
RİSKLƏR NƏZARƏT ALTINDADIR
Azərbaycanın Maliyyə Naziri Samir Şərifov dünya iqtisadi böhranının təsirlərinin yumşaldılması üzrə tədbirlərdən danışıb
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dünyanın bütün aparıcı ölkələrinin tüğyan edən iqtisadi böhranı cilovlamaq istiqamətindəki səylərinə baxmayaraq, ortada real nəticə demək olar ki, yoxdur. Böhranın ilin sonuna kimi səngiyəcəyi barədə ümidverici proqnozlar tez-tez səslənsə də, hələ ki faktiki irəliləmələr müşahidə edilmir. Bundan başqa, analitiklər böhrandan sonrakı, böhranın özü kimi ağır olan depressiya barədə də xəbərdarlıq edirlər. Buna görə də hazırda hökumətlərin böhran əleyhinə planları dünya iqtisadiyyatının dirçəldilməsi proqramları ilə birləşdirilir. Bununla bağlı özünü böhranın ağır təsirlərindən qorumağı bacarmış Azərbaycan həm də böhrandan sonrakı dövrün ağır imtahanına duruş gətirməlidir. Hökumət buna hazırdırmı? Bu və başqa suallarla biz Azərbaycanın maliyyə naziri Samir Şərifova müraciət etdik.
- Dünya maliyyə böhranı şəraitndə Azərbaycanın bugünkü iqtisadi durumunu necə qiymətləndirmək olar?
- Əminliklə demək olar ki, böhran fonunda Azərbaycanda sabit iqtisadi durum müşahidə olunur, bununla yanaşı, hökumət onun təsirlərinin yumşaldılması istiqamətində işləməyi davam etdirir. Ölkənin Milli Bankı bank bölməsində likvidliyin artırılması istiqamətində səylərini artırmaqdadır. Xatırladaq ki, sistem banklarının maliyyə sabitliyinin dəstəklənməsi və onlar tərəfindən ölkə iqtisadiyyatının kreditləşdirilməsinin davam etdirilməsi üçün məcburi rezervləşdirmə normaları aşağı salınıb. Bununla yanaşı, həm də nəzərə almaq lazımdır ki, bütün qonşu ölkələr, demək olar ki, ciddi problemlərlə üz-üzə qalıblar, bir sıra dövlətlərin milli valyutaları kəskin devalvasiyaya uğrayıb, bəziləri hətta defolta yaxındır.
İstənilən halda, bizim tərəfimizdən vəziyyət hər gün izlənir və dərhal tədbirlər görülür. Bununla yanaşı, biz hər gün dövlət büdcəsi xərclərinin effektivliyinin gücləndirilməsi imkanlarına baxırıq. Məsələn, dövlət büdcəsində artıq müəyyən rezervlər var, bu rezervlər bütün dünyada müşahidə edilən kimi, bizim ölkədə də istehlakın azalması ilə bağlıdır. Qiymətlərin azalmasına təsir edən bütün hər şey son nəticədə bir sıra dövlət proqramlarının gerçəkləşməsində xərclərin qənaətinə gətirir. Artıq qalan vəsaitlər real sektorun dəstəklənməsi üzrə tədbirlərə yönəldiləcək. İlk növbədə söhbət kiçik və orta sahibkarlardan, fermerlərdən gedir. Onlara güzəştli kreditlər şəklində daha çox dəstək olacaq.
Hazırda güzəştli kreditlər başlıca olaraq İqtisadi İnkişaf Nazirliyinin (İİN) yanındakı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yanındakı Kənd Təsərrüfatı Kreditləşdirilməsi Agentliyinin xətti ilə verilir. SKMF üçün bu il 130 milyon manat, agentlik üçün isə 10 milyon manat nəzərdə tutulur. Prezident İlham Əliyevin sərəncamı ilə güzəştli kreditləşdirmə həcmləri artırılacaq.
Qeyd etmək istəyirəm ki, böhran şəraitində sosial problemlərin gerçəkləşdirilməsi ilə bağlı problem gözlənilmir. Hökumət dövlət büdcəsində göstərilən bütün sosial öhdəlikləri, həmçinin maaşların, pensiyaların, sosial müavinətlərin ödənilməsini nəzərdə tutan bütün öhdəlikləri yerinə yetirəcək və bu sahədə hər şey sabitdir.
- Real bölmənin dəstəklənməsinə gəldikdə, son zamanlar sahibkarlar və onların təşkilatları tərəfindən böhran dövründə özəl bölməyə vergi güzəştləri verilməsi barədə təkliflər daha çox səslənir. Hökumət tərəfindən bu cür güzəştlərin verilməsi nəzərdə tutulurmu?
- Hə, bu məsələ gündəlikdədir, amma hələ ki güzəştlərin necə veriləcəyini, hansı sahələri əhatə edəcəyini konkret deyə bilmərəm. Dövlət başçısının tapşırığı ilə vergi güzəştləri biznes mühitinin yaxşılaşdırılmasına yönəldiləcək. Hazırda təkliflər zərfi hazırlanır və baxılmaq üçün yaxın zamanlarda hökumətə təqdim ediləcəyi planlaşdırılır.
Yada salaq ki, bank bölməsində böhranın təsirlərinin azaldılması məqsədi ilə 2009-cu ildən banklara və sığorta təşkilatlarına üçillik müddətə vergi güzəşti tətbiq edilib (yəni bu maliyyə təşkilatlarının kapitallaşmasına yönəldilən gəlirlərdən vergi tutulmayacaq - müəllif). Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına tətbiq edilən vergi güzəştləri 2009-cu ildən yenidən beşillik müddətə uzadılacaq. Azərbaycanda həmçinin əhali tərəfindən banklara və başqa kredit qurumlarına qoyulmuş əmanətlərdən əldə edilən faiz gəlirlərinə, həmçinin investisiya qiymətli kağızlarından əldə edilən dividendlərə qarşı vergi güzəştləri qüvvədədir.
- 2009-cu il büdcəsi qəbul edilərkən onun bir sıra parametrləri, xüsusilə də neftin qiyməti ilə bağlı proqnozlar mübahisələrə səbəb oldu. Analitiklər bu fikirdədirlər ki, bu il "qara qızıl"ıın qiyməti Azərbaycan büdcəsində göstərilmiş barrel üzrə $70 səviyyəsinə çətin çata bilər. Proqnozların dəyişdirilməsinə ehtiyac varmı?
- Davam edən dünya iqtisadi böhranı xarici mənşəlidir, onun inkişafı və yaranan digər problemlər də xarici amillərlə bağlıdır. Ona görə də bu gün büdcə proqnozlarına yenidən baxmağa ehtiyac yoxdur. Ancaq yaxın gələcəkdə dünya iqtisadiyyatında daha hansısa bir mənfi hadisələrin baş verə bilmə imkanını təkzib edə bilmərik. Həmin vəziyyətdə Azərbaycan hökuməti də müvafiq addımlar atacaq, amma bu gün biz bu məsələyə baxmırıq.
Əlbəttə, dövlət büdcəsinin proqnozları neftin barrelinin $70-a bərabər olmasına uyğun tutulub, ancaq ötən ildən başlayaraq onun qiyməti dünya bazarlarında düşməyə başladı və bu gün $50-dən aşağıdır. Ancaq qeyd edək ki, bizim gəlirlərin azalması dünya bazarlarında neftin qiymətinin düşməsindən daha çox, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hasilatı azaltması hesabına baş verir. Amma biz ABƏŞ-dən məlumat almışıq ki, hasilatın azaldılması ötəri haldır və yaxın zamanlarda, yəni bu il ərzində o artırılacaq.
- Qlobal böhran hökumətin ölkədə ipoteka kreditləşdirilməsinin bərpası üzrə planlarına təsir göstərə bilərmi?
- Deyə bilərəm ki, bu gün dövlət büdcəsi hesabına sosial ipoteka verilməsinin maliyyələşdirmə məsələsi Azərbaycan İpoteka Fondundan (AİF) asılıdır. Yəni dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı problem yoxdur. Sadəcə, AİF onların ayrılması üçün Maliyyə Nazirliyinə müraciət etməlidir. Bizim lazımi pul vəsaitlərimiz var, onları nə vaxt tələb etsələr, onda da onların büdcədən maliyyələşdirilməsinə başlanacaq. Biz bu məsələ ilə bağlı həmişə, hətta yaxın günlərdən belə başlayaraq, yardım etməyə hazırıq (2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14,5 milyon manat nəzərdə tutulub - müəllif).
- Azərbaycan gələcəkdə dünya iqtisadi böhranının nəticələrini ləğv etmək üçün dünyanın bir çox ölkələri kimi yardıma görə beynəlxalq maliyyə qurumlarına müraciət edə bilərmi? Məsələn, Beynəlxalq Valyuta Fonduna (BVF)?
- Hazırda Azərbaycanın BVF ilə heç bir proqramı yoxdur, artıq dördüncü ildir ki, hökumət fondla əməkdaşlığı məsləhət səviyyəsində aparır. Biz dünya iqtisadi böhranından zərər görmüş başqa ölkələr kimi, BVF-yə müraciət etmək fikrində deyilik.
Qeyd edək ki, dünya maliyyə böhranı şəraitində BVF tərəfindən problemli ölkələrə ayrılmış vəsaitlər onların ehtiyacını ödəmir. Sirr deyil ki, bir sıra Avropa ölkələrində defolta yaxın vəziyyət yaranıb. Və bunun qarşısının alınması üçün maliyyə dəstəyi gərəkdir. Fondun əsas işi likvidlik təqdim etməkdir. Buna görə də "Böyük İyirmilik" ölkələri öz vəsaitləri hesabına BVF-nin kapitalının artırılması barədə qərar qəbul ediblər ki, ehtiyacı olan ölkələrə yardım edilə bilinsin.
MƏSLƏHƏT GÖR: