15 Mart 2025

Şənbə, 00:25

BİZ YENİ DÜNYA QURACAĞIQ?..

Qlobal iqtisadi böhran solçu hərəkatda yeni dirçəlişə səbəb olub

Müəllif:

01.04.2009

Son yarım əsrdə yaşanan ən ciddi qlobal iqtisadi böhran bir çox ölkələr üçün ciddi problemlər yaradıb. Lakin onun nəticəsi kimi yalnız xalqların yaşayış səviyyəsinin aşağı düşməsini, bəzi dövlətlərin müflis olmasını deyil, sosial ideyaların populyarlaşmasını, qlobal miqyasda solçu hərəkatların güclənməsini də göstərmək olar.

 

Dünya Marksı xatırladı

Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatları 2009-cu ildə dünya iqtisadiyyatının İkinci Dünya müharibəsindən sonra ilk dəfə resessiya mərhələsinə qədəm qoyduğunu söyləməyə əsas verir. "Bu il iqtisadiyyatın səviyyəsi sıfırdan aşağı enə bilər və bu, bizim əksəriyyətimizin indiyədək yaşadığı ən pis dövr olacaq", - deyə BVF-nin rəhbəri Dominik Stross-Kan bildirir.

Faktiki olaraq, transmilli kapitalın tamahkarlığı və acgözlüyü, qeyri-bərabərliyin artması və ətraf mühitin məhv edilməsi kimi xarakterizə olunan nizamlanmayan kapitalizm sistemi bəşəriyyətin böyük əksəriyyətinin gözündə özünü tam nüfuzdan salıb. 

Sənaye tənəzzülü Avropanı da ağuşuna alıb. "Avrostat" Statistika Xidmətinin məlumatına görə, "Köhnə dünya"da artıq iqtisadi resessiya başlayıb. O, xüsusilə qitənin vahid valyuta - avronun dövriyyədə olduğu 16 ölkəsində hiss olunur.

Lakin inkişaf etməkdə olan və yoxsul ölkələrdə böhranın daha ağır nəticələri hiss olunmaqdadır. Bu xəbərdarlıqla çıxış edən BMT-nin baş katibi Pan Gi Mun inkişaf etmiş dövlətləri ehtiyacı olan ölkələrə kreditləri kəsməməyə çağırıb. BMT ekspertləri bildirirlər ki, dünyanın  inkişaf etməkdə olan 116 ölkəsindən 94-də resessiyanın əlamətləri hiss olunur. İnkişaf etməkdə olan dünyanın kollaps yaşaya biləcəyini BVF rəhbəri də təsdiqləyir: "Böhran müxtəlif ölkələrin əhalisinə təsir göstərib. Lakin yoxsul dövlətlərin əhalisini o, məhv edəcək. İnkişaf etmiş ölkələrdə işsizlik və alıcılıq qabiliyyətinin aşağı düşməsi problemləri yaşanacaqsa, yoxsul dövlətlərdə söhbət ölüm-dirim məsələsindən gedir".

YUNESKO-nun apardığı analizin nəticələrinə əsasən, iqtisadi tənəzzül Saxaradan cənubda yaşayan 390 milyon insana təsir göstərəcək və onlara dəyən zərərin həcmi 18 milyard dollara çatacaq. Bu isə adambaşına 46 dollar deməkdir. Qeyd edək ki, bu, Afrikanın yoxsul əhalisinin adambaşına düşən gəlirinin 20%-dir - razılaşın ki, bu rəqəm inkişaf etmiş ölkələrin yaşayacağı zərərdən çox fərqlənir.

BVF-nin hesablamalarına görə, 2009-cu ildə 22 dövlətə iqtisadiyyatının xilası üçün 25 milyard dollar lazım gələcək. Lakin başı öz iqtisadiyyatlarına qarışan ABŞ və Avropa hazırda yoxsul dövlətlərə lazımi dəstəyi göstərməyə hazır deyillər. Məsələn, Avropa İttifaqının 2010-cu ildə öz ümumi daxili məhsulundan ehtiyacı olan dövlətlərə yardım üçün 0,56% ayırmaqla bağlı öhdəliyində dəyişiklik edilir və məbləğ azaldılır. Bununla yanaşı, inkişaf etmiş ölkələrin hökumətləri nüfuzlu ekspertlərin, məsələn, Ümumdünya Bankının baş iqtisadçısı Castin Linin məsləhətlərini qulaqardına vururlar: C.Lin hesab edir ki, inkişaf etmiş ölkələr böhranla bağlı ayrılan pulların bir hissəsini daxili bazara deyil, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına yatırsalar, bu, daha çox effekt verə bilər.

Hələliksə, böhranın inkişafı və qlobal resessiya təhlükəsinin artması fonunda dünya iqtisadiyyatının işləmə prinsiplərinin özləri də tənqidə məruz qalır.

Marksizm nəzəriyyəsinə sadiq olan şəxslərin səsi daha gur eşidilməyə başlayır və onlar bildirirlər ki, kapitalizmin böhranı qarşısıalınmaz və dövri xarakter daşıyır. Britaniyanın nüfuzlu "Times" qəzeti bu yaxınlarda Karl Marksın portretini dərc edərək, şəklin altında yazıb: "O qayıtdı". 

Neoliberalizmin carçısı sayılan "Economist" jurnalı isə yazır: "İqtisadi azadlıq təhlükədədir!".  Jurnal hələ də kapitalizmə inanmaqda davam edənləri öz səylərini birləşdirməyə çağırır.

Amma dünyadakı ictimai rəydə artıq belə fikir yaranıb ki, hazırkı böhran kapitalizm erasına, ən azı, onun hökmranlığına son qoyacaq. Bəzi bölgə və dövlətlərdə solçu hərəkatların dirçəlməsi də bununla bağlıdır.

 

Solçuların dövrü gəldi

Ötən ilin ortalarından etibarən dünyada iqtisadi böhranın tüğyan etməyə başlaması ilə Avropa, Asiya və Latın Amerikasının müəyyən hissələrində onsuz da güclü olan solçu hərəkat, bir çox ölkələrdə sosial münaqişələrin artması ilə fəallığının yeni mərhələsinə qədəm qoyub. Avropa ölkələri arasında əsl böhran şokunu Yunanıstan yaşayıb - ölkənin ayrı-ayrı şəhərlərinin küçələri asayiş keşikçiləri ilə əsasən solçu cərəyanın tərəfdarı olan qiyamçı gənclər arasında toqquşmalara səhnə olub. 

İslandiya və Şərqi Avropanın bir sıra ölkələrində, ilk növbədə "postsosialist nəhəngləri" - Macarıstan, Polşa, Çexiya, həmçinin Ukrayna ilə birlikdə iqtisadi müflislik astanasında qalmış Baltikyanı dövlətlərdə də antikapitalizm nümayişləri keçirilib.

Qərbi Avropada - Almaniya, İtaliya, Böyük Britaniya kimi dövlətlərdə də etiraz aksiyaları solçu hərəkatın dirçəlməkdə olduğunu göstərir. Avropadakı siyasi dəbin göstəricisi olan Fransa da çalxalanmalardan kənarda qalmayıb. Martın sonlarında bu ölkədə Qollun sağçı partiyasının lideri Nikolya Sarkozinin prezident seçilməsindən sonra ən genişmiqyaslı milli tətil keçirilib. Tətildən əvvəl isə bahalaşma və həyat səviyyəsinin aşağı düşməsinə dözməyən əhali Kvadelupa və Martinikada da iğtişaşlar törədib. Fransa şəhərlərində küçələrə 3 milyon insan çıxıb. Etirazçılar nəhəng iş adamlarından və dövlətdən böhrandan əziyyət çəkən əhaliyə yardım göstərməyi tələb ediblər. Gündüzlər dinc mitinqlər formasında keçirilən aksiyalar, gecələr zorakılıq və toqquşmalarla əvəz olunub və bu, müşahidəçilərə 2009-cu ilin martı ilə 1968-ci ilin mayı arasında müqayisə aparmağa əsas verib. Söhbət 1968-ci ildə Fransa gənclərinin analoqu olmayan etiraz dalğası ilə Beşinci Respublikanın əsasını qoymuş Şarl de Qollun istefasına nail olmasından gedir.

Onun davamçısı olan Nikolya Sarkozi isə istefaya getmək haqda düşünmür. Hər halda, hələ ki Fransanın təlatümlü meydanlarında bu cür tələblər irəli sürülmür. Lakin dövlət başçısının ətrafında etiraf edirlər ki, ölkədə özünəməxsus "kiçik inqilab" yetişir və onun mühərriki kimi sosialist cərəyanının müxtəlif nümayəndələri çıxış edir. 

Bir məqamı qeyd etmək kifayətdir: hazırda Fransanın ultrasolçu Yeni Antikapitalist Partiyasının lideri, trotskizm hərəkatını təmsil edən 32 yaşlı Olivye Bezansonun reytinqi prezidentin reytinqi ilə müqayisə olunacaq dərəcədədir.

Çaxnaşmalar son bir neçə onilliklər ərzində inkişaf xətti tutmuş "Asiya pələnglərində" - Şərqi Asiya ölkələrində də yaşanmaqdadır. DB-nin hesablamalarına görə, resessiya ən çox Çin, Yaponiya və Cənubi Koreya kimi dövlətlərə zərbə vuracaq. Deyilənlər hələ sadəcə proqnoz olsa da, artıq bu regionda solçu cərəyanın güclənməsinin ilk simptomları özünü Tailandda göstərib - insanlar əllərində əfsanəvi Çe Gevaranın şəkillərini tutaraq hökumət əleyhinə mitinqlərə çıxıblar.

Yarım əsr əvvəl Çe Gevara fenomenini yaratmış qitədə -  Latın Amerikasında isə bu proses özünü Salvadorda keçirilən prezident seçkisində solçu namizədin qələbə qazanması ilə göstərib. Sosial bərabərsizliyin aradan qaldırılması şüarı ilə çıxış edən Farabunto Marti adına Milli Azadlıq Cəbhəsinin namizədi Maurisio Funesin zəfəri Latın Amerikasında sosialistlərin hakimiyyətdə olduğu dövlətlərin sıralarını genişləndirib.

Qeyd edək ki, solçuların tələbi yalnız iqtisadi böhranla özünü gözdən salmış kapitalizm quruluşunun dəyişdirilməsini əks etdirmir - onlar hazırkı dünya düzəninin dəyişdirilməsi tələbini irəli sürürlər. Bunun vacibliyini isə artıq bəzi inkişaf etmiş dövlətlərin liderləri də etiraf edirlər.

 

Sağçılar gedir?

Qlobal siyasətdə əlamətdar hadisə ABŞ-da keçirilmiş prezident seçkisində respublikaçı rəqibi Con Makkeynlə müqayisədə "sosialist" hesab olunan demokrat naimzəd Barak Obamanın qələbəsidir. Düzdür, "solçu" adı Obamanın təbliğ etdiyi siyasətə uyğun gəlmir, amma hər halda, nəhəng Amerika kapitalı (Makkeyn isə məhz bu kapitalın namizədi sayılırdı) dövlətin iqtisadiyyata az-çox nəzarəti ideyasını dəstəkləyən hər kəsi məhs "solçu" qismində görür.

Neoliberalların Barak Obamanın nəhəng ipoteka şirkətlərinin və investisiya banklarının müflisləşməsi nəticəsində zərbə almış Amerika iqtisadiyyatını xilas etmək məqsədi ilə irəli sürdüyü planı "neosovetləşdirmə"dən başqa bir şey adlandırmamaları da təəccüblü deyil. Belə ki, bu plan dövlətin nəzarət və tənzimləmə rolunun güclənməsini nəzərdə tutur.

İntensiv maliyyə terapiyasına 2 trilyon avro ayırmış Avropa dövlətləri isə kapitalizmin tarixində dövlətin iqtisadiyyata ən ciddi təsirinə imkan verən "sərt tədbirlər"i davam etdirir, bütünlükdə dünya iqtisadiyyatında islahatlar ideyasını irəli sürürlər. Məsələn, Almaniya kansleri Angela Merkel deyir: "Hesab edirik ki, bütün maliyyə bazarları və onların iştirakçıları idarə edilməli, nəzarət altında olmalıdırlar".

Bununla yanaşı, Qərb liderlərinin dilindən səslənən "islahat" çağırışları "kapitalizmin ölümü" haqda danışan inkişaf etməkdə olan ölkə rəhbərlərinin çağırışlarından fərqlənir. Əksər avropalıların nöqteyi-nəzərində kapitalizm yox, azad bazar ideyası iflasa uğrayıb. Fransa prezidenti Nikolya Sarkozi "lesse-fer" (fransız dilindən tərcümədə "işləməyə imkan verin") sisteminin iflasından danışır. Qeyd edək ki, bu sistem dövlətin iqtisadi proseslərə müdaxilə etməməsini, eyni zamanda kapitalizmin dəyişməsinə imkan verilməməsini, yalnız kapitalist iqtisadiyyatının işləmə qaydalarına yenidən baxılmasının vacibliyi haqda bəyanatlarla kifayətlənməyin zəruriliyini nəzərdə tutur. "Bu, bizim son şansımızdır. Biz yeni düzən yaratmaq istəyirik", - deyə Sarkozi bildirir. "Kapitalizmin qurulucuğuna sıfırdan başlayaraq onun daha vicdanlı" edilməsi çağırışını səsləndirən Sarkozi "maliyyə sisteminin əsaslanacağı müəssisə kapitalizminin yaradılmasını" lazım bilir. Burada söhbət liberal kapitalizmin dövlət kapitalizminə çevrilməsindən gedir.

Lakin "qızıl milyard" ölkələrinə dünyanın digər hissəsini "Qərb" kapitalizminin qorunub saxlanmasına inandırmaq kifayət qədər çətin olacaq. Çünki avroatlantistlərin irəli sürdükləri bu və ya digər model əksəriyyət tərəfindən imperializmin, ilk növbədə ABŞ-ın hökmranlığının davam etdirilməsinə cəhd kimi qiymətləndirilir.

"Dünya iqtisadiyyatı vicdanlıdırmı" sualını irəli sürənlərlə razılaşan Angela Merkel bildirir ki, "ABŞ bütünlükdə dünya bazarına qarşı məsuliyyətsiz yanaşıb və nəhəng banklara, maliyyə institutlarına dövlət tərəfindən kifayət qədər nəzarət olmadan işləməyə imkan yaradıb".

Məşhur avropalı siyasətçi, İtaliyanın sabiq baş naziri və Avropa Komissiyasının rəhbəri Romano Prodi "beynəlxalq iqtisadi qaydalara yenidən baxılmasının, çoxqütblü yeni dünya iqtisadi düzəninin yaradılmasının" vacibliyini açıq şəkildə bəyan edib. "Dollarla başqa valyutalar, ilk növbədə avro arasında nisbətə yenidən baxılmasına" çağıran Prodi "hamının müəyyən qaydalar əsasında fəaliyyət göstərəcəyi və beynəlxalq razılaşmalara əməl edəcəyi" sistemin yaradılması ideyasını dəstəklədiyini söyləyib.

Beynəlxalq maliyyə düzəninin dəyişdirilməsinin vacibliyini özlərini qlobal siyasi və iqtisadi qütblərdə müstəqil dövlətlər kimi təqdim edən Rusiya və Çin də bəyan edir. Onlar hazırda yaşanan problemlərə görə günahı ilk növbədə ABŞ-ın üzərinə qoyurlar və Birləşmiş Ştatları əksər ölkələrin dünya iqtisadiyyatına təsir imkanlarından məhrum olduğu zamanda "nəzarətsiz şəkildə pul çap etməkdə" günahlandırırlar.

Amma kapitalizm və sosializm tərəfdarları arasında mübahisə nə ilə sonuclanarsa sonuclansın, bir məqam tam aydındır - qloballaşmanın sürəti əvvəlki kimi olmayacaq. Vaxtı çatmış dəyişikliklər - istər iqtisadiyyat üzərində dövlət nəzarətinin gücləndirilməsi, istər sosial idarəetmənin bu və ya digər modelinin tətbiqi - qlobal böhranın əsas nəticələrindən biri olacaq.



MƏSLƏHƏT GÖR:

456