15 Mart 2025

Şənbə, 00:24

ANKARA SƏRHƏDLƏRİ KEÇƏCƏKMİ?

Azərbaycanın qəti reaksiyasından sonra Türkiyə rəhbərliyi Ermənistanla münasibətlərin normallaşdırılması prosesini ləngitdi

Müəllif:

15.04.2009

Aprelin əvvəlində Azərbaycan, Türkiyə və Ermənistanda ictimaiyyətin diqqəti Ermənistanla Türkiyə arasında sərhədlərin açıla biləcəyinə dair məlumatlara yönəlmişdi. Hətta hadisələr, Ankaranın Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistanla münasibətləri yaxınlaşdırmaq cəhdinə qarşı Türkiyə və Azərbaycanda etiraz aksiyalarının keçirilməsinədək gedib çıxdı.

Əksər analitiklər və KİV-lər Azərbaycan prezidenti İlham Əliyevin  aprelin 3-də İstanbulda keçirilmiş "Sivilizasiyalar Alyansı" beynəlxalq konfransına qatılmaqdan imtinasını da sözügedən siyasətə etiraz kimi qəbul edib. Bu fakt həm də ona görə diqqətəlayiqdir ki, həmin konfrans ABŞ-ın yeni prezidenti Barak Obamanın iştirakı ilə regional problemlərin müzakirəsi üçün imkan yaradırdı.

Azərbaycan prezidenti İlham Əliyev bu konfransa, doğrudan da israrla dəvət olunurdu. Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdəki səyləri nəticəsiz qaldığından, məsələyə ABŞ-ın dövlət katibi Hillari Klinton da müdaxilə etdi. Bakıya zəng vuran xanım Klinton  İ. Əliyevin Türkiyəyə səfər edəcəyi təqdirdə, onunla ABŞ prezidenti arasında ikitərəfli görüşün baş tutacağını da vurğulamışdı. 

Lakin Azərbaycanın dövlət başçısı öz fikrini dəyişmədi.

İstanbulda keçirilən Amerika-Türkiyə danışıqlarında sərhədlərin açılmasına çağırışların edildiyi vaxtda İ.Əliyevin Bakıda ölkənin Təhlükəsizlik Şurasının (TŞ) toplantısını keçirməsi də qətiyyən təsadüfi sayıla bilməz. Onun beynəlxalq konfransda iştirakdan imtinası və TŞ-nin iclasındakı bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Azərbaycana təzyiq göstərilməsi cəhdlərinə qarşı demarş kimi dəyərləndirilib.

Bütün bunlar onu göstərməli idi ki, biz Türkiyə və Qərblə, hətta energetika və digər sahələrdəki layihələrlə bağlı münasibətlərin təftişinə belə hazırıq. 

Azərbaycanın iki qonşu dövlət arasındakı münasibətlərə müdaxilə etmək fikrində olmadığını deyən İ.Əliyev, bununla yanaşı, ölkəsinin maraqlarını qurban verməyi də düşünmədiyini nümayiş etdirdi. Sərhədlərin açılması isə ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın milli maraqlarına birbaşa ziddir.

Yəqin ki, Azərbaycanın milli maraqları nəzərə alınmasa, Bakı Qərbin hər hansı sülh çağırışlarına müsbət reaksiya verməyəcək. Türkiyə ilə qardaşlıq münasibətləri isə dəyişərək, məsələn, təbii qazın güzəştlə yox, bazar qiymətinə satılmasınadək gedib çıxa bilər. Axı Türkiyə-Ermənistan yaxınlaşmasına cəhd göstərən Vaşinqtonla Ankara Azərbaycan ərazilərinin işğalı faktını diqqətdən kənarda qoyublar. Bu isə Ermənistanın Qarabağa münasibətdə ərazi iddialarını sürdürməsi üçün özünə inamını artırır.

Türkiyə rəhbərliyinin Ağ evin yeni administrasiyası ilə yaxın tərəfdaşlıq münasibətləri qurmaq istəyini anlamaq olar. Ola bilsin ki, Vaşinqtonda və Ankarada bəziləri üçün Azərbaycanın hesabına ermənilərə kompensasiya edilməsi "uğurlu variant" kimi görünür. Bu, erməni diasporunun sakitləşməsinə, "1915-ci il soyqırımı"nın tanınması məsələsinin gündəmdən çıxmasına səbəb ola, Amerika-Türkiyə tərəfdaşlığı üçün "yolları təmizləyə" bilərdi. 

Lakin əvvəla, prezident Obamanın Konqresə sözügedən qətnamənin qəbul edilməməsi üçün təzyiq göstərəcəyinə zəmanət yoxdur. Axı o, hətta Türkiyəyə səfəri zamanı da bu məsələ ilə bağlı əvvəlki mövqeyində qaldığını söyləyib. Bu mövqe isə özündə "soyqırım"ın tanınmasını əks etdirir. Obama Ankarada göstərdi ki, o, "soyqırım" məsələsi ilə bağlı sadəcə taktiki baxımdan Türkiyə üçün təhqiredici sayılan ifadəni işlətməməklə kifayətlənməyi düşünür.

İkincisi, prinsipial mövqedən çəkilməsi Türkiyənin hörmətini artırmayacaq və çətin ki, onun Avropa İttifaqına qəbulu prosesini sürətləndirsin. Kipr buna əsl nümunə sayıla bilər. Ankara BMT-nin baş katibinin adanın birləşdirilməsi planına yaşıl işıq yandırsa da, referendumda bu məsələnin əleyhinə səs verən yunan kiprliləri hazırda Avropa İttifaqı ilə Türkiyənin danışıqlarına maneəni davam etdirirlər. Üstəlik, Şimali Kiprə qarşı blokada və sanksiyalar da aradan qaldırılmayıb. 

Deməli, elə bir vəziyyət yarana bilər ki, Ermənistanla sərhədlərin açılmasının qarşılığında Türkiyənin nə Vaşinqtondan, nə də Brüsseldən gözlədiyi dividentlər reallaşmasın. 

Üstəlik, Türkiyənin Yerevana avanslarının Serj Sarkisyanın Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda mövqeyini sərtləşdirməsinə səbəb ola biləcəyi də şübhə doğurmur.

Ermənistana birtərəfli güzəştlərin edilməsini yalnız Azərbaycanın yox, Türkiyənin də siyasətçiləri və ictimaiyyəti qəbul etmir. APA-nın məlumatına görə, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal ölkəsinin rəhbərliyi tərəfindən yürüdülən siyasətin Azərbaycanı məyus etdiyini bildirib: "Mən Azərbaycanla münasibətlərin vacibliyini xüsusi qeyd etmişəm. Təəssüf ki, hökumətin Ermənistan siyasəti ilə Azərbaycanı küsdürdük. Azərbaycan prezidenti Türkiyəyə səfərdən imtina etdi. Ermənistanla barışıb-barışmayacağımızı bilmirəm. Azərbaycanı isə artıq özümüzdən incik salmışıq".

Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı da Türkiyənin Ermənistanla sərhədləri Azərbaycanın maraqlarını nəzərə almadan açmaq istəyini pisləyib.

Türkiyə rəhbərliyi isə Azərbaycan prezidentinin qəti reaksiyası, Azərbaycan və  Türkiyə ictimaiyyətinin etirazlarından sonra Yerevanla münasibətlərin normallaşdırılması prosesini ləngitməyə məcbur olub. Prezident Abdullah Gül açıq şəkildə bəyan etdi ki, sərhədlərin açılması yalnız Azərbaycanın işğal altındakı 5 rayonunun qaytarılması halında mümkün olacaq. 

Baş nazir Ərdoğan isə öz növbəsində rəhbərlik etdiyi hökumətin Ermənistanla bağlı siyasətini tənqid edənləri "siyasibazlıqda" günahlandırıb. O, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Dağlıq Qarabağı işğal etməsi faktını tanıyacağına, Yerevanı qoşunlarını bu torpaqlardan çıxarmağa çağıracağına ümid etdiyini bildirib. Türkiyənin hazırda TŞ-nin üzvü olduğunu, yaxınlarda isə quruma sədrliyin Ankaranın əlinə keçəcəyini nəzərə alsaq, bu, kifayət qədər vacib bəyanatdır.

Bunun ardınca R.T.Ərdoğan ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla münasibətlərin normallaşmasının müm-künsüzlüyünü bəyan edib. 

Hadisələrin bu cür inkişafı isə Yerevanı son dərəcə məyus edib və bu məyusluq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasında aşkar hiss olunur: "Əgər Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün ilkin şərtlər irəli sürməyə davam edərsə, ölkələrimiz arasında dialoqa son qoyulacaq. Türkiyə-Ermənistan münasibətləri heç bir ilkin şərt irəli sürülmədən normallaşdırılmalıdır. Biz Türkiyə ilə dialoqu yalnız bu halda davam etdirməyə hazırıq. Sərhədlərin açılması üçün Ankara ilkin şərtlər irəli sürməyə davam edərsə, biz bunu dialoqun dayandırılması kimi qiymətləndirəcəyik".

Azərbaycanın mövqeyinə isə getdikcə daha çox anlaşıqlı yanaşılır. ABŞ prezidenti Barak Obama aprelin 7-də azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı Obama Ağ evin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım etməyə hazır olduğunu bildirib. ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlarla Azərbaycan strateji tərəfdaşdırlar. O, ölkələr arasındakı ikitərəfli münasibətlərin səviyyəsindən razılığını da ifadə edib.

Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri də fəallaşıblar. Hazırda Türkiyə, ABŞ, Rusiya və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin dalandan çıxardılması istiqamətində fəal məsləhətləşmələr aparılır. 

Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə aprelin 16-17-də İlham Əliyevin Moskvaya işgüzar səfər edəcəyi məlum olub. Bəzi məlumatlarda proseslərə aydınlıq gətirmək və siyasəti razılaşdırmaq məqsədi ilə Türkiyə lideri Abdullah Gülün Bakıya baş çəkəcəyi də bildirilir.

Bir sözlə, Azərbaycan prezidentinin prinsipial mövqeyi dünya liderlərini "1915-ci il soyqırımı" kimi tarixi xarakterli problemə deyil, Ermənistanın qonşu ölkənin ərazilərini işğal etməsi, etnik təmizləmə siyasəti aparması nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın düşməsi kimi real problemlərə diqqət ayırmağa məcbur etdi. 

Ankaranın Ermənistana münasibəti istər-istəməz regiondakı prosesləri hərəkətə gətirib və indi onların pozitiv nəticə verəcəyinə ümid etmək lazımdır.


MƏSLƏHƏT GÖR:

405