15 Mart 2025

Şənbə, 00:45

"Axın"ların sayı həddindən artıq çoxalır

Müəllif:

01.04.2009

Zaman ötdükcə, qaz tranziti dünya və regional siyasətin daha ciddi faktoruna çevrilir. Rəsmi Kiyevlə  Avropa İttifaqı arasında Ukraynanın qaz nəqli sisteminin müasirləşdirilməsinə dair razılaşmanın əldə olunması Rusiyanın enerji diplomatiyasının nəinki Avropa, həm də Türkiyə-Yaxın Şərq istiqamətində fəallaşmasına stimul verib.

Martın sonlarında "Qazprom"un rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib və səfər çərçivəsində onlar Türkiyənin enerji və təbii resurslar naziri Hilmi Gülərlə görüşüblər. Tərəflər Rusiya qazının Türkiyəyə nəqli sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, ilk növbədə, "Mavi axın-2" layihəsinin reallaşdırılması kimi məsələlər ətrafında müzakirə aparıblar. Qeyd edək ki, bu layihə "Mavi axın" qaz kəmərinə paralel yeni xəttin, Türkiyə ərazisində qaz nəqli infrastrukturunun və daha sonra İsrail istiqamətində dəniz vasitəsilə qaz kəmərinin inşasını nəzərdə tutur.

Məlumdur ki, "Mavi axın-2" layihəsi Ankara üçün prioritet sayılır. Bu boru xətti Türkiyə üçün həm Rusiya qazının əlavə ixrac marşrutu, həm də Aİ, Azərbaycan və İranla qaz tranziti məsələsində mürəkkəb münasibətlər fonunda yeni təzyiq vasitəsi, həmçinin Rusiya ilə yaxınlaşma kimi strateji oyunun vacib elementidir. 

Yeri gəlmişkən, Rusiya ilə Türkiyə qaz kəməri xəttinin genişləndirilməsi məsələsinin müzakirəsini 2 il əvvəl - Rusiyadan Qara dənizin dibi ilə Avropaya "Cənub axını" layihəsi gündəmə çıxan vaxt dayandırmışdı. Türkiyə isə öz növbəsində məsələ ətrafında müzakirələrin bərpasına nail olmaq üçün israrlı cəhdlərini davam etdirirdi - sonuncu dəfə belə cəhdi Türkiyə prezidenti Abdullah Gül fevralın 13-də Moskvaya səfəri zamanı göstərsə də, Rusiya yenə "Cənub axını"nın prioritet olduğunu əsas gətirərək, müzakirələrdən imtina etmişdi. Səfərin yekunu olaraq imzalanmış Rusiya-Türkiyə birgə Bəyannaməsinə sadəcə belə bir fikir salınmışdı ki, "Türkiyə-Rusiya münasibətlərində enerji sahəsi strateji əhəmiyyət daşıyır və gələcək inkişaf üçün böyük potensiala malikdir".

Sonuncu danışıqlar zamanı tərəflər yeni qaz kəmərinin gücü və onun inşa ediləcəyi müddət haqda heç bir açıqlama verməyiblər. Onlar sadəcə bir məqamla bağlı razılığa gəliblər ki, ilkin texniki-iqtisadi qiymətləndirmə layihənin texniki baxımdan mümkünlüyünü və iqtisadi cəhətdən effektivliyini göstərir. Tərəflər danışıqların İsraildə yeni hökumətin formalaşdırılmasından sonra (söhbət, Rusiya qazının bu ölkəyə nəqlindən gedir) davam etdirilməsinə dair razılığa gəliblər.

Bu layihənin Rusiya ilə Ukrayna arasında yeni qaz münaqişəsinin qızışdığı vaxtda aktuallıq qazanması onun kommersiya yox, siyasi məqsədindən xəbər verir. Hazırda "Mavi axın" heç də maksimal gücü (ildə 16 milyard kubmetr) ilə işləmir: illik gücü 8 milyard kubmetr olan iki xətt vasitəsilə 2008-ci ildə cəmi 10,1 milyard kubmetr "mavi yanacaq" daşınıb. Ekspertlərin fikrincə, 8 milyard kubmetr gücə malik daha bir xəttin istifadəyə verilməsi yalnız 2015-ci ildən sonra səmərəli ola bilər. 

Bundan başqa, "Qazprom"un suyun altı ilə çəkilən boru xətlərilə bağlı mövcud qiymətləndirməsinə görə, bu layihənin reallaşdırılması təxminən 2,7 milyard dollara başa gələcək. Belə məbləğ isə şirkətin büdcəsində yoxdur.

Lakin layihəyə dair müzakirələrin bərpası üçün hər iki tərəfin siyasi motivləri kifayət qədərdir. Rusiya Ukraynaya göstərəcək ki, onun Avropaya qaz nəqli üçün daha bir alternativ qaz nəqli sistemi var. Ən başlıcası isə, bu layihə Nabucco üçün əsl nokautdur. Bunu rusiyalı analitiklər də etiraf edirlər. "Bu, Nabucco layihəsinin reallaşdırılmasının qarşısını almaq üçün ən yaxşı və daha ucuz yoldur. Çünki "Mavi axın-2" Türkiyənin qaz nəqli sisteminə Nabucco kəmərinin başlanması planlaşdırılan nöqtənin yaxınlığında qoşulacaq", - deyə "East European Gas Analisis"in direktoru M.Korçemkin bildirir. 

Türkiyə üçün "Cənub axını"na alternativ lazımdır. Çünki bu layihə onun ərazisindən yan keçməklə, Ankaranı həm tranzitlə əlaqədar maliyyə və siyasi dividentlərdən, həm də regionda öz rolunu möhkəmləndirmək üçün əlavə vasitələrdən məhrum edir.

Lakin bütün bunlarla yanaşı, meydana sual çıxır: Türkiyə tərəfi bütün məqamları hesablayıbmı? Ankara nəzərə alıbmı ki, onun Nabucco layihəsindən Brüsselə Avropaya inteqrasiya məsələsində təzyiq vasitəsi kimi istifadə etmək cəhdi onsuz da Ankaranın bu layihə ilə bağlı ziddiyyətli bəyanatlarından bezmiş Qərb paytaxtlarını əməlli-başlı hirsləndirib? Və bu məqamda Türkiyə yeni oyuna baş vurur - bu dəfə "Mavi axın-2", üstəlik Moskva ilə birlikdə. 

Və daha bir sual: Türkiyə özünün tranzit ölkə rolundan sui-istifadə etməsinin Aİ kimi, Bakının da səbrini tükəndirə biləcəyini düşünübmü?

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Moskvaya bu yaxınlarda etdiyi səfər və onun "Qazprom"un mərkəzi ofisində apardığı danışıqlar göstərir ki, Türkiyə özünün qaz tranziti kartından nə qədər çox istifadə edəcəksə, bu tərəfdaşa inam o qədər azalacaq, Nabucco-nun digər iştirakçıları üçün Ankaranın qiyməti aşağı düşəcək. 

Bundan başqa, bu halda layihə iştirakçılarının regionda öz "qaz oyunu"nu oynamaq maraqları güclənəcək.

Yeri gəlmişkən, Moskvada ARDNŞ ilə "Qazprom" arasında qarşılıqlı anlaşma Memorandumu da imzalanıb. Sənədə əsasən, Azərbaycan qazının alış-satış qiymətlərinin müəyyənləşdirilməsi və 2010-cu ilin yanvarından "sərhəddədək" şərti ilə Azərbaycan qazının Rusiyaya nəqli ətrafında danışıqlara başlanması qərarlaşdırılıb. Eyni zamanda təbii qazla bağlı mübadilə əməliyyatlarının aparılmasının variantları və iqtisadi məqsədyönlülüyü də öyrəniləcək. Yaxın vaxtlarda "Qazprom" ilə ARDNŞ qaz kəmərinin Bakı - Novo-Filya hissəsində onun müasirləşdirilməsi məqsədi ilə texniki təftiş aparacaq. Bu hissə vasitəsilə Azərbaycan qazı Rusiyaya nəql olunacaq.

Oyun davam edir?


MƏSLƏHƏT GÖR:

381