
MÜHAFİZƏKARLAR İSLAHATÇILARA QARŞI
Son söz ayətulla Əli Xamneinindir
Müəllif: Eldar PAŞAYEV Bakı
Martın 17-də İranın sabiq dövlət başçısı, bu il iyunun 12-də keçiriləcək seçkilərdə hazırkı prezidentə əsas rəqib olacağı gözlənilən Məhəmməd Hatəmi öz namizədliyini geri götürdü. O, bu addımını islahatçılar daxilindəki mümkün parçalanmanın qarşısını almaq istəyi ilə əsaslandırdı və seçkidə 1981-1989-cu illərdə İranın baş naziri postunu tutmuş Mir-Hüseyn Musəviyə dəstək verəcəyini bəyan etdi.
Beləliklə, Hatəmi siyasətdən getmək fikrində olmadığını, əksinə, islahatçı düşərgənin namizədinə kömək etmək haqda düşündüyünü nümayiş etdirdi.
Musəviyə gəlincə, o artıq bəyan edib ki, prezident seçkisində qələbə qazanacağı təqdirdə, Hatəminin siyasi kursunu davam etdirəcək. Onun sözlərinə görə, ölkədə "canlanma və prinsipiallığa qayıdışa" səbəb olacaq islahatların aparılması vacibdir.
İslahatçıların prezidentliyə daha bir namizədi, ölkə parlamentinin sabiq spikeri Mahdi Kərrubi isə tərəfdarlarına müraciət edərək, onları birləşməyə və vahid strategiya hazırlamağa çağırıb.
Yeri gəlmişkən, Hatəmi Kərrubi ilə Musəvinin seçkidə bir-birlərinə maneə olmayacaqlarını da bəyan edib. Müşahidəçilər hesab edirlər ki, bu iki şəxsdən biri seçkiyə az qalmış yarışdan çəkiləcək.
Əksər ekspertlər düşünür ki, mühafizəkarlar və radikal islamçıları təmsil edən Mahmud Əhmədinejadın mövqelərinin zəifləməsi fonunda İranda islahatçıların hakimiyyətə qayıtmaq şansları yüksəkdir. Ayrı-ayrı mətbuat orqanları İranın dini lideri ayətulla Əli Xamneinin və ölkənin klerikal rəhbərliyinin böyük hissəsinin Əhmədinejadı dəstəklədiyini bildirir. Amma hazırkı prezidentin, hətta dini düşərgədəki mövqelərinin belə, möhkəm olduğunu birmənalı söyləmək çətindir.
Üstəlik, ayətulla Əli Xamneinin Əhmədinejada əsl münasibəti də çoxları üçün hələ aydın deyil.
Əhmədinejada, xüsusilə, əhalinin yoxsul təbəqəsi arasında dəstək ciddi şəkildə azalıb. Xatırladaq ki, dövlət başçısı bu dəstəyi neft gəlirlərinin əhali arasında ədalətli bölüşdürüləcəyinə dair vədindən sonra qazanmışdı. Lakin Əhmədinejad ölkə iqtisadiyyatını dirçəldə bilməyib. Üstəlik, ötən il başlamış qlobal böhran iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Bəzi məlumatlara görə, hazırda İranda inflyasiyanın səviyyəsi 30%-ə çatır, işsizlik də kifayət qədər ciddi problemə çevrilib. Ölkənin külli miqdarda xarici borcları var.
Bundan başqa, nə qədər paradoksal səslənsə də, nəhəng neft istehsalçısı olan İranda benzin çatışmazlığı yaşanır və bütün bunlara səbəb ölkədə emal sənayesinin inkişaf etməməsidir - bunun üçün investisiya və yeni texnologiyalara ehtiyac var. Tehranın nüvə proqramından imtina etməməsi üzündən ona qarşı beynəlxalq iqtisadi və siyasi sanksiyaların tətbiqi isə vəziyyəti daha da qəlizləşdirib.
Bütün bunların fonunda Mahmud Əhmədinejad səs-küylü, lakin əksər hallarda arxasında heç nəyin durmadığı populist bəyanatlar (məsələn, İsrailin yer üzündən silinməsinə dair çoxsaylı çağırışlar) səsləndirən şəxs kimi tanınıb.
Yuxarıda qeyd olunduğu kimi, İranın hakim elitasında heç də hamı prezidentin dünyadakı qalmaqallı imicindən məmnun deyil. Axı Tehran faktik olaraq Qərbdən təcrid duruma düşüb və bu, istənilən halda onun geosiyasi manevr imkanlarını azaldır.
Görünür, bir müddət əvvəl ölkədə Əhmədinejadın yəhudi olmasına dair fikirlərin yayılması da təsadüfi deyil. Bəzi KİV-in yazdığına görə, bu məlumatların mənbəyi rəsmi olaraq hazırkı prezidenti dəstəkləyən mühafizəkar ayətulla Əbu əl-Kasam Xəzalinin oğlu Mehdi Xəzalinin bloqudur. Medi Xəzali iddia edir ki, M.Əhmədinejad daim İsrailin ünvanına sərt bəyanatlar səsləndirməklə yəhudi olduğunu gizlətməyə və müsəlmanlığını sübut etməyə çalışır. Bloqçunun bildirdiyinə görə, prezidentin əsl soyadı Saborcandır və o, İran yəhudilərinin əksəriyyətinin doğma rayonu olan Aradanda doğulub.
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
İslahatçılar haqda söhbətə qayıdaraq qeyd edək ki, hazırda onların zəif cəhəti pərakəndəlikdir. Bundan başqa, ekspertlərin bildirdiyi kimi, onlar teokrat ierarxiyada azlıqdadırlar, parlamentdə və yerlərdə isə zəifdirlər. Hazırda islahatçılar üçün əsas məsələ Musəvi və Kərrubinin kifayət qədər seçici dəstəyi qazana bilib-bilməyəcəyi, Hatəminin yarışdan çıxmasının Əhmədinejadın xeyrinə işləyib-işləməyəcəyidir. Axı Kərrubinin yarışdan çəkilməsi və Hatəminin Musəvini dəstəkləməsi də hələ onun qələbə şansının olduğunu iddia etməyə əsas vermir.
Bir tərəfdən, Hatəminin qərarı arqumentləşdirilmiş kimi görünür. Axı islahatçıların seçkiyə eyni vaxtda bir neçə layiqli namizədlə qatılması uğur qazanmaq şansını azaldardı. Amma buna baxmayaraq, Hatəminin tərəfdarları hələ də sabiq prezidentin seçimini anlamırlar və onun yenidən yarışa qoşulmalı olduğunu düşünürlər. Məclisin sabiq üzvlərindən olmuş Yadolla Eslami bildirir ki, eks-prezident hələ də islahatçı düşərgə üçün daha cəlbedici seçimdir - çünki o, "cəmiyyətin reallıqlarını" daha yaxşı anlayır.
Lakin hər şey göründüyü qədər sadə deyil. Xatırladaq ki, iki müddət prezident kürsüsünü tutmuş Hatəmi İrana 1997-2005-ci illərdə rəhbərlik edib. Və həmin dövr ölkə üçün sabit iqtisadiyyat və vətəndaşların şəxsi azadlığının nisbətən yüksək olması ilə əlamətdardır. Amma bəziləri hesab edir ki, Hatəmi sosial və siyasi islahatlar baxımından çox az iş görüb və məhz bu səbəbdən bir çox tərəfdarlarını itirib.
Etiraf etmək lazımdır ki, hazırkı "baqaj" ilə Hatəmi prezident seçilsə və Qərbin gözlədiyi kimi, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin qurulması xəttini tutsa, bu, müəyyən daxili narazılıqlara səbəb olardı.
Britaniyanın "Times" qəzetinin bildirdiyinə görə, İslam İnqilabının 30 illiyinə həsr olunmuş mitinq zamanı Hatəmi "Hatəmiyə ölüm!", "Amerikapərəst hökumət istəmirik!" kimi şüarlarla qarşılanıb.
Amma bütün bunlara baxmayaraq, Hatəmi qələbəyə köklənmişdi. O, "İran xalqına verilən bütün vədlərə əməl edəcəyini" bildirir, siyasi liberallaşmanın tərəfdarı kimi çıxış edir, bunun ardınca isə iqtisadiyyatda yeniliyin vacibliyini bildirirdi.
Hatəminin "sivilizasiyaların dialoqu"na çağırışının isə klerikal dairələr tərəfindən bəyənilmədiyi məlumdur. Axı bu, faktik olaraq, İran inqilabının lideri ayətulla Xomeyninin kursundan imtina deməkdir.
Bununla yanaşı, Hatəmi Əhmədinejadı tənqid edən dini nümayəndələrin bəzilərinin, məsələn, Bayyat Sandşaninin dəstəyinə ümid edə bilər. Ötən ilin yayında Sandşani "Financial Times Deutschland" qəzetinə eksklüziv müsahibəsində ölkə prezidentini sərt tənqid edərək bildirmişdi ki, Əhmədinejad xalqın iradəsi ilə hesablaşmır və ölkə üçün ciddi təhlükə yaradır. O, Əhmədinejadı siyasətə və hətta iqtisadiyyata müdaxilə etməyə başlamış İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) həddindən artıq səlahiyyət verməkdə də günahlandırıb. Bayyat Sandşani İranın liberal islahatçı siyasətçilərini 2009-cu ildə keçiriləcək prezident seçkisində Əhmədinejadın məğlub edilməsi üçün səyləri birləşdirməyə çağırıb.
Lakin İran ruhanilərinin təmsilçilərinin nə deməsindən asılı olmayaraq, son söz dini lider ayətulla Əli Xamneinindir. Əsas dövləti məsələləri (Vilayəti-Fakih) məhz o, həll edir. Dini liderin indiyədək Əhmədinejadı dəstəklədiyi də bəllidir. Hazırkı prezidentin real rəqiblərinin sıradan çıxarılması isə o qədər də çətin deyil - bu və ya digər namizədin fəaliyyətinin Konstitusiya və İslama uyğun olub-olmadığını ölkədə ali hakim struktur olan Keşikçilər Şurası həll edir. 12 nəfərdən ibarət olan Şura üzvlərinin 6-sı məhz Əli Xamnei ilə razılaşdırılaraq təyin olunur.
İranın Daxili İşlər Nazirliyi yanında Seçki Komissiyasının rəhbəri Kamran Daneşjin sözlərinə görə, bu il prezidentliyə namizədlərin qeydiyyatına mayın 5-də başlanacaq və proses 4 gün davam edəcək.
Beləliklə, hazırda diqqət mərkəzində olan şəxs Musəvidir. 1981-1989-cu illərdə - ayətulla Əli Xamneinin prezidentliyi dövründə o, İran hökumətinə rəhbərlik edib. Musəvi baş nazir postunu hansısa intriqa və ya qalmaqal nəticəsində yox, konstitusiya islahatları nəticəsində tərk edib - o, İranın sonuncu baş naziri olub: 1989-cu ildə ölkədə baş nazir vəzifəsi ləğv edilib.
Sabiq baş nazir özünü İran-İraq müharibəsinin yaşandığı çətin illərdə layiqincə göstərib - o vaxt ölkə məhz Musəvinin sayəsində hazırkından daha yaxşı iqtisadi durumda olub. 1989-cu ildə Musəvi istefaya gedib və praktik olaraq 20 il ərzində siyasi aləmdən "itib". İndi onun yenidən siyasi meydanda peyda olması, müəyyən mənada, sürpriz hesab edilə bilər. Hazırda sabiq baş nazir ayətulla Əli Xamneinin yanında nüfuzlu məsləhətçi orqan olan Ekspertlər Şurasının üzvüdür. Yəni, Musəvi İranın siyasi və dini elitası üçün Hatəmidən daha uyğun fiqur sayılır.
Fundamentalistlər arasında Mir-Hüseyn Musəvini özününki sayanlar da var. Axı keçmişdə o, sərt islam idarəçiliyinin tərəfdarı kimi tanınıb.
İndi Musəvi hazırkı hakimiyyətin iqtisadi siyasətini sərt tənqid edir və bu, bəlkə, klerikallara da sərf edir. Çünki fundamentalistlər də İran iqtisadiyyatının yeniləşməyə ehtiyacı olduğunu bilməmiş deyillər. Xüsusilə, qlobal maliyyə böhranı və dünyada neftin qiymətinin düşməsi fonunda İrana qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi və onun daha ciddi beynəlxalq təcrid durumuna salınması ölkə üçün məhvedici ola bilər.
Bu arada, ən maraqlı məqamlardan biri ABŞ-ın İranla dialoqa hazır olduğunu açıq şəkildə bəyan etməsidir. Novruz Bayramının qeyd olunduğu günlərdə İran KİV-i ABŞ lideri Barak Obamanın İran xalqına müraciətini yayıb. Özü də Ağ ev sahibinin müraciətinin əsasını Tehrana sülh təklifi təşkil edib.
Vaşinqtonda yaxşı anlayırlar ki, İran-Amerika münasibətlərinin gələcəyi islam ölkəsində keçiriləcək prezident seçkisində islahatçıların və ya mühafizəkarların qələbə qazanmasından çox asılıdır. Görünür, ABŞ analitikləri Corc Buş administrasiyasının Tehrana qarşı sərt siyasətinin bu ölkədə hakimiyyətin klerikalların əlində möhkəmlənməsinə gətirib çıxarmasını unutmayıblar. Axı Tehran meri olmuş Mahmud Əhmədinejadın prezident seçkilərində qələbəsinin əsas səbəbi məhz Amerikanın sərt siyasəti olmuşdu.
Bütün bunlarla yanaşı, Rusiya kimi xarici faktoru da nəzərdən qaçırmaq olmaz - ABŞ ondan İranla danışıqlarda vasitəçi kimi istifadə etməyin əleyhinə deyil. Lakin əksər analitiklərin fikrincə, Moskva üçün İranda hakimiyyətin mühafizəkarlarda qalması sərfəlidir. Çünki Tehran-Vaşinqton münasibətləri normallaşacağı təqdirdə, Rusiya ABŞ-la geosiyasi oyunda İran kozırını itirə bilər. ABŞ-İran münasibətlərinin normallaşması isə yalnız Tehranda hakimiyyətə islahatçıların gələcəyi halda mümkündür.
MƏSLƏHƏT GÖR: