15 Mart 2025

Şənbə, 00:26

AVROPA İTTİFAQI RUSİYA-UKRAYNA MÜNASİBƏTLƏRİNİ "YENİLƏŞDİRDİ"

Brüsseldə Ukraynanın qaz nəqli sisteminin müasirləşdirilməsinə dair bəyannamənin imzalanması Moskvanın həm Kiyev, həm də Aİ ilə münasibətlərində ciddi siyasi qalmaqala səbəb olub

Müəllif:

01.04.2009

Son dövrlərdə dünya siyasətinə dair şərhlərdə ən aktual  məsələlər ABŞ-ın yeni xarici siyasəti, Vaşinqtonla Moskvanın yaxınlaşması perspektivi və ABŞ - Avropa İttifaqı - Rusiya strateji üçbucağında münasibətlərin necə qurulacağıdır. Avropa və postsovet məkanı, həmçinin ABŞ-Rusiya münasibətləri istiqamətlərində yeniləşmə ilə bağlı ABŞ-ın yeni administrasiyasının siyasətindəki dəyişikliklərə dair ümidlər və gözləntilər son dərəcə böyükdür. Martın 24 - də Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının toplantısında, əvvəlcədən nəzərdə tutulanların əksinə olaraq, "Rusiya Federasiyasının 2020-ci ilədək Milli Təhlükəsizlik Strategiyası" adlı sənədin qəbulunun təxirə salınması da məhz bu gözləntilərlə bağlıdır. Bəzi ekspertlər və strategiya layihəsinin müəlliflərinin fikrincə, Moskva sənədin qəbulunu Rusiya və ABŞ prezidentlərinin görüşünədək təxirə salmaq qərarına gəlib. Çünki Rusiyanın yeni xarici siyasi hədəflərinin müəyyənləşdirilməsi yalnız Vaşinqton-Moskva münasibətlərindəki "yeniləşmə"nin nəticəsindən asılı olacaq.

Bu gözləntilər və dünyanın aparıcı mərkəzlərinin siyasətində mümkün irəliləyişlər kontekstində Avropa İttifaqı liderlərinin martın 19-20-də keçirilmiş Brüssel sammiti xüsusi əhəmiyyət daşıyırdı. Və tam əminliklə söyləmək olar ki, toplantının yekunu olaraq qəbul edilmiş qərarlar artıq həm Avropa İttifaqının keçmiş SSRİ-i məkanındakı yeni müstəqil dövlətlərə münasibəti, həm də bu ölkələrin özlərinin Avropa və enerji siyasətinə, onların yerinə və ABŞ-Aİ-Rusiya geosiyasi üçbucağındakı statusuna kifayət qədər təsir göstərib.

Qeyd etmək lazımdır ki, Aİ-nin yaz sammiti əsasən maliyyə böhranı ilə mübarizəyə həsr olunmuşdu. Quruma daxil olan 27 ölkənin matın 19-da Brüsseldə toplaşmış liderləri özləri üçün ən vacib olan problemi həll ediblər. Onlar Avropa İttifaqının həm ümumi, həm də ölkələrdaxili problemlərin aradan qaldırılması üçün ayırdığı antiböhran büdcəsinin necə xərclənməsinə dair razılığa gəliblər. Yaxın 2 il üçün xərclərin əsas istiqamətlərini təsdiqləyən dövlətlər, ilk növbədə Beynəlxalq Valyuta Fondunun aktivlərinin artırılması məqsədi ilə 75 milyard avro ayırmağa qərar veriblər. 

İkincisi, Aİ-yə sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanekin bildirdiyi kimi, Avropa İttifaqı ölkələrinə təcili yardım büdcəsinin 25 milyard avrodan 50 milyard avroya qaldırılması da qərarlaşdırılıb.

Aİ liderlərinin nəzərdən keçirdikləri ikinci vacib məsələ "Şərq Tərəfdaşlığı" (bundan sonra- ŞT) təşəbbüsü olub. Toplantıda bu layihənin Brüsselin xarici siyasətinin prioriteti olduğu bir daha təsdiqlənib. Bundan başqa, üzv dövlətlərin liderləri, faktik olaraq, bu yeni Avropa proqramının işə salınması üçün hazırlıq prosedurlarını başa çatdırıblar və sammitin yekun sənədinə əlavə qismində Aİ-nin ŞT üzrə xüsusi Bəyannaməsini qəbul ediblər. 

Sənədin vacib elementləri aşağıdakılardır:

Birincisi, Avropa İttifaqı Belarusu vaxtından əvvəl proqrama daxil etməklə qurumun maraq dairəsində olan postsovet ölkələrinin siyahısını genişləndirib. Xatırladaq ki, əvvəlcə proqramın 5 postsovet ölkəsinə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya tətbiqi nəzərdə tutulurdu. Lakin son zamanlar Avropanın müxtəlif səviyyəli məmurları ŞT-yə Belarusun da daxil olunmasının vacibliyi haqda fikirlər səsləndirirdilər. Və Brüsseldə avropalılar sözdən əmələ keçdilər - 6 ölkənin hər birinə bu proqramda iştirakla bağlı rəsmi dəvət ünvanlandı. 

Amma hələ ki Belarus prezidenti Aleksandr Lukaşenkonun ŞT üzvlərinin Praqada keçiriləcək toplantısına dəvəti məsələsi həllini tapmayıb. Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin sözlərinə görə, bu, "Belarus hökumətinin və cənab Lukaşenkonun özünü necə aparmasından asılı olacaq".

İkincisi, Bəyannamədə ŞT-nin əsas məqsədləri və "parametrləri" əksini tapıb, burada "şərqli tərəfdaşlar"a siyasi və sosial-iqtisadi islahatlarda yardım, onların milli qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, inam atmosferinin yaradılması kimi məsələlərdə dəstək, həmçinin Brüssel ilə proqrama daxil olan ölkələrin siyasi yaxınlaşmasına nail olmaq üçün əlaqələrin möhkəmləndirilməsi, onların Aİ-yə iqtisadi inteqrasiyası məsələləri nəzərdə tutulub. Proqramın maliyyələşdirilməsinin ilkin mərhələsində, təxminən, 600 milyon avronun ayrılması razılaşdırılıb.

Üçüncüsü, ŞT-nin konsepsiyasında bildirildiyi kimi, proqramın əsasında tərəfdaş-ölkələrin Avrointeqrasiya sahəsindəki nailiyyətləri, təcrübəsi və keçdiyi yol, Aİ ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olmaları və bunun üçün daxili islahatları hansı səviyyədə həyata keçirdikləri nəzərə alınmaqla, həmin dövlətlərə differensasiyalı yanaşma və ümumi məsuliyyət prinsipi dayanacaq. Yəni, Aİ-nin Şərq tərəfdaşlarından hər biri ilə əməkdaşlığa açıqlığı, tərəfdaşların demokratiya prinsiplərinə sadiqliyi, qanunun aliliyi və insan haqlarına hörmətin səviyyəsindən asılı olacaq.

Qeyd etmək lazımdır ki, məsələnin məhz bu cür qoyuluşunda şəxsən qurumun xarici əlaqələr üzrə ali komissarı Benita Ferrero-Valdner, Skandinaviya ölkələri qrupu və Avropa İttifaqının köhnə sakinləri - Almaniya, Fransa, Niderland, Böyük Britaniya və bir sıra digər ölkələr israr edirdilər. B.Ferrero-Valdnerin bu haqda fikirləri belədir: "Şərq tərəfdaşları" ilə münasibət iki istiqamətli yol kimidir. Onlar azad ticarət zonası və Avopada hərəkət üçün daha güzəştli şərtlər istəyirlər. Avropa İttifaqı isə əvəzində bu ölkələrdə islahatların inkişaf etdirilməsi istəyindədir. Azad ticarət haqda razılaşmaya yalnız o ölkələrlə getmək olar ki, onların iqtisadiyyatı həqiqətən rəqabətə açıqlığı ilə fərqlənsin. Viza rejiminin yüngülləşdirilməsinə gəlincə, bu, yalnız səfər sənədlərinin və sərhəd rejiminin fəaliyyətinin etibarlılığını təmin edən ölkələrə tətbiq olunacaq".

Sammitin daha bir vacib məqamı kimi Avropa liderlərinin enerji layihələrinə 3,75 milyard avronun ayrılması haqda qərarını göstərmək olar. Qeyd edək ki, toplantıda bu layihələrin ən nəhəngi və prioriteti kimi növbəti dəfə Nabucco göstərilib. Çexiya baş nazirinin müavini Aleksandr Vondra bununla əlaqədar bildirib ki, Aİ-nin sammitinin gedişində sözügedən layihə ilə bağlı fikir ayrılıqları aradan qaldırılıb və onun inşasının Avropa üçün prioritet olduğu təsdiqlənib. 

A. Vondranın sözlərinə görə, layihənin maliyyələşdirilməsi üçün Aİ-nin büdcəsində xüsusi hissə nəzərdə tutulub. 

Xatırladaq ki, bundan əvvəl Nabucco-nun statusu aşağı salınmış və onun maliyyələşdirilməsi "Cənub qaz dəhlizi" investisiya bölməsinə daxil olunmuşdu. 

"Nabucco prioritet layihələr siyahısındadır", - deyə Vondra Brüsseldə keçirilmiş ikigünlük sammitin başa çatmasından sonra bildirib. O qeyd edib ki, layihənin maliyyələşdirilməsi ayrıca xətlə Aİ büdcəsinin xərclənməmiş vəsaitləri hesabına həyata keçiriləcək. Onun reallaşdırılması üçün təxminən 200 milyon avro vəsaitin ayrılması nəzərdə tutulub: "Layihənin reallaşdırılması ritmini artırsaq, onun baş tutması şansı böyükdür".

Xatırladaq ki, əvvəllər Nabucco layihəsinin maliyyələşdirilməsi üçün 250 milyon avronun ayrılması nəzərdə tutulmuşdu. Amma fevralın sonlarında Avropa İttifaqı bu məqsədlə 50 milyon avronun ayrılmasına qərar verdi ki, bu da əvvəlki məbləğdən 5 dəfə az idi. 

2009-cu il martın 17-də isə layihənin prioritetlik dərəcəsi azaldıldı, o, Avropanın cənubundakı digər enerji layihələrinə bərabər tutuldu və "Cənub qaz dəhlizi" investisiya bölməsinə daxil edildi. 

Qeyd edək ki, Nabucco-nun statusunun aşağı salınmasına siyasi səbəblər üzündən Almaniya, Fransa və İtaliya lobbiçilik edirdi. Layihənin reallaşdırılmasının qəti tərəfdarları kimi isə Mərkəzi və Şərqi Avropa ölkələri çıxış edirdilər. 

Nəhayət, Aİ-nin Brüsseldə keçirilən son sammitində toplantı iştirakçıları kəmərin statusu ilə bağlı vahid mövqeyə gələrək, onu reallaşdırılması vacib layihə adlandırıblar.

Lakin layihənin tərəfdarlarının bu dərəcədə aşkar uğurlarına baxmayaraq, onun həyat qabiliyyətli olub-olmamasına dair spekulyasiyalara hələ də nöqtə qoyulmayıb. Məsələ ondadır ki, sammitin yekun sənədində açıq şəkildə Nabucco layihəsi haqda danışılmır. Sənədin enerji və iqlim dəyişikliyindən söz açılan 24-cü maddəsində sadəcə "ilin sonunadək Xəzər qazına yolun təmini mexanizmi də daxil olmaqla, Cənub dəhlizinin inkişafı üzrə konkret fəaliyyətə dair təkliflərin hazırlanması" haqda ötəri fikir yer alıb. 

Başqa sözlə, Aİ daxilində "köhnələr" və yeni üzvlər arasında mübarizə davam edir. Nabucco layihəsinin taleyinə aydınlıq isə qurumun mayda keçiriləcək sammitində gələ bilər - Praqada boru xəttinin tikintisinə dair hökumətlərarası razılaşmanın imzalanması gözlənilir.

İstənilən halda, mart sammitinin yekunları belə qənaətə gəlməyə əsas verir ki, Brüssel Aİ və müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində daha fəal rol oynamaq istəyir və bu vacib məsələdə yekdil mövqedən çıxış edə bilər. 

Sammitin başa çatmasından 3 gün sonra - martın 23-də Brüsseldə Ukraynanın qaz nəqli sisteminin müasirləşdirilməsi üzrə Beynəlxalq donor konfransı keçirilib və toplantının yekunu olaraq, Ukrayna hökuməti, Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Dünya Bankı arasında Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozu və Ukraynanın dövlət başçısı Viktor Yuşşenkonun da iştirakı ilə birgə bəyannamə imzalanıb. Sənədə əsasən, Ukrayna hökuməti üzərinə bir sıra öhdəliklər götürüb:

"Ukrayna qaz nəqli sistemi (QNS) operatorunun müstəqilliyinə zəmanət verilməsi;

"QNS-nin müasirləşdirilməsinə məsul olan borc alanın  şəffaflıq və açıqlığının təmini;

"Sistemin bütövlüyü  və təkmilləşdirilməsi amilinin zəruriliyini nəzərə almaqla şəbəkədən bərabər istifadəyə təminatın yaradılması,   "şəffaf kommersiya şərtləri və tənzimləyici orqanın nəzarəti altında üçüncü ölkələrin anbarlara buraxılması;

"Aİ-Ukrayna Assosiasiyasına dair razılaşmaya uyğun olaraq, 2009-cu ilin sonunadək ölkənin qaz sektorunun islahatlar proqramının hazırlanması.

Bundan başqa, Kiyev Brüsseldən Rusiya-Ukrayna sərhədində qazı tam həcmdə almasını xahiş edib. Bu məqam Bəyannamənin preambulasında dəqiq şəkildə əks olunub. 

Bundan sonra Ukrayna qazının nəqlini Rusiya və Ukrayna yox, Aİ təmin edə bilər - o, özü Rusiya-Ukrayna sərhədində Rusiya qazını ala, onun nəqlinin qeydinə qala bilər.

Bu Bəyannamə dərhal Moskvanın həm Kiyev, həm də Aİ ilə münasibətlərində böyük siyasi qalmaqala səbəb olub. Rusiya bu razılaşmanı istehlakçı (Aİ) və tranzitçinin (Ukrayna) əlbir olması kimi dəyərləndirib və Moskvanın fikrincə, bu, qaz təchizatındakı hazırkı? sistemi dağıda, Avropada yeni qaz böhranı yarada bilər. Rusiya Xarici İşlər Nazirliyinin məsələyə dair şərhində qeyd olunur ki, "Rusiya təbii qazının Avropaya nəqlinin təxminən 80%-nin həyata keçirildiyi Ukrayna qaz nəqli sistemi texnoloji baxımdan Rusiyanın qaz nəqli sistemi ilə qarşılıqlı şəkildə əlaqəlidir. Bu səbəbdən Rusiya tərəfi ilə razılaşdırılmadan sistemin müasirləşdirilməsi istiqamətində atılacaq istənilən addım texnoloji riskləri artıracaq və Ukrayna vasitəsilə Avropaya qaz nəqlində problemlər yaradacaq". 

Sənəddə daha sonra deyilir: "Ona görə də bu maraqların qarşılıqlı asılılığını nəzərə almadan əldə edilmiş istənilən razılaşma enerji sahəsində əməkdaşlığın pozulmasına və bu sahədə ayrı-ayrı xətlərin yaradılmasına səbəb ola bilər".

"Qazprom"un İdarə Heyətinin üzvü Oleq Aksyutin isə hətta bildirib ki, Ukrayna QNS-in fəaliyyətində onun şirkəti ilə razılaşdırılmadan həyata keçiriləcək istənilən dəyişiklik nəinki ixrac müqavilələrinə, həmçinin Rusiya və Mərkəzi Asiya qazının hasilatına da təsirsiz ötüşməyəcək. Bu isə ümumilikdə Avrasiya məkanı üçün gözlənilməz fəsadlara yol aça bilər.

Həqiqətən də, Brüssel razılaşmasının həyata keçirilməsi Ukrayna QNS-nin Rusiyanın vahid qaz təchizatı sistemindən çıxarılmasına səbəb ola bilər. Halbuki, Ukrayna QNS-i hələ sovet dönəmindən Rusiyanın qaz təchizatı sistemi ilə tam sinxronlaşdırılıb - onlar SSRİ ərazisində qazın nəqli və daşınmasına dair vahid texnoloji kompleks kimi yaradılıblar. Odur ki, Moskvanın məsələyə reaksiyası başa düşüləndir. 

Onun üçün Ukrayna QNS-yə nəzarət son dərəcə prinsipial məsələdir - son aylarda Kreml özünün iştirakı ilə Beynəlxalq Qaz Nəqli Konsorsiumu yaratmaq haqda düşünürdü və bu konsorsium sözügedən sistemi də icarəyə götürməli idi.

Brüssel razılaşmasının reallaşdırılması Rusiyanın Ukraynaya həm qaz, həm də siyasi məsələlərdə təsir imkanlarını da kifayət qədər azalda bilər. Bundan sonra təbii qazdan bir tərəfin digərinə (və ya Aİ ölkələrindən hansınasa) geosiyasi və daxili siyasi problemlərin həlli məqsədi ilə təzyiq vasitəsi kimi istifadəsi mümkün olmayacaq.

Rusiya-Aİ münasibətlərinə gəlincə, Moskva avropalılarla dialoqda da son dərəcə sərt mövqe tutmaq fikrindədir. Avropa İttifaqının güzəştə getməyəcəyi təqdirdə Moskvanın yürüdəcəyi siyasi xətti ölkənin baş naziri Vladimir Putin açıqlayıb. O bildirib ki, Rusiyanın maraqlarına sistemli şəkildə etinasızlıq göstərilməsi Moskvanın ölkə ərazisində Avropa kapitalının iştirak etdiyi enerji sahəsindəki bütün layihələrə münasibətinin dəyişməsinə səbəb olacaq. "Bu, kömür, atom enerjisi, elektrik enerjisi sahələrinə aiddir - bura Avropa şirkətləri milyard dollarlarla ölçülə biləcək kapital yatırıblar. Bundan başqa, bu, təbii ki, neft və qaz nəqlinə, nəqliyyata da aiddir", - deyə V. Putin qeyd edib. 

Bu kontekstdə baş nazir Avropanın "26 milyard dollara qaz nəqli avadanlıqları aldığını" da xatırladıb: "Rusiyanın maraqları nəzərə alınmasa, biz tərəfdaşlarımıza - münasibətlərimizə yenidən baxmalı olacağıq".

Beləliklə, qaz uğrunda geosiyasi döyüş yeni və kifayət qədər gözlənilməz nəticələr verə biləcək mərhələyə qədəm qoyur. 

Lakin maraqlı olanı bu deyil - Brüssel "qaz disskusiyaları" dövründə ilk dəfə olaraq Moskva və digər postsovet ölkələrinə göstərdi ki, o, enerji təhlükəsizliyinin təmini məsələsində "Şərq tərəfdaşları"nı nəinki sözdə, əməldə də dəstəkləməyə hazırdır. Bu maddə isə Aİ-nin "Şərq siyasəti" və "Şərq Tərəfdaşlığı" proqramının əsas elementlərindən biridir. Nəzərə alsaq ki, Ukrayna-Rusiya sərhədində qazın alınmasına yalnız Aİ yox, ABŞ Dövlət Departamenti də fəal şəkildə lobbiçilik edir, Aİ-Rusiya münasibətlərindəki "qaz problemi"nin ABŞ-Rusiya münasibətlərindəki "yeniləşməyə" də mənfi təsir göstərəcəyini gözləmək olar.Bu arada məlum oldu ki, Moskvada ARDNŞ ilə «Qazprom» arasında  Azərbaycan qazının alqı-satqısı şərtlərinin razılaşdırılmasıyla bağlı danışıqlara başlanmasını nəzərdə tutan anlaşma Memarandumu imzalanıb. Amma bu anlaşma, Ukrayna-Avropa deklarasiyasından fərqli olaraq digər maraqlı ölkələrdə narahatlıqla qarşılanmadı. Çünki, öz qazının və eləcə də qaznəqli sistemlərinin tam sahibi olan rəsmi Bakı Avropaya bəyan etdiyi həcmdə qaz verir və onun Moskva ilə əməkdaşlığı başqa tərəfdaşlarının maraqlarına zərər vurmayacaq.           



MƏSLƏHƏT GÖR:

440