
AVTOMOBİL BAZARI DEPRESSİYA ŞƏRAİTİNDƏ
Yerli avtomobil və traktor istehsalçıları istehsalı azaltmağı düşünmürlər
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən ilin payızından başlayan dünya böhranı nəticəsində ən ağır vəziyyətə düşən iqtisadiyyat sahələrindən biri dünya avtomobil sənayesi oldu. Demək olar ki, hər gün KİV-də ABŞ, Yaponiya və Avropanın aparıcı avtomobil nəhənglərinin gəlirlərinin azalması, istehsalın məhdudlaşdırılması və hətta zavodların bağlanması barədə xəbərlər yayılır. Yaxın iki il üzrə proqnozlar da ümidverici deyil, demək olar ki, bütün aparıcı avtomobil konsernləri zərər və istehsalın azalmasının qaçılmazlığını düşünürlər. Təbii ki, qlobal avtomobil böhranı bizim ölkəyə də təsirsiz ötüşə bilməz. Avtomobil idxalı yetərincə azalıb. Bankların çoxunun avtomobil kreditlərindən imtina etməsi onların satışını da ciddi şəkildə aşağı salıb.
Azərbaycanın yeni və işlənmiş minik avtomobilləri bazarı, praktik olaraq, bütövlükdə idxalla bağlıdır. Bu ilin yanvar ayına olan göstəricilərə görə, ölkə üzrə minik avtomobillərinin sayı 800 mini keçib və hər il bu say 70-80 min ədəd artır. Müqayisə üçün bildirək ki, ötən il ölkəyə rekord sayda - 89044 ədəd minik avtomobili gətirilib. Bir il qabaq isə idxal rəqəmi 70963 idi, yəni 2007-ci ilə baxanda 2008-ci ildə avtomobil idxalında 25,4% artım olub və bu da demək olar ki, 2006-cı ilin göstəricisinə (70031 ədədə) bərabər olub.
Avtomobil satışları iki dəfə düşəcək
Təəssüf ki, bu il həyəcanlı statistika ilə başlayır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında ölkəyə 5091 avtomobil gətirilib ki, bu da ötən ilin yanvar ayının göstəricilərinə baxanda 41,7% azdır. İdxal həcmlərinin azalması ilə yanaşı, yerli avtomobil bazarında ötən ilin noyabr ayından başlayaraq, qiymətlərin açıq-aydın azalması meyli özünü göstərir. Özü də bu, işlənmiş avtomobillər bazarında daha qabarıq nəzərə çarpır.
Azərbaycan banklarının əksəriyyətinin avtomobil satışlarını kreditləşdirməkdən imtina etməsi də avtomobil bazarına güclü təsir göstərib. Hələ ötən ilin payızında götürülmüş borcların qaytarılması ilə bağlı risklər yarananda banklar fiziki şəxslər üçün nəzərdə tutulmuş kredit çantasının strukturuna yenidən baxdılar. İlk növbədə kapitaltutarlı və uzun-müddətli kreditləşdirmə növləri, yəni avtomobil və ipoteka kreditləri üzrə məhdudlaşdırma tətbiq edildi. "Daha öncə ölkə üzrə minik avtomobillərinin 60%-i bank kreditləri hesabına satılırdı. İndi bu cür borcların verilməsi dayandırıldığından, avtomobil satışlarının iki dəfəyə qədər düşəcəyi gözlənilir",- deyə "Toyota Center Baku"nun baş direktoru Rəşad Əliyev bildirir.
Onun fikrincə, bir sıra avtodilerlər artıq xüsusi endirim proqramları və ya avtomobilin nağd satışları zamanı əlavə opsiumlar barədə məlumat yayıblar. Ancaq bu cür tədbirlərin avtomobil kreditlərinin yoxluğunun yaratdığı boşluğu dolduracağına inanmaq çətindir. Avtomobil kreditləri üzrə faiz dərəcələri də yetərincə artıb, əgər ötən il banklar kreditləri 19-21% illiklə verirdilərsə, bu il həmin göstərici 24-25%-ə qədər artıb. Buna baxmayaraq, indi bir sıra banklar yeni minik avtombilləri gətirən avtosalon və dilerlərlə əməkdaşlığı davam etdirirlər, amma riskli işləmiş avtomobil bazarı isə tamamilə bank dəstəyini itirib. Yəni vəziyyət mürəkkəbləşib və borcunu ödəyə bilməyən müştəridən məhkəmə vasitəsilə avtomobili geri alan bank onu satmağa çətinlik çəkir. Bunun nəticəsi olaraq, işlənmiş avtomobil bazarında satışlar düşür və ilin əvvəlinə baxanda qiymətlər 20-25% azalıb. Bütövlükdə, ölkə üzrə satılan avtomobillərin orta qiyməti ötən ilin ortalarındakı 20 min manat səviyyəsindən bu ilin fevralında 14 min manata düşüb. Ekspertlər ehtimal edirlər ki, azalma meyli gələn ilin əvvəlinə kimi davam edə bilər.
Traktora yönəlik istehsal
Tarixən belə olub ki, Sovet İttifaqında bütün avtomobil müəssisələri Azərbaycandan kənarda yerləşdirilib. Yalnız 1969-cu ildə tikilmiş Bakı Avtomobil Zavodu istisnadır, 2005-ci ildə özəlləşdirilmiş müəssisə "Bakı avtomobil sənaye" ASC adlanır. Həmin müssisədə 90-cı illərin əvvəlinə qədər yük furqonları yığılırdı. Həmin furqonların bazasında bir müddət də sadə, azyerli avtobuslar yığılmağa başladı. Son illərdə isə dövlət və özəl bölmə ölkədə avtonəqliyyat vasitələrinin yığılması üzrə müxtəlif variantlar nəzərdən keçirməyə başladı. Bu cür ilk təcrübə "Azmotors So LTD" şirkəti tərəfindən B.Sərdarov adına zavodun sexlərinin birində "KamAz" yük maşınlarının yığılması üzrə 2002-ci ildə yaradılmış müəssisə idi. Layihə gücünə görə müəssisədə ildə 500 yük maşını yığılmalı idi. Lakin elə alındı ki, bir neçə il ərzində müəssisə lazımi səviyyəyə qalxa bilmədi və bir sıra başqa səbəblər üzündən bağlandı. Ümumiyyətlə, son iki ildə Kama Avtomobil Zavodunun rəhbərliyi, son məqsəd kimi yığma və qovşaq hissələrinin burada istehsal imkanları da olmaqla, bizim ölkədə daha böyük müəssisəinin yaradılması barədə danışıqlar aparırdı.
Bununla yanaşı, ölkədə əlamətdar hadisələrdən biri Gəncə Avtomobil Zavodunun ("Gənc-AZ") işə salınması oldu. Tikintisinə hələ 1986-cı ildə başlanan zavod SSRİ-nin dağılması üzündən istifadəyə verilə bilməmişdi. Gəncə zavodu öz debütünü 2004-cü ildə Naberejnı- Çelnidən gətirilən yığma hissələri əsasında düzəldilmiş azlitrajlı "Oka" avtomobillərinin istehsalı ilə başladı. Daha sonra Ulyanovsk Avtomobil Zavodu ilə danışıqlar apararaq, bir sıra modellərin istehsalına başlandı. İndi Gəncədə "Hunter" və "Fermer" modellər, furqon tipli "UAZ 39629-016" təcili yardım maşını olmaqla yanaşı, bir neçə "UAZ" modeli də yığılır.
Azərbaycanda, birmənalı şəkildə, ərzaq idxalından asılılıqdan yaxa qurtarmaq və yerli istehsalın artırılması kursu götürülüb. Aqrar sənaye sahəsinin inkişafında və ölkənin ərzaqla təminində əsas element kimi kənd təsərrüfatı texnikasının birbaşa ölkə daxilində istehsal edilməsi də nəzərdə tutulur.
Bunula bağlı olaraq, 2006-cı ilin sonunda "GəncəAZ" Minsk Avtomobil Zavodunun (MAZ) yük maşınlarının, həmçinin "Belarus" traktorlarının istehsalına başladı. 2007-2008-ci illərdə Gəncədə iki yüzə yaxın MAZ yük avtomobilləri və altı model üzrə 900-dən artıq "Belarus" traktorları buraxılıb. Belorusiyanın "Dorelektromaş" müəssisəsi ilə saziş əsasında 2007-ci ildə Gəncədə "Belarus" traktorlarının əsasında kommunal-tikinti texnikası üçün 15 növdə dartı avadanlığı yığılması da təşkil edilib.
"GəncəAZ"ın uğurlu fəaliyyəti həm də onunla bağlıdır ki, kommunal və kənd təsərrüfatı texnikasının xeyli hissəsi əvvəldən tutulmuş plan əsasında dövlət qurumları tərəfindən satın alınırdı. Bu da zavodun bazar tələbatının dəyişməsindən asılılığını xeyli azaldır. Belə ki, traktorların 80 faizi sonradan fermerlərə lizinq yolu ilə verilməsi üçün "Aqrolizinq" ASC tərəfindən alınıb, qalanı isə birbaşa özəl bölməyə satılıb. Dövlət qurumu olan "Aqrolizinq"lə əməkdaşlıq Gəncə zavodunu bir neçə il qabağa sifarişlə təmin edir. Ancaq "Gəncə-AZ"ın potensialı bununla bitmir, çünki müəssisənin istehsal imkanları ildə 1000 ədəd iritonnajlı MAZ avtomobillərinin və 2000-dən artıq "Belarus" traktorlarının yığılmasına çatar.
İstehsalın genişləndirilməsi və xarici bazarlara çıxmaq məqsədi ilə "GəncəAZ" və Minsk Traktor Zavodu traktorların istehsalı üzrə birgə müəssisə (BM) yaratmağa hazırlaşırlar. BM tam gücünə çatdıqda traktor istehsalı ildə 2-3 min ədəd olacaq. Gəncədə yığılmış altı növ traktorun qiyməti 13-35 min manat arasında dəyişir ki, bu qiymət xarici bazarlara çıxmaq üçün yetərincə rəqabət qabiliyyətlidir. Belə ki, yaxın üç ildə BM səkkiz minə yaxın texnika vahidi istehsa/edəcək.
MƏSLƏHƏT GÖR: