15 Mart 2025

Şənbə, 00:45

LONDON "YENİLƏŞMƏ"Sİ

Rusiya ilə ABŞ real razılaşma əldə edə bildilərmi?

Müəllif:

15.04.2009

Aprelin ilk günlərində London yalnız böyük iqtisadiyyat yox, həm də böyük siyasət paytaxtına çevrildi. Moskva-Vaşinqton münasibətlərində əsas "yeniləşmə" məhz burada baş verməli idi. Söhbət Rusiya və ABŞ prezidentləri Dmitri Medvedevlə Barak Obamanın ilk görüşündən gedir.

Sonradan London iqtisadi məktəbində keçirilmiş görüşün nəticələrini şərh edən D. Medvedev B. Obamanı özünün "yeni yoldaşı" adlandırıb, Rusiyanın çoxsaylı rəsmiləri isə Vaşinqtonun yeni administrasiyasının məsələlərə yanaşmasının və "dil"inin dəyişdiyini, Amerikanın daha özünü "hər şey həll olunub və heç nəyə yenidən baxılmayacaq" prinsipi ilə aparmadığını söyləyiblər.

İki liderin görüşünün konkret nəticələri də var və bu, yalnız növbəti danışıqların Moskvada aparılmasına dair əldə edilmiş razılaşma deyil. Diplomatik mənbələrin bildirdiyinə görə, Rusiya və ABŞ prezidentləri strateji hücum silahlarına (SHS) dair yeni sənəd üzərində danışıqların başlanmasına qərar veriblər və müzakirələrin nəticələri artıq iyulda dövlət başçılarına məruzə olunmalıdır.

İki ölkə başçısının birgə kommunikesi də nikbinlik üçün yaxşı əsas verir: "Biz, Rusiya və ABŞ liderləri "soyuq müharibə" təfəkkürü dövründən çıxmağa və ölkələrimiz arasında münasibətlərə yeni start verməyə hazırıq".

Amma bütün bunlarla yanaşı, heç də hər şeyin rəvan olduğunu söyləmək düzgün olmazdı. Prezidentlərin birgə bəyanatında daha sonra deyilir: "Avropada hava hücumundan müdafiə sistemləri ilə bağlı aramızda fikir ayrılığının qaldığını etiraf edərək, həm ölkələrimizin, həm də müttəfiq və tərəfdaşlarımızın təhlükəsizliyinə təhdid olan raket çağırışları və təhlükələrinin birgə qiymətiləndirilməsini nəzərə alacaq bərabərhüquqlu beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etdik". Ekspertlərin fikrincə, bu, Moskvanın ABŞ-ı Avropada HHM sistemi ilə Qəbələ RLS-in "mübadiləsi"nə razı sala bilmədiyi anlamına gətirir - bu təşəbbüsün Londonda səsləndiriləcəyi haqda açıq şəkildə danışılırdı. Lakin bu perspektivin Vaşinqtonu qane etmədiyi aydındır və bu tamamilə məntiqidir. Əvvəla, Avropadakı HHM əvəzinə, Qəbələ RLS-i təklif edən Moskva ABŞ-a elə dialoq forması qəbul etdirmək istəyir ki, Vaşinqton özünün Polşa, Litva və digər ölkələrdəki hərbi mövcudluğunu Moskva ilə razılaşdırmalı olsun. Amma amerikalıların Qəbələ RLS-ə "yox" deməsinin səbəbi yalnız bununla bağlı deyil. Əsas məsələ odur ki, Ağ evin yeni administrasiyasının fikrincə, Moskva Vaşinqtonun Avropadakı HHM-dən imtina etməsini istəyirsə, bunun çox sadə yolu var: Rusiya İrana təsir imkanlarından istifadə edərək, Tehranın nüvə və raket proqramından imtinasına nail olmalıdır. Amma amerikalıların bu məsləhətinə Rusiya hələ ki heç bir reaksiya vermir. 

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Avropada HHM sistemi ilə Qəbələ RLS "dəyişdirilmək" üçün bərabər alternativ deyil. İndiyədək KİV-də dəfələrlə bildirildiyi kimi, Rusiyanın ABŞ-ın Qəbələ RLS-də hansı səviyyədə iştirakını nəzərdə tutması bu günədək məlum deyil. Üstəlik, amerikalıların Qəbələ RLS-də hansı səviyyədə iştirak edəcəyini Rusiyanın müəyyənləşdirməsi də amerikalıları razı sala bilməz.

Amerikalı jurnalist Tomas Qolts hesab edir ki, Moskva Vaşinqtona "paslı radar" təklif edir, özü də bu radara ətrafdakı əhali də müsbət yanaşmır. Nəhayət, Qəbələ RLS İran tərəfdən raket atəşini yalnız qeydə ala bilər. Amma İranın raketinin hərbi hücum, yoxsa sınaq olduğunu, əgər söhbət hücumdan gedirsə, hədəf kimi hansı ərazinin götürüldüyü və s. müəyyənləşdirmək mümkün deyil. 

ABŞ-Rusiya danışıqlarını şərh edərkən həm də qeyd olunmalıdır ki, Moskvada da etiraf edildiyi kimi, Gürcüstanla bağlı da fikir ayrılıqları qalmaqdadır. Bu gün Moskva NATO-nun yubiley sammitinə Ukrayna və Gürcüstanın dəvət almamasını Rusiyanın ciddi qələbəsi kimi təqdim edir. Lakin digər tərəfdən, NATO sammiti Rusiyadan Gürcüstanla bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl olunmasını tələb edib, BMT, ATƏT və Avropa İttifaqı müşahidəçilərinin, Abxaziya və Cənubi Osetiya da daxil olmaqla, bütünlükdə Gürcüstan ərazisinə azad şəkildə daxil olmasına imkan yaradılmasını istəyib. İstənilən halda, "böyük diplomatiya həftəsi"nin yekununda Gürcüstanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə rəhbərliyi NATO-nun Strasburqda keçirilən sammitinin nəticələrindən, ilk növbədə Qafqaz münaqişəsinə aid məqamlardan tam razıdır. XİN-nin mətbuat və informasiya departamentinin bəyanatında deyilir: "NATO sammitinin nəticələri göstərir ki, alyansa üzv dövlətlər Gürcüstanın avroatlantik məkana inteqrasiya seçimini, onun suverenliyi və ərazi bütövlüyünü bir daha tam dəstəkləyir". 

Əlbəttə ki, formal məntiq nöqteyi-nəzərindən bu, London danışıqlarının yox, NATO sammitinin nəticələridir. Lakin Strasburqda baş verənlər Londonda Gürcüstanla bağlı danışıqların nə ilə sonuclandığını düşünmək üçün xeyli əsas verir.

Analitiklər və şərhçilər London danışıqlarının yekunlarını müxtəlif cür qiymətləndirirlər. Britaniyanın "The Financial Times" qəzeti Obama ilə Medvedevin strateji nüvə silahlarının ciddi şəkildə ixtisarı istiqamətində danışıqların sürətləndirilməsi ilə bağlı əldə etdikləri razılaşmaya diqqət çəkir. Qəzet bildirir ki, bu istiqamətdə dialoqun yekunu nüvə silahlarına tam qadağa qoyulmasını nəzərdə tutur: "Belə qadağa İran və Şimali Koreyanın nüvə iddialarından imtinasına nail olmaq üçün yeganə vasitədir". 

Lakin Rusiya nüvə arsenalından tam imtina etmək fikrində deyil. "FT" hesab edir ki, Medvedevin Tehranı nüvə proqramından imtinaya razı salmaq üçün aktiv fəaliyyətə keçəcəyi təqdirdə, Vaşinqton da  Avropada HHM sisteminin yerləşdirilməsi məsələsində Rusiya ilə razılığa gedə bilər.

Moskvanın nüfuz dairəsi yaratmaq cəhdlərinə gəlincə, bu, Obamanın qarşısında çətin vəzifələr qoyur: "O, Rusiya rəhbərliyini inandırmalıdır ki, müəyyən dövlətlərdə qorxu atmosferindənsə, sabitlik daha yaxşıdır".

Almaniyanın "Frankfurter Rundschau" qəzeti də yazır ki, danışıqların ən vacib nəticəsi ABŞ-la Rusiyanın nüvə silahları ilə bağlı yeni müqavilənin imzalanmasına dair razılaşma əldə etməsidir. "Lakin iki prezident ilk görüşdə Vaşinqtonun Avropada HHM sistemi yerləşdirməsi məsələsi ətrafında razılığa gələ bilmədilər", - deyə yazıda qeyd olunur. Müəllif hesab edir ki, Obama ilə Medvedev arasında razılaşma "indiyədək qarşıdurma kursuna əsaslanan xarici siyasətin dəyişməsi anlamına gəlir".

"Le Monde"nin şərhçisi yazır ki, Barak Obama rusiyalı həmkarı ilə görüşdə münasibətlərdə irəliləyişə nail olub və uzun aylardır davam edən gərginlik səhifəsi qapanıb. Bundan başqa, Londonda Obamanın məsləhətçilərinin onsuz da yekun həllinə ümid bəsləmədikləri daha bir məsələ ilə əlaqədar sənəd qəbul olunub: söhbət hərbi başlıqların sayına görə, Rusiyanın dünyanın ikinci nüvə dövləti statusunda qəbul edilməsindən və hər hansı "nüfuz dairəsi"nin tanınmasının  imtinasından gedir.

"Tərksilahın tərəfdarları bu sənədi həm də ona görə alqışlayırlar ki, orada uzunmüddətli məqsəd - nüvə silahının olmadığı dünya yaratmaq istəyi əks olunub", - deyə yazıda bildirilir. Obamanın məsləhətçiləri hesab edirlər ki, Amerika və Rusiya nüvə silahlarının yayılmaması rejiminin möhkəmləndirilməsində hamıya nümunə olmalıdırlar: "Vaxtilə Obamanın sələfi Corc Buş öyünürdü ki, Putinin ürəyindən keçənləri oxumağı bacarır. Amma o zaman bu bacarıq indiki nəticələri verməmişdi".

Müxbir Korin Lesn bildirir ki, Amerika prezidenti London danışıqlarında Polşada HHM sisteminin yerləşdirilməsi məsələsində güzəştə getməyib: "Bu məsələdə fikir ayrılıqları hələ aradan qaldırılmayıb, amma Obama Rusiyanın narahatlığını nəzərə alıb"".

Barak Obama ilə Dmitri Medvedevin London görüşünü şərh edən "The Guardian" redaksiya məqaləsində bildirir ki, ABŞ-ın beynəlxalq arenaya birinci dəfədir çıxan yeni prezidenti artıq real nəticələr əldə edib. B. Obama Moskva ilə fikir ayrılıqlarını pərdələməkdə maraqlı olmadığını nümayiş etdirib. Lakin onun siyasi kursu yalnız intonasiyanın dəyişməsindən ibarət deyil: "Əsl yenilik ondadır ki, Amerika nüvə silahları və onların yayılmamasına, eləcə də Əfqanıstandakı ordunun bununla təchizinə dair vacib məsələləri həll müstəvisi üzərinə daha çıxarmır".  

Bundan başqa, ikitərəfli əlaqələrin möhkəmlənməsi Amerikaya Rusiyaya keçmiş SSRİ-nin üzvlərinin baxışları prizmasından deyil, soyuqbaşla yanaşmasına kömək edəcək. Bunu yazan qəzet xüsusi olaraq vurğulayır ki, Ukrayna və Gürcüstandakı qeyri-sabitlik yalnız Moskvanın manipulyasiyaları ilə əlaqədar  deyil. Yazıda bildirilir ki, "hazırda Rusiya kasıblaşıb və o, inadkarlığını azalda bilər".

"The Times" qəzetinin şərhçisi Tim Rid hesab edir ki, Obama ilə Medvedev arasında hər iki ölkədə nüvə arsenalının ixtisarına dair əldə edilmiş razılaşma əməkdaşlıqda yeni eranın başlanğıcı deməkdir. Planlar reallaşdırılsa, dünya bu öldürücü silahdan qurtulmağa çox yaxınlaşacaq. İlk mərhələdə söhbət hər iki ölkənin nüvə arsenalını 1500, bəlkə də, 1000 başlığadək azaltmasından gedir. Ekspertlər bildirir ki, nüvə silahının olmadığı dünya ideyası ilk dəfədir ki, boş fantaziyadan reallığa çevrilir. Artıq  bu problemin həlli Şimali Koreya və İrandan asılı ola bilər.

Şərhçi 1991-ci ildə əldə edilmiş və ABŞ-la Rusiyanın nüvə arsenallarının 10 mindən 5 minə endirilməsini nəzərdə tutan SNV-I müqaviləsinin müddətinin bu ilin dekabrında başa çatacağını xatırladır. Və hazırda söhbət bu sənədin müddətinin uzadılmasından yox, prinsipial olaraq yeni müqavilənin imzalanmasından gedir. "Çox güman ki, bu mövzu Barak Obamanın iyulda Moskvaya nəzərdə tutulmuş səfəri zamanı da diqqət mərkəzində saxlanılacaq əsas məqamlardan olacaq", - deyə məqalədə bildirilir.

Almaniyanın "Frankfurter Allge-meine Zeitung" qəzetinin şərhçisinin fikrincə isə, hətta Pxenyan və Tehranın nüvə iddiaları ilə Rusiya və ABŞ-ın nüvə arsenalları arasında birbaşa əlaqə olmasa belə, sonuncuların ixtisarı dünyada nüvə silahlarının yayılmaması rejiminin güclənməsinə səbəb olacaq. Bundan başqa, tərksilah sahəsində Rusiya ilə ABŞ arasında yeni dialoq ikitərəfli münasibətlərdəki gərginliyi də azalda bilər. 



MƏSLƏHƏT GÖR:

471