharibədən sonra Brüssellə Moskva arasında münasibətlər "dondurulmuşdu". Lakin artıq NATO Rusiyanın əməllərini (Gürcüstana təcavüz, Abxaziya və Güney Osetiyanın müstəqilliyinin tanınması, qiyamçı müxtariyyətlərın ərazisində hərbi bazaların yaradılmasına qərar verilməsini ) pisləsə də, onunla münasibətlərin normallaşdırılmasını vacib sayır. Sxeffer hesab edir ki, "Rusiya NATO-nun əsas tərəfdaşıdır və onun iştirakı olmadan Avropada təhlükəsizliyin təmini mümkün deyil". Bununla yanaşı, o, "təhlükəsizlik sahəsində Moskva ilə alyansın maraqlarının üst-üstə düşdüyü xeyli əməkdaşlıq sahələrinin olduğunu" da bildirir. Söhbət ilk növbədə kütləvi qırğın silahlarının yayılmamasında əməkdaşlıq, terrorizm, narkotiklərin qanunsuz daşınması, dəniz quldurluğu ilə birgə mübarizədən gedir.
Yubiley sammitinin yekun bəyannaməsində Rusiya-NATO münasibətlərində yeganə problem kimi yenə də Kremlin Gürcüstanla bağlı siyasəti göstərilib və bu siyasətin "məzəmmət və narahatlıq" yaratdığı bildirilir. Sənəddə Güney Qafqazdakı münaqişələr, həmçinin Moldovadakı problemlə bağlı da narahatlıq ifadə olunub: "Bu regionda bütün tərəflər münaqişələrin sülh yolu ilə həllinə konstruktiv şəkildə cəlb olunmalıdır. Biz onları regional sabitlik və təhlükəsizliyə problem yaradacaq addımlardan çəkinməyə çağırırıq".
NATO bir daha Moldova və Güney Qafqaz ölkələrinin ərazi bütövlüyünü dəstəkləyib və bu, bölgədəki münaqişələrin məhz həmin prinsip əsasında həll edilməli olduğunu nümayiş etdirib.
Moskva ilə münasibətləri qaydaya salmaq cəhdlərinə əsasən, sammitdə "Rusiya - NATO" Şurasının fəaliyyətinin bərpasına qərar verilib. Bu işdə Rusiya ilə strateji əməkdaşlığın vacibliyini bildirən Fransa, Almaniya, İtaliya və bir sıra digər nəhənglərin mövqeyi böyük rol oynayıb. Nəticədə Rusiyanın "imperiya siyasəti"nin qarşısının alınmasının tərəfdarı kimi çıxış edən "gənclər", ilk növbədə Polşa və Baltikyanı dövlətlər "qoca avropalılar" qarşısında geri çəkilməli olublar.
Bu işdə ABŞ-ın yeni prezidenti Barak Obamanın da mövqeyi böyük rola malik idi. O isə hələ NATO-nun toplantısına qatılmazdan əvvəl "Böyük iyirmilik" sammiti çərçivəsində rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi görüşdə Moskva ilə qarşıdurmanın tərəfdarı olmadığını göstərmişdi. Buna səbəb isə kifayət qədərdir - Rusiya ilə ABŞ-ın nüvə silahlarının yayılmaması sahəsində əməkdaşlığı, müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə situasiyanın tənzimlənməsi, Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla, beynəlxalq terrorizmlə birgə mübarizədə əməkdaşlıq və sair.
Məhz son məsələ "Taliban"la müharibədə, demək olar ki, iflasa uğramaq üzrə olan NATO üçün son dərəcə vacibdir. Bu şəraitdə Əfqanıstana NATO-nun qeyri-hərbi yüklərinin Rusiya ərazisindən dəmir yolu vasitəsilə daşınmasına dair Moskva ilə razılaşmanın fonunda sonuncunun əhəmiyyəti xeyli dərəcə artır.
"Əfqanıstan" intriqası
Sammitin ikinci günü, demək olar ki, tamamilə Əfqanıstan probleminə həsr olundu. Barak Obama avropalı müttəfiqlərinin "taliblər"lə mübarizəyə ciddi töhfə verməsinə nail olmaqda israrlılığını nümayiş etdirdi. Hələ sammitdən bir neçə gün əvvəl Əfqanıstan strategiyası ilə bağlı proqram bəyanatı ilə çıxış edən Obama "ABŞ-a təhlükə yaradan" "Əl-Qaidə" və "Taliban" hərəkatlarının darmadağın ediləcəyini söyləyib. O, Əfqanıstana əlavə hərbi kontingentin məhz bu məqsədlə göndərildiyini bəyan edib.
Məlum olduğu kimi, hazırda Əfqanıstandakı əcnəbi hərbi qüvvələrin sayı 70 mindən artıqdır. Onların böyük hissəsi NATO komandanlığı altında xidmət aparsa da, ABŞ bu ölkədə özünün hərbi kontingentini də saxlayır. "Taliban"ın müqaviməti sərtləşdirməsi və bəzi hərbi uğurlar əldə etməsi ilə əlaqədar olaraq, Vaşinqton hələ ötən ilin sonlarında 2009-cu ilin yayında Əfqanıstandakı kontingentini 30 min artıracağını bəyan edib.
Bununla yanaşı, Amerika Avropanın Əfqanıstana daha 4 min hərbçi göndərməyə razılıq verəcəyini düşünür və ABŞ ekspertlərinin fikrincə, bu, tez bir zamanda uğur qazanılmasına töhfə verəcək. NATO-nun avropalı üzvləri də Əfqanıstanda sabitliyin bərqərar edilməsinin Qərbin strateji məqsədlərinə çatması baxımından nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırlar. Lakin Vaşinqtonun hərbi kontingentin artırılması niyyətinin onlar tərəfindən qəbul edilib-edilməyəcəyini birmənalı olaraq söyləmək çətin idi.
Nəhayət, NATO Əfqanıstana hərbi personal və təlimatçılardan ibarət 5 min nəfərlik əlavə qrupun göndərilməsinə qərar verib.
Yubiley sammitinin yekunları haqda danışan Yaap de Hoop Sxeffer bildirib ki, burada söhbət nizami ordu hissələrindən yox, Əfqanıstan ordusu və polislərinə təlim keçəcək hərbi məsləhətçilər və təlimatçılardan gedir. Böyük Britaniyanın Əfqanıstana əlavə 900, Almaniya və İspaniyanın hərəyə 600 hərbçi göndərəcəyi məlum olub. İtaliya ilə Fransa hələ ki sayla bağlı dəqiq qərar qəbul etməsələr də, alyansın qərarına qoşulduqlarını açıqlayıblar.
Əfqanıstana əlavə kontingentin göndərilməsində Niderland, Portuqaliya, İtaliya, Yunanıstan, Polşa, Türkiyə və Xorvatiya da iştirak edəcək.
Sammitin Bəyannaməsində birbaşa deyilir ki, NATO-nun 3 minlik hərbi kontingenti Əfqanıstanda bu ilin avqustuna təyin edilmiş prezident seçkisi ilə əlaqədar təhlükəsizliyin təmini məqsədi ilə yaxın vaxtlarda sözügedən ölkəyə yollanacaq.
Eyni zamanda, Şimali Atlantika Alyansı Əfqanıstan ordusunun maliyyələşdirilməsi üçün əlavə 100 milyon dollar ayırmağa da qərar verib.
Əfqanıstanda hərbi kontingentin artırılması məsələsini şərh edən Barak Obama müttəfiqlərin onun təşəbbüsünü "yekdilliklə və ciddi şəkildə" dəstəklədiklərini bildirib.
Bununla belə, görünən odur ki, avropalılar əvvəlkitək yenə də Əfqanıstandakı hərbçilərini artırmağa meyilli deyillər və Vaşinqton onlardan bunu "zor gücünə", son dərəcə ciddi diplomatik səylər göstərməklə "çıxarır". Bu halda avropalıların ümumilikdə Avroatlantik təhlükəsizlik məsələsində həmfikir olmaları həlledici rol oynayıb. Lakin Avropa hələ də öz əsgərlərinin həyatına böyük risk yaratmaq niyyətində olmadığını təsdiqləyib ki, bu da alyansın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak üçün oraya uzunmüddətli xidmətə hərbçilər göndərəcəyinə ümid edən Vaşinqtonun məyusluğuna səbəb olub.
Artıq özünü müxtəlif sülhməramlı təşəbbüslərin (xüsusilə nüvə tərksilahı məsələsi, həmçinin İran, İraq və Yaxın Şərq münaqişələrində) müəllifi kimi göstərə bilmiş Obamaya gəlincə, o, Əfqanıstan probleminin həlli ilə bağlı sadəcə hərbi mövcudluğu artırmaqla kifayətlənsəydi, Obama olmazdı. Amerikanın yeni lideri Əfqanıstan və Pakistanda situasiyanın nizamlanması üçün yeni əlaqə qrupunun yaradılmasını təklif edir. Onun fikrincə, bu qrupun tərkibinə NATO üzvləri ilə yanaşı, Mərkəzi Asiya, Fars körfəzi ölkələri, həmçinin İran, Rusiya, Hindistan və Çin də daxil olmalıdır. Əfqanıstan və onun ətrafında sülh prosesinin fəallaşdırılmasına sadiqlikdə Obamanın mövqeyi Avropa liderlərinin fikirləri ilə üst-üstə düşür. "Köhnə Dünya" liderləri də hesab edirlər ki, Asiyanın ən qeyri-sabit ölkəsində situasiyanı yalnız hərbi əməliyyatların köməyi ilə normallaşdırmaq mümkün deyil.
MƏSLƏHƏT GÖR: