15 Mart 2025

Şənbə, 00:44

İNQİLABDAN İNQİLAB AXTARMAZLAR…

Gürcüstan qarşısında dayanan problemlərin həlli üçün M. Saakaşvilinin hakimiyyətdən kənarlaşdırılması kifayət deyil

Müəllif:

15.04.2009

Tbilisi üçün ötən ilin avqustunda Moskva ilə yaşanmış "beşgünlük müharibə" Abxaziya və Güney Osetiyanın tam itirilməsi ilə nəticələndi və bu, vaxtilə "qızılgül inqilabı" ilə hakimiyyətə gəlmiş Mixail Saakaşvilinin imicinə qara ləkə oldu. Gürcülər prezidentlərinin həmin ağır günlərdə, bombardman zamanı necə qaçdığını, həmçinin əsəblə qalstukunu çeynədiyini əks edirən və bütün dünyanın izlədiyi kadrları yaddan çıxarmayıblar. 

Bundan başqa, Gürcüstan prezidentinin rəqibləri onu avtoritarizmdə, son prezident seçkisinin nəticələrini saxtalaşdırmaqda, həmçinin dövlət vəsaitinin şəxsi tələbatları üçün sərf olunmasında və s. günahlandırırlar.

Nəticədə, aprelin 9-da Gürcüstanın aparıcı müxalifət partiyaları Saakaşvilinin istefası tələbi ilə mitinqlərə başladılar. 

Qeyd edək ki, bu tarix təsadüfən seçilməyib: 1989-cu ilin məhz həmin günündə ölkədə Sovet İttifaqına qarşı keçirilən nümayişlər 20 nəfərin ölümü ilə nəticələnmişdi. Hesab olunur ki, Gürcüstanın yeni tarixindəki həmin hadisə, SSRİ-nin dağılması prosesində həlledici rol oynayıb.

20 ildən sonra Tbilisinin mərkəzi küçəsi yeniə də nümayişçilərlə doludur, amma xoşbəxtlikdən bu dəfə hələ ki qurbansız ötüşmək mümkün olur. 

Müxtəlif hesablamalara görə, 50-100 min insanın iştirak etdiyi mitinq, nisbətən sakit keçib. Yeganə insident  nümayişçilərin Prezident İqamətgahına yerkökü atmaları olub - bununla Saakaşvilinin əleyhdarları onu qorxaq dovşana bənzədiblər. Müxalifət liderlərindən biri Bejan Qunava bunu Saakaşvilinin "öz xalqından qorxması" ilə əsaslandırmağa çalışıb. 

Meydana toplaşanların əsas tələbi isə bir olub: "Mişa, get!".

Müxalifət dairələri bildirir ki, aprelin 11-i axşam, təxminən 50 nəfər naməlum şəxs nümayişçilərin toplaşdığı meydana soxularaq, səhnəni dağıdıb, mitinqin idarə edildiyi səsgücləndirici cihazları sındırıb, nümayişdən sonra meydanda qalan müxalifətçilərdən 3-nü döyüblər. Məsələ ilə bağlı açıqlama verən Gürcüstanın daxili işlər nazirinin müavini Yekaterina Zquladze bəyan edib ki, müxalifətin mətbuat mərkəzinin dağıdılmasına DİN-in heç bir aidiyyəti yoxdur və hadisənin kim tərəfindən törədildiyi araşdırılmalıdır. 

Müxalifət isə mümkün təxribatlar haqda xəbərdarlıq etməyi lazım bilib: "Bizə məlumatlar daxil olur ki, yaxın vaxtlarda hökumət şəhərin müxtəlif yerlərinə polis patrullarına məxsus köhnə avtomobillər toplayacaq, həmin avtomobillər yararsız hala salınacaq və bunda müxalifət tərəfdarları günahlandırılacaq". 

Daxili işlər nazirinin DİN-in nümayişlərin gedişinə müdaxilə etməyəcəyi, lakin mitinqçilər tərəfindən antikonstitusiyon hərəkətlərin qarşısının birmənalı olaraq alınacağına dair açıqlamasının fonunda müxalifətin bu xəbərdarlığı xüsusi diqqətəlayiqdir. 

Qeyd edək ki, Tbilisinin mərkəzində nümayişlərin aprelin 16-dək keçirilməsinə icazə verilib.

Aprelin 10-da isə müxalifət ölkədə "vətəndaş itaətsizliyi"nin başlandığını bəyan edib. Aksiya parlament və İctimai Televiziyanın binaları önündə gündəlik piketlərlə müşayiət olunur. 

Analoji aksiyalar həmçinin Prezident İqamətgahına aparılan yollarda da keçirilir.

Gürcüstan müxalifətinin əsas simaları isə - ölkənin BMT-dəki sabiq nümayəndəsi, hazırda "Gür-cüstan Naminə Alyans" partiyasına liderlik edən İrakli Alasaniya (növbədənkənar prezident seçkisinin keçiriləcəyi təqdirdə məhz o, prezidentliyə potensial namizədlərdən biri hesab olunur), həmçinin ölkə parlamentinin sabiq spikeri, "qızılgül inqilabı"nın müəlliflərindən olan, indi isə "Demokratik Hərəkat - Vahid Gürcüstan" hərəkatının lideri Nino Burcanadze, parlamentin deputatı və biznesmen Levan Qaçeçiladze (son prezident seçkisində 2-ci yeri tutub), Leyboristlər Partiyasının rəhbəri Şalva Natelaşvili və digərləridir. Onların hamısı hakimiyyətlə dialoqdan imtina edirlər. Mitinqçilər qarşısında çıxış edən Burcanadze bəyan edib ki, "Saakaşvili mütləq istefa verməlidir, çünki bunu xalq tələb edir". Alasaniya isə prezidentə ictimaiyyət nümayəndələrinin də iştirakı ilə canlı efirdə debata çıxmağı təklif edib. Bununla yanaşı, o bildirib ki, müzakirə obeykti yalnız prezidentin istefası məsələsi ola bilər. Şalva Natelaşvili isə Saakaşvilini "gedər-gəlməzə" göndərməyə söz verib.

Bununla yanaşı, müxalifət bəyan edib ki, öz tələblərinə yalnız dinc yolla nail olmaq fikrindədir. 

M. Saakaşvili də əvvəlki illərdən, xüsusilə nümayişçilərin polis və xüsusitəyinatlılar vasitəsilə gözyaşardıcı qazla dağıdıldığı 2007-ci ilin payızında baş verənlərdən əməlli-başlı  dərs alıb. Odur ki, hakimiyyət hələ ki, mitinqçilərə qarşı tədbirlər görməyə tələsmir. Bununla yanaşı, prezident müxalifətin ultimatumlarına da əhəmiyyət vermir. O, prezidentlik müddətinin sonunadək hakimiyyətdən getmək fikrində olmadığını bildirir və xüsusilə iqtisadi böhran şəraitində hakimiyyət dəyişikliyinin məqsədəuyğun olmadığını bəyan edir.

Saakaşvilinin xeyrinə olan daha bir məqam keçirilən müxtəlif rəy sorğularıdır - əhalinin cəmi 28%-i hazırkı dövlət başçısının istefasının tərəfdarıdır. Belə görünür ki, bütün səhvlərə baxmayaraq, prezidentin cinayətkarlığın səviyyəsinin aşağı salınması, investisiyaların cəlbi və Gürcüstanın Qərbə tərəf istiqamətləndirilməsinə yönəldilmiş siyasəti xüsusi çəkiyə malikdir.

Lakin o da ola bilər ki, gürcü ictimaiyyəti, sadəcə, daimi siyasi gərginlikdən bezib. Daha bir məqam: xalq müxalifətin sıralarında yalnız Saakaşvilini əvəzləyəcək yox, həm də onun səhvlərini düzəldəcək və ölkəni birləşdirəcək lider görmür.

Məsələn, N.Burcanadze mitinqdəki çıxışı zamanı 2007-ci il noyabrın 7-də polisin mitinqi dağıtdığı zaman nümayişçiləri müdafiə edə bilmədiyi üçün kütlədən üzr istəyib. "Bu gün isə söz verirəm ki, yanınızda olacağam və Saakaşvilinin istefasına nail olmaq üçün sonadək mübarizə aparacağam. Biz birliyimizlə Saakaşvilinin istefasına nail olacağıq", - deyən xanım siyasətçinin çıxışı alqışlarla qarşılansa da, bu alqışları fit səsləri üstələyib.

Müxalifətçilər Saakaşviliyə qarşı əsas arqument kimi ötən ilin avqustunda yaşanmış hadisələri qoyurlar. Şüar isə belədir: "Müharibəni uduzmuş prezident istefa verməlidir". 

İrakli Alasaniya deyir: "Mən abxaz və osetin qardaşlarımıza müraciət etmək istəyirəm. Bilin ki, bu gün bütün Gürcüstan sizə qardaş əlini uzadır. Aramızda mövcud olan bütün problemlər danışıqlar və qarşılıqlı inamın bərpası ilə çözüləcək".

Amma hamı anlayır ki, bütün bunlar, sadəcə, sözlərdir. Müxalifətin Abxaziya və Güney  Osetiyanın geri qaytarılması ilə nəticələnəcək real proqramı yoxdur. Onların qələbə qazanacağı təqdirdə, hakimiyyətdə bir-biri ilə mübarizə aparmayacaqlarına da zəmanət vermək mümkün deyil.

Qərb isə Gürcüstanı sakitliyə çağırır. Avropa İttifaqının Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Aİ-nin Gürcüstanda hakimiyyətlə müxalifət arasında danışıqların təşkili prosesinə qoşula biləcəyini istisna etməyib.

Gürcüstanın bəzi KİV-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatı yer alıb. Moskvanın adından danışan nazir guya deyib ki, o, gürcü müxalifətinə kömək etməyə hazırdır. Bu informasiyaya cavab olaraq, ictimaiyyətdə Moskva ilə münasibətlərin bərpasının tərəfdarı kimi tanınan Burcanadze "müxalifətin Rusiyanın köməyinə ehtiyacının olmadığını" bəyan edib.

"Qruziya online" xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Riçard Yeker gürcü müxalifətinin Mixail Saakaşvilini istefaya çağırmasının Gürcüstanın daxili işi olduğunu söyləyib: "Səfirliyimizdən etiraz aksiyasının dinc xarakter daşımasına dair məlumatlar alırıq. ABŞ Gürcüstanı demokratik dövlət qurulucuğu məsələsində dəstəkləyir. Əlbəttə ki, demokratik dövlət quruculuğu dinc etiraz aksiyalarının keçirilməsini də nəzərdə tutur".

Göründüyü kimi, Qərb Gürcüstan hakimiyyətinə birbaşa dəstəkdən yayınır. Müxalifət isə Saakaşvilini ölkənin üzləşdiyi bütün faciələrin səbəbkarı sayır. 

Həqiqətən də o, çox şeyə görə məsuliyyət daşıyır. Lakin bu, o demək deyil ki, Saakaşvilinin yoxluğu Gürcüstanın qarşısında duran bütün problemlərin tam həllinə yol açacaq. Aydındır ki, küçələrdə mitinqlər təşkil etməklə də həmin problemlərin çözülməsi mümkün deyil. Xüsusilə də Gürcüstanın hazırda düşdüyü iqtisadi böhran şəraitində. 

İctimai qarşıdurma və mümkün qarışıqlıq ölkə üçün elə ciddi problem yarada bilər ki, bundan sonra prezidentin kimliyi artıq o qədər də əhəmiyyət daşımaz.



MƏSLƏHƏT GÖR:

408