15 Mart 2025

Şənbə, 00:26

ONLARIN PLANI VARDIMI?

Kişinyovdakı kütləvi qarışıqlıq Moldovada müxalifətin mövqelərinə zərbə vurdu və kommunistlərin hakimiyyətini gücləndirdi

Müəllif:

15.04.2009

İndiyə kimi heç kim bu suala cavab verə bilmir ki, Moldovada parlament seçkilərindən sonra nə baş verdi - hakimiyyəti inqilabi yolla yıxmağa cəhd olundumu? Axı müxalifətin kütləvi qarışıqlığa çevrilmiş etirazları parlament və prezident adminsitrasiyası binalarına hücuma və talanlara qədər böyüdü. Və bütün bu baş verənlər inqilabi ssenariyə bənzəmirdi. Həm də hadisələrin xronologiyasına baxdıqda, belə ssenari ümumiyyətlə yox idi. 

 

Kim uddu?

Hər şey aprelin 5-də keçirilmiş parlament seçkilərində kommunistlərin qələbə çalmasından başlandı - hakim partiya seçicilərin səslərinin 50%-ə qədərini əldə etdi. Gözlənildiyi kimi bu, müxalifəti qane etmədi. Yeni çağırışda parlamentə daxil olmuş üç müxalifət partiyası - Liberal və Liberal-demokrat partiyaları, "Bizim Moldova" alyansı seçicilərin səsinin yenidən sayılmasını tələb etdi. Hətta təkrar seçkilərin keçirilməsi barədə tələblər də səsləndi. 

Artıq seçkinin ertəsi günü pozuntuların olduğuna əmin olan müxalifət etiraz aksiyalarına başladı, sonra bu, kütləvi iğtişaşlara çevrildi. Gənclər prezident qərargahına daş, butılka və yumurta atmağa başladılar. Daha sonra Kişinyovdakı etiaz aksiyasının iştirakçıları tərəfindən prezident administrasiyasının binası yandırıldı, nümayişçilər  binanın girişinə Rumıniya bayrağını, üstünə isə Avropa Birliyinin bayrağını asdılar. 

Mitinq işğtirakçıları hücumla parlamenti götürdülər. İğtişaşlar zamanı Moldova parlamentinin iclas zalı və rəhbərlərin kabinetləri, demək olar ki, tamamilə dağıdıldı. Parlamentin binası da yandırılmışdı, ancaq yanğınsöndürən maşınlar nümayişçilərin çox yığılması üzündən ora yaxınlaşa bilmədi. 

Kütləvi iğtişaşlar zamanı 300-ə yaxın adam saxlanıldı, onların 166-ı haqqında cinayət işi qaldırılıb. Saxlananlardan 88-i tutulub, qalan 88-i ev dustağıdır. 33 adamın dilindən kənara çıxmamaq üçün kağız alıblar, qalanlarını buraxıblar. Toqquşmalar zamanı 170 polis və 100-dən çox vətəndaş yaralanıb, bir aksiya iştirakçısı bir neçə gün sonra xəstəxanada keçinib. 

Baş verənlərin təhlili göstərir ki, hər şey spontan baş verib və müxalifət vəziyyətə nəzarət edə bilməyib. Görünür, məhz buna görə Moldovada mübarizə aparan tarəflər arasında  reytinq müxalifət partiyalarının liderlərinin ziyanına olub. 

Bir qayda olaraq, qiyam, üsyan və inqilablar zamanı narazıların rəhbərləri populyarlıq qazanırlar. 

Ancaq Molovadakı son hadisələr göstərdi ki, əksinə də olur. Kişinyovdakı parlament seçkilərindən sonrakı iğtişaşlardan ən böyük dividenti hakimiyyət, daha doğrusu isə, prezident Vladimir Voronin əldə etdi.

Qeyd edək ki, müxalifət partiyaları həmin dəqiqə özlərini təmizə çıxarmağa çalışdılar və küçə iğtişaşlarını törədənlərin onlara dəxli olmadığını dedilər. Bundan başqa, parlamentə keçmiş partiyaların liderləri - "Bizim Moldova" alyansından Serafim Urekyan, Liberal-Demokrat Partiyasından Vlad Filat və Liberal Partiyadan Dorin Kirtoake kütləvi etiraz aksiyaları keçirməkdən imtina ediblər. Halbuki, Kişinyov merliyi onların aprelin 6-dan 20-ə kimi şəhərin mərkəzi meydanında  aksiyalar keçirməsinə icazə vermişdi. Liberal-demokratların lideri hətta etiraf edib ki, onun partiyası "öz etirazını təşkil etmək imkanından yararlanmağı bacarmadı". 

Beləliklə, Moldova müxalifəti zəif və arxasız olduğunu göstərdi. Onun liderləri hətta "Mən kommunist deyiləm" hərəkatının fəalları tərəfindən SMS, sosial şəbəkələr və bloqlar vasitəsi ilə yığılmış kütlədən istifadə edə bilmədilər. Kütlələri idarə etməyi və küçələrdəki talanları dayandırmağı isə heç bacarmadılar. V.Filatın etiraf etdiyi kimi müxalifət liderləri etiraz aksiyalarını dinc istiqamətə yönəltməyə çalışdılar. "Təəssüf ki, biz bunu sona kimi bacarmadıq. Bunun günahı yalnız bizdə deyil, həm də hakimiyətdədir. Həmçinin biz kəskin şəkildə bu biabırçılığı və vandalizmi törədənlərin bizə dəxli olomadığını bildiririk", - deyə Filat vurğulayıb. 

Vəziyyətin məhz belə olması Moldova hakimiyyətində özünə inam yaradıb. "İlk dəfə olaraq Moldova xalqı öz gözləri ilə gördü ki, müxalifət açıq-aydın öz xalqını, öz ölkəsini satdı və açıq vətəndaş müharibəsi qızışdırmağa cəhd etdi. Bütün ölkə gördü ki, Moldovada heç bir antikommunist və antivoronin müxalifət yoxdur. Buradakı müxalifət dövlətçiliyə düşmən müxalifətdir", - deyə  Vladimir Voronin talanlardan bir gün sonra bildirib.

Beynəlxalq müşahidəçilər tərəfindən seçkiyə müsbət qiymət verilməsi də onda özünə böyük inam yaratdı və səslərin yenidən sayılmasına qərar verilməsi ilə müxalifətin əsas etiraz səbəbini ortadan qaldırdı. Yada salaq ki, seçkilərin rəsmi nəticələrinə görə, Kommunist Partiyası 49,48% toplayıb. Deməli, kommunistlər növbəti prezidenti seçməli olacaq parlamentdə 60 yer əldə edəcək, üç müxalifət partiyasına isə 101 mandatdan yalnız 41 mandat çatır. Belə olan halda hakim partiyanın heç bir problem olmadan öz namizədini maneəsiz olaraq dövlət başçısı seçmək üçün yalnız 1 səsi çatmır. 

 Ancaq hətta bu vəziyyət belə Voroninə  səslərin yenidən sayılmasına razılaşmağa mane ola bilməyib. 12 apreldə Moldova Konstitusiya Məhkəməsi seçicilərin səsini tam yenidən saymaq barədə qərar verib. Bütün proses 9 gün çəkəcək. 

 

Rumın izi və bumeranq effekti 

Bununla belə, rəsmi Kişinyov kütləvi iğtişaşlarla bağlı Rumıniyanı günahlandırdı ki, bu da iki ölkə arasında siyasi münaqişəyə səbəb oldu. Kişinyov məşvərət üçün səfirini Buxarestdən geri çağırdı, Rumıniyanın Moldovadakı səfiri isə "persona non qrata" elan edilərək, ölkədən çıxarıldı. Moldova həmçinin Rumıniya ilə viza rejimi tətbiq etdi, amma vizalar pulsuz olacaq. Moldova hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlarda Rumıniyadan olan gənclərdən təşkil edilmiş xüsusi qruplar iştirak edib. Onlar nümayişçiləri polislə toqquşmağa, parlamentin və prezident administrasiyasının binasına hücum etməyə yönəldiblər. 

Mitinqlərdə, o cümlədən Rumıniya paytaxtı Buxarestdə keçirilmiş aksiyalarda Moldovada "kommunizmi yıxmağa" çağırışlar edilmişdi, həm Moldovanın, həm Rumıniyanın bayraqları, AB-nin simvolu istifadə edilmişdi. Şüarlarda "Bessarabiya  rumın torpağıdır" sözləri yazılmışdı. Moldova hadisələri bütün  rumın KİV-ləri, radio və tele-kanalları üçün baş xəbər idi. Rumıniyanın  aparıcı xəbər kanallarından biri olan "Azadlıq" TV-nin xüsusi buraxılışında bu hadisələr gerçək "inqilab" adlandırılmışdı və "1989-cu ildə Rumıniyada Çauşesku rejiminin devrilməsi"nə eyni tutulmuşdu. 

Moldovanı Rumıniya ilə gerçəkdən çox şeylər bağlayır. Sakinlərin çoxu hətta özünü etnik rumın sayır və rumın pasportu daşıyır. Buna görə də, bir tərəfdən iğtişaşlar zamanı səslənən "biz rumınıq" səslərində heç bir qəribəlik yoxdur. Ancaq dövlət idarələrində rumın bayraqlarının peyda olması Moldova rəhbərliyinə açıq şəkildə Rumıniyanı hakimiyyəti yıxmağa cəhddə günahlandırmağa imkan verdi. Prezident V.Voronin bildirdi ki, ölkədə baş verən bütün hadisələrdə Rumıniyanın əli var. "Rumıniyanın təsiri çox ciddidir və ciddi agentura işi olduğu görünür", - deyə o vurğulayıb. 

Moldova müxalifətinin hərəkətləri faktik olaraq Voronin hökumətinin əlinə kozır verdi. V. Voronin artıq illərdir ki, Rumıniyanı böyük və ya baza sazişinə qol çəkdirə bilmir. Məsələ bundadır ki, rəsmi Buxarest bu sənədə ona görə qol çəkmək istəmir ki, o, Bessarabiyanın Böyük Rumıniyanın tərkibinə qayıtması istəklərinin üstündən xətt çəkə bilər. "Biz əvvəlki kimi Rumıniya ilə dinc qonşuluq münasibətləri saxlayacağıq. Biz yalnız bir şeyi xahiş edirik - onlar qarşılıqlı anlaşmanı bacarsınlar. Və gərginliyi aradan qaldıra biləcək ilk addım Rumıniya ilə Baza Sazişinin bağlanması ola bilər",- deyə deputat-kommunist Vladimir Tsurkan bildirib.

Beləliklə, Moldovada baş tutmamış inqilab yenidən kommunistlərin hakimiyyətdəki, həm də beynəlxalq aləmdəki mövqelərini möhkəmlətdi. Səslərin yenidən sayılması böyük ehtimalla heç nəyi dəyişməyəcək, sadəcə daxili siyasi gərginliyi ortadan qaldıracaq. 



MƏSLƏHƏT GÖR:

489